"Bu döyüş
sənəti ilk növbədə insani keyfiyyətləri
üzə çıxarır"
Əməkdar məşqçi Asif
Sayadov: "İdmanla məşğul
olanların təhsildə
geri qalmaları ilə
bağlı deyilənlərlə
razi deyiləm"
Dərin fəlsəfəyə malik qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Vinq Çun-dur. Bu döyüş sənəti 1700-cü ildə Çinin Futçzan Əyalətində yaradılıb. Bu döyüş stilinin daha sonralar orijinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır. Yip-Man Vinq Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk ustadır. Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı. Hazırda dünyanın 135 ölkəsində Vinq Çun döyüş sənəti tədris olunur. Bu döyüş sənəti Azərbaycana ilk dəfə 2008-ci ildə federasiyanın prezidenti, 5 qat dünya çempionu, Respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli idman ustası Asif Sayadov tərəfindən gətirilib. Asif Sayadovla müsahibəni təqdim edirik.
***
- Asif müəllim, bildiyim qədərilə Vinq Çun döyüş sənətini Azərbaycana siz gətirmisiniz. Bu sənətlə necə tanış oldunuz?
- 2007-ci ilədək bu idman növünün müxtəlif sahələri ilə tanış olmuşam. 2007-ci ildən sonra Portuqaliyada seminarda Vinq Çun döyüş sənətinin ustası ilə tanış oldum, seminarda bu döyüş sənətinin daha mükəmməl olduğunu gördüm, bu sənəti araşdırmağa başladım. Həmin seminardan sonra Azərbaycana qayıtdıqdan sonra bir ay keçməmiş Çinə səfər etdim və Şaulin məbədində, Çinin bir çox əyalətlərində müxtəlif seminarlarda, təlim məşqlərində iştirak etdim.
Sonra yenidən Portuqaliyaya qayıdıb Samuel Kvokun seminarında iştirak etdim, Türkiyə, Rusiya və Almaniyada bu döyüş sənətilə bağlı seminarlarda oldum. Daha çox Almaniyada keçirilən dərslərdə iştirak etməyimə baxmayaraq, hər il müxtəlif ölkələrə gedərək özümü daha da təkmilləşdirməyə başladım. 2008-ci ildən Azərbaycanda bu döyüş sənətinin klubunu yaratdıq. Vinq Çun döyüş sənəti idman klubu olaraq fəaliyyət göstərirdik, artıq Azərbaycanda 15-dən çox bölmə və məktəblərimiz var. Yüzlərlə idmançı, bu döyüş sənətini sevən insanlar bizə üzv oldular və bir sıra nailiyyətləri əldə etdikdən sonra 2018-ci ildə Gənclər və İdman Nazirliyinin rəsmi məktubu sayəsində Ədliyyə Nazirliyində "Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası" olaraq dövlət qeydiyyatına alındıq.
- Maraqlıdır niyə məhz Vinq Çun?
- Çox gözəl sualdır, bəzən bu sualı tələbələrim də mənə verir. Mən Vinq Çuna qədər artıq 3 dəfə dünya çempionu olmuşdum. Bir çox beynəlxalq turnirlərdə dünya ikinciliyini və üçüncülüyünü qazanmışdım. Mən həmişə kunqfu sanda və kunfu taulo versiyalarında iştirak etmişdim. Bu versiyalar yarış üçün nəzərdə tutulmuş proqramlardır. Vin Çun isə sırf küçə müdafiəsi üçündür. Küçədə dava düşərsə, orada nə hakim var, nə də qaydalar. Ən yararlı olan da məhz bu idman növüdür. Bu həm sağlam həyat tərzi, həm də özünümüdafiə sistemidir. Vinq Çun həyat tərzidir.
- Deyirlər, bu döyüş növü birbaşa psixologiya ilə bağlıdır. Buna aydınlıq gətirərdiniz.
- Ümumiyyətlə, bizdə yanlış bir ifadə var ki, bir şey olanda deyirlər insanın psixologiyası pozulub. O insan ki, özgüvənini itirib, özünü aciz hiss edir, təbii ki, onda daimi psixoloji problemlər olur. Vinq Çunla məşğul olan hər kəsdə özgüvən yaranır və insan özünü rahat şəkildə müdafiə edə bilir. Psixoloji cəhətdən özünü gümrah hiss edən insanlarda isə problemlər aşkarlanmır. Buna görə də biz mütləq şəkildə gələn tələbələrimizdə ilkin olaraq özgüvən yaradırıq ki, dərslərdə də aktiv olsunlar, gündəlik həyat tərzində də, davranışlarında da.
- Bu döyüş sənəti ilk növbədə insani keyfiyyətləri üzə çıxarır.
- Zəka və sürət üzərində qurulmuş Vinq Çun Londonda, İsraildə, Amerikada və bir çox ölkələrdə sağlamlıq mərkəzlərində rəsmi olaraq Səhiyyə Nazirliyi tərəfindən aysgeymer və beyinlə bağlı olan başqa xəstəliklərin müalicə proqramına daxil edilib. Dünya Vinq Çun Birliyi (World Wing Chun Union) və Beynəlxalq Vinq Çun Assosiasiyası (İnternational Wing Chun Association) tərəfindən hər il bu idman növü üzrə Avropa və Dünya Çempionatları keçirilir.
- Sizə daha çox hansı sahənin adamları müraciət edir?
- Universitet tələbələri, həkimlərimiz, dövlət qrumlarının müəyyən vəzifəli şəxsləri, səfirlər... Biz bir çox güc strukturlarının əməkdaşlarına da xüsusi təlimlər keçirik. Tez-tez hərbi və polis orqanlarında seminarlar təşkil edirik. Bizə hər sahənin adamları müraciət edirlər.
- Hətta bildiyim qədərilə xaricdən də bu döyüş sənətini öyrənmək üçün yanınıza gələnlər var. Daha çox hansı ölkələrdən gələnlər olur?
- Fransa, Sinqapur və Çin. Qardaş Türkiyədən də gəlirlər. Bəzi tələbələrim bizə ailəvi şəkildə müraciət edirlər.
Qeyd edim ki, bu döyüş sənəti üç versiyadan ibarətdir: bu sənətlə sadəcə sağlam həyat tərzi üçün məşğul olanlar, yarışlarda iştirak etmək üçün məşğul olanlar - bu, uşaq, yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Biri də var, özünümüdafiə məqsədi ilə məşğul olmaq - bununla bağlı 18-45 yaşadək şəxslər daha çox müraciət edirlər.
- "Sağlam bədəndə sağlam ruh olar" kimi misalları saymaqla bitməz. Maraqlıdır, özgüvəni, özünümüdafiəni bir kənara qoysaq, bunun sağlamlığa nə kimi faydası ola bilər?
- İdman sağlamlıqdır misalı ilə
heç vaxt razı deyiləm. Artıq idman professional sahə
sayılır və burada travma da var, çətinliklər də. Məncə,
bədən tərbiyəsi desək, daha məqbul olar. Vinq Çun da bu sahəyə xidmət edir. Səhər açılandan müəyyən nəfəs
məşqləridir, təlim məşqləridir ki,
bunları mütəmadi etdiyin zaman problemlər aradan
qalxır. Bu döyüş sənətinin
"yapışqan əllər" adlı fənd
növü var ki, bu artıq Almaniya, Türkiyə və bir
çox inkişaf etmiş ölkələrində tibb sahəsinə
aid edilib. Bunun tibbdə də faydası
var.
-
Hansı yaşdan başlamaq daha məqbul hesab olunur?
- Biz 6
yaşdan götürürük. 6-13 yaş
arası şagirdlərdə bu artıq idman deyil. Biz buna ad olaraq
"oyundan idmana" deyirik. Uşaq gəlib
burada maraqlı vaxt keçirir. Məşq
artıq onların hobbisinə çevrilməlidir. Dərsdən yorğun gələn uşaq axşam
məşqə gəlirsə, buraya qaça-qaça gəlməlidir.
Çünki bura həm də dincəlmək
üçün məkandır. Biz onu
burada oyun kimi formalaşdırıb gələcəyin
böyük idmançısı kimi hazırlayırıq.
Amma professional şəkildə
yarışların keçirilməsi, dünya çempionatlarına
getməsi 10-12 yaşdan başlayır.
- Bildiyim
qədərilə öz övladlarınız da bu sahə ilə
məşğuldur. Həm də özünüz onların şəxsi müəllimisiniz.
Onları öz davamçınız kimi
görmək istəyərsinizmi?
- Mənim
iki oğlum var, onlardan biri Azərbaycan çempionu, digəri
dünya ikincisi və üçüncüsü olub. Hər iksi yüksək qiymətlər alır dərslərində,
hər ikisi də bu sənətlə peşəkarcasına məşğul
olur. Amma mən heç birini məcbur
etmirəm ki, bunu davam edin. Onlar isə hələ
ki seçim edirlər, təhsillərindən də geri
qalmırlar. Gələcəkdə nə
olacağını isə zaman göstərəcək.
-
Federasiya olaraq nə kimi tədbirlər həyata
keçirirsiniz?
- 2018-ci
ildən yüksək səviyyədə tədbirlər həyata
keçiririk, beynəlxalq əlaqələr qurmuşduq. Bu əlaqələr indi də davam edir, müxtəlif
dünya səviyyəli ustaların Azərbaycana gəlməsinə
yardımçı oluruq. 2019-cu ildə
Çində keçirilən Beynəlxalq Dünya
Çempionatında 3 qızıl və 3 gümüş
medalla ölkəmizə döndük. Pandemiya
səbəbindən yarışlarıımız dayanıb,
amma qismən bu problemlər aradan götürülür və
bizim təqvim planımızda mart ayında Milli
çempionatımızı keçirməyi
planlaşdırırıq. May ayında
Fransada və Türkiyədə yarışımız olacaq.
Rusiya və Portuqaliyada Avropa və Dünya
çempionatları keçiriləcək. Müxtəlif dövlət tədbirlərinə də
qoşulub federasiya olaraq aktivliyimizi göstəririk. Gənclər və İdman Nazirliyinin keçirdiyi
bütün tədbirlərə qoşuluruq. Qeyd edim ki, biz Zəfər yürüşünə
də qoşulmuşduq. Federasiya olaraq fəalıq.
Ölkəmiz artıq idman ölkəsinə
çevrilib. 2000-ci illərdə biz xarici
ölkələrə səfər edəndə ölkəmizi
çox da tanımırdılar. Nə qədər
izah etsək də, xarici vətəndaşlar anlamırdı.
Məcbur qalıb yaxın ölkələri deyərdik,
onda hardasa qismən tanıyardılar. Amma
cənab prezidentimizin apardığı idman siyasəti
çox uğurludur və bu siyasətin davamı olaraq biz də
çalışırıq ki, ölkəmizi dünyada
layiqincə təmsil edək. Məqsəd
bu döyüş sənətinə yetərincə xidmət
etmək və gənclərin vətənpərvər ruhda,
sağlam böyüməsinə yardım etməkdir. Maraqlı gələ bilər ki, niyə vətənpərvər
deyirəm? 44 günlük Vətən
müharibəsində mənim 11 idmançım iştirak
etmişdi, bir idmançım şəhid, ikisi qazi oldu.
Digərləri şükürlər olsun ki,
sağ-salamat qayıtdılar. Biz də
federasiya olaraq istəyirik ki, bizə qoşulan üzvlərimiz
təhsillərini, sağlamlıqlarını qorumaqla
yanaşı, həm də ölkəmizin idman şərəfini
qorusunlar.
- Tələbələriniz
etimadınızı doğruldurmu?
-
Düşünürəm ki, o sarıdan xoşbəxt müəlliməm.
Məni tapan tələbə potensiallı tələbələr
olur və bununla da qürur duyuram hər bir zaman. Bəzən sual verirlər ki, niyə idmanla məşğul
olanlar təhsildə zəif olurlar? Amma
razı deyiləm bu fikirlə. Nə qədər
təhsildə yüklü tələbələrim olub buraya
gəlibsə, məşq edibsə, əksinə, beyin
yorğunluğu aradan qalxıb və buna görə də
burada idmançılarımız kifayət qədər
nailiyyət əldə ediblər. Bir yox, bir neçə
sahədə paralel olaraq formalaşan
idmançılarımız var. Elə
idmançılarımız var ki, dörd dil bilir, eləsi
var pianoda ifa edir, eləsi var mükəmməl rəssamdır
və s. Yəni fərqli sahələrin adamları var.
Ölkənin ən məşhur həkimləri buraya gəlir
və bu döyüş sənətilə peşəkar
şəkildə məşğul olurlar. Bu da
onu göstərir ki, Vinq Çun digər döyüş
növləri kimi başqa sahələrə mənfi təsir
etmir, əksinə köməklik göstərir.
- Bu
döyüş növünün digər döyüş
növlərindən əsas fərqi nədir?
- Şərq döyüş sənətləri qohumdur,
onlar haradasa bir-birinə bənzəyir. Nə dərəcədə
yaxın və uzaq olduğunu tam olaraq deyə bilmərəm, amma Vinq
Çun daha çox fəlsəfəyə yaxındır. Eyni zamanda da döyüş texnikalarında da fərqlilik
var. Bizdə hücum və özünümüdafiə eyni
anda baş verir. Bir qolla zərbə vurarkən
digərilə özünü qoruyursan. Ən
böyük üstünlüyü budur. Ən
əsas isə psixoloji metodikaya nəzər salsaq görərik
ki, bu döyüş növü fəlsəfə üzərində
qurulub.
- Asif Sayadov üçün idman nədir - məşğuliyyət,
peşə, yoxsa həyat devizi?
- Bunu məndən
müəllim olduğuma görə soruşursunuzsa, bəli,
peşədir, ancaq elə düşünürəm ki, səhər
oyanandan, boş vaxtlarımda bu sənətlə məşğul
olduğum üçün deyərdim ki, həm də həyat
devizidir. Rahat yerdə deyiləmsə, o zaman sadəcə
telefonla bu barədə məlumatlar əldə edərəm.
Daimi olaraq axtarışdayam və istəyirəm
ki, hər dəfə tələbələrimə həm yeni
texnika, həm də fikir ötürə bilim.
- Daimi
axtarışda olduğunu söyləyən Asif Sayadov
axtardıqlarını tapa bilirmi?
- Hər
nə qədər tapsam da, yenə də axtarışdayam.
Bizim bir şüarımız var: Vinq Çun
döyüş növü sanki bir okeandır. Okeandan
nə qədər su götürsən, azalmadığı
kimi, bu döyüş sənətini də nə qədər
öyrənirsən öyrən, bitməz. Ustamın 74,
onun ustasının isə 94 yaşı var. Ustamın
ustası İp Manın oğlu İp Çundur. Onun tələbəsi Samuel Kvok mənim ustamdır.
O, hansı saatda zəng etməyindən asılı olmayaraq
seminardadır.
- Belə
başa düşürəm ki,
uzunömürlülüyü artırır bu
döyüş növü...
- Bəli,
İp Çunun bu yaşadək sağlam yaşaması bunun əyani
sübutudur. Bu sənət nə cins, nə
yaş tanıyır. Hər yaşda hər
kəs üçün məqbuldur. Bu
idman növü nəzəri və praktik baxımdan elmdən
əlavə olaraq həm də sağlamlıqdır, bununla
mütəmadi məşğul olanda qan, beyin təzələnir,
insan mənəvi sakitlik tapır. Yəni
balans hər zaman qorunub saxlanılır.
-
Özünüzü ideal döyüşçü hesab
edirsinizmi?
- Hərdən
tələbələrim məndən soruşurlar ki, müəllim,
on nəfəri döyə bilərsinizmi və s. Bunu demək
mümkün deyil. O ki qaldı sualınıza, hesab edirəm
ki, bu gün məni axtarırlarsa, bu, böyük şərəfdir.
Amma bir şey də var, on il öncə məni
Vinq Çuna görə axtarıb tapırdılarsa, bu
gün məhz özümə görə axtarırıb
tapırlar. Kimlərinsə kumirinə
çevrilmişəm. Ümumilikdə isə
ideal insan yoxdur.
- Bir az əvvəl xarici səfərlərinizdən
danışdıq. Sizi Çinə bağlayan
bu döyüş növüdür, yoxsa?
-
Çinin həyat tərzi, mühiti və nə yalan deyim,
insanları mənə doğma gəlmir. Söhbət
səmimiyyətdən gedirsə, açıq danışmaq
lazımdır, bizim millətin insanlarına qurban olaram, bizim tərbiyəmiz,
mədəniyyətimiz, insanlığımız bütün
ölkələrin insanlarından üstündür.
Döyüş sənəti olaraq üç minillik tarixi
olan kung funun ən sonuncu sistemlərindən
biridir Vinq Çun. Hazırda üç
yüzüllik tarixə malikdir və böyük məktəbdir.
İndi nə kung fuya bağlıdır nə
başqa sənətə. Ustamızdan
soruşurlar ki, Vinq Çun hansı döyüş sənətinə
bağlıdır. Cavabında deyir: "Ving Chun is Ving
Chun". Bu elə özü böyük bir məktəbdir və
axtarışdaykən Çinə gedə bildim və bu məkanda bu sənəti
daha real görüb tanıdım. Hər zaman
fürsət tapdıqca o məktəblərə üz
tuturam.
-
Hazırda beynəlxalq əməkdaşlıq əlaqələriniz
varmı?
- Bizim bir
çox xarici ölkənin dünya şöhrətli
ustaları ilə əlaqələrimiz var. Fərq etmir ki, bu
Vinq Çunla əlaqəlidir, ya yox. Beynəlxalq İp Man
Vinq Çun assosiasiyasının
və Dünya Vinq
Çun Birliyinin Azərbaycan üzrə rəsmi nümayəndəsi
və bu döyüş sənətinin ölkəmizdəki
yaradıcısı olmağımla yanaşı, Hollivud
ulduzları Steaven Seagalla bizim şəxsi münasibətlərimiz
var və onun dəvətilə Rusiyada keçirilən II Beynəlxalq
Budo Festivalında şəxsən iştirak etmişdim tələbələrimlə
birgə. Əslən çinli olub Honq Konqda
yaşayan Donald Markla da əlaqəmiz var.
- Xarici
ölkələrdə hansı dildə
danışırsınız?
- Beynəlxalq
dil olaraq ingilis dilində. Tövsiyə edirəm
ki, bu sənətlə mütəmadi məşğul
olmağı düşünən hər bir kəs beynəlxalq
dərəcəli ən azı bir dil öyrənsin.
- Gənclərə
nə tövsiyə edərdiniz?
- 44
günlük müharibədə bir
çağırışla səfərbərliyə gedən
xalqımın nümayəndələri ilə qürur
duyuram. Sən demə, nə qədər
özgüvənli insanlarımız var imiş. İnsanlar tanıyıram ki, hətta müharibəyə
yollanmadıqları üçün dövlətdən
küsmüşdülər. Biz o dərəcədə
vətənpərvər xalqıq. Şərt
deyil ki, asudə vaxtlarında hər kəs bu döyüş
növünə yazılmalıdır. Amma
insan mümkün qədər sağlamlıqları
üçün mütəmadi idmanla məşğul
olmalıdılar. Ələlxüsus da təhsili
gözardı etmək olmaz.
Şəlalə CAMAL
525-ci qəzet.- 2022.- 26 yanvar.-
S.22-23.