"Zəfər nəğməsi Şuşa" təqdim olundu
Bu günlərdə LİBRAFF kitab
mağazalar şəbəkəsində
istedadlı yazıçı
Sevinc Nuruqızının
"Üç alma" nəşriyyatında
işıq üzü
görmüş "Zəfər
nəğməsi Şuşa"
adlı kitabının
təqdimat mərasimi
keçirildi.
Mərasimdə ilk öncə şəhidlərimizin
xatirəsi anıldı. Tədbirdə
layihə rəhbəri
Arzu Cəfərova, Nizami adına Ədəbiyyat İnstitutunun
elmi katibi, tənqidçi Aygün Bağırlı, Tarix Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər,
şəhid ailələrinin
nümayəndələri, yazıçılar, şairlər
iştirak edirdilər.
Tədbirdə çıxış edən A. Bağırova söylədi ki, işığına toplandığımız kitab təkcə Zəfərdən bəhs etmir, həm də qələbəmizə gedən yollara müxtəlif yazılarla işıq tutur. Tənqidçi, Sevinc xanımın bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayaraq, onun illər əvvəl yazdığı "Qisas" povestindən nümunələr gətirdi: "Kitabda Ali Baş Komandandan tutmuş ən sadə vətəndaşa qədər taleyimizə çevrilmiş Qarabağ müharibəsindən və möhtəşəm qələbəmizdən bəhs edilir. Sevinc xanım "Zəfər nəğməsi Şuşa" kitabıyla bir salnamə, yeni bir dastan yaradıb".
Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin onlara olan səmimi münasibətindən danışdı. Kitabda yer alan şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən "Şəhadətin zirvəsi Vətən" adlı əsərdən və yazıya çəkilmiş illüstrasiyalardan çox razı qaldıqlarını söylədi. Tədbirdə şəhidin anasıyla yanaşı qızı Nazlı, həyat yoldaşı, onun anası və digər qohumları da iştirak edirdilər.
Yazıçı Narıngül Nadir S.Nuruqızının əsərlərinin həmişə diqqətdə olduğunu, onun bir müəllif, həm də uşaq yazarı kimi əsərlərilə ölkə hüdudunu çoxdan aşdığını söylədi. Şair Şəfəq Sahibli də müəllifin əsərləri ilə çoxdan tanış olduğunu söyləyərək, onun əsərlərinin dəyərindən söhbət açdı.
Qeyd edək ki, müəllifin 22 əsərinin toplandığı kitabın redaktoru Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru rəşadətli ordumuza həsr edilmiş çoxsaylı videoçarxın müəllifi, qrafik-dizayner Aida Əmirovadır.
Mina RƏŞİD
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.11.