"Ürəkdə qaldı"  

 

Fədakar həkim, unudulmaz insan Şükufə Hüseynovanın duyğu və düşüncələri bir kitabda toplanıb

 

 

Adi, gündəlik danışığımızda belə istifadə etdiyimiz bu ifadə əslində, nə qədər böyük ağrı-acı, nə qədər böyük xəyal qırıqlığı daşıyır özündə: "Ürəkdə qaldı"... Bu ifadə insanı təsirləndirir, düşünməyə vadar edir. İstədiyimiz, arzuladığımız bir şeyə çata bilməyəndə ya onun uğrunda sonacan mübarizə aparır, ya da arzumuzu, sevgimizi ürəyimizə yığıb çəkilirik bir küncə. Sonra isə onu hər xatırlayanda çarəsizcə köks ötürürük: "...ürəkdə qaldı" deyərək.

Bir kitab üçün "Ürəkdə qaldı" adı nə qədər uğurlu və yaddaqalandır, deyə bilmərəm. Amma kitabın müəllifinin həyatına və kitabın içindəkilərə nəzər salanda "elə ən yerinə düşən ad bu imiş" dedim öz-özümə. Mərhum həkim, incə ruh sahibi Şükufə Hüseynovanın yenicə çapdan çıxmış kitabından danışıram sizə.

Kitabda Şükufə Hüseynovanın müxtəlif dövrlərdə qələmə aldığı şeirlər, rübailər, bayatılar və nəsr nümunələri toplanıb. Həmçinin, Şükufə xanımın həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında onu tanıyanların, ailə üzvlərinin düşüncələri və fotolardan boylanan ömrübir xatirə olaraq öz əksini tapıb.

Müəllifin bioqrafiyasına nəzər salsaq, görərik ki, Şüküfə Əbdüləli qızı Hüseynova 1936-cı ildə Şuşa şəhərində dünyaya gəlib. 1953-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1959-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1959-cu ildə Ağdam rayonunun Novruzlu kənd xəstəxanasında baş həkim kimi başlayan Şükufə Hüseynova 1966-cı ilədək həmin tibb ocağına rəhbərlik edib, baş həkim kimi işlədiyi kollektivin və kənd əhalisinin dərin hörmət və rəğbətini qazanıb. O, bir neçə dəfə kənd Sovetinin deputatı seçilib.

 

Şükufə xanım 1966-cı ildə Ağdam Doğum evinə mama-ginekoloq, 1975-ci ildə isə baş həkim təyin edilir. Bu vəzifədə 1999-cu ilədək çalışan Ş.Hüseynova Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq bu vəzifədən azad edilərək, Ağdam Qadın Məsləhətxanasının müdiri vəzifəsinə keçirilir.

Şükufə Hüseynova öz bilik və təcrübəsini daha da təkmilləşdirmək məqsədilə müxtəlif illərdə bir neçə dəfə həkimləri təkmilləşdirmə kurslarında olub. 1966-cı ildə ona birinci dərəcəli həkim-ginekoloq, 1992-ci ildə isə ali dərəcəli mama-ginekoloq adı verilib. Bir ictimayyətçi kimirayonda yaxşı tanınan Şükufə Hüseynova uzun illər Rayon Qadınlar Şurasına sədrlik edib.

 

Fəaliyyət göstərdiyi müddətdə Ağdam rayonunda ginekologiya sahəsinin daha da təkmilləşdirilməsi üçün yorulmadan çalışan Şükufə Hüseynova doğuma yardım işinin yenidən qurulması, tibbi bazanın müasirləşdirilməsi məqsədilə əlindən gələni etməyə çalışmış, qadınların sağlamlığının keşiyində dayanmış, sağlam yeni nəslin yetişməsi istiqamətində öz bilik və bacarığını əsirgəməmişdi. O, son illər məcburi köçkünlər üçün Bakı şəhərində yaradılmış tibbi mərkəzə rəhbərlik etmiş, "NewMed"  klinikasında fəaliyyət göstərmişdi.

 

Göründüyü kimi, Şükufə xanım Qarabağda-Şuşada dünyaya gəlib, həyatının böyük bir hissəsi isə Ağdamla bağlı olub. Qarabağın işğalı onun qəlbindəki ən böyük yarası idi. Bəlkə də bu yaralar idi Şükufə xanımın könlünü dilləndirən ki, o ağrılar bu gün "Ürəkdə qaldı" kitabında toplanıb. Necə ki, o, bir şeirində "Yağılara qaldı Vətən deyərək" nalə çəkir:

 

Dağ başını duman aldı,

Yağılara qaldı Vətən.

Kimlət satdı, kimlər aldı,

Yağılara qaldı Vətən.

 

Bu dağların başı duman,

Gəlib keçdi günlər yaman.

Görməyimə yoxdur güman,

Yağılara qaldı Vətən.

 

Yatmış pələng tez oyanar,

Düşmənini qana boyar.

Yağıları ağlar qoyar,

İntiqamın alar Vətən.

 

Bəli, məhz həmin vaxt gəldi. Şükufə xanımın dediyi kimi, Azərbaycan xalqı Vətən iddiasıyla ayağa qalxdı. 30 ilə yaxın bir zamandan sonra 2020-ci ilin payızında - 44 günlük Vətən müharibəsiylə Qarabağını düşmənin mundar tapdağından azad etdi. Onda Şükufə xanım da aramızda idi. Baş verən prosesləri bəlkə də hər kəsdən çox həyəcanla, gah sevinc, gah qorxu, gah təlaş, gah da böyük ümidlə izləyirdi. Axı bu müharibə onu vətəninə, Şuşasına, Ağdamına qovuşduracaq yol idi. Axı Şükufə xanım qarış-qarış gəzdiyi o yerləri hələ də qarış-qarış xatırlayırdı:

 

Yadıma düşəndə Şuşanın havası,

Qəlbimdə qövr edir vətənin yarası.

Xanbağı, Xocalı, Əskəran qalası,

Mənim həyatımın ordadır parası,

Qəlbimdə qövr edir vətənin yarası.

 

Şuşanın yoxuşu, daşlı yolları,

Daşaltı, Ballıca gur axan çayları.

Sürülər otlayan uca Kirs dağları,

Yadıma düşəndə Qızılı qayası,

Qəlbimdə qövr edir vətənin yarası.

 

Nəhayət, Şükufə xanım kimi qəlbi vətən yaralıların yarasının dinəcəyi o möhtəşəm gün gəldi, Azərbaycan Ordusu o böyük qələbəni qazandı, Qarabağı 30 illik düşmən əsarətindən xilas etdi. Yenə bu xəbərə ən çox sevinənlərdən biri Şükufə xanım oldu. Artıq o, Şuşasına, Ağdamına qovuşacağı günün xəyalıyla yaşayırdı. yazıq ki, zalım əcəl bu sevinci ona çox gördü. Uzun illər torpaq həsrətiylə yaşayan Şükufə həkim çox təəssüf ki, 2020-ci ildə Şuşanın azadlığından az sonra dünyaya gözlərini əbədi yumdu. Yəni onun inanmadığı başına gəldi:

 

Ayaq altda qalan o torpağımı,

Əsirlikdə olan Qarabağımı.

Atam, babam uyuyan o məzarlığı,

İnanmıram qoyub mən getməyimə.

 

O, həsrətini çəkdiyi torpağın azadlığı xəbərini alsa da, yenidən oraya qayıtmaq, öz uşaqlıq evini görmək, doğma yerləri yenidən gəzmək ona qismət olmadı. Şükufə həkimin bu arzusu da ürəkdə qaldı... Şeirində dediyi kimi, Vətənində - Qarabağında dünyayla vidalaşmaq nəsib olmasa da, inandığı o azadlıq yaşandı:

 

An gələr torpağı, yurdu alarıq,

Ər oğlu ərləri biz haraylarıq.

Vətəndə ölərik, orda qalarıq,

İnanaram onda mən getməyimə.

 

Onun ailəsi, övladları tərəfindən hazırlanan kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid nəşrə yazdığı "Kövrək mübhəm duyğuların bədii ifadəsi" adlı ön sözündə deyir: "Şükufə həkimlə istər Ağdamda qonşu olduğumuz vaxtlar, istərsə , məcburi köçkünlük dövründə Bakıdakı görüşlərimiz, Şuşa, Qarabağ barədə söhbətlərimiz yaxşı yadımdadır. Mən həmişə onu həm öz peşəsinin peşəkarı olan təcrübəli həkim, həm geniş bilgiyə sahib ziyalı kimi tanımışam. Təəssüf ki, Şuşa azad olunandan bir müddət sonra Şükufə həkim dünyasını dəyişdi. Şuşanın düşmən işğalından qurtulması xəbərini eşitsə , yenidən qayıdıb, Torpaq meydanındakı mənim gedib tapdığım, video görüntüsünü çəkdiyim o ata-baba evlərini görmək ona nəsib olmadı.

 

Bu günlərdə Şükufə həkimin ailəsi, övladları onun "Ürəkdə qaldı" alı şeir, bayatı, rübai nəsr nümunələrindən ibarət kitabının əlyazmasını mənə göndərdilər. Düzü, mən Şükufə həkimin belə  gözəl şeirlər yazmasından, öz hiss duyğularını bu cür isti, zərif misralara çevirməsindən xəbərsiz idim. Bu yazıları oxuduqca xeyli təsirləndim. Burada onun Şuşa, Ağdam, məcburi köçkünlük həyatı ilə bağlı kövrək yazıları toplanıb. Yəqin, Şükufə xanım bu yazıları başqalarından gizlədərək üzə çıxarmayıb, yalnız öz yaxınlarına oxuyub".

 

Təəssüf ki, Şükufə həkimin bu dünyada həsrətini çəkdiyi təkcə vətəni, torpağı deyildi. O, həm gənc yaşda itirdiyi övladının - Gündüzünün həsrətiylə yanıb qovrulurdu. Bu həsrətlə yazdığı şeirlər insana dərin hüzn yaşatmaqla yanaşı, bir ananın çarəsiz fəryadının ən kövrək təcəssümü kimi yadda qalır:

 

Tale hökmü Gündüzümü biçəndə,

Çiçək olub ömrü soldu qönçədə.

Onsuz qaldım qara matəm içində,

Ağlar gözdən başqa mənə qaldı.

 

ya başqa bir şeirində deyir:

 

Bu qərib ellərdə Gündüzsüz qaldım,

Gündüzü səsləyib hər gün ağladım.

Məzarlıq elinə bir cığır saldım,

Orda görüşərik deyib qalmışam.

 

Kitabın ön sözünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova yazır: "Deyirlər, yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz olur. Şükufə xanım zaman gərdişində sevincli, kədərli, unudulmayan ən məhrəm duyğularını danışmadı, sadəcə yazdı. Yazdı ki, əqrəblər dayanıb, zaman öz əvvəlki yerişini itirməyəndə belə o, öz duyğu pıçıltıları ilə yenə danışmasın, könüllərdə həzincə addımlasın".

 

Müxtəlif mövzulu, əsasən həsrət ünvanlı şeirlərin, rübailərin, bayatıların toplandığı kitabda, həmçinin, nəsr nümunələri var. "Südlü ", "Ovsunçu nənəm", "Cərrah dostum", "Tamah dişi", "Həyat yolu", "Bir igid ömrü" sair kimi nəsr nümunələrində müəllifin fərqli mövzulara orijinal yanaşması özünü göstərir sadə, həlim diliylə rahat oxunur.

 

Kitabın sonunda Şükufə xanımın qızları Flora Elnarə Hüseynovaların analarıyla bağlı xatirələri, ürək sözləri isə bizə təkcə övladın gözündən anasını deyil, həm bir Azərbaycan xanımını, əsl insanlıq nümunəsi şəxsiyyəti tanıdır.

 

Kitabın işıq üzü görməsində Şükufə həkimin ömür-gün yoldaşı Bəbir Hüseynovun, oğlu Vaqifin xidmətləri əvəzsizdir.

 

İnanırıq ki, Şükufə Hüseynova kimi ömrünü insanların sağlamlığına, insan doğumu kimi müqəddəs vəzifəyə həsr edən bir xanımın kövrək duyğularının təcəssümü olan "Ürəkdə qaldı" kitabı oxucular tərəfindən də maraqla oxunacaqbu kitabı oxuyan hər kəs özü üçün yeni bir dünya kəşf edəcək: Şükufə Hüseynovanın dünyasını...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 8 yanvar.- S.19.