Axına qarşı üzmək
İstirahət etmək, havamı dəyişmək
üçün çox zaman Göygölə (bölgə)
gedirəm. Bakının səs-küyündən,
cansıxıcı havasından, sıxlıqdan yaxamı
qurtarmaqdan ötrü bu dəfə də üzümü
dağlara tutdum. Göygöl haqda,
oradakı vətəndaşlarımızın məişəti,
yaşayışı haqda bir məqaləmdə ətraflı
yazmışdım. Camaatı çox
mehriban, qonaqpərvər, əliaçıq və səmimidirlər.
Başqa bölgələrimizdə olduğu
kimi, burada da əhali seyrəkdir. Dolanışıq
üçün dünyanın müxtəlif yerlərinə
səpələniblər. Son 44
günlük müharibə zamanı çoxu
iş-gücünü buraxıb tələm-tələsik Vətənin
hayına gəlmişdi.
Budəfəki səfərim qısa çəkdi. Amma yeni
tanışlar tapdığıma sevindim. Rəfiqəmin
müəllimə yoldaşları söhbət zamanı məktəbə
yeni təyin olunmuş direktoru o qədər təriflədilər
ki, onunla tanış olmaq marağı
yarandı. Çünki məktəb direktorunu
bu qədər tərifləyən müəllimlərlə
ilk dəfə idi, rastlaşırdım.
Razılaşdıq ki, sabah
görüşək.
Məktəbdə çox gənc, sadə və səmimi,
həmçinin möhkəm xarakterli bir xanımla - direktorla
qarşılaşdım. Aytəkin Əliyeva
son onilliklərin yetişdirdiyi bir çox direktor tiplərindən
xeyli fərqli, bu stereotipləri, "standart"ları
darmadağın edən əsl ziyalı, savadlı, demokratik
düşüncəli və vətənpərvər bir
xanımdır.
Aytəkin Əliyeva Göyçə mahalı,
Basarkeçər rayonunun Nərimanlı kəndində
doğulub.
2003-cü ildə Bakıda İlqar Əbülhəsənov adına orta məktəbi bitirmiş, elə həmin
il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə
daxil olub. Magistr təhsilini Gəncə Dövlət
Universitetinin Azərbaycan tarixinin yeni və ən yeni
dövrü ixtisası üzrə fərqlənmə diplomu
ilə bitirib, 2007-ci ildən Səməd
Vurğun adına Göygöl şəhər 3 nömrəli
orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə
başlayıb. 2019-cu ildə Direktorların işə qəbulu
müsabiqəsində yüksək bal
toplayaraq Təhsil nazirinin əmri ilə Emil Vəliyev adına
Göygöl şəhər 5 nömrəli orta məktəbə
direktor təyin olunub. Müəllim kimi ilk fəaliyyətə
başladığı ildən direktor olanacan ölkədə
Təhsil Nazirliyinin keçirdiyi bir çox respublika
miqyaslı layihə və müsabiqələrdə fəal
iştirak edib, müsabiqələrin qalibi olub. O, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birlikdə
layihəsi olan "Direktorların hazırlıq kursu"
layihəsi çərçivəsində 41 nəfər
müdavim arasında 4-cü yeri tutub. 2017-ci ildə
isə Təhsil Nazirliyi tərəfindən keçirilən
"Təhsil menecerlərinin peşəkar
inkişafı" müsabiqəsinə qatılan Aytəkin
Əliyeva Göygöl rayonu üzrə Təhsil meneceri
seçilib.
Aytəkin xanımın uğurlarını saymaqla bitməz. Əsas məqsədim
Aytəkin xanımın direktor təyin olunduğu məktəbdə
onun idarə üsulu, tədris metodu, kollektivdə
qazandığı hörmət və məhəbbətin səbəblərindən
danışmaqdır. O, direktor təyin olunduqdan sonra məktəbin
həyatında böyük canlanma, çox gözəl
ab-hava yaranıb. Aytəkin
Əliyeva məktəbin əvvəlki vəziyyətindən
bir kəlmə də danışmadı, əsasən öz işindən
danışmağı daha çox sevir. O, ilk gündən məktəbdə
ola biləcək bütün neqativ hallara
qarşı, bir növ, müharibə elan edir. Başlıcası
müxtəlif bəhanələrlə şagirdlərdən
və müəllimlərdən pul yığmağı qəti
şəkildə qadağan edir. Dərslər
müəllimlərin diaqnostik imtahandan topladığı
ballar üzrə bölünür. Məktəbdə əmək
intizamı möhkəmləndirilir, buna əməl etməyənlər cəzalandırılır.
Aytəkin Əliyeva açıq mübarizə
yolunu seçir, rəhbərlik etdiyi kollektivin
gücünü eyni məqsəd üçün səfərbər
edir, ciddi və möhkəm xarakteri ilə bütün
çətinliklərin öhdəsindən məharətlə
gəlir və sonda qalib olur, çünki kollektiv onu
müdafiə edir. Məktəbdə sağlam ab-hava
yaradan gənc direktor fəaliyyətini dinamik inkişaf,
işi düzgün qurmaq, uğurlara gedən yolu daha da
genişləndirmək və sürətləndirmək məqsədinə
yönəldə bilir və zamanla bu işlərin miqyasını
genişləndirir. Daha mütərəqqi
yeniliklər etmək, şagirdlərin elmə, biliyə
marağını artırmaq üçün yeni yollar
düşünür, dövlətin, Təhsil Nazirliyinin dəstəyindən
bacarıqla faydalanır.
Aytəkin
Əliyeva 2017-ci ildə Təhsil
Nazirliyi tərəfindən keçirilən "Təhsil
menecerlərinin peşəkar inkişafı" müsabiqəsinə
qatılıb, Göygöl rayonu üzrə Təhsil meneceri
seçilib, təhsil naziri Emin Əmrullayev tərəfindən
2021-ci ilin fevral ayında "Virtual məktəb"in yaradılmasında
səmərəli fəaliyyətinə görə Təşəkkürnamə
ilə təltif olunub, Təhsil Nazirliyinin bir sıra layihələrinin
Göygöl rayonu üzrə icrasında fəal iştirak
edib. O həmçinin Təhsil Nazirliyinin keçirdiyi Təhsildə
inkişaf və innovasiyaları üzrə I Qrant müsabiqəsində
"Bilici anam", III Qrant müsabiqəsində isə
"Gənc müəllimlərə dəstək" layihələrinin
qalibi olub.
Aytəkin Əliyeva "Sosial mediada fəal
iştirakına görə "Təşəkkürnamə
ilə təltif olunub. 2021-2022-ci tədris ilindən onun direktor işlədiyi
məktəbdə ilk dəfə olaraq Azərbaycan
Respublikası Təhsil Nazirliyinin bir neçə layihəsi tətbiq
olunur.Bunlardan biri 3-4
yaşlı uşaqların müxtəlif
bacarıqlarını inkişaf etdirmək üçün
çox dəyərli layihələrdən olan "İcma əsaslı
məktəbəqədər təhsil" layihəsidir.Layihə
erkən yaşda təlimin uşağın sosial-emosional,
kiçik və böyük motor və intellektual
bacarıqların yaxşılaşmasına müsbət təsir
etməsini, onun məktəbdəki akademik göstəricilərinə
və gələcəkdə əmək bazarında uğur
qazanmasına zəmin yaratmasını nəzərə alaraq
həyata keçirilir.
Digər
layihə ümumi orta təhsil bazasında təhsilalanların
peşə təhsilinə hazırlanması, onların
peşə ixtisaslarına aid səriştələrinin
inkişaf etdirilməsi, peşələr üzrə ilkin
bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək
bazarına hazırlanmasının təmin edilməsi məqsədi
ilə təşkil edilən "Peşə təmayüllü
siniflər"layihəsidir. Bu layihə üzrə məktəbin
10 -cu sinif şagirdləri üçün İT (kompyuter
texnologiyaları ) və dərzi köməkçisi
ixtisası fəaliyyət göstərir . Bu,
çox təqdirəlayiq bir haldır. Orta
məktəbi bitirən yeniyetmələr müstəqil həyata
artıq hazır bir mütəxəssis kimi qədəm
qoyurlar.
Bundan başqa məktəbin 6-cı sinifləri üzrə
STEAM layihəsi tətbiq edilir. STEAM təhsil metodu şagirdlərə
beş sahənin, Elm (Science), Texnologiya
(Technology), Mühəndislik (Engineering), İncəsənət
(Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya
olunmuş şəkildə tədrisi ideyası üzərində
qurulub. STEAM kurikulumu fənlərarası, praktik
və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində
ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili
praktik məşğələlər vasitəsilə elmi,
texniki biliklərin gündəlik həyatda tətbiqini
şagirdlərə göstərir. Bu
yanaşma şagirdlərə mühəndislik səriştələri
öyrədərək, onların real həyatda problemlərin
həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə
seçmələrindən asılı olmayaraq həyata
hazırlayır. Bu layihənin mənə
maraqlı gələn ən mühüm cəhəti
uşaqların bütün fənlərdən məlumatlı
olmasını təmin etməsidir. Layihənin yuxarı
siniflərdə də tətbiqi bir problemi aradan qaldırardı:
hamımız bilirik ki, şagirdlər orta məktəbin
yuxarı siniflərində yalnız imtahan verəcəkləri
qrupun fənlərini oxuyur, o biri fənlərə laqeyd
yanaşır, çox zaman həmin fənlərdən bixəbər
qalırlar. Məncə, bu layihəni
bütün məktəblərdə tətbiq etmək
çox xeyirli nəticələrə gətirib
çıxarardı.
ADA
Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi
binası qarşısında keçirilən tədbirdə
ölkəmizdə yüksəkixtisaslı müəllimlər
yetişdirmək səylərinə dəstək vermək məqsədilə
"Bir müəllimin manifesti"ni elan edib və bu barədə
niyyət sazişi imzalanıb. Elan olunan manifestdə
bildirilir ki, ADA əməkdaşları bölgələrə
gedərək məktəblərdə çalışacaq, həmin
məktəblərdən qabaqcıl müəllimləri
seçib ixtisasartırma üçün ADA-ya gətirəcəklər.
Burda təhsil alacaq müəllimlər
müsahibə əsasında seçilir. Həmin
müsahibədə iştirak edən 500 nəfərdən seçilən 40 nəfərdən
biri də Aytəkin Əliyevadır. Seçilən müdavimlər həm
Qazax Müəllimlər Seminariyasında, həm ADA-da, həm
də ADA-nın Vaşinqtondakı mərkəzində təlim
kursunda təhsil alırlar. Beləcə, onlar qazandıqları beynəlxalq təhsil təcrübəsini
regionlarımızda tətbiq edəcək, bunu bir missiya olaraq
bölgələrimizdəki məktəblərlə və
müəllimlərlə bölüşəcəklər. Aytəkin Əliyeva da bu təlim kurslarında
qazanacağı təcrübəni işlədiyi məktəbdə
tətbiq etməklə məktəbin uğurlarının
siyahısına zaman keçdikcə daha yenilərini əlavə
edəcək.
Adətən, oxucunu naümid buraxmağı, onda neqativ
düşüncə yaratmağı heç vaxt sevməmişəm. Çalışıram
ki, hər oxuyan özü üçün müsbət nəsə
götürə bilsin, pozitiv düşüncə ilə həyat
enerjisi yüksəlsin. Aytəkin
xanımla görüşməzdən əvvəl müəllimlərin
danışığını dinləyərkən düşünmüşdüm
ki, bu xanım axına qarşı üzür. Lakin onunla söhbətimizdən
sonra fikrim tamam dəyişdi. O, axına qarşı
üzmür, axını öz arxasınca çəkib
aparmağı bacarır. Vəzifə kreslosunda
uzun illər passivcəsinə əyləşib heç bir
yeniliyi tətbiq etməyən, fəaliyyəti saxta tədbir
sənədləri tərtib etməklə məhdudlaşan,
uğurları yalnız məktəbdən yayınıb
instituta hazırlaşan uşaqların qəbul sayı ilə
ölçülən direktorlar çoxdur. Məncə, həm təhsildə, həm də digər
sahələrdə işi bu cür bacarıqlı gənclərə
həvalə etmək lazımdır ki, neqativ hallar aradan
qalxsın, ölkənin xoşbəxt gələcəyinə
ümidimiz daha da çoxalsın.
Mən Aytəkin Əliyevanın
son bir neçə ildə qazandığı uğurlardan
söz açdım. Çox istərdim ki, dövlətin
etibar edib iş tapşırdığı bütün məsul
şəxslər öz işlərini bu cür vicdanla, ləyaqətlə
yerinə yetirə idilər. İnanıram ki, gələcəkdə peşəkarlığı,
savadı, əsl ziyalı xarakteri ilə seçilən bu
xanım haqqında daha çox
xoş sözlər eşidəcək və uğurlarına
şahid olacağıq. Aytəkin xanıma bu yolda dönməzlik
və yeni zirvələr fəth etməyi arzulayıram
HƏCƏR
525-ci qəzet.- 2022.- 25 yanvar.- S.13.