Çörək haqqı
Hər şeydən qiymətli
Tanrı
heç kəsi çörəklə imtahana
çəkməsin...
Bundan gözəl,
bundan müqəddəs
dua varmı?
Səni
çörək tutsun!..
Bəlkə də, bu qarğış
qədər təsirli
və kəsərlisini
tapmaq çətindir.
Niyə belə deyiblər? Ulularımız, dünyagörmüş müdrik
qocalarımız niyə
belə arzulayıblar,
nədən onu hər şeydən üstün və uca hesab ediblər?
Çörəyin bir tikəsi
yerə düşəndə
onu götürərək
öpüb gözlərinin
üstünə qoyublar,
heç vaxt çörək süfrəsinin
üstündən adlayıb
keçməyiblər. Çörək ən müqəddəs
and yerimiz sayılıb.
Çünki kitablar içərisində
ən qiymətlisi
"Quran", nemətlər içərisində isə
çörəkdir.
Hardan başlanır... çörək
Ana torpağın qapqara
şumlanmış sinəsinə
toxum düşür. Əkinçi
əllərinin hərarəti,
alın təri ilə aylarla onun nazını çəkir, gübrəsini
verir, malasını
çəkir, suvarmasını
aparır. Torpaq qar yorğanını
başından atan kimi tarla nəhəng
bir səməni boşqabını xatırladır.
Sünbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl
dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək
döyülür, sonra
dəyirmanda üyüdülərək
una çevrilir.
Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək
bişirilir. Müqəddəs
hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib
çıxanadək bu
qədər uzun və
heç də asan olmayan bir
yol keçir.
Süfrənin şahı
Onu süfrələrin
şahı, müqəddəs
nemət adlandırırlar. Lakin min bir
zəhmət və alın təri hesabına başa gələn çörəyin
dəyərini lazımınca
bilirikmi?
Əlbəttə, heç də
həmişə yox...
Əgər bilsəydik, hər gün mağazalardan alınan çörəkləri
kif atandan, quruyandan sonra zənbil-zənbil yığıb
zibil yeşiklərinin
kənarından asmazdıq,
mərasim və məclislərdə, ələlxüsus
toy şənliklərində kiloqramlarla çörəyi
israf etməzdik.
Çörək mövzusu təkcə taxılın, unun qiyməti bahalaşanda, piştaxtada çörəyin
qiyməti qalxanda yada düşməməlidir. Bu, indiyədək bəşəriyyətin
istehsal etdiyi ən yüksək dəyərə malik və heç nə ilə əvəz olunmayan bir nemətdir. Bu gün bağçaya gedən uşaq da, məktəbə gedən şagird də, ali məktəbə
üz tutan tələbə də onun
necə ağır və məşəqqətli
bir kəndli əməyi hesabına süfrənin üstünə
gəlib çıxdığını
bütün incəliyi
ilə bilməlidir.
Çox da ki, onlar
özləri yaşda
uşaqların cütboyun
öküzlərin boynuna
mindirilərək cüt
əkildiyini, tarlada qalan bir dəstə
sümbüldən, xırmana
daşınan arabadan yerə tökülən bir xışma buğdadan ötəri kolxoz sədrinin şallağının kürəklərdə
göyməyən qırmancının
yerini görməyiblər. Çox
da ki, onlar aclıq-qıtlıq
vaxtı bir loğma çörək
üçün körpələrin
səhərədək zar-zar
ağladığından, günlərlə
ac qalan adamların qədimi çəki tərəzisinin üstündə
tökülüb qalan
un tozunu dilləri ilə yaladıqlarından
xəbərsizdirlər, talonla çörək satılan
Böyük Vətən müharibəsi
günlərini, ötən
əsrin 90-cı illərinin
uzun çörək
növbələrini yaşamayıblar.
Çox
da ki, indi
mağaza piştaxtalarında çörəyin
çeşidi çox
genişdir: ağ çörək, Borodino çörəyi,
İvanovka çörəyi,
baton çörək, dənli
çörək, zavod
çörəyi, təndir
çörəyi, kəpəkli
çörək, çovdar
çörəyi, çəltik
çörəyi, qarğıdalı
çörəyi, qara
çörək, lavaş,
qozlu çörək, südlü çörək, fətir,
fəsəli, yuxa...
Bir az da statistika...
Azərbaycanın buğda tələbatı
təxminən 3,1 milyon tondur. Ölkənin buğda ilə özünü təminat
səviyyəsi 57,1 faizə çatır. Onu da qeyd edək
ki, müstəqilliyin
ilk illərində bu faiz nisbəti 30 faizə bərabər idi. Ölkədə
orta hesabla hər il
650 min hektar sahədə
buğda əkilir. Məhsuldarlıq təxminən
31,4 sentnerə bərabərdir. Son illərdə zəmilərdən
hər mövsüm 3
milyon tona qədər taxıl biçilsə də, bunun 2 milyon tona yaxını buğdadır. Hər
il 1,3-1,4 milyon ton həcmində buğda idxalına ehtiyac yaranır, başqa sözlə desək, ölkənin buğda idxalının səviyyəsi 42,9 faiz nisbətindədir. İdxal
edilən buğdanın
böyük həcmi
un istehsalında istifadə
edilən ərzaqlıq
buğdadır. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır.
2021-ci ildə 1 milyon
hektara yaxın sahədə taxıl əkilib və onun 572 mini buğda sahəsidir. Həmin sahədən 1 milyon
885 min ton buğda istehsal
olunub.
Statistik
göstəricilərə əsasən,
2020-ci ilin 11 ayı ərzində 262 milyon 497
min ABŞ dolları dəyərində
1 milyon 225 min 586 ton həcmində
buğda idxal edilib. 1 ton buğdanın
orta idxal qiyməti 214 ABŞ dollarına
bərabər olub.
2021-ci ilin 11 ayında
isə 287 milyon 557 min
ABŞ dolları dəyərində
1 milyon 17 min 503 ton buğda
alınıb.
1 ton buğdanın orta idxal qiyməti
283 ABŞ dolları təşkil
edib. Beləliklə,
son bir ildə buğdanın idxal
qiymətində təxminən
70 dollarlıq artım
olub.
Çörək qədri
Qədim bir rəvayətdə deyilir ki, evində çörəyi yığıb-yığışdıra bilməyən bir ailə başçısı Allah-təalanın yanına gedərək onun çörəyini bir az azaltmağı xahiş edir. Allah-təala ona deyir ki, get, evdə yuxa bişirt.
Ailə başçısı evə gələrək həyat yoldaşına evdə külfətin hər bir üzvü üçün bir önlük tikməyi tapşırır. Önlüklər tikilib hazır olandan sonra həyat yoldaşı sacda yuxa bişirir. Uşaqlara da tapşırır ki, yuxanı yeyəndə önlüyü qarşınıza tutun ki, ovulub tökülənlər oraya yığılsın, sonra ovulub tökülən yuxa qırıntılarını də ovuclayıb yeyin. Elə edin ki, yuxadan bir qram da itkiyə getməsin, qəhr olmasın.
Belə də edirlər, evdə hamı yuxanı yeyəndən sonra ovuntusunu önlüyün arasından yığıb yeyir, qəhr olmasına imkan vermirlər. Ailə başçısı baxır ki, evdə un dolu kisələr, təhnədə çörək aşıb daşır. Evdə çörək azalmır ki, artır.
Yenidən Allah-təalanın yanına gedib ona üz tutur. Böyük Yaradan ona deyir ki, ağsaqqal, sənin çörəyin heç vaxt azalmayacaq, həmişə bol olacaq. Çünki sən çörək qədri bilən kişisən.
Kaş bu müqəddəs nemətə qarşı hər kəsin qəlbində evində yuxa bişirtdirən həmin o külfət sahibi qədər hörmət və ehtiram olaydı...
Onda əlbəttə ki, təndirimiz bərəkətdən düşməzdi...
Təhnəmiz çörəklə bol, süfrəmiz ruzulu olardı...
Çörəklə imtahana
çəkilməzdik...
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.13.