Tarzən Fərid Atazadə :"Konsertdə də özümü
döyüş meydanındakı kimi hiss etdim"
2020-ci ilin payızı Azərbaycanın 30 illik həsrətinə
son qoymaq üçün başlanan və 44 gündən
sonra böyük Qarabağ zəfəriylə yekunlaşan Vətən
müharibəsiylə tarixə keçdi. Bu
böyük qələbənin üzərindən bir ildən
çox zaman keçməsinə baxmayaraq, xatirələri, təəssüratları
hələ də danışılır, yazılır.
Təbii ki, bundan sonra neçə illər, qərinələr
keçməsinə baxmayaraq, daha çox, daha böyük
coşğuyla yazılacaq, söylənəcək. Bu müharibənin bir özəlliyi də o oldu ki,
burda cəmiyyətin bütün təbəqələri birləşdi,
vahid yumruq kimi bir-birinə sarıldı. Şair, müəllim
qələmini, rəssam fırçasını,
musiqiçi musiqi alətini, müğənni mikrofonu,
aşpaz çömçəsini, usta malanı atıb silah
tutdular. O əllər qələbə əzmiylə aylarca
silaha sarıldı. Onda hamısının bir adı
vardı: Azərbaycan ordusunun qəhrəman
döyüşçüsü! Qalib əsgər! Həmin qəhrəman
döyüşçülərdən biri də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin
"İncəsənət" şöbəsinin tar müəllimi,
beynəlxalq müsabiqə laureatı Fərid Atazadədir. Fərid müəllim müharibə
başlar-başlamaz uzun illərdir sarıldığı,
köksünə sıxdığı tarını yerə
qoyub könüllü şəkildə döyüşlərə
qatılaraq, silaha sarılıb. Neçə
vaxtdır, müharibədən qalib əsgər kimi
qayıtmasına baxmayaraq, o günlərin təəssüratları
hələ də onu tərk etməyib. O,
“Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltf olunub . Bu günlərdə müəllimi
olduğu Humanitar Kollecdə özünün ilk konsertini verən
tarzən konsertinə də çox mənalı bir ad
seçmişdi: "Sussun silahlar, oxusun tar". Həmin
gün Fərid müəllimin sayəsində tar oxuyurdu
özünün ən gözəl nəğmələrini.
Konsertdən sonra tarzənlə tar sevgisi, konsertin ideya və məqsədi,
Vətən müharibəsindəki iştirakı, həmçinin,
pedaqoji fəaliyyəti haqqında geniş söhbətimiz
oldu. Əlbəttə, söhbətimizə də elə Fərid
Atazadənin tar sevgisindən başladıq:
- Tar
sevgim uşaqlıqdan gəlir. Atam əvvəllər
musiqiçi olub, amma sonradan bu sənəti davam etdirməyib.
Amma arzusu övladının musiqiçi
olması idi. Mən də valideynlərimin,
xüsusən atamın istəyiylə bu sənətə
yönəlmişəm. Həm bu sənəti
seçməyimdə, həm də davam etdirməyimdə
valideynlərimin çox böyük zəhməti olub. Buna görə onlara hər zaman minnətdaram.
Uşaqkən nəyisə götürüb sinəmə
sıxırdım, guya ki, tar çalıram. Ya
da yaşadığımız rayonda çadır toyları
olardı. Orda eşitdiyim mahnıları gəlib
evdə tarda çalmağa çalışardım. Beləcə, musiqi məktəbinə yönləndim.
İlkin musiqi təhsilimi bitirəndən sonra 2011-ci ildə
Asəf Zeynallı adına Musiqi Kollecinə
daxil oldum. Orda müəllimim beynəlxalq
müsabiqələr laureatı, məşhur tarzən Bəhruz
Zeynal olub. Hərbi xidmətdən sonra
Milli Konsevatoriyaya qəbul oldum. Tara olan
sevgim ustadlarımıza baxa-baxa, onlardan öyrənə-öyrənə
daha da artdı.
Bu sənətdə örnək olaraq özümə
ustadım Bəhruz Zeynalı görmüşəm. Onun mənim
üzərimdəki zəhməti çox böyükdür.
Bu günə gəlib çatmağımda ən
çox payı olan insandır.
- Pedaqoji
fəaliyyətə nə zamandan başlamısız?
- Əvvəl musiqi məktəbində dərs deməyə
başlamışdım. 2019-cu ildən etibarən
isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin (ADMİU) nəzdində
Humanitar Kollecdə fəaliyyət göstərməyə
başladım. Kollecin direktoru Nərmin
Qaralovanın diqqət və qayğısı
danılmazdır. Bu konsertin ideyası da
ondan gəldi. Hazırlıq proseslərimizdə
də çox böyük dəstəyi oldu. Ümumiyyətlə,
bir müəllim kimi bildiklərimizi tələbələrə
öyrətmək, qədim tar sənətimizin
yaşadılmasında az da olsa, pay sahibi
olmaq çox şərəflidir mənimçün. Çalışıram ki, tələbələrimə
bu sənəti daha da sevdirim, onları həvəsləndirim.
- Konsertdən
söz düşmüşkən, konsertin adı sizin
keçdiyiniz yolun bir növ göstəricisidir. Bu yolun tara aid olan hissəsinə hələlik ara
verib, istıərdim silah olan hissəsindən - yəni sizin Vətən
müharibəsindəki iştirakınızdan danışaq.
- 2020-ci il sentyabrın 27-dən etibarən müharibəyə
qatıldım, könüllü şəkildə ön cəbhədə
döyüşlərə başladım. Döyüş
yolum Talış kəndi istiqamətindən başladı.
Sonra Murovdağ, Suqovuşan, Ağdərə, Kəlbəcər
istiqamətlərində döyüşlərimiz oldu. Çox şükür ki, Vətən müharibəmiz
qələbəmizlə yekunlaşdı. Qarabağ
bizim ən böyük ağrımız,
sızıltısı heç səngiməyən yaramız
idi. Biz məhz bu yaranı sağaltmaq
üçün getdik döyüşə. Allah şəhidlərimizə rəhmət eləsin.
Müharibə elədir ki, orda şəhid olmaq da, qazi olmaq
da, sağ qalmaq da an məsələsidir. Elə
gətirdi ki, onlar şəhid oldu. Hər
birinin xatirəsi bizimlə əbədi yaşayacaq. Bu müharibədə Azərbaycan xalqı çox
böyük birlik və əzm nümayiş etdirdi. Bizimlə birgə bütün xalq
döyüşdü. Biz orda olanda hiss edirdik ki,
arxamızca bütün xalq gəlir. Qadınlarımız,
ana, bacılarımız bizə dəstək
üçün necə can atırdılar, əllərindən
gələni əsirgəmirdilər. Təbii
ki, bütün bunlar vahid komandanlıqla idarə sayəsində
baş tutdu. Ali Baş Komandanımız
İlham Əliyevin müdrik sərkərdəliyi qələbəmizin
ən böyük təminatçılarından oldu.
Var olsun Azərbaycan xalqı, Ali Baş Komandanımız,
ordumuz!
- Tarı
silaha dəyişmək necə bir hiss idi?
- Mənə
çoxları təəccüb edirdi ki, mədəniyyət
insanı, sənət adamı hara, müharibə hara. Bəlkə bu, çoxlarına qəribə
görünürdü, amma biz musiqiçidən əvvəl
vətəndaşıq. Məni oraya aparan
da vətənimə, torpağıma olan sevgim idi. Birinci Qarabağ müharibəsi zamanı,
torpaqlarımız itiriləndə biz uşaq idi. O
qan-qada, xalqımızın o ağrıları, məcburən
yurd-yuvasından didərgin düşən insanlarımız
bizim hamımızın ortaq dərdi idi. Atəşkəs
elan olunsa da, düşmən dayanmırdı. Şəhidlər verməyə davam edirdik.
Xüsusən, 2016-cı il Aprel
döyüşləri, 2020-ci il iyul hadisələri
gözümüzün qabağında baş verirdi və biz
buna daha artıq susa bilməzdik. Mən də
müharibə başlayan kimi təhsilimi, işimi
dayandırıb döyüşlərə qatıldım.
Məhz bir amalla: Qarabağ azad olunmalıdır! Müharibədən qayıdandan sonra isə hər
kəsdən ancaq diqqət və qayğı gördük.
-
Müharibə qələbəylə yanaşı, şəhidləriylə
də xalqımızın yaddaşında əbədi həkk
olundu. İncəsənət sahəsi də az
şəhid vermədi. Biri elə sizin
kolleqanız tarzən Toğrul Hacıyev.
- Bəli,
Toğrul mənim tələbə yoldaşım olub, məndən
2 kurs yuxarı oxuyub. Onun qardaşı Ülvi
kamaçna ifaçısıdır, dostumuzdur. Toğrulun şəhid olduğunu müharibədən
gələndən sonra eşitdim və çox pis oldum,
çox sarsıldım. Toğrul çox
istedadlı və gələcəyi olan musiqiçi idi.
Tək Toğrul deyil, neçə dostumun,
tanışımın şəhidlik xəbərini
müharibədən gəldikdən sonra öyrənmişəm.
Bizim yanımızda da şəhid olan
yoldaşlarımız oldu. Cəbhə
dostluğu tamam ayrı bir şeydir. Döyüş
meydanındakı hava çox başqadır. Çünki orda sənin atan da, anan da,
qardaşın, dostun da məhz onlar - silah
yoldaşlarındır. Sən onlarla
çiyin-çiyinə vuruşursan. Sənin
həyatın ona, onun həyatı sənə əmanətdir.
Onların şəhidliyi
gözümüzün qabağında olurdu. Amma bu belə bizi yolumuzdan döndərmirdi. Əksinə, biz onların qisasını almağa tələsirdik.
Allah hər birinə rəhmət eləsin.
Onlar ən uca zirvədədirlər.
- Qalib əsgər
olmaq necə bir hissdir?
-
Qarabağı heç vaxt görməyən və onun
işğalına gözünü açan bir nəsil olaraq
onun azadlığında iştirak etmək çox
böyük bir fəxr, qürurdur. Biz o
torpaqlara hər kəsdən qabaq ayaq basdıq, özü də
qalib əsgər kimi. Bu gün konsertdə də hərdən
özümü döyüş meydanında kimi hiss edirdim. Bu fəxarət hissi yəqin ki, əbədi bizimlə
olacaq.
- Gələk konsertin üzərinə... Gözləntiləriniz özünü doğrultdumu?
- Hətta gözlədiyimdən də yüksək səviyyədə təəssüratlarım oldu. İnanmazdım ki, bu cür gözəl keçər və bu qədər xoş qarşılanar. Çox qısa zamanda hazırlaşmışdıq. Hətta burda bir musiqini öz tələbəmlə birgə ifa etdim. O, hələ birinci kursdadır. Amma ona güvəndim və etibar etdim ki, o, bu işi görə bilər. Hətta özünə də dedim ki, təsəvvür elə biz səninlə döyüş meydanına çıxırıq və bu yolu çiyin-çiyinə axıra kimi getməliyik. Şükür ki, pis olmadı.
Konsertdə Vasif Adıgözəlovun "Qərənfil" mahnısının ifasını isə şəhidlərimizin ruhuna ithaf etdim. Çünki o mahnı məni məhz o günlərə apardı.
Hətta deyim ki, mən konsertdən qabaq qəribə bir yuxu görmüşdüm. Görmüşdüm ki, şəhid ailələrimiz üçün konsert verirəm. Aralarında dostlarımızın valideynləri də var. Arzumdur ki, gələcəkdə belə bir konsert də verim. Şəhidlərimiz bizim unudulmaz bir hissəmiz, qəlbimizin bir parasıdır.
- Bir pedaqoq kimi tar ifaçılığı sənətinin gələcəyinə ümidlisinizmi?
- Çox böyük ümidlərim var. Çünki istedadlı tələbələrimiz çoxdur. İnanıram ki, onlar bizim ulu tarı yaşadacaqlar. Heydər Əliyev Fondu və xüsusən, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın davamlı qayğısı, böyük diqqəti nəticəsində muğam sənətimiz, tarımız dünyada təbliğ olunur, tanıdılır. Artıq tarımızın səsi bütün dünyadan gəlir. Hətta xarici vətəndaşlar olur ki, tarı öyrənmək üçün bizə müraciət edirlər. Tar Azərbaycan xalqının milli sərvətidir. Şükür ki, biz bu sərvətimizi qoruyub-saxlaya bilirik və sonacan da saxlayacağıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 7 yanvar.- S.16.