Vidadi Babanlı haqqında virtual sərgi hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli yazıçı Vidadi Babanlının doğum günü ilə əlaqədar "Görkəmli yazıçımız Vidadi Babanlı" başlığı altında virtual sərgi təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçı haqqında geniş məlumatlar yer alıb.
Bildirilib ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb (1944-1949). Bir il Sabirabad şəhər tam orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb, "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.
O, "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq edib (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olub. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub.
Vidadi Babanlı 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılıb (2002). "Dərd məni dilləndirir" publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" avtobioqrafik romanı, "Ana intiqamı" povesti rəğbətlə qarşılanıb.
Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya,
Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə
səfərdə olub.
525-ci qəzet.- 2022.- 7 yanvar.- S.9.