Cənnət quşu
hekayə
Evimizə uça-uça gəldik. Taksinin arxa oturacağında həyat yoldaşım Səlimlə bir-birimizə qısılmışdıq. Tez-tez baxışır, bürüncəyin ucunu qaldırıb, üç gün öncə dünyaya gəlmiş qızımız Tunaya sonsuz sevgi ilə baxır, xoşbəxt-xoşbəxt gülümsəyirdik.
Qəbələdəki bağçalı, külafirəngili evimizə çatdıq. Tunayımızı beşiyinə qoyduq. Dərindən nəfəs aldıq, bir-birimizə sarıldıq. Həyat gözəl idi! Bu gözəlliyi Tanrı eşqi, bəndə sevgisi ilə biz yaratmışdıq.
Hər bayramda Səlim cüt göyərçinlərini uçurdur, fit çalıb havada süzdürür, mayallaq aşdırırdı. Bu dəfə də elə etdi. Qoşa göyərçinlər havada süzdükcə, Səlim ləzzətlə gülür, bağçadan mənə əl eləyirdi.
Süfrə başında Səlim göyərçinlərdən birinin adını "Tunay" qoyduğunu deyəndə, canımı qarışıq hisslər aldı; Tunayımın hələ uça bilmədiyini düşünüb, onun göydən yıxılacağından bərk qorxdum.
Tunay günbəgün böyüyürdü. Qırxı çıxandan sonra onu hər gün bağçaya çıxarır, Səlimin əkdiyi güllər arasında gəzdirirdim. Tunayı bağçaya çıxaran kimi Səlim də göyərçinlərini göydə süzdürürdü.
Bir dəfə qonşumuz Məlahət bizə gəldi. O, on iki il idi, ərə getmişdi, uşağı olmurdu. Məlahət gətirdiyi oyuncağı stolun üstünə qoydu, beşikdə şirin-şirin
yatan Tunayıma baxdı və elə dərindən ah çəkdi ki, içim titrədi.
Həmin axşam Tunayın dodaqlarının əfrafı
gömgöy oldu. Narahatlıq içimi
cuğladı.
Səlim işdən qayıtmışdı,
yenə də cüt göyərçinini
fərəhlə göylərdə
uçurdurdu. Eyvana çıxıb Səlimi çağırdım,
cavab vermədi. Bağçanın ortasında dayanıb
göyə baxırdı.
Ona yaxınlaşıb, qolundan
tutdum. Boğuq səslə dedi: "Göyərçinlərimdən birini qaçırdıblar".
"Hansını?"
- dərhal soruşdum. "Tunayı"
cavabını eşidəndə
qəhər məni boğdu.
Səlim tək qalmış göyərçini qonşuya
tapşırdı, Tunayı
təcili Bakıya apardıq. Həkim onu müayinə etdi, başını buladı... Həkimin dediyi hər
söz ürəyimə
xəncər kimi soxuldu. "Ürək
qüsuru ilə doğulub. Əməliyyat üçün də gecikdirmisiniz. Müalicə yazaq, görək nə nəticə verir?".
Müalicə bir ay çəkdi. Tunayın
vəziyyəti ağırlaşdı...
Hər gecə göylərə baxırdım. Hər gecə
buludlar göydəki ulduzları bir-bir yedikcə, ümidim əriyirdi.
***
Yenə taksinin arxa oturacağında
Tunayımı bağrıma
basıb, evə qayıdırdıq. Yolun uzandıqca uzanmasını
arzulayırdım. Əzabdan Səlimin
üzü qaralmışdı.
Üç gün sonra Tunayı bağçamızın
ortasında, Səlimin
əkdiyi güllərin
arasında basdırdıq. Dizimizi yerə
qoyub, qəbirin başında ağır hüznlə susmuşduq.
Tək göyərçin
havaya qalxır, sürətlə aşağı
enir, özünü bizə çırpır,
təzədən havaya
qalxırdı.
Xavər HAVAR
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.14.