Akademik İsa Həbibbəylidən
Özbəkistan Yazıçılar Birliyinin
sədrinə məktub
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəyli Özbəkistanın
Xalq şairi Camal Kamalın vəfatı ilə bağlı Özbəkistan
Yazıçılar Birliyinin
sədri, Xalq şairi Siracəddin Səidə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Xalq
şairi Siracəddin Səid!
Özbəkistanın Xalq şairi Camal Kamalın vəfatı xəbərini
Azərbaycan alimləri
və yazıçıları
dərin kədər hissi ilə qarşılayırlar. Xalq şairi
Camal Kamal Özbəkistanda yeni epoxanın ədəbiyyatının
qüdrətli yaradıcılarından
biri idi.
Azərbaycan-özbək ədəbi əlaqələrinin
inkişaf etdirilib möhkəmləndirilməsində Xalq şairi Camal Kamalın böyük xidmətləri
vardır. Dahi Azərbaycan şairi
Nizami Gəncəvinin
ölməz "Xəmsə"sinin
Camal Kamal tərəfindən özbək
dilinə tərcümə
olunması və özbəkcə nəşr
edilməsi xalqlarımız
və ölkələrimiz
arasındakı əlaqələrin
mühüm ədəbi-tarixi
hadisəsidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Xalq şairi Camal Kamalın iştirakı ilə onun 80 illik yubileyini
keçirməyimiz bu
böyük sənətkara
Azərbaycan xalqının
böyük ehtiramının
ifadəsi idi.
Özbəkistanın Xalq şairi Camal Kamalın dünyasını dəyişməsi
bütün türk dünyası və Azərbaycan elmi-ədəbi
ictimayiyyəti üçün
ağır itkidir.
Azərbaycanın elmi ictimaiyyəti adından başsağlığımızı
qəbul etməyinizi xahiş edirəm.
Allah rəhmət eləsin"
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.9.