Sözümüzün, savaşımızın Nizami Aydını: şairlik və şəhidlik

 

 

Öldüyüm günün səhəri

ana döşündən içdiyi süd tək

ağız-burnunu bulaşdıracaq

təbəssümüylə

körpəm dəyişdirəcək

otağımın havasını.

Oyuncağıyla gözləyəcək

"indicə gələcək" atasını.

Körpəm qaçırdacaq dodaqlarını

Qara sarınmış şəklini.

Körpəm unutduracaq ölümümü!

 

1992-ci ilin iyunun 15-də tank komandiri Nizami Aydın (Nizami Arif oğlu Salmanov) Sırxavənd döyüşlərində böyük hünər göstərmiş, mühasirəyə düşən piyada bölməsini xilas etmək üçün, idarə etdiyi tankı birbaşa düşmən səngərinə sürüb mühasirəni yarmış, əsgərləri xilas etmişdi: özü isə yanan tankın içində qalmışdı.

 

Vətən yolunda şəhid olan Nizami Aydının 31 yaşı vardı. Birinci Qarabağ müharibəsində ilk şəhid şairimizdi o.

Gəncədə doğulmuşdu, orada H.B.Zərdabi adına Pedaqoji institutu bitirmişdi Nizami Aydın. Təyinat üzrə Qubada, Ruk, Zıxır kəndlərində müəllim işləmişdi. Sonra qayıtmışdı Gəncəyə.

Yaradıcılığa səksəninci illərin ortalarında şeirlə başlamışdı, "Gəncənin səsi", "Azərbaycan gəncləri", "Ulduz", "Azərbaycan" qəzet və jurnallarında çap olunmuşdu. Azərbaycan Milli Ordusu yaradılanda könüllü olaraq cəbhəyə getmiş, Ağdamın bir sıra kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə tank komandiri kimi iştirak etmiş, qəhrəmancasına şəhid olmuşdu.

 

Öldüyüm günün səhəri

gözlərinin çiçəyində belə

atasını göstərmə körpəmə.

Görsə,

üzündəki kədərə -

cüyür balası kimi

duza gələcək körpəm.

 

1999-cu ildə onun "Son dua" şeirlər kitabı çap edildi. Nizaminin birinci kitabı olmayıb, heç ikinci kitabı da olmayıb. Nizami Aydın kimi tanıdığımız bu şair üçün hər şey sondan başlayıb.

"Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya".

Onun üçün son gün 1992-ci ilin 15 iyunu oldu. Şair Musa Urud demişkən, "Nizami Aydın daha çox şairi olduğu göylərə çəkildi". Torpağa gömülmədi, məhz göylərə çəkildi. Sevdiyi Tanrının yanına!

 

Bəzən yazıçılarımızı günahlandırırlar ki, Qarabağ müharibəsində onların çoxu döyüşçülər qarşısında şeir oxumayıblar, əsgərləri qələbəyə ruhlandırmayıblar, müharibəni əks etdirən əsərlər yazmayıblar. Bu fikir son dərəcə subyektiv və yanlışdır. Azərbaycan ədəbiyyatı bu müharibədə də öz sözünü dedi və deməkdədir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində.Azərbaycan şairinin müharibədə iştirakını yalnız hər hansı təbliğat kampaniyası və estrada səviyyəsində məhdud bir münasibətlə "izah edənlər" unudurlar ki, müharibə, savaş ilk növbədə yüksək səviyyədə təşkil olunmuş nizami ordudan, xalqın mütəşəkkil birliyindən, hamının bir amal uğrunda çarpışmasından ibarətdir

 

Əslində, mənim heç cür Nizami Aydına "şəhid şair" deməyə dilim gəlmir. Şairlərin şəhidi, köçkünü, qaçqını olmur (çox şair bu gün öz şeirlərinin altında "qaçqın şair" imzası qoyanda elə bil adamın içində qaçqınlıq küləyi əsir). Nizami Aydın Azadlıq şairi idi.

Onun haqqında fikirləşəndə mən həmişə Ənvər Məmmədxanlının "Xürrəmilərin şahini" pyesində Babəkin Aqşinə söylədiyi bu sözləri xatırlayıram: "Ey Aqşin, sən heç vaxt dərk eləməyəcəksən ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq - istər o şirin olsun, istər acı - yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə Azadlıq fədaisi büsbütün məhv olmur. Və mən ki, Babək kimi varam və bu ölümdən o tərəfdə də yenə Babək kimi var olacağam!"

 

Yalnız Azadlıq şairi bu misraları yaza bilər:

 

İspaniya!

Vətən döyüşlərdəykən

Qara öküzlər önünə

qırmızı bayraq tək

çıxır şairlər.

Bu dünyada ancaq şairlərin

Taleyi bənzəyir bir-birinə...

Vətən ağrısıdır

dünyanın ən böyük ağrısı.

 

Nizami Aydının "İspaniya" poemasının konkret bir qəhrəmanı var: Federiko Qarsia Lorka. Ancaq bu poemada Lorka taleli bütün şairlər gözümüzün önünə gəlir: Mənsur Həllac, Nəsimi, Musa Cəlil, Xəlil Rza Ulutürk.

 

Min illərdi yol gəlirik, yolçusuyuq eyni yolun, Federiko.

 

İspan şairinə bu böyük məhəbbət Nizami Aydını ruhca Lorkaya yaxınlaşdırdı. Və onun Lorkadan elədiyi tərcümələri oxuyan hər kəs Lorka şeirlərinin içərisində Sırxavənddə həlak olmuş bir Azərbaycan şairinin ürəyinin döyüntülərini eşidəcək:

 

Qaç çölün içindən,

küləklərin içindən -

qara atım, ayın üzü tutulur.

Ölüm Kordova gülləsindən

yoldaca görəcək məni.

 

Necə uzundur mənim yolum

Mənim atım, yol yoldaşım.

Uzaq Kordovada,

yol ağzında ölüm

qarşılayacaq bizi.

Uzaqdır, həm də

duman içindədir Kordova.

 

Nizami Aydının "Azadlıq" silsilə şeirlərini 1980-ci illərin sonları, 1990-cı illərin əvvəlləri üçün yazılan, o illərin - o günlərin ovqatı üstünə köklənən poeziya nümunələri kimi qavramaq sadəlövhlük olardı. Bu silsilə şeirlərdəki Azadlıq yanğısı bir ayın, bir ilin yanğısı deyil.

 

Nizami Aydın bu silsilədə Azadlıq şairi obrazını yaradır və bu yaratdığı şair obrazını məhbəslə, qoluna vurulan qandallarla, edam kürsüsü ilə üzbəüz qoyur və sanki üzünü Azadlığı içində boğulan və qəhr olan insanlara tutub deyir:

 

Haqq yolunda

canını göz yaşına,

göz yaşını Tanrıya tapşıran

yaxşı insanlar olmasaydı,

bir belə yaxın olmazdıq.

Tanrının üzündəki

uşaq sevgisinə...

...Təkcə mələklər eşitməzdi

pıçıltımızı.

güllələnməzdik... asılmazdıq...

Bu qədər

yellənməzdik dar ağaclarında,

bu qədər vərəmləməzdik

ataların gözlərindəki dərdimizin

qan laxtasına...

 

Ölümündən sonra Nizami Aydın haqqında yazılar çap olundu, xatirələr söylənildi, tədbirlər keçirildi. Ancaq bu yazılarda Nizaminin şair səciyyəsi (bircə Nərgiz Cabbarlının yazısı istisna olmaqla) açılmadı.

 

Nizami Aydının qısa bir ömür çərçivəsində poeziyaya nə gətirdiyi unudulmasın gərək.

 

Mən Nizamini modernist şeirimizin sırasında görürəm. Və bu şeirləri yazan müəllifi stereotip təfəkkürdən tam uzaq hesab edirəm. "Təzəcə öpülmüş qız yanağına süzülən göz yaşı kimisən, gözəl şeir" deyirdi Nizami. Bəlkə də indi bu bənzətmə çoxlarına adi bənzətmə təsiri bağışlayacaq. Olsun! Amma bu, Nizami Aydınındır, ona qədər kimsə deməyib.

 

Əlbəttə, modernizmi (ənənəvi şeirə münasibətdə olduğu kimi) bədii təsvir vasitələrinin təzəliyində axtarmaq məhdudluq olardı. Modernizm təkcə şeirin formasında, ifadələrin, bənzətmələrin təzəliyində yox, həm də düşüncə tərzinin yeniliyindədir. Məsələn, Nizami Aydının "Şəhər" silsiləsindən yazdığı bir şeirində bu misralara diqqət edin:

 

Küçələrində

balıq üstünə,

iliyi vurulan quzu mələrtisinə

tellərindən qan sızacaq

şəhər işıqlarının.

Oyuncaq istəyən körpəsinin

gözlərinə baxa bilməyən atalar

çıxa bilmir

dərdi də şair qanına

yerikləyən şəhər

Yeraltı keçiddə dilənçiləri

Yerüstü keçiddə milisləri

əl açan şəhər.

 

Nizami Aydının şeirlərindəki dərd, ağrı, kədər ümidsizlik doğurmur. Bu dərd, ağrı, kədər ümidsizliyə gedən yolları qapayır. Dərd onun şeirlərində öz patoloji bürüncəyini kənara atır, müqəddəsliyə, ululuğa, ucalığa səsləyir bizi. Ona görə də onun şeirlərindəki dərd, ağrı təmiz qalır. Şeirlərindəki göz yaşları kimi Nizami Aydın deyir:

 

Quşlar göy üzünün körpələridir...

Göyərçin göy üzü

Elə Cakonda təbəssümüdür

 

Bir də:

 

Hərənin öz torpağına,

Hərənin öz göy üzünə bənzər

Sevdiyi qız.

 

Və bir də:

 

Sonuncu sırada kor qız uşağı

titrəyən əlləriylə

Gəzirdi ana üzündə

Gəzirdi son dəfə sevdiyi günü

Gəzirdi göy üzünü

O gün bəlkə də

ilk dəfə

Qadın kimi sevilirdi göy üzü...

 

O, bir neçə şeirində şairlərin ölümündən söz açmışdı. Görün necə gözəl deyib:

 

"Şairlərin ölümü ölən quşların,

Ölən çiçəklərin boyandığı

mavilik qədər gözəl"

 

Bu dünyada Nizami Aydını son dəfə görmək mənə də qismət olub. Nə birinci, nə ikinci dəfə... Ancaq son dəfə... O zaman bizim redaksiyalar ("Azərbaycan" və "Ulduz") İstiqlal küçəsində yerləşirdi. Nizami Aydın məndən Ələkbər Salahzadəni soruşdu. Ələkbər müəllimin işdə olmadığını dedim və soruşdum: "Siz kimsiniz?" Dedi ki, Nizami Aydın.

 

O vaxt hələ məmləkətimizin başı üstündə qara buludlar görünmürdü.

 

Və getdi...

 

Çox-çox sonralar Ələkbər Salahzadə Nizami Aydının şeirlərini çap etdi və ona bir yazı da həsr elədi. O yazıdakı bu sözlərlə mən də çoxdan yazmaq istədiyim bu yazıma nöqtə qoyuram.

 

"Şeirlərini yazdığı dildə oxumaq üçün ispancanı öyrəndiyin Qarsia Lorka da sənin içində, bu dəfə ayrı faşistlərin əliylə bir daha öldürüldü.

 

Sənin simanda ispan şairi Qarsia Lorka bu torpaqda da şəhid oldu. Görəsən, İspaniya bildimi?

 

Dostların kədərləndi.

 

Bircə anan ağlamadı. Ölümünə inanmadı: "Mənim oğlum ölməyib, ölə bilməz" - dedi. Anan indiyəcən ölüm xəbərini həndəvərinə qoymur, Nizami!

Gedəndə üçüncü övladını gözləyirdin, indi deyirlər, oğlun olub!

 

Bir də doğuldun, Nizami! Bir də dünyaya gəldin!"

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 8 yanvar.- S.18.