Yeri hər zaman
görünəcək...
Görkəmli ictimai
xadim, ziyali və şair Qənbər Şəmşiroğlu
dünyasını dəyişdi
Azərbaycan ictimaiyyəti və ədəbi-mədəni mühitinə ağır itki üz verib. El ağsaqqalı, tanınmış ictimai xadim, ziyalı, şair Qənbər Şəmşiroğlu (Qurbanov) dekabrın 30-da 88 yaşında vəfat edib. Son 60 ildən artıq müddətdə Azərbaycanın sosial-mədəni həyatında özünəməxsus rolu olan Qənbər Şəmşiroğlu uzun və mənalı ömrünün sonunacan fəal ictimaiyyətçi, nüfuzlu ziyalı, əsl Azərbaycan vətənpərvəri, fədakar el-oba təəssübkeşi kimi yaşadı və çalışdı. Ustad Aşıq Şəmşirin ailəsində doğulub-böyüyən Qənbər müəllim bu ulu ocağa xas bütün nəcib keyfiyyətləri, dəyərli xüsusiyyətləri öz şəxsiyyətində layiqincə təcəssüm etdirmişdi.
Zəngin bioqrafiyaya malik Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor işləyib, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri kimi çalışıb. 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir olub, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayonuna rəhbərlik edib.
Özünün müdriklik, kamillik yaşlarında da Qənbər Şəmşiroğlu ictimai-mədəni fəaliyyətdən qalmayıb, ədəbi yaradıcılığını uğurla davam etdirib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib. Müntəzəm şəkildə ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərin iştirakçısı, sosial qayğıya, mənəvi dəstəyə ehtiyac duyan insanların qayğıkeş, fədakar yardımçısı olub. Qənbər müəllim son 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin, şəhid, əlil ailələrinin, tələbə və gənclərin sosial problemlərinin həllinə, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına bir vətəndaş və ziyalı kimi dəyərli töhfələr verib. Q.Şəmşiroğlunun sədrliyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması naminə ölkədə və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Candan sevdiyi doğma Kəlbəcərin işğalı, əzəli yurd-yuvanın illər boyu dü.mən tapdağı olması Qənbər Şəmşiroğlunun ruhunda dərin sarsıntılara yol açmış, həyat və yaradıcılığında nisgilli izlər qoymuşdu. Odur ki, 44 günlük Vətən müharibəmizin şanlı zəfərlə bitməsinə, Qarabağın, eləcə də Kəlbəcərin azad edilməsinə ən çox sevinənlərin önündəydi Qənbər müəllim. Bu böyük qələbə onun vətən sevdalı ürəyinə sonsuz fərəh gətirmiş, şair ilhamını daha da qanadlandırmışdı.
Fəaliyyəti bir sıra fəxri mükafatlar və dövlət təltifləri ilə qiymətləndirilən Qənbər müəllim Respublika Ağsaqqallar Şurası Məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Ədəbiyyata ruhən, qəlbən bağlı olan, qələm adamlarına yüksək münasibətilə seçilən Qənbər Şəmşiroğlunu “525-ci qəzet”lə uzun illərin sıx dostluq münasibətləri bağlayırdı. Yaradıcılıq nümunələri, xüsusən şeirləri ilə vaxtaşırı qəzetimizdə çıxış edən Qənbər müəllim “525-ci qəzet”in dəyərli müəlliflərindən biri və sadiq, qədirbilən oxucusu idi.
İctimai həyatımızda, ədəbi-mədəni mühitimizdə və el-obada Qənbər Şəmşiroğlunun özünəməxsus yeri, əvəzsiz ağsaqqal mövqeyi hər zaman görünəcək.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.12.