Tələbələrin
təhsil haqqı problemi
YÜKSƏK
QİYMƏT, YARIMÇIQ QALAN TƏHSİL
Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrinin təhsil haqqı ilə bağlı problemləri bir qayda olaraq hər növbəti tədris ili başalayan ərəfədə yenidən aktuallaşır. Maddi çətinlik ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər il qarşılaşırıq.
Hazırda ölkənin ali
təhsil müəssisələrində təhsil alan tələbələrin 70 faizi
öz vəsaiti hesabına, yəni,
ödənişli əsaslarla, 30 faizi isə
dövlət büdcəsi vəsaiti hesabına təhsil
alır. Yalnız dövlət ali məktəblərinin
ödənişli ixtisaslarına qəbul olunan
bəzi kateqoriyalı tələbələr təhsil
haqqından azaddırlar. Bu tələbələrin
də təhsil haqqları dövlət tərəfindən
ödənilir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Prezidentin müəyyən etdiyi elmi təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunurlar. Eyni zamanda, valideynlərini itirən və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Prezidentin müəyyən etdiyi elmi təşkilatın -AMEA-nın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və Prezidentin müəyyən etdiyi elmi təşkilatın - Akademiyanın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların da təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Azərbaycanın dövlət ali təhsil müəssisələrində və
AMEA-nın magistratura səviyyəsində
ödənişli əsaslarla təhsil alan
məcburi köçkünlərin təhsil xərclərinin
ödənilməsi haqqında Prezidentin müvafiq sərəncamı ilə 2011-2012-ci
tədris ilindən etibarən Azərbaycanın dövlət ali təhsil müəssisələrinin
bakalavriat (əsas (baza
ali) tibb təhsili) və
magistratura (rezidentura)
təhsil səviyyələrinə, Akademiyanın magistratura səviyyəsinə yeni
qəbul olunan, ödənişli əsaslarla
təhsil alan məcburi köçkün
statusu olan vətəndaşlarının
təhsil müddəti ərzində təhsil haqqı xərcini
dövlət çəkir.
"I və II dərəcə əlilliyi
olan şəxslərin, habelə
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların təhsil haqqı xərclərinin ödənilməsi
haqqında" Prezidentin müvafiq
sərəncamına əsasən ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura
(əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində,
AMEA-nın magistratura səviyyəsində
və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla
təhsil alan I və II dərəcə əlilliyi
olan şəxslərin, habelə
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların təhsil müddəti ərzində təhsil
haqqı xərcləri dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
Həmçinin,
"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin
üzvü olan tələbələrin təhsil haqqı xərclərinin
ödənilməsi barədə" Nazirlər Kabinetinin
müvafiq qərarına görə, ünvanlı dövlət
sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni
olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri
I və II dərəcə əlil olan şəxslər,
işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək
pensiyaçıları və yaşa görə sosial
müavinət alan ailələrin üzvü olan tələbələrin
təhsil haqqını dövlət ödəyir.
İkinci dəfə ali təhsil və ya orta ixtisas təhsili alan, subbakalavrlar, təhsil haqqından azad olunanlar üçün müəyyən edilən kriteriyalara aid olmayan, qiyabi formada təhsil alan şəxslər
isə təhsil haqqından azad edilmir.
Dövlət ali
təhsil müəssisələrindən fərqli olaraq ölkənin özəl universitetlərinin
heç birində bu
və digər kateqoriyaya aid
olan şəxslər təhsil
haqqından azad edilmir.
Ümumiyyətlə, sözügedən məsələdə
özəl universitetlər korporativ sosial məsuliyyət təşəbbüsündən
uzaqdırlar. Hansı ki, dünyanın bir sıra ölkələrində özəl
ali məktəblər müəyyən
güzəştlər tətbiq edirlər. Məsələn,
qonşu Türkiyədə özəl
universitetlərdə oxuyan şəhid ailələrinin
övladları təhsil haqqı ödəməkdən
azaddırlar.
Təhsil eksperti Elçin Əfəndi deyir ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda oxuyan və əhalinin müəyyən həssas təbəqəsinə aid olan şəxslər üçün güzəştlər var. Dövlət ali təhsil müəssisələrində əhalinin müəyyən həssas təbəqəsi üçün güzəştlər olsa da, özəl universitetlərdə belə güzəştlər tətbiq edilmir. Nəticədə görürsən ki, bir çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdə oxumaqdan imtina edir. Bu, çox təəssüf doğuran haldır: "Düzdür, özəl universitetlər özləri-özlərini maliyyələşdirirlər. Ancaq hər bir özəl ali məktəb öz daxili imkanlarından irəli gələrək bəzi sosial kateqoriyaya aid olan tələbələri təhsil haqqından azad edə bilər. Bir sıra özəl ali məktəblərin buna imkanı da var. Təəssüf ki, özəl universitetlər bu məsələdə maraqlı deyil. Amma ali məktəbdə təhsil göstəriciləri yüksək olanları ödənişdən azad etmək olar. Türkiyədə bununla bağlı təcrübə var. İqtisadi durumu aşağı səviyyədə olan ailələrin övladları təhsil haqqından azad edilirlər. Bizdə isə özəl ali məktəblər bu məsələdə təşəbbüs göstərmir. İnzibati yolla özəl ali məktəbləri buna məcbur etmək olmaz. Gərək onlar özü bunda maraqlı olsunlar".
Elçin Əfəndi qeyd edir ki,
ölkədə 146 mindən çox tələbə
(magirstr, bakalavr)
ödənişli təhsil alır: "Onlardan
22 mininin ödənişi dövlət
büdcəsi hesabına ödənilir (imtiyazlı şəxslər),
qalanları isə əlbəttə, öz
hesablarına ödənilir. Dövlət bunu
nəzərə alaraq tələbə təhsil
krediti yaratdı. Universitetlər də bu amili nəzərə
almalı, güzəşt etməlidir. Əlbəttə,
güzəşt etmədiyi halda tələbəni
itirəcək. Hər il yüzlərlə
tələbə bu faktlara
görə universitetləri, kollecləri tərk edir. Bu isə müvafiq təhsil müəssisələrinə
başucalığı gətirmir".
Ekspertə görə, ali
məktəbə daxil olan
şəxslərə "Birinci kursun pulunu ver, sonra
sənədlərini qəbul edim" prinsipi ilə yanaşma doğru deyil: "Tələbələrin
təhsil haqqını sonradan ödəyəcəyinə
dair çox müraciətləri
olur. Universitet
rektorlarına edilən belə müraciətlər müsbət
cavablandırılmalıdır. Təhsil alan
onsuz da bu vəsaiti ödəyəcək. Bir də, insan götürdüyü fənnin pulunu verməlidir. Axı tələbə
universitetə bir il əvvəldən
niyə pul ödəməlidir? Bəlkə,
heç ilin sonunadək
təhsil almayacaq, birinci
semestrdən sonra çıxıb getmək
istəyəcək. Belə faktlar da var. Praktikada
var, birinci kursun ikinci semestrindən
xaricə çıxıb gedən tələbə ödədiyi
təhsil haqqının yarısının geri
qaytarılmasını tələb edib. Tələb
etməkdə də tamamilə haqlıdır. Çünki
oxumadığı fənlərin pulunu ondan əvvəlcədən alıblar.
Ümumiyyətlə, qeydiyyat hər
semestrdə aparılmalıdır. Tələbə qeydiyyatdan keçərkən həmin semestrdə
hansı və neçə fənni oxumaq
istədiyini bildirməlidir".
Təhsil üzrə ekspert
Nadir İsrafilovun
fikrincə isə, təhsil haqları ölkə əhalisinin
böyük hissəsinin gəliri ilə
müqayisədə çox yüksəkdir.
Nəinki ölkə əhalisinin gəliri, qonşu
dövlətlərin ali təhsil müəssisələrində
qüvvədə olan təhsil haqqı ilə
müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır: "Ona
görə də ali məktəblərdə
oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir
neçə balı çatmayan xeyli gənc maddi çətinlik
ucbatından bu
imkandan yararlana bilmir".
Millət vəkili Qənirə Paşayeva
bildirib ki, maddi imkansızlığa görə ali təhsilini buraxmaq məcburiyyətində
qalan gənclərin sayı az deyil: "Bölgələrdə
nə qədər kasıb ailələrin istedadlı
uşaqları var. Bakıda
yataqxanaların sayı az olduğundan
ali məktəblərə daxil olmuş gənclərin
xeyli hissəsi kirayələrdə qalaraq oxumağa məcbur olurlar. Kasıb ailələr
övladlarının həm kirayə, həm yaşamaq,
həm də təhsil haqqı ödənişini ödəməkdə
ciddi çətinlik çəkirlər
və bəzi gənclər bu səbəbdən
ali təhsildən imtina
edirlər".
Sonda məlumat üçün onu da qeyd edək ki, 2021-ci ildən etibarən Elm
və Təhsil Nazirliyinin tabeliyində Təhsil
Tələbə Krediti Fondu
tərəfindən tələbələrə təhsil krediti verilir. Təhsil tələbə kreditinin
ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə
də əhalinin aztəminatlı təbəqələrindən
olan şəxslər üçün
əlçatanlığının təmin edilməsi, təhsildə
bərabər imkanların yaradılması və təhsilin əhatə
dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi
ilə çox kiçik
faizlərlə və uzun müddətə
verilir. Nazirlər Kabineti
tərəfindən təsdiqlənən müvafiq
qaydaya əsasən, təhsil tələbə
kreditinin sosial və standart növləri mövcuddur.
Sosial təhsil tələbə kreditindən
yalnız sosial həssas təbəqəyə
aid ailələrin üzvü
olan tələbələr istifadə edə
bilər və onlara kreditlər güzəştli
şərtlərlə verilir.
Sevinc QARAYEVA
525-ci qəzet 2022.- 30 sentyabr.- S.7.