Gülüş arxasındakı iztirablar  

 

"Dəlinin qeydləri" mono tamaşasının düşündürdükləri

 

Tamaşadan çıxandan sonra bir fikir məni tərk etmirdi: axı mən 3 il öncə də bu tamaşaya baxmışdım, mənimçün orda baş verənlər yeni deyildi, bəs niyə əsər boyunca ilk dəfə baxırmış kimi həyəcanlanır, indi obrazın daxili kədərinin hüznünə bürünmüşəm?! Yəqin elə bu hisslərin və xüsusən, bu sualın nəticəsidir ki, ikinci dəfə baxdığım tamaşadan yazı yazmaq ehtiyacı hiss etdim.

Yanvarın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Şövqi Hüseynovun ifasında "Dəlinin qeydləri" mono tamaşasına baxdıq. Etiraf edim ki, Şövqi Hüseynov adını gördüyüm hər tamaşaya mütləq baxmaq üçün can atdığım sənətkardır. Xüsusən, mono tamaşaları mənə ayrı bir zövq yaşadır. Çünki o, səhnədə tək və ya tərəf-müqabiliylə olmasından asılı olmayaraq, obrazını özləşdirə, lazım gəlsə, bir neçə obraza bürünə və peşəkarlığı sayəsində səhnəni doldura bilir.

 

"Dəlinin qeydləri" 27 ildən çoxdur ki, həm Azərbaycan səhnəsində, həm də müxtəlif beynəlxalq festivallarda uğurla oynanılır. Şövqi Hüseynovun bu tamaşanı 27 ildə neçə yüz dəfə (bəlkə neçə min dəfə?) oynadığını bilməsəm də, özüm ikinci dəfə idi baxırdım və dediyim kimi, ilk dəfə baxırmış kimi həyəcan keçirirdim. Bunun səbəbini isə az öncə internetdə tamaşayla bağlı araşdırma apararkən qarşıma çıxan bir müsahibədə tapdım. 2019-cu ildə tamaşanın 25 illik yubileyi zamanında Əməkdar artist verdiyi müsahibəsində bu sözləri deyibmiş: "...Mənim üçün mono tamaşa içimdə rahatlıq, səliqə-səhman yaratma prosesidir. Mono tamaşanı ona görə oynamıram ki, işim azdır, rolum yoxdur. Xeyr, işlərim həddindən artıq çoxdur. Repertuarda Cavid, Axundov, Şekspir, Molyer, Üzeyir bəy var. Yəni böyük bir repertuar var. İldə bir dəfə mütləq şəkildə mono tamaşa üzərində işləyirəm. Bunun repertuara daxil olub-olmayacağı o qədər vacib deyil. Sadəcə o prosesin özü mənim üçün maraqlı cəlbedicidir...

 

..."Dəlinin qeydləri" tamaşasını ilk dəfə oynayanda universiteti təzə bitirmişdim, hələ personajla baş verən problemləri o qədər dərk etmirdim. Zaman keçdikcə obrazı daha dərindən dərk edirsən daha dərindən oynamağa çalışırsan. Yaşın üstünə yaş gəlir, öz personajınla yaşıdlaşırsan. Ona görə insanlar eyni tamaşaya dəfələrlə baxmağa gəlir. Axı eyni şeyə dəfələrlə baxmaq insanı yorar. Bəs niyə gəlib baxırlar? Deməli aktyor sıfırdan başlamağı tamaşanı qoruyub saxlamağı bacarır".

Çox doğru yerində tapılmış cavab idi. Bəli, aktyor bu dəfə keçən dəfəkinin eyni deyildi. Yaratdığı obraz da, situasiyanı çatdırmaq tərzi fərqli idi. Sanki bu dəfə tamaşa daha fərqli dərin mətləblər açdı mənimçün. O dərin mətləblərin həyəcanı idi bürümüşdü ruhumu...

 

***

 

"Dəlinin qeydləri" tamaşası böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1834-cü ildə qələmə aldığı "Bir dəlinin xatirə dəftəri" povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb. İlk dəfə povest 1835-ci ildə "Arabesklər" toplusunda "Bir dəlinin qeydlərindən hissələr" adı altında dərc edilib. Sonralar isə "Peterburq povestləri" toplusuna daxil edilib.

 

 

 

Əsər baş qəhrəmanın gündəliyindən ibarətdir. Gündəlikdə hekayələr Aksentiy İvanoviç Poprişinin dilindən nəql edilir. Poprişin kiçik bir Peterburq məmurudur, rəsmi şöbədə dəftərxana işçisi vəzifəsində çalışır. Səhnə əsərində qəhrəman xüsusi lövhədə haqqında danışdığı hadisələrin gününü qeyd edərək danışır. Amma bu monoloqda ritm pozulmur, axıcılıq heç itmir. Əvvəlcə o, öz həyatını və işini, həmçinin, əhatəsində olan insanları təsvir edir. Sonra isə özünün müdirin qızına olan hisslərindən bəhs edir. Lakin məlum olur ki, kiçik məmur olan Poprişinin cəmiyyətdəki yeri, statusu ilə bağlı ciddi problemləri var. Çünki şöhrətpərəst, adpul düşkünü insanlar hər yerdə olduğu kimi onun cəmiyyətində də kifayət qədərdir və onlar Poprişin kimi məmurlara "yuxarıdan aşağı" baxırlar. Az sonra bütün bunlardan çox təsirləndiyi aydın görünən qəhrəmanın dəlilik əlamətləri meydana çıxır. Belə ki, o, müdirin qızının Meci adlı iti ilə danışmağa başlayır. Daha sonra isə həmin Meci adlı itin digər bir itlə yazışdığı məktubları oxuyur. Bir neçə gün sonra isə o, tamamilə real dünyadan ayrılır: ona elə gəlir ki, o İspaniya kralıdır. Onun bütün faciəsi də məhz bundan sonra özünün ən yüksək zirvəsinə çatır.

 

Əsər Poprişinin dəlilik əlamətlərini göstərən, amma çox böyük ciddiyyətlə danışdığı absurd hadisələr sayəsində tamaşaçının üzündə müəyyən gülüş yaratmağa qadir olsa da, seyrçi bu gülüşün arxasındakı əzabı, bir insanın faciəsini çox yaxşı duyur və istər-istəməz özünə, cəmiyyətinə nəzər salmaq ehtiyacı hiss edir. O, bunları o qədər real təsvir edir ki, hətta bir anlıq qəhrəmanın dəli deyil, çox ağıllı bir insan olduğu fikrinə də qapılırsan. Məsələn, balığın sudan sıçrayıb iki kəlmə söz deməsi, iki inəyin dükana girib çay istəməsi belə inandırıcı görünür. Qəhrəmanın faciəsinin alt qatındakı səbəblər isə sonlara doğru anasına müraciətində daha da aydınlaşır: "Bir yanda dəniz, bir yanda İtaliya! Budur, aşağılardan yoxsul rusların evləri görünməyə başladı. Uzaqlardan yavaş-yavaş görünən bu ev mənim evimdir yoxsa? Bəs pəncərənin qarşısında oturan qadın! Anamdır yoxsa? Əziz anam, qurtar bu qərib oğlunu! Bir göz yaşı damlası töksöndür ürəyimdəki yanğını! Bax, nələr çəkdirirlər balana! Məni qoynuna al ana! Ona bu dünyada yer yoxdur artıq! Sənin balanı hər yerdən qovurlar.

Əziz anam, bu yazıq balana heç bir mərhəmət göstərən yoxdur. Heç olmasa, barı sən mərhəmət et!"

 

Bu monoloq mənə bir psixiatrın sözlərini xatırlatdı: "Bizə əsl xəstələr deyil, əsl xəstələrin xəstə etdikləri müraciət edir".

Fikrimcə, iddiasıyla imkanları üst-üstə düşməyən qəhrəmanın faciəsindən bəhs edən  "Dəlinin qeydləri" hələ neçə “27 illər” repertuarda olacaqsa, yenə də maraqla baxılacaq. Necə ki, Qoqolun sözügedən əsəri iki əsrə yaxındır eyni maraq və sevgiylə oxunuroxunacaq da. Çünki insan var olduqca onun xəstəlikləri də olacaq, xəstə etdikləri də... İncəsənət isə ruhun dərmanıdır. Özünüzü dərmansız qoymayın!

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 11 yanvar.- S.16.