Sözün tablosu
Ömrümün 40 ildən çoxu nəşriyyatlarda keçib. Bu 40 ildə çox kitabların redaktoru olmuşam. Sayını belə unutmuşam.
Duman çəmənliyə necə
hopursa, mənim də ömrümün anları redaktoru olduğum kitabların səhifələrinə eləcə
hopubdur.
Redaktoru
olduğum sonuncu
kitab görkəmli şairimiz Ramiz Məmmədzadənin "Bir
ömürdü, o da
keçdi beləcə..."
kitabıdır. Ramiz Məmmədzadə
sözün qədrini,
çəkisini, dəyərini
bilən, onu daim urvatlı tutan şairdir. Ramiz müəllimin "Bir ömürdü, o da keçdi beləcə..."
kitabında toplanmış
şeirlərini, bədii
publisistik məqalə
və esselərini oxuyanda onun şair
ömrünün heç
də bəhrəsiz olmadığını, yaradıcı
duyğularla keçdiyini
gördüm. Öz
sözü ilə desək, mənzərə
daha aydın olar:
İşıq umdum hər açılan səhərdən,
Arxasınca ha yüyürdüm, ha qaçdım.
Kimsə
məni aşıranda
yəhərdən,
Mən əl atıb üzəngidən
yapışdım.
Bir ömürdü,
O da keçdi beləcə...
Dağa
baxdım papaq düşdü başımdan,
Fəqət yenə dayanmadım,
yeridim...
Neçə atlı çapıb keçdi qarşımdan,
Mən bu yolda suya
döndüm, əridim...
Bir ömürdü,
O da keçdi beləcə...
Şairin sözlə çəkdiyi
tablonu göz önünə gətirdinizmi? Ramiz Məmmədzadə
vətəndaş şairdir.
Mən bu sətirləri yazarkən xəyalən
1990-cı ilə qayıtdım.
Elə bildim Dağüstü parkdayam,
20 Yanvar şəhidlərini
anmağa gələnlərə
Ramiz Məmmədzadənin
kiçikhəcmli, lakin
kədər, qürur
dolu "O gecə"
kitabını paylayırdılar.
Yadımdadı, "O gecə" poeması 1990-cı ildə
"Gənclik" nəşriyyatında
100 min tirajla çap edilmişdi. O da yadımdadır ki, Ramiz Məmmədzadə ona çatası qələm haqqını
Şəhidlər xiyabanının
tikinti fondunun hesabına köçürtmüşdü.
"Bir ömürdü, o da keçdi beləcə..." deyən
şair kitabında toplanmış şeirlərində,
publisistikasında kimləri
anmayıb, kimləri yada salmayıb. "Ağdamın baməzə adamları"
silsiləsindən oxuduğum
şeirlər gözəgörünməz
mələklər kimi
məni Ağdamlı
günlərə qaytardı.
Ağdamlıların yaxşı
tanıdığı - unudulmaz
ədibimiz Əbdürrəhim
bəy Haqverdiyevin
"Mirzə Səfər",
"Şeyx Şəban",
"Haqq Mövcud"
hekayələrinin qəhrəmanları
kimi koloritli, sadə, səmimi insanları - "Dəli"
Dilbəri, Uzun Əbişi, Forslu Rəşidi, Poto Çərkəzi, Xasay kişini, Dəmirçi Şəmili, Faytonçu
Çərkəzi bir
daha görüb seyr etdim. Erməni faşistlərinin
Ağdamı işğal
edərkən yurdundan,
doğma mühitindən
perik saldığı
bu insanların xarakterik xüsusiyyətləri
Ramiz müəllimin silsilə şeirlərində
əbədiləşibdir. Bu silsilə şeirlərdə
o insanlar doğma şəhərlərində, öz
yurd-yuvalarındadırlar.
"Bir ömürdü,
o da keçdi beləcə..." torpağını,
yurdunu, Vətənini
canından artıq sevən vətəndaş
şairin məhəbbətinin,
nisgilinin, nigarançılığının,
ümidinin müasirlərinə,
gələcək nəsillərə
ünvanladığı ismarıcların
dəyərli toplusudur.
Budur, neçənci dəfədir
kitabını vərəqləyirəm,
bəzi səhifələri
təkrar oxuyuram:
"Bahar fəsli qəfil çiçəklənmiş
ağac görəndə
keçirdiyim hissi keçirirəm". Bu sətirləri oxuyanda sanki mən də bahara qovuşdum. Xəyalımda
Ramiz Məmmədzadənin
səsi canlandı:
"Hanı torpağım,
anam Qarabağım? Hanı
Şuşam, hanı Ağdamım, hanı küçəm, hanı
ata evim, hanı oxuduğum 1 nömrəli məktəb,
hanı qohum-qardaşım,
hanı bağlar, bağçalar, hanı babam, nənəm uyuyan Qarağacı qəbiristanlığı, hanı
göylərə qalxan
Ağdam - Şuşa
- Laçın yolları?
Ha boylanıram, ha baxıram, görə bilmirəm".
Siz bu sətirlərdəki səssiz
qəlb hıçqırtılarını
eşidirsinizmi? Sizi bilmirəm, mən
eşidirəm. Bu sətirləri yazanın qəlb çırpıntılarını
duymadan oxumaq olarmı? "Ağdam - ruhum, canım, arxam, həyanım, ümid yerim, beşiyim, məzarım" deyən
Ramiz Məmmədzadənin
zahirən sərt görünən surətinin
arxasında incə bir ürəyin döyüntüsünü görməmək
insafsızlıq olar.
Ağdam işğaldan
azad olunandan sonra: "Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam"
deyən Ramiz müəllimin bu arzusu 28 il
doğma yurdun həsrəti ilə yaşayan hər bir ağdamlının istəyinin ifadəsi deyilmi?!
Ramiz Məmmədzadənin 272 səhifəlik
kitabında onun poetik ruhunun zərifliyinin ifadəsi olan çeşidli, rəngarəng şeirləri,
pafosdan, şişirtmədən
uzaq xatirələri ilə yanaşı, akademik Rafiq Əliyevə, şair, Əməkdar incəsənət
xadimi Çingiz Əlioğluna, Xalq yazıçısı Elçinə,
Xalq şairi Vahid Əzizə, yazıçı-jurnalist Rafiq
Hacıyevə, filologiya
elmləri namizədi,
el ağsaqqalı Sadıq
Murtuzayevə, millət
vəkili Aqil Abbasa, şair-dramaturq Ramiq Muxtara, dostu Dilafətə ünvanladığı
ədəbi məktublarında,
vida esselərində qələmdaşlarının yaradıcılıqlarına, şəxsiyyətlərinə
sayğı dolu fikir və mülahizələri
ilə tanış oluruq.
"Bir ömürdü,
o da keçdi beləcə..." kitabını
həm də Ramiz Məmmədzadənin
ömür kitabı adlandırmaq olar. Şair
"Unudulmazım" adlı
xatirəsində dünyasını
vaxtsız dəyişmiş
ömür-gün yoldaşı
Həqiqət xanımla
tanışlığından, onunla ailə qurmağından, oğul-qız
valideyni olmaqlarından,
xanımını əbədi
itirdiyi o ağır gündən söz açaraq yazır:
"1993-cü ilin qışında
dünya sökülüb
dağıldı. Yer,
göy bir-birinə qarışdı...
Həqiqət son günləri ilə
çırpınırdı... Həmin ilin qarşıdan gələn
yaz aylarında unudulmaz Həqiqətin 53,
Firuzə qızımızın
13 yaşı tamam olacaqdı..."
Bu sadə, amma kədərli sətirləri
oxuyub duyğulanmışdım. Telefon açıb, qəm yemə, Ramiz müəllim, qəzavü-qədərdən
kim qaça
bilib ki, demək istəyirdim.
Həmişə nikbin ovqatda gördüyüm Ramiz müəllim atası Yaqub Məmmədovun 18 fevral 1943-cü ildə Rusiyanın Oryol vilayətində həlak olması xəbərini eşidəndə 12 yaşında
olub. Çox sonralar bilib
ki, leytenant rütbəsi daşıyan
atası 74-cü atıcı
alayın siyasi hissə üzrə komandir müavini olub. 12 yaşlı
yeniyetmə üçün
34 yaşlı atanı
itirməyin nə demək olduğunu yəqin ki, təsəvvür etmək
çətin olmaz.
22 yaşında ərini itirmiş Zəhra xanım bir daha ailə
qurmamış, min bir
zəhmətlə körpələrini
böyütmüşdür. Faşist xislətli ermənilər
Ağdamı işğal
etdikdən sonra Zəhra xanım da Bakıda köçkün həyatı
yaşamışdı. Min təəssüf ki, minlərlə köçkün kimi Zəhra anaya da Qarabağın işğaldan azad olduğu mübarək günü görmək qismət olmadı. 2003-cü ildə Bakıda haqqa qovuşdu. Anasının
keşməkeşli həyatını
yana-yana xatırlayan Ramiz Məmmədzadənin
aşağıdakı sətirlərindən
təsirlənməmək olmur:
"Ah, yazıq anam, müdrik anam, birinci sinfə belə getməyən bilikli anam, ruhun sevinsin, indi Ağdama, evimizə, küçəmizə qayıdırıq... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı..."
Beləcə, həyatın hər üzünü görmüş Ramiz Məmmədzadə öz gücünə, xeyirxah adamların sayəsində ali təhsil almış, uzun illər Mərkəzi Komitə və Nazirlər Kabinetində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maarif evində məsul vəzifələrdə çalışmışdır.
44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını hamı kimi Ramiz Məmmədzadə də böyük sevinc, qürur hissi ilə qarşılamışdır. Kitabında dərc etdiyi "Ağdamda evimiz" məqaləsində yazır:
"O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...
Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...
Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni".
"Bir ömürdü, o da keçdi beləcə..." kitabı haqda bu kiçik təəssüratımı müəllifin öz poetik pıçıltıları ilə bitirmək istəyirəm:
Gilas əkdim,
sığal çəkdim başına,
Çata ömrüm nola gilas yaşına...
Nə yaxşı ki sən çıxmısan qarşıma,
Sənin bəxtin mən özüməm, bilsənə,
Gilas vaxtı durub
bizə gəlsənə.
4 yanvar 2022-ci il
Mustafa
ÇƏMƏNLİ
525-ci qəzet.- 2022.- 7 yanvar.- S.14.