Cəfakeş teatr adamı
TEATRŞÜNAS VİDADİ
QAFARLININ 60 YAŞINA
Teatrşünas,
teatr tənqidçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, AMEA Memarlıq və İncəsənət
İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin
müdiri, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dosenti Vidadi
Qafarlını 60 yaşın tamamında qutlayır,
alqışlayıram.
Vidadi
Qafarlı ilə otuz beş ilin dostuyuq. Bir
az o yan, bir az bu yana. Bu uzun məsafədə
nə zaman, nə cəmiyyət, nə də həyat
aramıza girə bilibdir. 1980-ci illər gəncliyimizi
bölüşmüşük. Hər insanın həyatında
özünü passionari hiss etdiyi dövrlər olur. Bu dövrümüz bir yerdə keçibdir. Mən ədəbiyyat sahəsində boynuma
düşəsi nələrinsə olduğu, Vidadi teatr sahəsində
məhz onun eləyə biləcəyi, etməli olduğu
işlərin sevdası ilə
alışıb-yanıbdır. Bir az
optimist yanaşsaq, boynumuzda olanı etmişik də;
bacardığımız qədər, nə bir addım irəli,
nə mümkündən çox.
Vidadi xalası oğlu şair Ağamir Cavadın
tövsiyəsi ilə gəlib məni tapmışdı. Sovet ölkəsinin
dağıldığı, yeni ideyaların doğulduğu
illər idi. Hamımız cavan idik, cavan da
düşünürdük. Vidadi ilə bütün məsələlərdə
az qala həmfikir olmuşuq; xüsusən
həyata baxışımızda, halal, demokratik, proqressiv. Ədəbiyyat mübahisələrində
üstünlüyü həmişə mənə verərdi;
demə, şairliyi də varmış, bunu çox sonralar
bildim və çox yox, sənət adamının duyğusal
sinkretizminə yozdum. O zamanlar üçün
özümü çoxdanın teatralı sayırdım,
Vidadi isə Mirzağa Əliyev adına
İncəsənət İnstitutunun (hazırkı ADMİU)
teatrşünaslığının axşamında oxuyurdu. Yəni daha professional idi; amma teatr söhbətlərində
də mənə güzəşt edirdi, nəyisə
özündə saxlayaraq, ümumsənət
maraqlarımız müstəvisində. Vidadi
Qafarlı həmişə güzəştə getməyi
bacarıb, qəti mövqeyindən çəkilmədən.
Duruxub-duruxub, müzakirə-mübahisə gedişində
lazımi nöqtəni qoyur; amma elə ki, söhbət yenidən,
yeni istiqamətdə başlanıb-gedir...
Xatirədən ona görə başladım ki, bugün
Vidadi Qafarlının teatr aləmində aydın görünən
"teatr adamı" obrazı ilə kimisə təəccübləndirə,
heyrətləndirə bilməzsən. Teatr tənqidçisi,
teatrşünas, teatr mütəxəssisi kimi də; AMEA
Memarlıq və İncəsənət İnstitutunun
"Teatr, kino və televiziya" şöbəsinin müdiri
kimi də, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dosenti kimi də; habelə
bugünün teatrı, teatr prosesinin inkişafına yönəlik
çoxsaylı layihələri və gördüyü
işlərlə də. Amma mən lap əvvəldən
dostumun böyük teatr sevgisinin, teatr ehtiraslarının,
bugünkü məqama gətirib-çıxaran fəaliyyətinin,
necə deyərlər, kluarlarının şahidi olmuşam.
Sakit, dinməz-söyləməz, bir teatr adamı kimi,
teatrşünas kimi, lap olsun sadə teatral-vətəndaş
kimi canından bildiyi teatr prosesinin qayğıları ilə
necə kösövləndiyini görmüşəm. Tamaşa zallarının tədricən
boşaldığı, boş qaldığı sürələrdə
də, köhnə Sovet dönəmi teatr mühitinin dünəndə
qalıb bugünə əli çatmadığı zamanlarda
da, müstəqillik illəri teatrının uzun illər
araya-ərsəyə gələ bilmədiyi vaxtlarda, teatr
islahatı adına bəzi səlib yürüşləri
iştahlarına qənşər gedəndə də, lap
bugünlərin pandemiya sükutuna çarə
axtarışı çabalarında da Vidadi dostumu gərdişi-dövrani-kəcrəftar
içərisində bimərrə laqeyd-biganə-çarəsiz
görməyib, qələmli-qələmsiz daima hərəkətdə,
çarəsaz, düşüncələr-ideyalar
qanadında pərvazlanan görmüşəm; cəmisi də
sosiolojik-metafizik platformadan, yəni emosional yox, rasional məcrada.
Hər bir halda müqayisələr yersizdir; sadəcə
yada salıram, bu elə bir ağır zamanlar idi ki, cəmiyyət
həyatında teatrın statusunu boş görüb görkəmli
teatrşünaslar, teatr başbilənləri canlı prosesdən
qopur, kafedralara, pedaqoji kürsülərə, elmi tədqiqatlara
çəkilirdilər. O zamanlar idi ki, teatr cəngavəri, ustad Vaqif
İbrahimoğlu təkbaşına "Yuğ"
ideyası və gerçək "Yuğ"u ilə
teatrımızın sabahı naminə, hər gün bir
külüng, buz sükutlardan nəsə qoparmağa
çalışırdı; cəmiyyyətdən və
mühitdən hörülü qatbaqat soyuq divarlar arasında
teatr əzabkeşi unudulmaz Hüseynağa Atakişiyev durmadan
günü təfsir edən tamaşalar qoyurdu və biz
teatrallar da büzüşmüş, gün-gün ölən-öləziyən
teatr həyatına pəjmürdə pasibanlıq edirdik... və
s. Özümü heç də bilici kimi göstərmək
həvəsim yox, bildiyimi, içində olduğumu yada
salıram; hətta ol zamanlar, yeni əsrin astanasında
böyük teatr xiridarı Aydın Talıbzadə də qətiyyətlə
teatrın öldüyünü bəyan etmiş və illərlə
çarpışdığı teatr prosesindən
bıqıb, öz (virtual) Meta-teatrını yaratmağa
girişmişdi. Bu, məhz o zamanlar idi ki, bizdə artıq
modern teatr axtarışları sönükmüş,
postmodern öz əndrəbadi ideyaları ilə hələ
qapıda durub, gəlməyini gözlətməkdə idi...
Açığı,
gizlətməyəcəm, ilk zamanlarda heç də Aydın
Talıbzadənin elit və mənimcə, bir qədər də
estet platformasının deyil, daha çox
teatrımızın aqibəti barəsində Vidadi
Qafarlının terapevtik xəyalları yanında durur,
özlüyümdə daha demokratik saydığım
mövqeyini bəyənirdim. Aydın Talıbzadənin
öz Meta-teatrında nə qədər haqlı olduğunu isə
çox sonralar, postmodern günümüzdə, teatrın
olub da olamadığı rəngarənglikdə anlayıb-biləcəkdim.
O rəngarənglik - çoxsəslilik - küy içində
ki, öz payıma, Azərbaycan teatrında nələrin
baş verdiyini metafiziki planda hər hansı teatral məkandan
çox Aydın Talıbzadənin yazılarından
oxuyub-bilir; teatr prosesini, teatral gerçəkləri isə
Vidadi Qafarlının (Elçin Cəfərovla birgə)
yaratdığı Teatro.az teatr portalından izləyirəm...
Dostumun böyük teatr sevgisinin ilk olaraq hardan
qaynaqlandığını doğrusu, bilmirəm, bugünəcən
soruşmaq da ağlıma gəlməyibdir. Yəqin ki,
haçansa xatirələrində açıqlayacaqdır.
O yadımdadır ki, İncəsənət İnstitutunu
bitirib, dörd il N.Vəzirov adına Lənkəran
Dövlət teatrında ədəbi hissə müdiri kimi
çalışdıqdan, doğulduğu doğma torpağa
ləyaqətlə borcunu ödədikdən sonra
qayıdıb Bakıya gəldi; AMEA Memarlıq və İncəsənət
İnstitutunun doktorantı kimi. Vidadinin yeri məhz
bura idi, 1990-cı illər, müstəqillik ab-havası ilə
qaynayıb-yaşayan paytaxt Bakımız. Vidadi
Qafarlı çox tezliklə bütün sahələrdə
sökülüb-yenidən qurulan paytaxt həyatının
axarına qarışdı; İnstitutun "Teatr, kino və
televiziya" şöbəsində çalışmaqla
yanaşı, bir gün ayılıb dostumu o illərin
ictimai-siyasi, tarixi-mədəni, mənəvi-ziyalı
mühitini bəlkə də ən adekvat, düzgün,
liberal mövqedən, tərəfsiz, obyektiv əks etdirən
"Press-fakt" qəzetində gördüm. Yazıçı Məqsəd Nurun təsisçisi
və baş redaktor olduğu qəzetin məsul katibi kimi.
Daha sonra dostumu elə bu qəzetin içindən
çıxan müstəqillik dövrünün ilk uşaq mətbuatı
"Şəkər villası" qəzetinin məsul katibi
görəvində görüb yenə təəccüblənirəm;
deyim ki, bu nəşrin yeni dövr uşaq ədəbiyyatının
gəlişməsində mühüm payı var, o cümlədən,
bugünün neçə uşaq
yazıçısını ilk dəfə şəxsən
Vidadi Qafarlının kəşf edib qəzetdə üzə
çıxardığını da bilirəm. Daha da sonralar
dostumun sorağı "Planet", "Gün səhər"
qəzetlərində məsul katib və redaktor postlarından
gəlir... Vidadi Qafarlının mətbuata gəlişi də,
gedişi də heç boşuna olmayıbdır...
Bu
günlərdə teatrşünas Aydın Talıbzadənin
və C.Cabbarlı adına Teatr Muzeyinin direktoru
Sevinc xanımın təşəbbüsü ilə
yığışdığımız yubiley tədbirində
yubilyarın - Vidadi Qafarlının yaradıcı portretini
cızmağa çalışırdıq. Ən çox
xatırlanan məziyyətlərindən:
işgüzarlığı, zəhmətkeşliyi, son dərəcə
məsuliyyətliyi, gördüyü işdə
ardıcıllığı, böyük təşkilatçılıq
qabiliyyəti və kollektivçiliyi sadalandıqca
sadalandı. O sıradan deyim ki: hərtərəflilik,
universallıq keyfiyyəti, hər hansı gərəkən
işin qulpundan yapışıb irəli aparmaq istedadı əzəldən
dostumun canında vardır; bir az da həyat
üstünə gəlmiş, cilalamış, kamilləşdirmişdir.
Bu ki, Vidadi Qafarlının mətbuata gəlişi
də, gedişi də böyük tələbatlardan
keçibdir; həm ictimai, həm də elə şəxsi həyatında.
Ötən illərin maddi-mənəvi çətinliklərini
Vidadi dostum haralarda, hansı yollarla dəf etməmişdir ki.
Məhz sevgili teatrına xərcləməli
olduğu enerjini həm də digər sahələrə sərf
etdiyinin əzablarına necə korun-korun
yandığının özüm şahidiyəm. Ona da şahidəm ki, başlıca amalından,
boynuna düşən teatr xiffəti-minnətindən
heç vəch qopmamış, Vidadi Qafarlı harda
çalışmışsa, o yerdə mütləqa teatr
platformasına meydan vermişdir. Bu
sıradan 2011-2017-ci illərdə "Kaspi" qəzetinin nəzdində
yaratdığı və redaktoru olduğu həftəlik
"Teatr" əlavəsi bariz örnəkdir. Qəzet
az bir zamanda cəmiyyətdə teatra
marağın dirçəlməsinə, təmərküzləşməsinə,
diqqətə gəlməsinə təkan verdi; nəinki teatr
ictimaiyyəti arasında itmiş
teatrşünaslığın nüfuzunu bərpa etdi, habelə
yeni teatrşünaslar nəslinin yetişməsinə vəsilə
oldu, əvəzsiz xidmətlər göstərdi.
Vidadi
Qafarlının 2018-ci ilin aprel ayından, teatrşünas
Elçin Cəfərovla birgə təsis etdikləri Teatro.az
sənət portalı isə, xatırlatdığım kimi,
çağdaş teatr həyatının, teatr prosesinin
bugünüdür; ardıcıl, miqyaslı, günün nəfəsini
ifadə edən fəaliyyəti ilə, əhatəli,
punktual, korrekt analizləri, teatr düşüncəsi və
praktikasını yönəldən təşəbbüsləri
ilə. O, bugündür; ölkədə teatr sahəsində
böyük canlanma, tərpəniş, xoş həyəcan
duyulur, görünür, bilinir - köhnə və yeni-yeni
teatrların fəaliyyətində, çoxlu və fərqli
teatr ideyaları və layihələrinin gerçəkləşməsində,
Mədəniyyət Nazirliyinin bilavasitə yardımı ilə
çoxsaylı və beynəlxalq teatr festivallarının
keçirilməsində. Və mənimçün o da əlamətdardır
ki, bütün bu dəstgahın baş tutmasında, prosesin
yerindən tərpənməsində öz balaca cüssəsi
ilə dostum Vidadi Qafarlının özünəxas
iştirakı, payı var. Təkcə elə ötən il
(2021-ci ildə), pandemiya şəraitinə rəğmən,
baş tutmuş, böyük ictimai rezonans doğurmuş,
Teatro.az portalı və Mədəniyyət Nazirliyinin birgə
layihəsi olan, 44 günlük Vətən müharibəsində
Zəfərimizə həsr olunmuş "4.4 Qısa
tamaşalar festivalı"nın məmnuniyyətini
xatırlatmağım bəs edir...
Yubiley tədbirində
ADMİU-nun prorektoru, sənətşünaslıq doktoru,
Vidadi Qafarlının müəllimi və hər zaman
xeyirxahı olmuş professor Məryəm Əlizadə 60
yaşlı tələbəsini təbrik edərkən onu
"iddiasız adam" adlandırdı, amma eyni zamanda, teatr
sahəsində gördüyü çoxsaylı işləri
sadalayaraq bunun özünün "gizli bir iddia"
olduğunu da vurğuladı. Teatra xidmətin, sənətə,
mədəniyyətə, elmə təmənnasız
bağlılığın, təmənnasızlığın
iddiası. Mən buna ali iddia deyirəm;
tanrıdan sənə, yalnız sənə
ayrılmış, boynunda olan işin, görəvin,
missiyanın mayasını-məğzini anlayıb peşində
olmaq! Bundan gözəl, ali nə ola bilər
ki?!
Vidadi Qafarlı gözəl teatrşünas,
çağdaş teatrın inkişafına özəl
baxışı və mövqeyi olan teatr tənqidçisidir. Teatrın tarixi, nəzəriyyəsi
və sosiologiyasına, mədəniyyət və incəsənətin
müxtəlif problemlərinə dair 60-dan çox elmi məqalənin,
2 kitabın müəllifidir; həmçinin, 20-dən
çox kitabın tərtibçisi, tərcüməçisi
və redaktoru, onlarla beynəlxalq və respublika elmi
konfranslarının məruzəçisi, teatr
festivallarının iştirakçısı, münsiflər
heyətinin üzvü olubdur.
Vidadi
Qafarlının "Azərbaycan teatrının janr
poetikası" monoqrafiyası (Bakı, Qanun nəşriyyatı,
2012) Azərbaycan teatrının tarixi poetikası istiqamətində
azsaylı araşdırmalardan olub, milli teatrın öz
kökündən, qaynaqlarından törənib, öz tarixi
təcrübəsi zəminində yarandığını təsbit
etməyə yönəlik dəyərli bir əsərdir. Zamanında mübahisələrlə qarşılanması
da heçdən olmayıb, məhz gücünün təzahürüdür.
Həmin tədqiqat əsasında teatrşünas-alim 2009-cu
ildə "Azərbaycan teatrının janr xüsusiyyətləri:
təşəkkül dövrü" mövzusunda fəlsəfə
doktoru dissertasiyasını müdafiə etmişdir.
Vidadi Qafarlı AMEA Memarlıq və İncəsənət
İnstitutu "Teatr, kino və televiziya" şöbəsində
gerçəkləşdirdiyi kolossal işlərlə
yanaşı, 2010-2020-ci illərdə Respublika Sənətşünaslıq
və Memarlıq Problemləri üzrə Elmi Şuranın
elmi katibi vəzifəsində
çalışmışdır. 1999-cu ildə "Azərbaycan sənətşünaslığının
inkişaf konsepsiyası"nın, 2008-ci
ildə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli strategiya və həmin
strategiyanın həyata keçirilməsi üzrə Dövlət
Proqramı"nın, 2014-cü ildə "2015-2020-ci illər
üçün Prioritet Elmi İstiqamətlər"in,
2016-cı ildə "Azərbaycan Elminin İnkişaf
Doktrinası"nın İnstitut üzrə layihəsini
hazırlayan işçi qruplarında fəaliyyət göstərib.
2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında
Elmin İnkişafı Fondunun "Azərbaycanın ənənəvi
musiqisi (elekron baza)" qrant layihəsinin icraçısı
və məsul redaktoru olub; 2018-ci ildə AMEA Rəyasət Heyətinin
təsdiqlədiyi "İdeya-estetik tərbiyədə ədəbiyyat
və incəsənətin rolu: milli kimlik və mənəvi
zənginlik" elmi-tədqiqat proqramında iştirak edib. Bundan əlavə, Vidadi Qafarlı "Azərbaycan
teatrı - dünən, bu gün və sabah" elektron
bazasının işçi qrupunun üzvü, Azərbaycan
Teatr Xadimləri İttifaqının və Xalq
yazıçısı Elçinin veb-saytının
yaradıcı qrupunun məsul redaktoru kimi, bu elektron
resursların yaradılmasında iştirak etmişdir.
Vidadi Qafarlı 1990-cı ildən Azərbaycan Teatr Xadimləri
İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının üzvüdür. 2015-ci ildən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir.
Vidadi Qafarlı Azərbaycan Teatr Xadimləri
İttifaqının Fəxri Fərmanı və Diplomu, AMEA
Memarlıq və İncəsənət İnstitutunun Fəxri
fərmanı ilə təltif edilmişdir.
Bütün bunlar bizim yubilyarın rəsmi
bioqrafiyasının göstəriləridir; yubiley
günündə Vidadi Qafarlının sənət
dostları, teatrşünas həmkarları, müəllimləri,
tələbələri həmçinin, onun fəaliyyətinin
görünməyən, dilə gəlməyən tərəflərindən
danışdılar. Fürsət bilib, daha çox yubilyarın şəxsiyyətindən,
insani keyfiyyətlərindən söz açdılar; öncədən
söylədiklərimə qüvvət, "nurlu adam",
"işıqlı adam", "teatr adamı", "son
dərəcə savadlı, bilikli, geniş məlumatlı",
"işə etibarlı", "dostlara, insanlara
açıq", "xeyirxah, hətta mənəvi xeyriyyəçi",
"hamıya sevgi paylayan", böyük ideya və ideallarla
nəfəs alan insan obrazını cızmağa
çalışdılar. Məryəm
Əlizadə Vidadi Qafarlı və Elçin Cəfərovu nəzərdə
tutaraq, gördüyü işləri zarafatla Stanislavski və
Nemiroviç-Dançenkonun böyük entuziazmı ilə
qiyas etdi. Hər zarafatda həqiqət duzu
var. Aydın Talıbzadə "Vidadi Qafarlının
komandası" olduğunu məxsusi şövqlə
vurğuladı. Yubiley günündə o
üstünlüklərini sayıb-söylədilər ki,
bunsuz nə rəsmi göstəriləri olardı, nə də
Vidadi Qafarlının özü. Böyük
qürur və sevinc duydum. Mənimcə,
Vidadi Qafarlının çağdaş Azərbaycan elmi-mədəni
mühitində yeri, günün teatrına xidməti təkcə
teatrşünas yazıları, əsərləri ilə
deyil, bütövlükdə şəxsiyyəti, geniş - hərtərəfli
teatr fəaliyyəti ilə ölçülür.
60 yaşın mübarək, Vidadi Qafarlı!
Yeni həyat və fəaliyyət üfüqlərinə
doğru!
Tehran
ƏLİŞANOĞLU
AMEA-nın
müxbir üzvü
525-ci qəzet.- 2022.- 8 yanvar.- S.16;17.