Şəkil təbəssümü

 

Esse

 

 

Başını bir azca qaldır, bir az da yana əy, üzünü sola çevir, əlimlə göstərdiyim istiqamətdən naməlum nöqtəyə bax... , bax belə.., bir az gülümsə.., bir az da..., bir az da.., , əladır, bax belə dayan, tərpənmə, çəkirəm... İndiki dövrün, telefonla min hoqqa çıxarmağın yollarının tapıldığı əsrin gəncləri bilməz, amma siz, bax elə sən özün məni gözəl başa düşürsən, bilirəm! Axı, fötoqraflar hansımızın başına belə oyun gətirməyib ki...

Yunan dilində "foto" - "işıq", "qrafo" - "yazıram", "çəkirəm" mənasını verən fotoqrafiya sənətinin qədim tarixi var. Uzun illər öncə xırda bir deşikdən qaranlıq otağa süzülən Günəş şüasının yaratdığı effekt insanların marağına səbəb olurdu. Bu effekt  hələ e.ə. 4-cü əsrdə yaşamış yunan alimi filosofu Aristotelə məlum idi. Müxtəlif tarixi abidələrin, o cümlədən, Aya Sofya məbədinin tikintisi zamanı arxitektorlar daxili güzgülərin yerləşdirilməsi prosesində həmin effektə - kamera-obskuranın (qaranlıq qutu) metoduna əsaslanırdılar. Kamera-obskura bir tərəfində kiçik dəliyi olan yeşiyə bənzəyirdi. Onu hansısa gur işıqlandırılmış bir cismə yönəldərkən digər tərəfdə onun kiçildilmiş çevrilmiş əksi alınırdı... İlk ağ-qara şəkil 1826-cı ildə çəkilmiş, bu işıq Günəş şüalarının təsiri ilə ərsəyə gətirilmişdi. "Pəncərədən La-Qrassın mənzərəsi" adlanan həmin şəklin çəkilməsinə isə "fotoqrafiyanın atası" sayılan Yozüf Nisefor Niyepsi az, çox, düz 8 saat vaxt sərf etmişdi...

O dövrdə, yəni 1970-80-ci illərdə fotoqraflıq gəlirli sahə sayılırdı, ən çox da ermənilər məşğul olurdu bu işlə. Şəhərin bir çox yerlərində, həm gediş-gəliş çox olan tərəflərdə indiki dillə desək, "Foto-studiya" vardı. Burda əsl peşəkarlar işləyir, insan həyatının müxtəlif anlarını kameranaın gözü ilə tutub, tarixin yaddaşına köçürürdülər. Ən yaxşı nümunələri studiyanın qarşısındakı şüşə lövhələrdə yerləşdirir, bununla da yoldan keçənlərin diqqətini özünə cəmləyir, şəkil çəkdirməyə maraq oyadırdılar...

Tələbəlik həyatı insan ömrünün ən yadda qalan, heç zaman unudulmayan dövrüdür. Ilk gənclik illərinə düşən o illər yeni ətraf mühiti, cəmiyyətin ziyalı üzü, yeni dostlarla yanaşı, ən çox dərs, imtahan qayğıları ilə yaddaşımızda qalır. Tələbə deyərkən mütləq yadına kirayə qaldığın evlər, getdiyin kitabxanalar, nəhəng universitet binaları, ən ucuz rahat minik vasitəsi olan tramvaylar da düşür. Cəmi-cümlətanı 3 qəpik ödəməklə səni mənzil başına çatdıran nostalji tramvaylar... Hələ bəzən tələbənin həmin o, "üç" qəpiyi ödəməyə imkanı olmurdu. Bəzən maraq xatirinə oğlanların tramvayın arxasından sallanıb getdiyini xatırlayarsınız yəqin...

İndi artıq çoxdan o foto-studiyalar da tarixin arxivinə köçüb, yerində ya hündür mərtəbəli evlər, ya da müasir dövrün ən çox ehtiyac duyulan obyektləri tikilib... Deməkdə məqsədim başqadı, həmin şəkillərin üzündəki təbəssümdü məni danışdıran. Şəkil çəkildiyi zaman ya filosof kimi dalğın, ya da aktrisa kimi təbəssüm olmalıydı üzündə. Elə indi bu məsələdə böyük bir yenilik yoxdu, adamlar şəkildə təbəssümlə qol-boyun olmağı sevir. Bir an sonra yenidən öz təbii dünyasına qayıdır...

Eh, bu da dözüləndi, şəkildi , bir anlıq pozitiv yaradır baxana da, şəkil sahibinə . Amma şəkillərin öz dili var, səssiz, sakit danışır səninlə.  Üstündən illər keçsə, əlinə alanda həmin vaxt dəqiq əhvalını xatırlayırsan, lap fotoqrafın, yanında olan adamların da...  Hətta aradan keçən dialoqlar da son cümləsinə, sözünə qədər qulaqlarında səslənir...

 

Hər addımda sünilik yorur adamı.., süni təbəssümlər, süni iltimaslar, riyakar gülüşlər, süni münasibətlər və s. Şəkil təbəssümü sindromu real həyatımıza çevrilib. Halımızı soruşuruq, cavablar da təbəssüm kimi qayıdır üstümüzə . Əslində, soruşan özüsoruşmaq xatirinə soruşur elə... Beləcə, "salam-sağ ol" və hər kəs yoluna... Ürəklər də qapılar kimi qapanır, insanlar yadlaşır, uzaqlaşır bir-birindən. Qohumluq əlaqələri, dostluq münasibətləri də az qala arxivləşir...

 

Keçmiş şəkillərə baxanda bir hisskeçir ürəkdən, keçmiş həmişə daha əziz, daha şirin görünür nədənsə...

 

"Təbəssüm də sədəqədir" - buyururdu Məhəmməd peyğəmbərimiz, sədəqəni isə ürəkdən verərlər, sevərək edərlər. Məhəmməd Füzuli isə:

Könlün xoş isə təbəssüm eylə!

 

Mehrin var isə tərəhhüm eylə!  - deyirdi.

 

Mən isə deyirəm ki, üzünüzü təbəssümə, qəlbinizi sevgiyə açıq tutun.  Yaşınızı dərd eləməyin, gülüşünüzlə elə yaşınıza da meydan oxuyacaqsınız, daha deməyəcəksiniz:

 

...Çək, ay şəkil çəkən, bil incimərəm,

Günah nə səndədir, nə də ki, məndə.

On səkkiz yaşında deyiləm ki, mən,

Yenə qüsursuz düşəm şəkildə....

 

Gülərkən bütün ruhunuzla gülün, uzaq məsafələri şirin, ürəkdən gələn təbəssümünüzlə yaxınlaşdırın. Unutmayın ki, təbəssüm Günəş işığı kimidir, qəm, kədər, hüzn bircə ilıq təbəssümlə dağılar... Təbəssüm, həm bütün qıfıllı qapıların yeganə paslanmayan açarıdır... Bir xoş təbəssüm ömür boyu yadda qalar, unudulmaz... Gülümsəyin, əzizlərim, hər sabah üzünüzü təbəssümlə yuyun, həyatınızı təbii xoşbəxt gülüşlərinizlə bəzəyən...

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2022.- 12 yanvar.- S.14.