Məktəbdə
psixoloji xidmət təhsildə yüksəlişə
yardım edir
Təhsildə
keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə
psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə,
prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki psixoloji xidmətin əsas vəzifəsi təhsildə
çətinliklərlə qarşılaşan,
inkişafı və davranışında
çatışmazlığı olan uşaqların üzə
çıxarılması məqsədilə şagirdlərin
intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji
xüsusiyyətlərini öyrənmək, siniflərdə və
qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu öz vəzifələrini
yerinə yetirmək, qarşıya qoyduğu məqsədə
çatmaq, daha doğrusu, təhsilalanların psixoloji
sağlamlığına, təhsil uğurlarına nail olmaq
üçün məktəb rəhbərliyi, müəllim
və valideynlərlə birgə fəaliyyət göstərir
və məsləhətlər verir. Bir
sözlə, məktəb psixoluqunun başlıca məqsədi
təhsilalanlar və təhsilverənlər üçün əlverişli
psixoloji inkişaf mühitinin yaradılmasına nail
olmaqdır. Dünyanın bir çox
ölkəsində -ABŞ, Fransa, Almaniya, İsrail,
Çexiya, Norveç, İspaniya, Türkiyə məktəblərində iki,
üç psixoloq xidmət göstərir. Azərbaycan məktəblərində də
şagirdlər psixoloq dəstəyindən yararlana bilirlər.
Təhsil
eksperti Nadir İsrafilov deyir ki, nəzərə alsaq ki, məktəbdə
psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə
və gənclərin psixoloji sağlamlığını
qorumaqla onların təhsil müvəffəqiyyətinin
artırılması, əsas vəzifəsi isə şagirdlərin
təlim və tərbiyəsi sahəsindəki çətinlikləri,
onların şəxsi və intellektual inkişafındakı
qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində
aparılan işin səmərəliliyini yüksəltməkdə,
sosial cəhətdən fəal, yüksək ideya inamına
malik şəxsiyyətin formalaşdırılmasında
pedaqoji kollektivə köməklik göstərməkdən
ibarətdir, bu halda məktəbə psixoloq nəinki
lazımdır, hətta zəruridir. Digər tərəfdən
məktəbin işi şagirdlərə təkcə bilik,
bacarıq və vərdişlər aşılamaq deyil, həm
də gələcək üçün komplekssiz, problemsiz
şəxsiyyət yetişdirməkdir. Əlbəttə,
söhbət məktəblərdə işini bilən,
ixtisaslı, işinin öhdəsindən gələn
psixoloqlardan gedir.
Ekspertin
sözlərinə əsasən, müasir təhsil sistemindəki
psixoloji xidmət praktik psixoloqun qarşısında
uşaqların məktəb təliminə
hazırlığı səviyyəsini aşkara
çıxarmaq, onların məktəb təlimi şəraitinə
və məktəb həyatına daha yaxşı
uyğunlaşmasını təmin etmək üçün
müəllimlərlə birlikdə fərdi iş aparmaq,
uşağın həyatında keçid və böhran
dövrlərini xüsusi nəzarətdə saxlamaq,
uşaqların ilk dövrdən təlimə
hazırlığını müəyyənləşdirmək,
geridə qalan və mürəkkəb davranış sərgiləyən
uşaqlarla diaqnostika və korreksiya işlərini həyata
keçirmək, şagirdlərin intellektual, şəxsiyyət
və iradi-emosional sferasının diaqnostikasını həyata
keçirmək, onların korreksiyasını aparmaq,
şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası
münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini
aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və
həlli vacib vəzifələr qoyur.
Təhsil eksperti qeyd edib ki, rəsmi məlumata görə
hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində
3 mindən çox psixoloq çalışır. Bununla belə
Azərbaycanda Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyasının qəbulundan sora bu sahəyə
xüsusi diqqət yetirilməsi və bu istiqamətdə
müəyyən işlər görülməsinə
baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində
psixoloji xidmətin təşkilinə və məktəb
psixolo una baxış bucağımız və yanaşma tərzimiz
bir daha dəqiqləşdirilməlidir.
Elm və
təhsil naziri Emin Əmrullayevin fikrincə, məktəb
psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır:
"Məktəb psixoloqlarının sayı sinif komplektlərin
sayından asılı olan ştat vahididir. Düşünürəm
ki, Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətə daha
çox diqqət ayırmalıyıq. Bu
istiqamətdə daha çox təşəbbüslərlə
çıxış etməyi öhdəmizə
götürürük. Hər bir
şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi
Təhsil Nazirliyi üçün prioritetdir".
Nazirin
dediyinə görə, hazırda məktəblərdə
çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində
işlər aparılır: "Məktəblərdə həqiqətən
də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və
konsultasiya məsuliyyətli məsələdir. Əksər ölkələrdə
bu, lisenziyalarla tənzimlənir, kifayət qədər
ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha
keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət
quraq".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbdə
psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə
və gənclərin psixoloji sağlamlığını
qorumaq, sosial cəhətdən fəal, yüksək ideya
inamına malik şəxsiyyətin
formalaşdırılmasında pedaqoji kollektivə köməklik
göstərməkdən ibarətdir. Başqa sözlə
desək, məktəbin işi şagirdlərə təkcə
bilik, bacarıq və vərdişlər aşılamaq deyil,
həm də gələcək üçün komplekssiz,
problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən,
ixtisaslı, işinin öhdəsindən gələn
psixoloqlara ehtiyac var.
Təhsil
ekspertinin dediyinə görə, ölkənın orta məktəblərində
psixoloq xidmətin təşkilinə bir neçə ildir ki, başlanılıb.
Bu səbəbdən də orta məktəbdə
çalışan psixoloqların bir qisminin ixtisas dəyişəndən
sonra bu psixoloji xidməti yerinə yetirməsində biz onlara
vaxt verməliyik. Onların təkmilləşdirilməsi
istiqamətində əlimizdən gələni etməliyik:
"Son illər ərzində Elm və Təhsil Nazirliyi tərəfindən
orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir.
Təlimlər indi də davam etdirilir. Məsələ
burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir.
Düşünürəm ki, bunu həyata
keçirərlər. Çünki eyni bir proses səhiyyədə
də baş verir. Klinik psixoloqlar tibb müəssisələrində
çalışırlar. İndi məsələ
qoyulur ki, onlar da həkimlər qədər əməkhaqqı
alsınlar. Eləcə də orta məktəbdə,
onların ştat vahidini səhv etmirəmsə həftəlik
12 saat götürürlər və düşünürəm
ki, bunu artırmaq olar. Yenə də deyirəm,
şərait yaratmaq lazımdır və bunun müqabilində
psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla
işini görə bilsin. Yəni, konkret olaraq psixoloqun
öz otağı olmalıdır ki, burada onlar testlər apara,
fərdi söhbətlərlə yanaşı, yeri gəlsə
ailə ilə də söhbətlər edə bilsinlər".
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri, millət vəkili Hicran Hüseynovanın sözlərinə
əsasən, ailədaxili münasibətlərdəki
xoşagəlməz hallar uşaqların formalaşmasına,
psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir
göstərir. Bu baxımdan orta məktəblərdə
uşaqlara psixoloji xidmətin göstərilməsi
yaxşı haldır: "Ancaq təssüflər olsun ki, bu
gün məktəblərdə çalışan
psixoloqların sayı azlıq təşkil edir. Hətta məktəblərin bəzilərində
ümumiyyətlə, psixoloq yoxdur. Bu da təbii
ki, şagirdlərə göstərilən psixoloji xidmətin
keyfiyyətinə öz təsirini göstərir. Orta məktəblərdə psixoloq xidmətinin
göstərilməsi olduqca vacibdir. Buna
görə də hesab edirəm ki, orta məktəblərdə
uşaq psixoloqlarının sayının
artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə
ehtiyac var. Bəzən görürsən ki, uşaq 1-2-ci
sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə
dəyişir. Belə olanda ya onun ailə
problemi var, yaxud, təhsilində nöqsanlar olur, ya da uşaq
sinifdə özünə yer tapa, digər uşaqlarla
ünsiyyət yarada bilmir. Gərək o
dövrdə istər valideynlər, istərsə də müəllimlər
vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini
göstərsinlər. Biz bunu
görmürük. Amma bu, çox vacib məsələdir.
Buna çox böyük diqqətlə
yanaşmaq lazımdır".
"Ümumi təhsil haqqında" Qanununun tətbiqi
barədə" Prezidentin müvafiq Fərmanının
1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində
psixoloq ştatının sayının müəyyən edilməsi
haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara
əsasən, Dövlət və bələdiyyə ümumi
təhsil müəssisələrində psixoloq
ştatının sayı belə müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid; 1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2
vahid; 1.3. şagird sayı 3000-dən
çox olduqda, 3 vahid. Özəl ümumi təhsil müəssisəsində
psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin
ali idarəetmə orqanı tərəfindən
müəyyən olunur.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ) tərəfindən mütəmadi
olaraq məktəb psixoloqlarının peşə
bacarıqlarını inkişaf etdirmək, onları vəzifə
və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək,
uşaqlarla həyata keçirdikləri psixoloji işlərin
keyfiyyətini yüksəltmək məqsədilə layihələr,
təlimlər həyata keçirilir. Təlim zamanı məktəb
psixoloqlarına beynəlxalq təcrübə nəzərə
alınmaqla bilik və bacarıqlarının
artırılması məqsədilə intihara cəhd edən,
eyni zamanda zorakılığa məruz qalan uşaqlarla
işin təşkili, valideynlərlə aparılan
görüşlərin effektiv üsulları barədə məlumatlar
verilir.
Sevinc QARAYEVA
525-ci qəzet 2022.- 30 sentyabr.- S.11.