"Nə günah işlətmişəm ki, məni Ağdama aparmırlar?!"

 

XALQ ARTİSTİ FATMA MAHMUDOVA: "ORADAKI EVİMİN XARABALIĞINDA BİR AZ OTURUB AĞDAM TEATRININ UÇUQ DİVARINA BAXMAQ İSTƏYİRƏM"

 

"1989-cu ildən müharibə qurtarana qədər cəbhə bölgəsində olmuşam. Milli Ordu Daxili Qoşunların əsgərləri qarşısında tamaşalardan parçalarla çıxış etmişəm. Səngərlərdə olmuşam. Cavanlığım müharibədə keçib. 1990-cı illərin, müharibə dövrünün ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. O zaman gözü yaşlı, ürəyin yana-yana, böyük həsrət, nisgil kədərlə Ağdamdan  ayrılmışdım. Neçə ildir ki, Qarabağın, Ağdamın həsrətində idik. Vətən, torpaq, yurd həsrəti çəkirdik. Ağdamı yenidən azad görmək, oraya yenidən qayıtmaq, o torpaqlara ayaq basmaq arzusu ilə yaşayırdıq. Nəhayət, çox şükür, Qarabağımız işğaldan azad edildi. Ağdam yenidən bizimdir. Azərbaycan az bir müddətdə böyük tarix yazdı. Heç bir dünya ölkəsində qısa zamanda belə tarixi gün yaşanmayıb, bu cür qələbə qazanılmayıb. Bu tarixi qələbəni bizə yaşadan Prezidentimizə - Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm. İndi mənim ən böyük arzum doğulub boya-başa çatdığım, doğma yurdum, illərdən bəri həsrətində olduğum Ağdamı ziyarət etməkdir". Bu fikirləri Prezident təqaüdçüsü, Xalq artisti, sevimli sənətkarımız Fatma Mahmudova dilə gətirib. Tanınmış səhnə xadimi deyir ki, bir ildən artıqdır, doğma yurdu düşməndən azad edilib, ancaq o, hələ Ağdama gedə bilməyib: "Mənim bir nisgilli yerim var. Bir ildir ki, doğma yurdum düşməndən azad edilib. Ancaq hələ mən Ağdama gedə bilməmişəm. Məni niyə aparmırlar?

 

Niyə qıraqda qalmışam? 

 

Sənətkarları Qarabağa aparırlar, ancaq bir dəfə mənim adımı çəkmirlər. Ağdamın gözəl xanəndələri, musiqiçiləri ilə bərabər, teatr nümayəndələri olub. Ağdamın Tofiq Qarayevi olub, Narınc Məlikovası olub, Qaflan Muradovu, Məmməd Əmirovu olub, Fatma Mahmudovası var. qəbahət işlətmişəm ki, hələ doğulub boya-başa çatdığım Ağdama gedib çıxa bilmirəm? Bu, mənim üçün çox ağrılıdır. Mən Əbdürrəhim bəy Haqverdiyev  adına  Ağdam Dövlət Dram Teatrının canlı bir simvoluyam. O teatrın aparıcı aktrisalarından olmuşam. İncəsənət teatr xadimiyəm. Demək olar ki, müharibə veteranıyam. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam-Tiflis avtobusunda övladımla birlikdə mən olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı.

 

Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim.

 

Evim Ağdamın mərkəzində yerləşirdi. Hərbi hissələrdə tədbirlər olanda uşaqlarımla gedirdim.  İllərlə səngərlərdə əsgərlərimizin qarşısında çıxış etmişəm, canımı qoymuşam. Yoldaşım Tofiq Qarayev illərlə ordumuzun tərkibində müharibədə olub. Mən Xocalıda digər ərazilərimizdə qaçqın düşən həmvətənlərimizin aqibətinə şahid olmuşam. Evimin qapıları hər zaman onlara açıq idi. Xocalıdan, Quşçulardan qaçqın düşənlər var idi. Onlar bizim evə pənah gətirib sığınırdılar. Ayaqları donan insanlara kömək edirdim. Bəs belə bir gündə niyə məni yada salmırlar? Cəbrayıldan olan sənətkar Cəbrayıla, Füzulidən olan Füzuliyə gedib. Bəs günah işləmişəm ki, məni Ağdama aparmırlar? Niyə mən getməməliyəm? Ulu öndər Heydər Əliyevin imzası ilə Xalq artisti adına, Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. 54 ildir ki, sənətimlə vətənimə xidmət edirəm.  Axı elə bir qəbahətim yoxdur ki, məni Ağdamıma getməyə qoymasınlar".

 

Fatma Mahmodova bildirib ki, uzun sürən ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına, Ağdama ayaq basmaq, oranı ziyarət etmək arzusu ilə yaşayır: "Ağdam deyəndə qəlbim alovlanır. Oradakı evimin xarabalığında bir az oturub Ağdam teatrının uçuğuna baxmaq istəyirəm.

 

Evim Ağdam Teatrının binası ilə üzbəüz idi.

 

Dekabrın 30-u doğum günümdü. O günü Ağdamda, doğma yurdumda qeyd eymək istəyirdim. Amma təəssüf ki, qismət olmadı. İnsan həyatda çox hadisələrlə qarşılaşır. Elə hadisələr var ki, o, insanın həyatında, yaddaşında həmişəlik qalır. İllər sonra Ağdama səfər də ömürlük yaddaşıma həkk edilən hadisələrdən olacaq. Otuz ilə yaxın işğal altında olan torpağımı ziyarət etmək bütün ağdamlılar kimi mənim də haqqımdır. Hissə-hissə bütün ağdamlı sənət adamlarının Ağdama səfəri təşkil edilir. Ancaq müraciət etməyimə baxmayaraq, bugünədək məni doğma şəhərimə aparan olmayıb.

Mən yurdumu indiki halında ziyarət etmək istəyirəm!

O doğma yerləri indi gəzib görmək istəyirəm, Ağdam bərpa olunandan sonra yox! Çünki bir azdan dağıntılar yığışdırılacaq, köhnə Ağdamdan heç bir əsər-əlamət qalmayacaq. Barı indi, qalıqlarıyla da olsa, öz küçəmizi, yaşadığım evi tapıb, xatirələrimi, yaddaşımı  təzələmək istəyirəm. Bu, mənim üçün çox mühümdür. Doğulduğum küçəni illərdən sonra görmək mənim üçün böyük xoşbəxtlik olardı".

 

525-ci qəzet.- 2022.- 7 yanvar.- S.8.