İstedad və şəxsiyyətin portreti
Səyyad Aran imzası, şəxsiyyəti, xidmətləri,
vətəndaşlıq fəaliyyəti
ictimai-siyasi, ədəbi-mədəni
mühitə məlum
olan tanınmış
ziyalılarımızdandır. Universal intellekti,
istedadı ilə seçilən Səyyad Aran eyni zamanda,
yaşadığımız dövrün ictimai-siyasi, ədəbi proseslərini
gerçək cəhətləri,
həm mahiyyəti, həm də təfsilatı ilə ifadə və təmsil edən görkəmli elm və mədəniyyət xadimidir.
Onun ictimai-siyasi, ədəbi, elmi fikir tariximizdə
məxsusi yeri, mövqeyi və rolu vardır. Onu müəllim, jurnalist, ədəbiyyatşünas alim,
yazıçı-publisist, diplomat, siyasi xadim kimi
xarakterizə etmədən
qiymətləndirmək, dəyərləndirmək
mümkün deyil.
O sadaladığım bütün
bu sahələri öz fəaliyyətində
birləşdirən bütöv
bir şəxsiyyətdir.
Səyyad Aranın şəxsiyyəti
haqqında bir çox ictimai-siyasi, elm, ədəbiyyat xadimləri
söz demişlər. Böyük
alim, akademik Nizami Cəfərov onun şəxsiyyəti haqqında fikrini belə ifadə edir: "Səyyad Aran məşğul olduğu bütün sahələrdə zəngin
şəxsiyyətdir. Eyni zamanda,
ədəbiyyatımıza və siyasətimizə hörmət gətirən
adamdır".
Səyyad Aranın şəxsiyyəti
barədə danışmaq
mənim üçün
heç bir çətinlik yaratmır. Çünki onun xarakterindəki xüsusiyyətləri, mənəvi
aləmini, fərdi xüsusiyyətlərini, istedad
və qabiliyyətini illərlə müşahidə
etmişəm.
Aydındır ki, hər bir
sənətkar, alim üçün istedad və bilik başlıca
şərtdir. Amma istedad o zaman
faydalı və səmərəli olur ki, o, zəhmətlə bir yerdə vəhdət təşkil
edir. İstedad və zəhmət
birliyini öz şəxsiyyətində təcəssüm
etdirən Səyyad Aran ədəbiyyatımızın,
mədəniyyətimizin, xalqımızın
inkişafına xidmətdə
dayanıb, hər zaman millətimizə baş ucalığı gətirib. Həm də böyük
şəxsiyyət kimi
yetişməkdən ötrü
istedad və zəhmətsevərlikdən əlavə,
xalqa xidmət sevgisi ilə döyünən ürəyə,
hərarətli qəlbə
malik olmalısan.
Bu baxımdan görkəmli ictimai-siyasi
xadim, ədəbiyyatşünas
alim Səyyad Aranın şəxsiyyətində
və yaradıcılığında
bütün keyfiyyətlər
ahəngdar vəhdətdə
təzahür edir.
Səyyad Aran ilk əmək fəaliyyətinə dil-ədəbiyyat
müəllimi kimi başlamışdı. Onun nümunəvi
bir pedaqoq olması, müəllim şəxsiyyəti haqqında
çox eşitmişdim,
müxtəlif yazarların
yazılarını oxumuşam,
çoxları ondan ictimai-siyasi xadim kimi də danışıb,
ancaq bunların hamısında əsas mətləb onun şəxsiyyəti, insani
keyfiyyətləri olub.
O, ilk dəfə fəaliyyətə
başladığı məktəbdə
gənclik duyğuları
ilə nəfəs alaraq tükənməz bir enerji ilə
yeni həyata bağlanır. Onun müəllimliyi ilə ədəbi fəaliyyəti eyni nöqtədə birləşir.
Dərs dediyi məktəbdə təşkil etdiyi dərnəklər, gecələr
yaradıcılıq qabiliyyətinə
malik olan gənclərin ədəbi
görüşlərinin və
istiqamətlərin müəyyənləşdirilməsinə,
sistemə düşməsinə,
onların ictimaiyyətə
təqdim olunmasında
böyük rol oynamışdı. Ədəbi tədbirlərin,
disputların keçirilməsi
eyni zamanda İmişli ədəbi-mədəni
mühitinin inkişafına
da böyük təsir göstərirdi.
Bu baxımdan müasir dövr İmişli ədəbi mühitini Səyyad Aransız təsəvvür
etmək mümkün
deyil.
Xatirələrdə dərin izlər buraxan Səyyad Aranın müəllimliyinə,
bədii yaradıcılığına,
ictimai fəaliyyətinə,
fikir dünyasına diqqətlə nəzər
salanda onun fərdi və xüsusi keyfiyyəti nəticəsində yaranan
sənətkar və şəxsiyyət bütövlüyünün
əsl mahiyyətini aydın görmək olur. Həmin ədəbi
gecələri xatırlayan,
unutmayan, Səyyad Aran məktəbinin yetirməsi olduğu ilə fəxr edən tanınmış
şair Qəşəm
Nəcəfzadə həmin
dövrü daha dəqiq xarakterizə edərək yazır:
"Ədəbiyyatın ilk cümləsini biz Səyyad
Arandan öyrənmişik.
Səyyad müəllim kimi
şeiri, hekayəni təhlil etmək istəmişik.
Səyyad müəllim İmişli şəhər 1 saylı orta məktəbində ədəbiyyat müəllimi işləyirdi, bizi məktəbə ədəbiyyat gecələrinə dəvət edirdi. Uzun müddət belə tədbirlərin təsirindən ayrıla bilmirdik. İmişli şəhər 1 saylı orta məktəb Səyyad müəllimin sayəsində universitet idi, hər sinfində, həyətində, baxçasında ədəbiyyat, şeir qoxusu hiss olunurdu. Məktəbin divarları Səyyad müəllimin keçirdiyi tədbirlərin şəkilləri ilə bəzədilmişdi, barmaq basmağa yer yox idi. Hələ də söküb qurtara bilmirlər. Məncə, gərək sökməyələr, qoruyalar, bunun üçün də gərək ədəbiyyat ürəyin ola, o da yox".
Daşa usta, mərmərə heykəltəraş, rənglərə rəssam can verdiyi kimi, Səyyad Aran da öz qəlbinin səsini sözə çevirib, söz adlı daşlardan elə məktəb qurub, yaradıb ki, onu sökmək, dağıtmaq mümkün deyil. Ona görə ki, Səyyad müəllim həmişə sözə tapınıb, sözün dərgahına üz tutub, söz vasitəsilə ürəklərə yol tapıb, qəlblərdə, düşüncələrdə, ədəbi yaddaş tariximizdə özünün ədəbi yaşam haqqına nail olub.
Səyyad Aran şəxsiyyəti, ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq, sənətkarlıq üslubu cəhətdən də orijinal bir simadır. O, bütün romanlarının, povest və hekayələrinin mövzusunu həyatda gördüyü, canlı şahidi olduğu hadisələrdən götürmüşdür. Onun yaratdığı əsərlər gerçək hadisələrə, faktlara, zəngin sənətkar müşahidələrinə əsaslandığından orada yazıçının fikir və mətləb orijinallığı, öz fərdi bədii təsvir məharəti aydın hiss olunur. Bütün bu keyfiyyətləri yazıçının "Soyuq günəş", "Başdaşı", "İrəvana gedən yollar" kimi roman, povest və hekayələrində aydın şəkildə müşahidə edirik. Xalq yazıçısı Mövlud Süleymanlı Səyyad Aranın yaradıcılıq xüsusiyyətlərini haqlı olaraq belə ifadə edir: "Səyyad Aran bütün olanlara, olacaqlara - yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi - ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Ozündən keçirməsə, yaxınlığı yaratmasa, qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir". Yazıçının əsərlərində dərin müşahidə qabiliyyəti, prosesləri diqqətlə izləməsi, onun önündə getməsi, özünəməxsus təsvir üslubu, ümumiləşdirmə bacarığı mövzuların ideya bədii səviyyəsinin daha da yüksək olmasına təsir edir.
Səyyad Aran yaradıcılığını səciyyələndirən xüsusiyyətlərindən biri də onun səthi və seyrçi təsvirə meyldən tamamilə kənarda dayanmasıdır. Müraciət etdiyi mövzuların mahiyyətini, onun sənət nümunəsi səviyyəsinə yüksələ biləcəyini əvvəlcədən dərk etdikdən sonra ora nüfuz edir və qarşısına qoyduğu məqsədə uğurla nail olur.
Yüksək istedada, ensiklopedik biliyə malik olan Səyyad Aran həm də fəaliyyətinin çoxcəhətliliyi ilə də seçilir. Onun Azərbaycan mətbuatının görkəmli simalarından biri kimi bu sahədəki fəaliyyəti də təqdirəlayiqdir. 1991-ci illərdə "Elm", "Səs" qəzeti kimi nüfuzlu mətbuat orqanlarında şöbə müdiri, redaktor müavini kimi məsul vəzifələrdə çalışmış, yüksək peşəkarlıqla qələmə aldığı xeyli sayda məqalələr Səyyad Aranı respublika miqyasında tanıdıb və məşhurlaşdırıb. Əminliklə qeyd etmək olar ki, görkəmli mətbuat xadimini həm də oxuculara sevdirən ən başlıca xüsusiyyət həmin dövrlərdə toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, onun amallarını yazılarında əks etdirməsi idi.
S.Aran qısa zaman ərzində fəaliyyət göstərdiyi jurnalistlik sahəsində də öz sözünü deyib, sanballı yazıları ilə peşəkar jurnalist kimi özünü təsdiq edərək, mətbuat tariximizə də layiqli töhfələr verib. Səyyad müəllim mətbuatda işlədiyi dövrlərdə də öz peşəsindən həzz alıb, yüksək şövqlə çalışıb. Onun istedad və fəaliyyət sahələrinin öyrəndikcə, sayını artırmaq da olar. Səyyad Aran fədakar, zəhmətkeş bir alim kimi milli ədəbiyyatşünaslığımızın səhifələrini zənginləşdirməklə yanaşı, ədəbi-ictimai fikir tariximizin inkişafında da əhəmiyyətli dərəcədə rol oynayır.
23 may 2005-ci ildə AMEA-nın 2-ci mərtəbəsində kiçik akt zalında S.Aranın namizədlik müdafiəsi yaxşı yadımdadır. Sədr görkəmli alimimiz, akademik Bəkir Nəbiyev idi. Dissertasiyanın müzakirəsində professorlar Qəzənfər Paşayev, Bəhlul Abdulla və başqa tanınmış alimlər çıxış etdi. S.Aranın yaradıcılığının orijinal xüsusiyyətlərindən danışdılar, sənətinə o qədər yüksək qiymət verildi ki, həmin o təəssüratlar bu gün də məndə qürur və fəxarət hissi yaradır.
45 ildən artıqdır ki, qələmi, sənəti, ictimai-siyasi fəaliyyəti ilə xalqa xidmət edən bu görkəmli yazıçının, ədəbiyyatşünas alimin yaxın vaxtlarda 70 yaşı tamam olur. Bu yetmiş illik ömür yolunda o, heç zaman yorulmamış, əksinə, həmişə müdriklik təfəkkürü ilə yazıb yaradır.
Bu gün Ulu Tanrının verdiyi bu ömür payının 70-ci ilinin hər anını, ayını, ilini bir ziyalı, vətəndaş qeyrəti, ləyaqəti ilə yaşayan Səyyad Arana növbəti zirvələrə gedən yollarda da uğurlar arzulayıram və fikirlərimi böyük şairimiz Nəbi Xəzrinin fikri ilə bitirmək istəyirəm
Hər şeyin dünyada ölçüsü ildir,
Həyat təbiətin şah əsəridir.
İllər ömürlərin sonu deyildir,
İllər ömürlərin sahilləridir.
Ömrün yetmişinci sahilinə xoş
gəldin, Səyyad Aran! Növbəti
sahillərdə görüşənədək...
Cəlal
ALLAHVERDİYEV
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 8 yanvar.- S.14.