Nə olar, bizə qanad ver...
Bayırda şiddətli külək
əsir, illərdir
bar verməyən alça
ağacının sonsuz
budaqlarını şüşələri
laxlamış taxta pəncərəyə çırpırdı. Şimşək çaxarkən divarda qaçışan kölgələrdən
qorxan qızcığaz
yorğanını gözünə
qədər çəkmiş,
alçaq kənd evinin xudmani otağı yatanların nəfəsi ilə isinmişdi. Yan-yana düzülmüş
ağır yun döşəklərin mələfələri
köhnəlmiş, saralmışdı.
Bir tərəfdən göy gurultusu, o biri tərəfdən fərqli
notlar üzrə səslənən xorultular
bu çəlimsiz qızın yuxusuna haram qatmışdı.
Otağın qapısına qədər
ayaq basmağa yer yox idi.
İşdir, ürəyin
su istəsəydi, ya yatanları ayaqlamalı, ya da səhərə qədər dözməli
idin. Yaxşı ki, su içmək istəmirdi.
Sağ tərəfində yatan böyük bacısı ayağını düz onun ürəyinin üstünə qoymuşdu.
Nəfəs almaqda çətinlik
çəksə də,
qorxusundan cınqırını
çıxarmırdı. Çox şüvən bacısı
var idi, həm də ondan güclü idi. Dava düşsə, mütləq döyülərdi.
Ona görə kəsik-kəsik
nəfəs alaraq birtəhər dözürdü.
Tərslikdən, yuxu tutmurdu
ki, bu qorxunc
gecə bitəydi.
Söhbət etməyə
heç kim
olmadığına görə
döşəyin içində
itmiş balaca qız düşüncələrə
dalmışdı. O, görmədən
danışa biləcəyi
tək varlıqla - Allahla bölüşürdü düşüncələrini:
- Görəsən, oyuncaqlarım
tək qalanda canlanırlar? Allahım, nolar, mənimlə
də danışsınlar.
Söz verirəm, heç kəsə demərəm.
Bir mən bilərəm, bir də sən.
Heç
anama da demərəm. Axı başqa
dostum yoxdu. Bircə sarı hörüklü kuklam danışsa da, bəsdi. Ən sevdiyim oyuncağım odur. Atam ad günümə hədiyyə almışdı.
İndi azca köhnəlib, gözlərindən biri də qopub. Amma heç eybi yoxdur, atam düzəldər.
Nənəm deyir ki, sən uşaqların dualarını tez eşidirsən. Mən ki
aylardır dua edirəm. Bəs niyə istədiklərim
olmur? Yoxsa mən uşaq
deyiləm? Axı hələ
də qənd yeyirəm. Söz verirəm ki, böyüyəndə yeməyəcəm,
heç çayla da... Dişlərim tökülər, gözəl qız olmaram. Bacım anama oxşayır,
o gözəldi. Mən isə
çirkinəm. Güzgüyə heç baxmaq istəmirəm. Yaxşı ki,
boyum da çatmır. Babam özü
üçün asıb
onu. Mən baxmaq istəsəm bircə gözlərimi, barmaqlarımın
ucuna qalxanda isə burnumu da görə bilirəm. Ancaq atam qucağına
alanda güzgüyə
çatıram. Yaxşı
ki, atam məni çox qucağına almır... Bir də niyə mənim qanadlarım çıxmır ki?
Anam hər dəfə toyuq bişirəndə qanadlarını mənə
verir. Deyir, ye, qanadların çıxsın.
Mən onların hamısını
yedim axı. Əslində... bircə dəfə...
məstanımız üzümə
elə baxdı ki, yazığım gəldi. Payımı ona verdim.
Ancaq, ancaq bir dəfə.
Daha heç vaxt etmərəm. Mənə qanad
vermirsən ki, o biri uşaqlara haqsızlıq olar? Nənəm deyir, sənin edə bilməyəcəyin
şey yoxdu. Gəl, belə eləyək: sən bizim hamımıza qanad ver. Söz verirəm ki, onlarla danışaram, heç kimə demərik. Elə bilmə ki,
uşaqlar sirr saxlaya bilmirlər. Bir dəfə də olsun, bacımın döşəklərin arasındakı
şokoladdan oğurladığını
anama deməmişəm.
Yaxşı... boynuma alıram, ondan bir az qorxuram, çox az ha. Neynəyim, məni gücsüz
yaradan sənsən.
Əllərim bapbalaca, qollarımda
güc yox. Məni ipdartdı oyununa heç vaxt götürmürlər. Hansı tərəfdə
olsam, uduzur. Bax indi bu ayağı
üstümdən qaldırmağa
belə gücüm yoxdur. Fikrimi dəyişdim... Qanad istəmirəm, kuklalarım
da danışmasın,
daha qənd də yemərəm. Əvəzində mənə
böyük əllər,
güclü qollar ver.
Axı uduzmaqdan yorulmuşam... Nənəm
deyir ki, səni hər kəsdən, lap anamdan da çox sevməliyəm.
Mən səni sevirəm, sən də məni... sev..., olar...mı...?"
Düşüncələrə dalan qızcığazın kirpikləri yavaş-yavaş qovuşdu.
Həzin fısıltısı otağı götürən
xorultuların arasında eşidilməz oldu.
Artıq yağış dayanmış, göy
üzü açılmışdı.
Çöldə sərin meh əsirdi. Yuxuda danışan nənədən başqa heç kimin səsi gəlmirdi. Birdən
səmadan otağa parlaq
bir yol
açıldı. Buludların əsarətindən xilas olan Ay
alça ağacının titrəşən
yarpaqları arasından gümüşü
şüalarını uzadaraq
mışıl-mışıl uyuyan mələyin
yanaqlarını tumarladı. Üzü
qıdıqlandığından dodaqları çəkildi,
yatdığı yerdə gülümsədi. Özü
də bilmədən yuxulu
əlləri ilə döş qəfəsini
sıxan ayağı itələyib üstündən
atdı. Sən demə onun qollarında
düşündüyündən də çox
güc var imiş. Bacısı bir az qurcuxub yatmağına davam etdi, onun
üçün heç
nə dəyişmədi. Ancaq o gecədən etibarən bizim
balaca qəhrəman üçün çox şey dəyişəcəkdi.
Gülşən NAİL
525-ci qəzet 2022.- 30 sentyabr.- S.12.