Türk Mədəniyyəti və İrsi Fondu macar şairi Mikloş Radnotini yad etdi
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunda məşhur macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr
olunmuş bədii-musiqili
gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan
dilində çap olunan "Çiçəklərin
nəfəsi" adlı
şeirlər toplusundan
ibarət kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə rəsmilər, beynəlxalq
təşkilat rəhbərləri,
Fonda üzv və müşahidəçi ölkələrin
səfir və nümayəndələri, tanınmış
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
Fondun prezidenti
Günay Əfəndiyeva
öz nitqini tarix boyu davam
edən Hun-Türk birliyindən başlayıb. Bildirib ki, bu gerçəklik
Avropa və Asiyanın tarix səhnəsində silinməz
izlər buraxıb:
"Macarıstan bu böyük həqiqətin
özəyi, Qərbi
Hun İmperiyasının mərkəzi
olub. Müasir macar xalqı
isə həm də Atillanın nəsli, onun varisləridir. Beləliklə, əsrlər boyu macar və türk
xalqlarının bir-birinə
bəslədiyi münasibət
dostluqdan daha artıq bir səviyyədə olub.
Çünki xalqlarımız arasındakı doğmalıq
ortaq keçmişə,
mənşəyə, dilə
və mədəniyyətə
söykənir".
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun fəaliyyətindən
danışan Günay
Əfəndiyeva bildirib
ki, Fondun müşahidəçi ölkəsi
Macarıstanın mədəniyyətinin
tanınması Fondun əsas hədəfləri
sırasındadır və
bununla bağlı təşkilatın növbəti
layihəsi macar xalqının yetişdirdiyi
böyük şair Mikloş Radnotinin Azərbaycan dilinə tərcümə olunan şeirlərindən ibarət
kitabının nəşr
edilməsidir.
"Mikloş Radnoti
macar ədəbiyyatında
öz məxsusi dəst-xətti ilə seçilən klassiklərdən
biridir. Radnotinin ədəbi irsində
parlaq istedadı ilə yanaşı, həm də cəsarətli, açıq
sözlü xarakteri aydın nəzərə çarpır. Radnoti əsl
xalq şairi idi. O, faşizmin qəddarlıqları, macar
xalqına qarşı
törətdiyi vəhşiliklərlə
bağlı vətəndaş
mövqeyini bildirir və bu barışmazlığı
yüksək poetik dillə qələmə alırdı", - deyə
Günay Əfəndiyeva
əlavə edib.
Günay
Əfəndiyeva Fond tərəfindən
çap olunan bu kitabın macar ədəbiyyatını
Azərbaycan oxucularına
daha da sevdirəcəyini
vurğulayaraq, Macarıstan
və Türk Dünyası arasındakı
mədəni bağların
möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək, macar şairi Mikloş Radnotinin Azərbaycan dilinə çevrilən kitabın işığına toplaşanları ürəkdən salamlayıb və şairin keşməkeşli həyatından söhbət açıb. Bildirib ki, Mikloş Radnotinin yaradıcılığı Macarıstanın ən çətin dönəminə təsadüf edib. Səfir "Çiçəklərin nəfəsi" kitabının nəşrinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari Mikloş Radnotinin yaradıcılığından, Azərbaycanın iki il öncə qazandığı Qarabağ Zəfərindən söz açaraq, şəhidlərimizi ehtiramla yad edib.
Tədbirin bədii hissəsi Azərbaycanın Əməkdar artist Sahib Paşazadənin macar musiqilərini tarda ifa etməsiylə başlanıb. Daha sonra Əməkdar artist Nicat Kazımovun quruluşunda Mikloş Radnotinin əsərlərindən ibarət, müharibə qurbanlarına həsr olunmuş şeirlər səsləndirilib və kiçik tamaşa təqdim edilib.
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.8.