Şagirdlər üçün
"Düşünən oxucu"
müsabiqəsi
Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti
gücləndirən başlıca
amillərdəndir. O, məlumat-axtarış
və idrakı fəaliyyət növü
kimi insanın inkişafında, təhsilində
və tərbiyəsində
xüsusi yer tutur. Mütaliənin tədris, təhsil
və tərbiyə funksiyaları kompleks xarakter daşıyır.
Bir-biri ilə qırılmaz surətdə bağlı
olan bu proseslər
mütaliənin nəticəsi
olaraq cəmiyyət tərəfindən formalaşmış
biliklərin mənimsənilməsi,
bu biliklər sisteminin yaradılması və şəxsiyyətin
inkişafı gedişinin
idarə edilməsi kimi ifadə edilir. Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu
olan yeni ideyaların yayılmasına
və ictimaiyyətin malına çevrilməsinə
imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış
olmağa, ictimai münasibətlərin dərk
edilməsinə, həyatda
obyektiv baxışın
formalaşmasına, eləcə
də cəmiyyətin
həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək
edir. Məktəb, mütaliə alışqanlığının
yaranması və inkişafında ən mühüm və təsiredici məkandır.
İnsanın məktəb dövründə
əldə etdiyi bilik-bacarıqlar, vərdişlər
sonrakı həyatında,
gələcək hədəflərinin
müəyyənləşməsində əvəzsiz xidmət göstərir. Hazırda ümumtəhsil
müəssisələrində bir çox layihələrin, müsabiqələrin
keçirilməsində məqsəd
şagirdlərin düşüncə
bacarıqlarını zənginləşdirmək,
sərbəst fikir yürütmə azadlığını,
təhlil etmə qabiliyyətini təmin etmək, kitab oxuma mədəniyyətinin
təbliğidir.
Təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının
təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün
inkişafı, rəy
bildirmə mədəniyyətinin
formalaşdırılması məqsədilə Təhsil
Nazirliyi tərəfindən
yerli nəşriyyatlarla
əməkdaşlıq çərçivəsində
ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında "Düşünən
oxucu" adlı müsabiqəyə start verib.
Təhsil
Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin
müdiri Vəfa Yaqublu deyir ki,
3 mərhələdən ibarət
olan "Düşünən
oxucu" adlı müsabiqənin məktəb
mərhələsi 5 - 21 yanvar
tarixlərində ümumi
təhsil müəssisələrində,
rayon (şəhər) mərhələsi
24 yanvar - 7 fevral tarixlərində bölgələrdə,
ölkə mərhələsi
8 - 21 fevral tarixlərində
videotəqdimatların qiymətləndirilməsi
formatında Bakı şəhərində həyata
keçiriləcək.
Vəfa
Yaqublunun sözlərinə
görə, müsabiqə
çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən
ümumi təhsil müəssisələrinin kitabxanalarına
təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş
"Oxu ədəbiyyatı
siyahısı"nda bir
əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır.
Maksimum 5 dəqiqə
olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli,
eyni zamanda təhlil zamanı "Bədii qəhrəmanın
yerinə olsa idim, nə edərdim?",
"Əsərin müəllifinə
hansı sualları verərdim?", "Niyə
bu kitabı oxumağı həmyaşıdlarıma
məsləhət bilirəm?"
suallarından ən azı birinə cavab verməlidir: "Qeyd edim ki,
oxu ədəbiyyatı
siyahısındakı əsərlər
məktəb kitabxanalarına
verilmişdir, deməli
hər bir şagirdin onları əldə edib oxumasına imkan vardır. Valideynlər bu məqsədlə
kitab almalı olmayacaqlar. Siyahıda əsasən
son ildə alınmış
kitablar yer alır ki, onlar
da həm Azərbaycan, həm də dünya ədəbiyyatından nümunələrdir.
Burada klassik əsərlərlə
yanaşı müasir
uşaq ədəbiyyatı
da yer alır.
Uşaqların yaşı, estetik
zövqü, anlama səviyyələri, maraq
dairələri nəzərə
alınıb. Janr və
mövzuların rəngarəngliyinə
də diqqət yetirilib. Dil və ədəbiyyat dərslərində əsasən
Azərbaycan ədəbiyyatını
öyrənən şagirdlərimizin
erudisiyasının artırılması
üçün bu müsabiqədə daha
geniş arealın götürülməsi məntiqlidir".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir. Uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər: "Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. Uşaqlar üzərində aparılan araşdırma nəticəsində isə müəyyən edilib ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur".
Şahlar Əsgərovun dediyinə görə, şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır: "Bu səbəbdən də şagirdlərə düzgün kitab seçimi məsələsinə xüsusi olaraq diqqət yetirmək lazımdır. Hesab edirəm ki, şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və bədii ədəbiyyata marağının artırılması istiqamətində işlər davam etdirilməlidir".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir: "Düşünən oxucu" müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən bir müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalara son 3 ildə verilmiş əsərlər siyahıya salınıb. Azərbaycan ədəbiyyatı, bildiyiniz kimi, məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin "Oxu ədəbiyyatı siyahısı"na salınmış əsərlər isə məktəb proqramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr var".
Millət vəkili Şahin Seyidzadənin sözlərinə əsasən, uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması ailədən gəlir. İlk növbədə uşaqla danışmaq lazımdır. Uşaq danışa bilməyəndə belə onunla danışmaq və ona diqqət ayırmaq mütləqdir. Kitab oxumaq nədir: diqqət. Bugünkü nəsil 20 saniyə nəslidir. 20 saniyə nəslində diqqət, səbr, hövsələ yoxdur. Bu səbəbdən də böyüməkdə olan indiki nəsildə diqqəti cəlb etmək vərdişi formalaşdırılmalıdır. Uşaqlara hələ kiçik yaşlarından hekayələr danışılmalıdır. Uşaqlara hekayələr oxuyanda onların yaddaşında uşaqlıqdan obrazlar yaranır. Onlar böyüdükcə obrazlar da böyüyür. Sonra uşaqlar başqa kitablarda başqa obrazlar axtarır. Hər yaşa görə obrazlar var. Əgər valideyn istəyir ki, onun övladı kitab oxusun, ilk növbədə o özü oxumalıdır. Ata və ana bu davranışı ilə övladına nümunə olmalıdır. Axı uşaq ata və anadan örnək götürür. Ən vacib məqamlardan biri də evdə kitabların uşaqlar üçün əlçatan olmasıdır. Kitab rəfində qalmamalıdır. Kitab rəfi muzey deyil. Uşağa "kitaba toxunma, cırma, yazma" demək olmaz. Uşaq uşaq vaxtından kitabın üzərində rəsm çəkməli, vərəqlərini çırmalıdır və s. Bununla da onda kitaba sevgi, maraq yaranır və uşaq kitab qoxusuna alışır. Axı insanda kitaba məhəbbət onun qoxusundan yaranır. Uşaq məktəbəhazırlıq yaşına çatanda valideyn kitabı onunla birlikdə oxumalıdır. Uşaq böyüdükdən sonra müstəqil şəkildə kitab oxumağa başlayır. Bu zamanadək valideyn onunla birlikdə kitab oxumalıdır. Uşağa kiçik tapşırıqlar verilməlidir valideyn tərəfindən. Qarşılıqlı əlaqə yaranmalıdır uşaqla valideyn arasında bu, mütləqdir. Uşaqda kitab oxumağa həvəs, maraq yaradılmalı, onlarda kitab oxumaq vərdişi formalaşdırılmalıdır. Kitaba marağın artırılması və uşaqlarda mütaliə vərdişinin formalaşdırılması baxımdan isə məktəb, universitet, cəmiyyət dəstəkverici funksiya daşıyır".
Təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusən kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı vərdişlərinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Artıq hafizəyə deyil, təfəkkürün inkişafına yönələn nəticəyönümlü təhsil hər bir şagirddə mütaliəyə, bədii əsərlərə marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Təhsil Nazirliyinin hər il keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 25 yanvar.- S.10.