El adamı, el
ağsaqqalı
Uzun illərdən
bəri yaxından tanıdığım, adamlarının
çoxu ilə doğma, səmimi münasibətim olan
Bakının Bilgəh kəndinin hər üzünü görmüşəm.
Qışın şaxtasında da, yayın insanı
yandırıb-yaxan istisində də neçə dəfə
Bilgəhdə,
bilgəhlilərin toylarında, bayram şənliklərində,
hüzür məclislərində iştirak etmişəm.
Amma nə Bilgəhi, nə də bilgəhliləri
heç vaxt o günkü kimi (14 yanvar) qəmli, kədərli
görməmişdim. Kəndin yaşlı qocaları da,
cavanları da, hamısı səssiz-səmirsiz, ancaq ürəklərində
için-için ağlaya-ağlaya qəsəbədən dənizə
tərəf düşəndə Hacı Fərrux Zeynalovun
yolun sağ tərəfində, təpənin üstündəki
evinə tərəf axışırdı. Həm şəhərdən,
həm də qonşu kəndlərdən gələn insan əlindən
tərpənmək olmurdu... Bilgəhin, yox, təkcə
Bilgəhin deyil, Bakının əksər kəndlərinin
özlərinə ağsaqqal saydığı Hacı Fərrux
Məmmədnəbi oğlu Zeynalov vəfat etmişdi.
...Taleyi
keşməkeşli olan Fərrux Zeynalov müharibənin
od-alov püskürdüyü 1942-ci il
mayın 4-də Bakının Bilgəh kəndində
dünyaya göz açmışdır. Ömrünün
ilk günlərindən məhrumiyyətlərlə
rastlaşan balaca Fərrux altı aylığında
atasını, beş yaşında
böyük qardaşını itirmişdir. Lap
körpə yaşlarından, məktəbdə oxuya-oxuya həyətlərində
mal-heyvan saxlayıb onların ağartısını satmaqla
ailəyə yardımçı olan Fərrux Zeynalovu orta məktəbi
bitirdikdən sonra ilk əmək fəaliyyətinə məişət
xidməti sahəsində fəhlə kimi
başlamışdır. Bir müddət
dərzi köməkçisi, daha sonra dərzi işləmiş,
istehsalat müdiri olmuşdur. Ali təhsil aldıqdan
sonra fabrik direktoru, Bakı Şəhər Əhaliyə Məişət
Xidməti İdarəsinin rəisi, N.Nərimanov adına
Corab-Trikotaj Birliyinin direktoru, "Azəryüngülyeyintisənaye"
Birliyinin baş direktoru, müstəqil Azərbaycanın
Material Ehtiyatları naziri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin deputatı
olmuş, Milli Məclisin üzvü seçilmişdir.
Fərrux müəllimlə
tanışlığımız Milli Məclisdən
başlayıb. Mən Milli
Məclisdə vətəndaşların qəbulu və
müraciətləri ilə iş şöbəsinin
müdiri idim, o da deputatı idi. Şöbə
müdiri kimi, hər gün yüzə qədər şikayətçini,
əsasən də, qaçqın və köçkünləri
qəbul edib, kömək göstərməli olurdum. Həmin günlərdə qəbula gələnlərin
çoxu tanınmış deputatlardan Bəxtiyar Vahabzadə,
İsmayıl Şıxlı, Vahid Əhmədov, İsa Qəmbərlə
yanaşı Fərrux Zeynalovla da görüşmək istəyirdilər.
Çünki o, yanına gələnlərin,
hansısa bir işə görə ona müraciət edənlərin
heç birini naümid geri qaytarmırdı.
Yaxşı yadımdadır, Bakı kəndlərinin
birindən gələn qadın övladının cəbhədə
həlak olduğunu, nəvələrinin evsiz-eşiksiz
qaldığını bildirib, deputat Fərrux müəllimdən
kömək istədi. Fərrux müəllim başını
aşağı salıb, bir xeyli sakitcə dayandı, sonra da
telefonun dəstəyini
qaldırıb kimlərəsə zəng etdi. Birindən daş, başqa birisindən
taxta-şalban istədi. Başını qaldırmadan:
"Siz gedin, bazar günü özüm kəndə gələcəm,
evsiz qalmayacaqsınız" - dedi.
Qaydaya
görə, qəbula gələnlərin kim
tərəfindən qəbul olunduğunu xüsusi vərəqdə
qeyd edib nəticəsini izləyirdik. Bir
neçə aydan sonra həmin qadın yenidən Milli Məclisə
gəlmişdi, amma şikayətə yox, təşəkkür
etməyə. Evi tikilmişdi... Sonralar Fərrux
müəllimlə bir yerdə Respublika Material Ehtiyatları
Nazirliyində işləyəndə də yüzlərlə
bu cür hadisənin şahidi olmuşam. O,
qazandığı bir tikəni imkansızlara, qaçqın
və köçkünlərə verməkdən həzz
alırdı. Demək olar ki, hər ay
qaçqınlar üçün xüsusi ərzaq payı
göndərtdirirdi. Bakıdakı yataqxanalarda, digər
yaşayış sahələrində yerləşdirilmiş
qaçqınlara tez-tez özü baş çəkər,
kömək göstərərdi.
Fərrux
müəllim mülayim xasiyyətli, az
danışan, lakin yeri gələndə öz
sözünü cəsarətlə deyən, haqqı, ədaləti
inadla müdafiə edən bir şəxsiyyət idi. Yadımdadır, Milli Məclisin o vaxt "prezident
otağı" adlandırılan otağına cəbhədən
və iqtidardan olan bir neçə deputat
yığışmışdı. Xalqla ən
yaxın əlaqəsi olan şöbə müdiri kimi mən
də orada idim. Bir sıra məsələlər
müzakirə edildikdən sonra hələ seçilməmişdən
özünü Prezident kimi aparan Əbülfəz Elçibəy
birdən: "...Baş nazir vəzifəsinə kimi məsləhət
görürsünüz?" - deyə
soruşdu. Otaqdakıların hamısı
biri-birinin üzünə baxdı. Cəmi bir neçə
gün əvvəl keçmiş prezident Ayaz Mütəllibovun
fərmanı ilə
baş nazir vəzifəsinə təyin olunmuş Rəhim
Hüseynov hələ heç kabinetinə getməmişdi.
Tanınmış, daha doğrusu sözü keçən
deputatlardan heç kimin dillənmədiyini görən Fərrux
müəllim ayağa qalxıb:
- Məgər Baş nazir də istefa verib? - deyə
soruşdu.
-
Özü istefa verməsə də, onu Ayaz təyin edib, ona
görə də o getməlidir deyə - Əbülfəz bəy
cavab verdi.
Fərrux müəllim bir anlığa
danışmadı, susdu. Sonra bir qədər əsəbi
halda fikirlərini izah etdi:
- Millətin
arasına ayrı-seçkilik salmayın. Rəhim Hüseynov
olduqca bacarıqlı və təmiz adamdır... Əgər
onu istefaya göndərsəniz ...
İnsafən otaqdakı deputatların hamısı Fərrux
müəllimin sözünün üstündə durdular, Rəhim
Hüseynovu müdafiə etdilər.
...- O, Azərbaycanın Material Ehtiyatları naziri təyin
olunanda respublika böyük ehtiyaclar içərisində
yaşayırdı. SSRİ dağılmışdı, yenicə
müstəqillik qazanmış respublikanın heç bir
ölkə ilə, heç bir sahədə müqaviləsi
yox idi. Respublikanın ehtiyacları ancaq
ayrı-ayrı adamların şəxsi nüfuzu hesabına
ödənilirdi. Belə bir vaxtda demək olar ki, hamı
- dərmana ehtiyacı olan xəstəxanalar da, una ehtiyacı
olan çörək zavodları da, qələmə,
kağıza ehtiyacı olanlar da Material Ehtiyatları Nazirliyinə,
Fərrux Zeynalovun üstünə qaçırdılar. Kağız olmadığına görə kitab nəşri
demək olar ki, dayanmışdı. Kitabı
nəşriyyatda yatıb qalan yazıçıların,
şairlərin, elm adamlarının hamısı onun
üstünə gəlirdi. O da heç kimi naümid
geri qaytarmırdı. Bir dəfə Xalq
şairi Qabil onun yanına gedib neçə aydan bəri nəşriyyatda
yatıb qalan kitabının çapı üçün
kağız istəyir. O da Prezident Aparatının, Milli
Məclisin nəşrləri üçün ehtiyatda
saxladığı kağızdan onun kitabı
üçün ayırır. Qabil bir neçə gündən
sonra təzə çapdan çıxmış kitabına qəribə
bir avtoqraf yazıb ona gətirir:
Bu
kitabın
Özü
nazirindir
Sözü şairin.
Hacı Fərrux
var olsun!
Qabilə
hədiyyəsi
Təzə
kitablar olsun!
Xalq yazıçısı İsmayıl
Şıxlı onu el adamı, el ağsaqqalı
adlandırırdı. Fərrux müəllim nazir vəzifəsinə təsdiq
olunanda onunla mənim Milli Məclisdəki iş
otağımda görüşdülər. İsmayıl
müəllimin o vaxt ona dediyi sözləri indi də
xatırlayıram: "- El adamı, el ağsaqqalı ölkədəki
və ölkədən kənardakı hörmətinizə bələd
olan bir insan kimi belə başa düşürəm ki, bundan
sonra respublikanın bütün ehtiyat və ehtiyacları ilə
bağlı problemləri, yəqin ki, qələm əhlini ən
çox maraqlandıran kağız problemini də layiqincə
həll edəcəksiniz". Doğrudan da şəxsi
nüfuzundan istifadə edən təzə nazir respublikanın
çox problemlərini həll etdi...
İqtisad elmləri namizədi olan Fərrux Zeynalov həm
də yaxşı qələm sahibi idi. Son illərdə dərin
axtarışlar və arxiv sənədləri əsasında
yazdığı "Bilgəh: səfalı yurdun layiqli
övladları" kitabında kəndin və kənddəki
abidələrin yaranma tarixini, Bilgəh adının formalaşmasını,
Bilgəhin dəniz limanı olmasını, Bilgəhdə ilk
zəfəranın əkilməsini... dəqiq dəlillərlə
göstərir. Bilgəhlilərin əsirlər boyu göstərdikləri
qəhrəmanlıqlar, keçən əsrin əvvəllərində
ermənilərə qarşı apardıqları mübarizələr,
İkinci dünya müharibəsində vətən
qarşısındakı xidmətləri, kəndin
tanınmış din xadimləri, ədəbiyyat, incəsənət
və elm adamları haqqında, Stalinin Bilgəhlə və
bilgəhlilərlə bağlı xatirələrinin əks
olunduğu kitab tarixi bir roman kimi maraqla oxunur.
Fövqəladə varlıq olan insanın ömür
yolu adi bir sürücünün keçdiyi yol kimidir. Sürücü
nə qədər ehtiyatlı, diqqətli olsa da, nə vaxtsa,
haradasa qəzaya uğramaq ehtimalı həmişə
başının üstündə dolanır. Fərrux müəllimin ömür karvanı da
gözlənilmədən qəzaya uğradı. Əlacsız xəstəlik onu qəflətən
yaxaladı. Övladlarının,
yaxınlarının böyük səylərinə baxmayaraq
yanvarın 14-də 80 yaşının tamamına 4 ay
qalmış dünyasını dəyişdi.
Hacı Fərrux ədəb-ərkanlı, hər
şeyin yerini bilən, elinin-obasının ən yaxşı
adət-ənənələrini yaşatmağa
çalışan el adamı, el ağsaqqalı idi.
Cılız hisslərdən yüksəkdə duran,
sözü ilə əməli bir olan, elini, obasını, vətənini
ürəkdən sevən, xalqına, dostlarına
başucalığı gətirən bir şəxsiyyət
idi. Allah rəhmət eləsin.
Asif
Quliyev
525-ci qəzet.- 2022.- 25 yanvar.- S.12.