Qarabağ amalı, yurd eşqi ilə
yoğrulan sətirlər
VƏ
YA ZÜLMƏTDƏN SIYRILANLARIN ÖMÜR DASTANI
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü Rahilə Veysəllinin yeni kitabı
- "Zülmətdən sıyrılanlar" müəllifin
yaradıcılığında mühüm fakt olmaqla bərabər,
ümumən müasir ədəbiyyatımız müstəvisində
də maraq doğuran nəşrdir. İndiyədək R.Veysəllinin
"Ruh didərgin, can ağlayır", "Dünyada bir
mizan var", "Mən demirəm, ürək deyir",
"Vətən fədaisi", "Həsrət
yanğısı", "Dərd şələsi" (I
hissə), "Dərd şələsi" (II hissə),
"İkiyə bölünmüş dünyam" və "Günahdan doğulmuş
müqəddəslər" kitabları nəşr edilib, bu
isə onun oxucularla 10-cu belə görüşüdür.
Rahilə xanım Füzuli rayonunun Aşağı Veysəlli
kəndində anadan olub. Ömrünü uşaqların təlim-tərbiyəsinə,
savadlanmasına həsr edən atası Rəşid müəllim
həm də "Mail" təxəllüsü ilə
gözəl şeirlər yazıb. Atasının
yaradıcılığından ilham alaraq hələ gənc
yaşlarından şeir yazmağa başlayan Rahilə
xanım müxtəlif səbəblərdən bir müddət
bu şeirləri istər dövri mətbuatda, istərsə də
kitab halında çap etdirməyib.
Təqdirəlayiq haldır ki, R.Veysəlli həm poeziya,
həm nəsr, həm də publisistika sahəsində qələmini
sınayaraq gözəl yaradıcılıq nümunələri
ortaya qoya bilib.
Bununla belə, mən onun nəsr əsərləri
üzərində xüsusilə dayanmaq istəyirəm.
Çünki bu qənaətdəyəm ki, Rahilə xanım
heç bir misra da şeir yazmasaydı, publisistikada qələmini
sınamasaydı belə, "Dərd şələsi",
"Doğmalaşan yadlar", "Viran könüllər"
povestləri, "Günahdan doğulmuş müqəddəslər"
və "Zülmətdən sıyrılanlar"
romanları ilə Azərbaycan ədəbiyyatında
özünəməxsus yer tuta bilərdi. Bunu
müəllifin ilk olaraq oxucuların ixtiyarına verdiyi və
üç povestin yer aldığı "Dərd şələsi"
kitabının geniş oxucu auditoriyası tərəfindən
maraqla qarşılanması və müəllifinə rəğbət
qazandırması da sübut edir.
Hər üç povestdəki hadisələr sovetlər
dönəmində cərəyan edir və təxminən
ötən yüzilliyin yarım əsrlik bir
dövrünü - 40-90-cı illərini əhatələyir. Povestin yüz milyonlarla
insanı bəla girdabına sürükləyən, müsibətlərə
düçar edən İkinci dünya müharibəsi ilə
başlayıb, özü ilə min bir ağrı-acı gətirən,
bir milyon soydaşımıza qaçqınlıq, didərginlik
həyatı bəxş edən Qarabağ müharibəsi ilə
başa çatması sosializm quruluşunun bizə bəxş
etdiklərinı aydınca göstərməklə
yanaşı, saxta "xalqlar dostluğu" ideyasının
da hansısa bir marağa xidmət etməsindən başqa bir
şey olmadığını ortaya qoyur. Əsərin
qəhrəmanları bütün bunları
ağıllarına belə gətirmədən
"Böyük Vətən"ə canla-başla xidmət
edirlər. Əli silah tutanların
hamısı könüllü olaraq müharibəyə gedir
- hadisələrin cərəyan etdiyi Veysəlli kəndinin
camaatı kimi.
Əslində, bu kənd bütöv bir Azərbaycanın
təcəssümü idi. Azərbaycan İkinci
dünya müharibəsi illərində cəbhəyə 600
min nəfərdən artıq ərən oğlunu göndərib,
onların da yarıdan çoxu geri qayıtmayıb. Qayıdanların da əksəriyyəti şikəst
və əlillərdən ibarət olub.
Veysəlli kəndindən isə bir nəfər də o
cəbhələrdən geri qayıtmayıb. Elə əsərin
aparıcı surətlərindən biri olan Xasay kişinin
üç cəngavər oğlu kimi. Müharibənin
odundan, alovundan keçən, dəfələrlə
ölümlə pəncə-pəncəyə gələn,
bir neçə dəfə mühasirəni yarıb
çıxan, gözünün önündə 23 nəfər
yoldaşını bir gecədə don vuraraq taxtaya döndərən
bu müdhiş müharibənin yeganə canlı şahidi Rəşid
müəllim idi ki, o da bu kəndə xalqın balalarına dərs
vermək üçün rayon mərkəzindən göndərilmişdi.
Ümumiyyətlə, hər üç povestdə xeyirlə
şər, haqq ilə nahaq, olana şükür edənlərlə
harınlar, milli mentaliteti yaşayış norması qəbul
edənlərlə bu çərçivəyə
sığmayanlar paralel göstərilir.
R.Veysəllinin nəsr əsərlərində hadisələr
sona kimi psixoloji-dramatik gərginliklə davam edir. Müəllifin
bir müsbət cəhəti də ondadır ki, oxucunu tez-tez
gözlənilməzliklərə şahid etməklə
intizarda saxlaya bilir. İlk səhifələrdə
əsərin qəhrəmanı kimi zənn etdiyin adamın
bir təsadüf nəticəsində dünyasını dəyişməsi,
bir faciənin qurbanı olması, ümumiyyətlə,
sonrakı mərhələlərdə daha nələrin
baş verə biləcəyi marağı oxucunu daim intizarda
saxlayır ki, bu da əsərin dəyərini artırmaqla
sonacan oxunmasını zəmanət altına alır.
"Dərd şələsi" əsərində
roman motivləri üstünlük təşkil etdiyindən,
həmçinin, qəhrəmanların işğaldan
sonrakı taleyi oxucuları maraqlandırdığından,
eyni zamanda müəllifin özünün də birbaşa əsərdəki
hadisələr və surətlərlə bağlı
olduğundan, əsərə yenidən qayıtmaqla, ikinci hissəsini
yazaraq, mükəmməl bir romana çevirməyə ehtiyac
duyulurdu. Beləcə,
Rahilə Veysəlli uzun axtarışlardan və
araşdırmalardan sonra əsərin ikinci hissəsini araya-ərsəyə
gətirdi və oxucuların ixtiyarına verdi,
bununla da Qarabağ müharibəsi mövzusunda
yazılmış azsaylı əsərlərin
sırasına bir əsər də əlavə edilmiş
oldu.
Müxtəlif
ailələrin faciəsini özündə ehtiva edən fəsillərdən
formalaşan bu kitabı oxuyarkən gözlərim
önündə iki əsrdən artıq bir müddət ərzində
xalqımızın başına gətirilən müsibətlər,
ermənilərin gələcəyə hesablanmış, bəd
və çirkin niyyətlə bizim dədə-baba
torpaqlarımızda yerləşdirilməsi, sonradan
çörəyimizi yeyib, suyumuzu içən bu nankor şərəfsizlərin
əli ilə başımıza gətirilən müsibətlər
canlandı. Bu kitab əslində, bir yaddaş
kitabıdır. Burada lal sükutla bərabər,
dəli bir hayqırtı var. Yatmış ruhları, pas
atmış hissləri, kif bağlamış
düşüncələri silkələyib oyadan bir
hayqırtı. Əsərin daşıdığı
missiya da məhz elə bundan ibarətdir: bir kəndin və kənd
camaatının timsalında bütövlükdə məmləkətimizin
və xalqımızın başına gətirilənləri
bir daha bilən və bilməyən hər kəsə
çatdırmaq, lazım gəldikdə hayqırtı ilə
özünü karlığa və korluğa vurmuş
bütün dünyaya bəyan etmək.
"Günahdan doğulmuş müqəddəslər"
romanı isə Rahilə Veysəllinin son illərdə qələmə
aldığı və həcm etibarı ilə, hələ
ki, ən böyük əsəridir. Özünəməxsus
faciəvi-dramatik, mənəvi-psixoloji gərginliklərlə
dolu süjet xəttinə malik olan əsər
bütövlükdə ibrətamiz həyat hekayəsini
xatırladır. Əsərdə cərəyan
edən hadisələr məkan olaraq Azərbaycanda baş
verir və ümumilikdə günümüzün
reallıqlarını əks etdirir.
Təbii
ki, hər bir qələm adamı hansısa bir əsər
üzərində işləyərkən qarşısına bir məqsəd
qoyur və əsərin süjet xəttini də qoyulan məqsədə
çatmaq üzərində qurur, hadisələrin
gedişini bu məqsədin ruhuna uyğun istiqamətləndirir.
Güman edirəm ki, əsəri oxuyan hər bir oxucu
qarşıya qoyulan məqsədə
çatıldığını görür və bunun
üçün müəllifin hansı bədii üsullara əl
atdığının canlı şahidinə çevrilir.
Əsərin bir müsbət xüsusiyyəti də
ondadır ki, burada hər nəslin nümayəndəsinin ibrət
və dərs ala biləcəyi yetərincə təsirli,
nüfuzedici, düşündürücü məqamlar var.
Əsərin əsas qəhrəmanı Nərgiz olsa da,
bütün hadisələr, əsas etibarilə, onun ətrafında
cərəyan etsə də, romanın hər bir
personajının həyatı ayrıca bir ömür
dastanıdır. Onu da deyim ki, əsər
bir-birindən fərqli, bir-birindən qəribə, bir-birindən
maraqlı hadisələrlə o qədər zəngindir ki,
müəyyən məqamlarda müəllifin süjet
quruluşuna, düşüncə tərzinə, məsələlərə
yanaşma və müdaxilə yönünə, hadisələri
müəyyən sonluğa bağlamaq qabiliyyətinə heyrətlənməyə
bilmirsən.
Hələ ki, son nəsr əsəri olan və oxuculara təqdim edilmiş "Zülmətdən sıyrılanlar" kitabında yer alan eyniadlı romanında da Rahilə Veysəlli öz üslub və ənənəsinə sadiq qalaraq, Azərbaycan romanının gözəl nümunəsini yaratmışdır. Əsərdə cərəyan edən və baş verən hadisələr o qədər geniş və rəngarəngdir ki, oxucuda müəyyən məqamlarda çaşqınlıq yaranır, ixtiyarsız olaraq fikir və düşüncələrini sürəkli olaraq dəyişən bu hadisələrin axarına buraxır. Mən deyərdim ki, müəllif bir neçə roman və povestlik mövzunu bir romana sığışdırıb. Amma bu, romanın ümumi mənzərəsinə, süjet xəttinə xələl gətirməyib, əksinə, əsəri bir az da zənginləşdirib.
Digər nəsr əsərlərində olduğu kimi, "Həyatda heç nə cəzasız qalmır" dilemması üzərində qurulan "Zülmətdən sıyrılanlar" romanında da xeyirlə şərin, haqla nahaqqın mübarizəsi ön plana çəkilmiş, pisliyin də, yaxşılığın da heç vaxt itməməsi, bumeranq kimi nə vaxtsa edənin üstünə qayıtması, qarşısına çıxması, haqqın nazilsə də üzülməməsi, ədalətin həmişə zəfər çalması təkzibolunmaz dəlillərlə öz ifadəsini tapmışdır. Əsərdə xeyirxah qüvvələrin başında Malik müəllim, şər qüvvələrin başında isə Kazım kişi dayanır və bütün əsərboyu baş verən yaxşı və pis, xeyir və şər adına nə varsa, bu iki insanın ətrafında və bilavasitə bu iki insanın iştirakı ilə cərəyan edir. Romanda Malik, Gözəl, Saleh, Gültəkin, Xalidə, Aydın, Natiq, Fərhad, Vəli, Mələk, Qüdrət, Mərdan və başqaları xeyir qüvvələri, Kazım və onun dəstəsi, Mirzə, Elman, erməni Roza, Murad və digərləri isə şər qüvvələri təmsil edirlər.
Zorla şər qüvvələrə
tabe etdirilərək, müxtəlif çirkli işlərə
sövq edilən, şər qüvvələrin məhv edilərək
sıradan çıxarılmaları ilə normal həyata
qayıdan, yaxşı əməlləri ilə cəmiyyət
içində nüfuz sahibi olan personajların da taleyi əsər
boyu oxucunu intizarda saxlayır və oxucu bu gedişatın nə
ilə bitəcəyini tez bir zamanda bilmək istəyir. Bu hal əsəri
bir az da oxunaqlı edir və oxucunun kitabı əlindən yerə
qoymamasına vəsilə olur. "Zülmətdən sıyrılanlar" əsərində
də müəllif qarşısına qoyduğu məqsədə
nail olmuş, əsər boyu zülm və zillət məngənəsində
sıxılanları, göz yaşları içərisində
boğulanları, ciddi itkilər bahasına olsa da, zülmətdən
aydınlığa çıxara bilmişdir. Bu da elə
haqqın nahaq, xeyirin şər üzərində qələbəsi,
nəticə etibarilə, ədalətin zəfər
çalması deməkdir.
Rafiq
ODAY,
Əməkdar
jurnalist,
AJB
Sumqayıt şəhər təşkilatının sədri
525-ci qəzet.- 2022.- 7 yanvar.- S.10.