Gözəllik tərənnümçüsü
ŞAİR
HƏSƏN XASIYEVİN 70 YAŞI TAMAM OLDU
Bu il yanvarın 18-də 70 yaşı tamam olan şair, 12 kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Xasıyev həssas qəlbə, kövrək ürəyə, romantik düşüncəyə, güclü müşahidə qabiliyyətinə malik istedadlı qələm adamıdır. Gözəllik, həqiqət, təbiilik və səmimiyyət Qusar rayonunun Zindanmuruq kəndində dünyaya göz açan Həsən Xasıyev üçün yaşam tərzi, həyat kredosudur. Çirkin xasiyyətli, eybəcər mənəviyyatlı adamlardan uzaq gəzdiyi kimi, riyakarlığı, saxtakarlığı, ədalətsizliyi və hər cür pərdəli simasızları xoşlamayan adamlardandır o. Həsən kişi ailə ocağında, ədəbi mühitdə, ictimai yerlərdə Vətənimizin maraq və istəklərinə uyğun hərəkət edir və daima bu yöndə fəaliyyət göstərir. Bu fəzilətlər xasiyyətinə hopub vərdiş halına keçdiyindən, dövr, zəmanə, mühit, həyatda baş verən "qabarma" və "çəkilmə"lər ona öz təsirini göstərə bilmir. Buna görə də cəsarətlə, deyə bilərik ki, Həsən müəllimin xarakterində gənc nəsillərə nümunə ola biləcək xeyli gözəl xüsusiyyətlər cəmləşib.
Gözəlliyə vurğunluq, heyranlıq hissi onu qəzetdə müxbir, radioda redaktor, muzeydə elmi-işçi kimi çalışdığı, qusarlı şəhidlərin şəninə kitab yazdığı, Milli Qəhrəmanın ruhuna poema həsr etdiyi illərdə daima müşayiət edib. Kənddə keçən uşaqlıq illərindən bəri gözəlliklə, təbiətlə ülfət, ünsiyyət Həsən müəllimi saflaşdırıb, gözəl düşünməyə və gözəl yazmağa sövq edib.
Şair Həsən Xasiyev təbiətin estetikasına, gözəllik fəlsəfəsinə dərindən bələd olduğundan, onu çətin anlarda, dar məqamlarda, Dostoyevskinin təbirincə desək, gözəllik xilas edib.
Həsən müəllim elinin, doğulduğu məkanın, ata ocağının, gözəl Qusar torpağının, Azərbaycanımızın vurğunudur. Onun "Gözəlliklər məskəni", "Gözəl insan", "Gördüm səni", "Vuruldum" və başqa bu kimi, gözəllik mövzulu şeirlərini "Gözəlləmələr" adlandırmaq daha doğru olardı. Çünki Qusar onun üçün təkcə yaşayış, yurd yeri deyil, ruhuna, könlünə, hisslərinə doğma bir məbədgahdır.
Burada Həsən müəllim özünü sanki nağıllar, möcüzələr aləmində hiss edir, rahatlıq tapır, duyğulanır, ilhamlanır. Və əsrlərin o tayındakı ulu əcdadların səsini eşidir, onlarla söhbətləşir, keçmişlə bu günün vəhdətini görür, sələflərdən xələflərə ötürülən şanlı estafeti qəbul edir, üzərinə düşən müqəddəs vəzifələrin məsuliyyətini düşünüb dərk edir. H.Xasıyev harada çalışmasından, hansı vəzifəsini daşımasından asılı olmayaraq heç vaxt qələmindən ayrılmayıb, daim şair olaraq qalıb. Gördüklərini, müşahidə etdiklərini poeziya süzgəcindən keçirərək bədii mətnlərə çevirib. Onun nəzərində, Sözə xəyanət, Allaha xəyanətdir və Vətənə, xalqa dönüklük də buradan başlanır. "Sözü urvatdan, şeiri şahlıqdan, kitabı taxtdan salanı qardaşım olsa belə bağışlamaram. Özündə ziya ehtiva edən, nüvəsində işıq olan poeziya daima mənimlədir. Hətta bir vaxt dünyamı dəyişsəm də, yer-göy arasında dolaşacaq ruhumu poeziyadan qoparmaq mümkün olmayacaq" - deyir Həsən müəllim. Doğru da söyləyir. Axı o, Nuh əyyamından qalma ruh adamıdır, birüzlü insanlığını qoruyub-saxlamış köhnə kişilərdəndir.
Bəs Həsən Xasiyev poeziyasının özəlliyi, gözəlliyi nədədir? Şeirləri cazibədardır, başa düşüləndir. Qətiyyətlə söyləyə bilərəm ki, illər keçsə də, yazdıqlarının dəyəri azalmayacaq, çünki o, əzəli, əbədi, milli və bəşəri mövzulara müraciət etdiyindən, orijinal deyimə, özünəməxsus yola, sınanmış dəst-xəttə malik olduğundan yazdıqları hələ sağlığında oxucunun ürəyinə yol tapıb ki, bu da hər yazara nəsib olmur.
70 yaşınız mübarək, Həsən müəllim! Fəxr edin ki, başınız uca, üzünüz ağdır. Gördüyünüz xeyirxah işlərə görə ürəyiniz iftixar hissi ilə döyünür. Yaşamağa haqqınız var, çünki yaşadırsınız, yaradırsınız, kitablarınızda həyat nəfəsi, yaşamaq həvəsi və mübarizə əzmi var. Deyirlər ki, 70 yaş qocalığın gəncliyidir. Sağ olun ki, ömrünüzün kamillik çağlarını yaşaya-yaşaya bu gün də əldə qələm gənclik eşqiylə yazıb-yaradır və mənəvi dünyamızı gözəlləşdirməyə çalışırsınız. Sizə cansağlığı, yaradıcılıq uğurları və gözəl günlər arzusuyla
Cabir ALPOĞLU ALBANTÜRK
şair-publisist, AYB-nin üzvü
525-ci qəzet.- 2022.- 25 yanvar.- S.16.