Əsrlərə sığmayan
ömür
XX əsr Azərbaycan elmi fikrinin formalaşmasında,
inkişaf etdirilməsində, xalqımızın ictimai-siyasi
həyatında müstəsna xidmətlər göstərmiş
görkəmli simalardan biri də akademik Firuz Əli oğlu Məlikovdur.
Yenilənən hər ilin ilk günlərində
respublikamızın elmi ictimaiyyəti, onun yetirmələri, tələbələri,
yaxınları bu böyük elm xadiminin, elm-təhsil təşkilatçısının
ad gününü qeyd edir. 2022-ci il isə
unudulmaz alimin 120 illik yubileyidir.
Ötən
ilin son günlərində bu münasibətlə Gəncədə
özünün bünövrəsini qoyduğu, adını
daşıdığı Azərbaycan Elmi-Tədqiqat
Heyvandarlıq İnstitutunun təşkilatçılığı
ilə böyük tədbir keçirilirdi.
Azərbaycan
elminin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının
tarixinə nəzər yetirəndə Həsən bəy Zərdabi,
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev,
Əlibaba Abdullayev və b. kimi düha sahiblərini
görürük. Onların hərəsi bir məktəb
yaratdı, bir bünövrə qoydu. Akademik
Firuz Məlikov da elm tariximizə Azərbaycan heyvandarlıq
elminin banisi, Azərbaycan heyvandarlıq elmi məktəbinin
yaradıcısı kimi daxil olub. Onun hər
əsəri həmin elmin, elmi məktəbin təməl
daşları, dayaqları, sütunlarıdır.
Ötən
əsrdə beynəlxalq elmi ictimaiyyət tərəfindən
qəbul olunmuş "Məlikov metodikası" termini var.
Bu termin heyvandarlıq elminin əsas istiqamətlərindən
olan qoyunçuluğun, yeni qoyun cinslərinin
yaradılmasınin elmi proqramıdır. Bu
gün də həmin metodika aparılan elmi-tədqiqat işlərində
bir elmi qanun kimi əsas götürülür.
Akademik Firuz Məlikov böyük elm xadimi olmaqla yanaşı,
həm də tanınmış ictimai-siyasi xadim idi. O, dəfələrlə Azərbaycan
SSR Ali Sovetinin deputatı seçilib. Fəaliyyəti
dövründə öz həyatını canından
artıq sevdiyi xalqının, millətinin tərəqqəsinə,
çiçəklənməsinə, elmimizin
inkişafına sərf edib.
Firuz
Əli oğlu Məlikov 1902-ci il
yanvarın 7-də Salyan rayonunun Kürqaraqaşlı kəndində,
müəllim ailəsində anadan olub. Atası Əli Məlikoğlu
dövrünün qabaqcıl ziyalılarından, fars, ərəb, rus, dillərinə mükəmməl
yiyələnmiş elm, ürfan sahibi idi. O,
Kürqaraqaşlıda mədrəsə açaraq, əvvəl
orada, sonra isə kənddəki rus-tatar məktəbində dərs
deyir. Əli kişi Firuzu da zəhmətə
alışdırır, onda torpağa, yurda, el-obaya, vətənə
sevgi aşılayır, elmə təhsilə həvəs
oyadır. Firuz yeddi yaşında ikən
Salyandakı iki sinifli ibtidai məktəbə gedir. 1913-cü ildə oranı, 1921-ci ildə orta məktəbi
bitirir.
Atasını erkən itirən Firuz özlərinə məxsus
torpaq sahəsində çalışmaqla anası Xeyransa
xanıma kömək edir. Sonra Səlyan Qəza
İnqilab Komitəsində, Səlyan Əmək Məktəbində
dərs deməklə evlərinin dolanışığını
təmin etməyə çalışır. O,
anasının vəfatından sonra, 1921-ci ildə Bakıya gəlir.
1927-ci ilə qədər Bakı Ali Partiya Məktəbində
Bakı şəhər fəhlə fakültəsinin
Qaraşəhər şöbəsində, axşamlar isə
Əli Bayramov adına klubda təşkil
edilmiş kurslarda dərs deyir.
Firuz Məlikov əvvəl Azərbaycan Dövlət
Universitetinin Tibb fakültəsini qazansa da, sonra oradan
çıxıb Politexnik İnstitutunun Kənd təsərrüfatı
fakültəsinə daxil olur. 1928-ci ildə
buranı bitirir. Onu fakültənin
xüsusi heyvandarlıq kafedrasında laborant vəzifəsinə
işə götürüb institutda saxlıyırlar. Elə buradan da onun qarşısında geniş
üfüqlər açılır.
Firuz Məlikov 1930-cu ildə İnstitutun xüsusi
Heyvandarlıq kafedrasında dosent vəzifəsini tutur. SSR Mərkəzi İcraiyyə
Komitəsinin 1935-ci il oktyabr ayında
çıxardığı qərarla ona professor adı
verilir.
Firuz Məlikov
apardığı elmi-tədqiqat, yaradıcılıq işləri
ilə yanaşı, 1930-cu ildən ömrünün sonunadək
respublikamızın ali məktəblərində
heyvandarlıq, heyvanların genetikası, ekologiyası və
s. mövzularda mühazirələr oxuyub.
Akademik Firuz Məlikov müxtəlif vaxtlarda müxtəlif
vəzifələrdə çalışıb. 1930-31-ci illərdə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda dekan, Azərbaycan
Zoobaytarlıq İnstitutunun elm və təhsil üzrə
direktor müavini, həmin institut Kənd Təsərrrüfatı
İnstitutu ilə birləşdirildikdən sonra dekan,
1941-44-cü illərdə həmin institutun elm, təhsil
işləri üzrə rektor müavini, 1944-1949-cu illərdə
Azərbaycan Respublikası Heyvandarlıq Təcrübə
Stansiyasının direktoru, 1951-ci ildən də Azərbaycan
Respublikası Kənd Təsərrüfatı nazirinin
müavini vəzifəsində çalışıb.
Firuz Məlikov 1945-ci ildə Azərbaycan Respublikası
Elmlər Akademiyasına seçilən ilk həqiqi üzvlərdən,
akademiklərdən biri oldu. O, 1946-cı ildə "Azərbaycanda
qaragülçülük" mövzusundakı doktorluq işini
müdafiə edib kənd təsərrüfatı elmləri
doktoru elmi dərəcəsini aldı.
1948-ci ildə isə o, Ümumittifaq Kənd Təsərrüfatı
Elmləri Akademiyasının həqiqi üzvü, akademiki
seçildi. Firuz müəllim ötən əsrdə
dünyanın ən nüfuzlu elmi qurumlarından olan bu akademiyaya
seçilən ilk azərbaycanlı alim idi. Sonralar onun ən
yaxın silahdaşlarından olan həmkəndlisi, professor Ağaxan Ağabəyli həmin
akademiyanın müxbir üzvü oldu.
Firuz Məlikov 1958-ci ildə Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Elmləri Akademiyasını
yaratdı. O,
seçki yolu ilə həmin akademiyanın həqiqi
üzvü, akademiki, həm də prezidenti seçildi.
Ötən əsrin otuzuncu illərində sosializm deyilən yeni quruluş, yeni cəmiyyət özünəməxsus təsərrüfat formalarının yaradılmasını tələb edirdi. Kollektivləşmə adlanan siyasət sürəkli şəkildə həyata keçirildi. Bu da yeni kadrların hazırlanmasını ali və orta ixtisas məktəblərinin açılmasını vacib məsələ kimi qarşıya qoyurdu. Təbii ki, ardınca da yeni dərsliklərin, dərs vəsaitlərinin yazılması məsələsi gəlirdi. Bu sarıdan da Azərbaycanda heç bir iş görülməmişdi. Belə tarixi şəraitdə Firuz Məlikov ilk fundamental əsərini "Heyvandarlıq (Zootexnika)" kitabını yazdı. Bununla da o, Azərbaycanda heyvandarlıq elminin bünövrəsini qoydu. Əsər 1932-ci ildə Bakıda, "Azərnəşr"də 4.000 nüsxə ilə çap olundu. 1962-ci ildə çoxsaylı əlavələrlə yenidən nəşr edildi.
1941-ci ilin iyun ayının 19-da "Azərnəşr" müəllifin yeni "Azərbaycanda Ankara keçiləri" adlı kitabını çap etdi. Bu əsər uzun illər ərzində Mingəçevirdəki keçiçilik təsərrüfatında aparılmış tədqiqatların uğurlu nəticələrini özündə əks etdirirdi. Hələ XVI-XVII əsrlərdən bəri Türkiyədən yaxşılaşdırıcı, məhsuldar cins kimi dünyaya yayılmış Ankara keçilərinin Azərbaycanda da öyrənilməsi, onların yerli cinslərlə mələzləşdirilməsi istiqamətindəki tədqiqatlar, təcrübələr yeni məhsuldar, sağlam nəslin alınmasına gətirib çıxardı.
Akademik Firuz Məlikov 1941-1945-ci illərdə heyvandarlığın ən aktual problemlərinin həllinə aid on bir elmi tədqiqat işi apardı. Çox böyük uğurlar qazanıldı. Bunun da səbəbi görkəmli alimin məhsuldar cinslərin, sürülərin yaradılması istiqamətindəki təcrübələrin, tədqiqat işlərinin əsasını təşkil edən elmi sistemin, sxemin öncə hazırlanması, müəyyən elmi bünövrəni qoyması idi. "Balbas və Şirvan qoyunlarının iki dəfə qırxılması", "Azərbaycanda çox bala verən qoyunların qırxılması", "Azərbaycanda qaragülçülüyün staxanovçuları" adlı tədqiqat işlərində əldə edilən nəticələr həmin dövrdə bütün plan və tapşırıqlardan əlavə 100 tondan çox yun istehsal etməyə imkan verdi. Sürülərin balavermə qabiliyyəti 23 faizdən 45 faizə qaldırıldı.
Beləliklə, qabaqcıl heyvandarlıq işinin elmi əsasının yaradılması, bu zəmin üzərində heyvandarlıq təcrübəsinin daha da inkişaf etdirilməsi müharibə dövründə, kəskin ehtiyac duyulduğu bir vaxtda sahənin məhsuldarlığının ən yüksək səviyyəyə qaldırılmasına səbəb oldu.
"Azərbaycanda qaragülçülük" (1946), "Azərbaycanın dağ merinosu" (1946), "Qoyunçuluq" (1953) və s. əsərləri Azərbaycan heyvandarlıq elminin inciləridir. Firuz Məlikov həm də "Azərbaycanın qonur malı" cinsinin müəllifidir.
Akademik Firuz Məlikovun yaradıcılığında zərif yunlu qoyunların yetişdirilməsi istiqamətində aparılan tətqiqatlar çox geniş yer tutur. Müasir tip Azərbaycan dağ merinosunun yaradılması işlərinin həyata keçirildiyi Gədəbəy Döllük-damazlıq ocağına metodiki rəhbərlik edərək kollektivlə birlikdə illər boyu apardığı səmərəli işlər böyük uğurla nəticələndi. Yeni zərif yunlu qoyun cinsi - Azərbaycanın dağ merinosu yaradıldı. Bu cinsin yetişdirilməsində akademik Mirzə Sadıqov, Gədəbəy Döllük-damazlıq Ocağının rəisi S.S.Hüseynov, həmin ocağın Zootexniki V.Q.Smaroqain və Qara Məmməd oğlu Qarayev, Çoban Qara akademik Firuz Məlikovla birlikdə çalışdılar. 1947-ci ildə onlara SSRİ hökumətinin qərarı ilə İ.Stalin adına Dövlət Mükafatı verildi.
Elmi-pedaqoji və ictimai fəaliyyətinə, dövləti, xalqı qarşısında göstərdiyi xidmətlərə görə Firuz Məlikov 1941-ci ildə "Əməkdar elm xadimi" fəxri adına, 1943-cü ildə "Qırmızı əmək bayrağı" ordeninə, 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 1945-ci ildə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsinə görə", 1946-cı ildə "Lenin ordeni"nə, 1949-cu ildə "Qırmızı Əmək Bayrağı ordeni"nə, eləcə də Ümumittifaq Kənd Təsərüffatı Sərgisinin qızıl və gümüş medallarına layiq görülüb.
Ötən əsrin qırxıncı illərinin axırından Azərbaycan heyvandarlıq elmi, heyvandarlıq elmi məktəbi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Artıq respublikada güclü elmi baza, elmi kadrlar körpüsü yaradılmışdı. Təbii ki, bu baza möhkəm bir bönövrənin, akademik Firuz Məlikov elmi irsinin, yaradıcılığının üzərində dayanırdı.
Akademiklər Məmmədtağı Qəniyev, Mirzə Sadıqov, Məmmədtağı Cəfərov, professorlar Ağaxan Ağabəyli, Zülfüqar Verdiyev, Eyyub İsgəndərov, Bala Ağayev, Rəhim Səttarzadə, Rəhim Hüseynov, Cahangir Axundov, Abdulla Həşimov, Surxay Quliyev, Kamal Ağalarov, Müseyib Əliyev və b. elm xadimləri yetişdi. Onların sayəsində Azərbaycan heyvandarlıq elmi məktəbi ötən əsrdə özünün ən yüksək inkişaf mərhələsinə çatdı. Dünyada ilk dəfə olaraq heyvanların süni mayalandırılmasının yeni, orijinal metodu işlənib hazırlandı. 1951-1955-ci illərdə Firuz Məlikovun elmi rəhbərliyi, məsləhətçiliyi ilə onun tələbəsi Eyyub Bəşirov tərəfindən elmə gətirildi. "Bəşirov metodu" adı ilə tanınan bu elmi iş məhsuldarlığı min dəfəyə qədər artırmağa imkan verir.
Ötən əsrin ortalarında keçmiş ittifaqda öz nüfuzuna, əhatə etdiyi coğrafiyaya görə iki böyük heyvandarlıq elmi məktəbi fəaliyyət göstərirdi. Biri Moskva, rus-sovet elmi məktəbi idi. Bu məktəbə akademik Viktor Milovanov rəhbərlik edirdi. İkincisi isə akademik Firuz Məlikovun rəhbərlik etdiyi çox geniş coğrafiyanı əhatələyən Azərbaycan heyvandarlıq məktəbi idi. Orta Asiyada, Şimali Qafqazda, Zaqafqaziyada aparılan elmi tədqiqatlar bilavasitə akademik Firuz Məlikovun rəhbərliyi ilə həyata keçirilirdi.
Altmışıncı illərdə Azərbaycan heyvandarlıq elmi məktəbinin sərhədləri aşıb uzaq ölkələrə çatdı. "Məlikov metodikası", "Bəşirov metodu" elmi qanun kimi, professor Ağaxan Ağabəylinin "Camışçılıq" kitabı qiymətli dərslik kimi Hindistanda, Pakistanda, Vyetnamda, Misirdə və b. ölkələrdə geniş istifadə olundu. Əlcəzairin, Çilinin damazlıq-döllük, heyvandarlıq sistemləri Azərbaycan heyvandarlıq elmi və təcrübəsi əsasında yenidən quruldu. Bolqarıstanda professor Aleko Alekseyevlə birgə "Bolqar murrəhi" camış cinsini yaradan Eyyub Bəşirov Əlcəzairdə də, Çilidə də bu ölkələrin heyvandarlığının inkişafına böyük töhfələr verdi.
Dünya liderlərindən Leonid Brejnev, Aleksey Kosigin, Roma Papası VI Pavel, II Yelizaveta, Huari Bumedyan, Salvador Aleyende Azərbaycan heyvandarlıq məktəbinin elmi və təcrübəsinə yüksək dəyər verdilər. Bu mənada bir faktı da nəzərə çatdırmaq istərdik. Azərbaycan heyvandarlıq məktəbinin elmi və təcrübəsi öz əksini poeziyamızda, musiqimizdə, incəsənətimizdə də tapıb. Ölməz sənətkarımız, Xalq artisti Bəxtiyar Vahabzadənin "Qarabağ atı", unudulmaz Şahmar Əkbərzadənin "Qaragül əmlik" şeirləri, bəstəkar Ağabacı Rzayevanın, Xalq şairi Mirvarid Dilbazinin sözlərinə yazdığı "Çoban Qara" mahnısı heyvandarlıq elmi və təcrübəsinin bədii əksidir, təqdiridir.
Akademik Firuz Məlikov həm böyük alim, həm də böyük insan idi. O, təkcə yaxınlarının, ailəsinin qayğısını çəkmirdi. Bütün yetirmələrinin, tələbələrinin, qohum-qonşularının qeydinə qalırdı. Tələbələrinin institutdan sonrakı işləri ilə, ev qayğıları, dolanışıqları, mənzil məişət şəraitləri ilə də maraqlanırdı. Elmi işlərinin uğurla başa çatdırılmasına xüsusi qayğı ilə yanaşır, sağlamlıqlarının qorunmasına çox böyük diqqət yetirirdi. Özünün maddi imkanları daxilində kasıb tələbələrə, aspirantlara yardım da edirdi. Əlaçı, lakin maddi imkanları zəif tələbələrə hər ay kömək göstərirdi. Bunu digər müəllimlərə də təlqin edirdi.
Firuz Məlikovun yetirməsi Eyyub Bəşirova yazdığı vəsiyyətnaməsi, göndərdiyi məktubları onun bütün parlaq insani keyfiyyətlərini apaydın göstərir. Bu vəsiyyətnamə insanın, insanlığın mənəviyyat kodeksidir desək, yanılmarıq. Bu, həm də gələcək nəslə bir öyüddür. Bu öyüd nurlu bir insanın qəlbindən qopub ömür yollarını işıqlandırar.
1965-ci il noyabrın 12-də akademik Firuz Məlikov 63 yaşında Bakıda dünyasını dəyişdi. O, Fəxri Xiyabanda dəfn olundu. Özündən sonra böyük bir məktəb, elmi bünövrə, qiymətli elmi xəzinə, elmi ənənələr miras qoyub gedən alim, unudulmaz insan nədənsə diqqətdən kənar qaldı. Heç məzarı da götürülmədi. Xalq, tələbələri, silahdaşları unutmasa da, o vaxtkı, rəhbərlər yaddan çıxarmışdı.
Lakin Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra böyük alim hörmətlə anıldı. 1972-ci ildə Akademik Firuz Məlikovun 70 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Məzarı abadlaşdırıldı, yaşadığı binanın önündə barelyefi asıldı. Adı əbədiləşdirildi. Ümummilli lider Firuz Məlikovun ailəsini qəbul edib qayğıları ilə maraqlandı. Xüsusi diqqət və qayğı ilə əhatə etdi.
Ömrü əsrlərə sığmayan bir alimin elmi, xeyir əməlləri onu əbədi yaşadacaq.
Əfqan MƏMMƏDOV
525-ci qəzet.-
2022.- 11 yanvar.- S.12.