"Kiyev" ədəbi
jurnalında Nizami Gəncəvi
haqqında məqalə dərc olunub
"Kiyev" ədəbi
jurnalında "Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə"
sərlövhəli məqalə
dərc edilib.
525.az
xəbər verir ki, yazı jurnalın 2021-ci ilin dekabr
sayında, Nizaminin 880 illik yubileyilə bağlı çap
olunub. Məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin
kuratoru Marina Qonçarukdur.
"Kiyev" ədəbi
jurnalı Ukrayna Milli Yazıçılar İttifaqı tərəfindən
təsis edilib və 1983-cü ildən dərc olunur. Jurnalın baş redaktoru tanınmış ukraynalı
şair, nasir, jurnalist, ədəbi mükafatlar laureatı Teodoziya Zarivnadır.
Məqalədə Marina Qonçaruk Nizaminin
həyat və yaradıcılığı, əsərlərinin Ukrayna dilinə tərcümələri,
xüsusən də
Leonid Pervomayskinin ("Leyli
və Məcnun" poemasının tərcüməsi),
Vasil Barkanın ("Xosrov və Şirin" poemasından
parça), Vasil Mısıkın ("Sirlər
xəzinəsi" poemasından
parça), Nikolay Tereşenkonun ("Yeddi gözəl" poemasından
parça), Mikola Miroşniçenko və
Aleksey Kononenkonun tərcüməsində
Nizaminin qəzəlləri,
həmçinin Yevgeniy
Mironovun tərcüməsindəki
şeiri haqqında geniş məlumat verir,.
Məqalədə ukraynalı alimlərin,
şərqşünasların Nizami haqqında araşdırmalarına nəzər
salınıb, Aqantaqel
Krimskinin "Nizami və müasirləri"
monoqrafiyasına, o cümlədən,
Mıkola Qulak, Lev Lopatınski, Aleksandr Navrotski, Valeri Marçenko, Mikola Miroşniçenko Mikola Bajana, Qriqoriy Xalimonenko, Zəminə Əliyeva və başqalarının yazılarına
diqqət yetirilib.
Burada Azərbaycan ədəbiyyatının
görkəmli tərcüməçisi
Miroşniçenkonun Nizaminin
ukrayna dilinə tərcümə etdiyi "Sübhədək"
qəzəlinə yer
verilib.
Məqalədə qeyd edilir ki, "Nizami yaradıcılığının ukraynalı tədqiqatçıları
ilə tanış
olduqca özüm üçün heyrətamiz
kəşflər etdim:
Nizaminin Azərbaycan şairi olması fikrini Ukrayna alimlərinin əksəriyyəti
əsaslı şəkildə
müdafiə edirlər.
Təəssüf ki, bugün
çoxları həyat
və yaradıcılığı
Azərbaycan ilə bağlı olan görkəmli ukraynalı
alim, publisist, tərcüməçi, dövlət
xadimi, Kirill və Mefodi Qardaşlığının təsisçilərindən
biri Nikolay Qulak (1821-1899) unudulub.
O, 1886-cı ildən Gəncə
şəhərində yaşamış,
burada da dəfn olunmuşdu. Bir çox dil bilirdi, o cümlədən,
Azərbaycan dilini.
O həmçinin, Azərbaycan
ədəbiyyatını tədqiq
və tərcümə
edirdi, ələlxüsus
da Füzuli və Nizami Gəncəvi yaradıcılığını.
Haqlı
olaraq, Nikolay Qulakın ən məşhur fundamental əsərlərindən
biri "Görkəmli
şair Nizavi Gəncəvi və "Rusların Bərdə səfəri" poemasının
tədqiqatı" (1889) hesab
edilir. M. Qulakın elmi irsində Azərbaycan xalq folklorunun tədqiqatı mühüm yer tutur.
Hələ Tiflisdə ikən,
Qulak Azərbaycan və fars
dillərini öyrənir
və Nizaminin "Leyli və Məcnun"
poemasının, sonradan
isə "İskəndərnamənin"
rus dilinə tərcüməsini öhdəsinə
götürmüşdü. Bilindiyi üzrə, o, "Leyli və Məcnun" poemasının nəsr tərcüməsinə etinasız
yanaşıb, Azərbaycan
ədəbiyyatının şah
əsərinin nəzmlə
tərcüməsini o vaxtlar
Qafqazda yaşayan xalası oğlu Aleksandr Navrotskiyə tapşırır. Məhz bu
tərcümədən rusdilli
oxucular "Kəşkül"
qazetinin (Cəlal Ünsizadənin redaktoru olduğu qəzet) səhifələrində dahi
Nizami Gəncəvinin
yaradıcılığı ilə tanış olurlar".
Görkəmli ukraynalı yazıçı Roman İvanıçuk "Dördüncü fəza" (1984) tarixi romanını Mikola Qulaka həsr etmişdi. Bu romana görə, o, incəsənət sahəsinin ən yüksək mükafatına - Taras Şevçenko adına Milli Mükafata (1985) layiq görülmüşdü. Həmçinin romanda Mikola Qulakın Mirzə Fətəli Axundovla çoxsaylı görüşləri və Nizami Gəncəvi haqqında söhbətləri öz əksini tapmışdı.
Kitabda, həmçinin, Mikola Qulakın Cəlal Ünsizadə ilə Bərdə yolçuluğunda etdiyi söhbətlər yer alıb. Cəlalın o dövrün bir çox alimi kimi Nizaminin fars şairi hesab edib- etmədiyi sualına belə cavab verir: "Yox, mən onu milliyyətcə azərbaycanlı hesab edirəm. Polyak şairlər də latin dilində yazıb-yaradırdılar... Nizami poemalarında öz milli geyimlərini geyinmiş azərbaycanlılar yaşayır. Onlar azərbaycanca düşünürlər, sadəcə, onların yerinə şair fars dilində danışır, çünki Füzulinin zamanı hələ gəlməmişdi. Bizdə Şevçenkoya qədər kilsədə slavyan dilində yazırdılar... Bəs Nizaminin Firdovsinin mövzularını təkrar etməsi? Göte də "Faustu köhnə süjetlər əsasında yaratmışdı".
Məqalənin müəllifi, Ukrayna-Azərbaycan
layihələrinin kuratoru Marina
Qonçaruk bildirir:
"Ukraynalı alimlərin tədqiqatlarıyla daha yaxından tanış olduqca,
anladım ki, qarşıda hələ çox iş var. Düşünürəm ki,
"Nizami ili" Ukraynada mühüm hadisələrlə
zəngin idi, Ukraynanın
Nizamişünaslığa qayıdışı çox vacib idi və əminəm ki,
işlər bu il də
davam edəcək. Hesab
edirəm ki, bizim Nizami ilində Ukraynada hər
şeyi yenidən dərk etməyə, əvvəlki
fundamental tədqiqatlara yenidən baxmaq vaxtımız olmayıb".
525-ci qəzet.- 2022.- 11 yanvar.- S.15.