Dünya boyda
işıq
Bu gün xalqın, millətin, bir sözlə, cəmiyyətin
ziyalı sözünə,
ziyalı kəlməsinə
və ziyalı işığına çox
böyük ehtiyacı
var. Və belə bir deyim var:
"Hər hansı bir tanınmış ziyalı dünyasını
dəyişəndə onu
ağlamaq lazım deyil, onu itirən
cəmiyyəti ağlamaq
lazımdır".
Nə yaxşı
ki, bu gün
xalq tərəfindən
sevilən və yaddan çıxmayan böyük ziyalıları,
istedadlı yazıçıları,
millətini və xalqını sevən vətənpərvər insanları
bəzi televiziya kanalları axtarıb tapır, onları verilişə dəvət
edir və işıqlı fikirlərini
cəmiyyətə çatdırır. Amma təəssüf
ki, xalqa, millətə lazım olan, maarifçilik ideyalarını yayan, tamaşaçının ürəyindən
tikan çıxaran verilişlər barmaqla sayılır. Səviyyəli tamaşaçı da həmişə belə verilişləri səbirsizliklə
gözləyir. Bu mənada yaxın günlərdə "Space" kanalında efirə getmiş "Açıq
söhbət" verilişini
xüsusilə xatırlamaq
istəyirik. Həmin
verilişin aparıcısı,
istedadlı jurnalist Zamirə xanımın qonağı danışığından
bal daman, hər sözündə hikmət
və işıq olan Seyran Səxavət
idi. İnanın, bu verilişə
tək mən deyil, mənim kimi tanıdığım
yüzlərlə ziyalı
çox böyük maraq və həvəslə
baxdı. Çünki
Seyran müəllimin fəlsəfi düşüncələri,
dünyaya fərqli baxışı və ən nəhayət, insanlarla öz dilində, xalq dilində danışması
bizim qəlbimizə yağışdan sonra günəşin çıxıb
təbiəti işıqlandırması
kim yadda
qaldı. Bu işıq
və yağış
yüz minlərlə
tamaşaçının ürəyində,
hətta ölmüş
ümidləri belə
diriltdi.
Verilişin hər dəqiqəsi, hər anı bizim üçün qızıl anlar idi. 45 dəqiqədən
çox davam edən bu verilişin
necə sona çatmasını şəxsən
mən hiss eləmədim.
Bir onu hiss elədim ki, içim, ürəyim, qəlbim işıqla, nurla və sevgi
ilə dolub. Və bir onu
hiss elədim ki, gör mənim kimi nə qədər
insanın qəlbinə,
ürəyinə bir nur gəlib. Onu da hiss elədim
ki, Seyran Səxavət bu səmimi çıxışı
ilə çox adamların ürəyinin
"sarı simi"nə
toxundu. "Sarı simə" toxunmaq elə də asan deyil ha! Onun üçün gərək sənin böyük ürəyin ola və
o ürəkdə xalqının,
millətinin iç dünyasını görə
biləsən.
Sözün açığı, mən
televiziya məkanında
bu cür verilişlərə çox
tamarzıyam. Tək mən yox ey, sözə, nura, işığa və sevgiyə ehtiyacı olan adamlar bu verilişləri
səbirsizliklə gözləyirlər.
Özü də Seyran
Səxavət kimi ziyalı və yazıçı belə
verilişlərə gələndə
həmin televiziya kanallarının reytinqi də yüksəlir və tamaşaçıları
da çoxalır.
Çünki biz sözün açığı,
televiziyada çıxış
edənlərin çoxunu
boğazdan yuxarı danışdığını görmüşük. Özlərini savadlı və elmli göstərmək üçün terminlərdən,
kütlənin başa
düşmədiyi ifadələrdən
istifadə edirlər.
Di gəl, belələrini
anla görüm nə demək istəyirlər. Demək istədikləri
cəhənnəm, özlərini
ağıllı göstərməyə
çalışırlar və
əks nəticə əldə edirlər.
Seyran Səxavətlə "Açıq
söhbət"də isə
sevimli yazıçımızın
hər sözündən,
hər kəlməsindən
bal damırdı. Bu bal elə belə
bal deyildi, "Bəhmənlidə
Həsənqulu oğlu
Qəbilin" arılardan
çəkdiyi bala oxşayırdı. O balda
qatqı olmadığı
kimi, Seyranın da söhbətində heç bir qatqı yox idi. Hamısı xalis, Azərbaycan dilinin bal sözləri
idi və bu bal sözlər Allaha and olsun ki, bizim qəlbimizə,
ruhumuza o qədər qida verdi ki,
hələ də onun təsirindəyəm.
Verilişdə Seyran müəllimin bütün fikirləri gözəl idi, orijinal idi, unikal idi. Amma iki fikri mənim üçün yeni bir dünya idi: birinci fikir Yusif Səmədoğlu ilə bağlı idi. Yusif müəllimlə Yazıçılar İttifaqının yanındakı bağdan keçəndə o dedi ki, mənim burda bir dostum var, gəl, səni tanış edim. Bir az getdik, əlini bir ağaca uzadıb dedi ki, bu ağac mənim dostumdur. İndi də o ağacın yanından keçəndə elə bil Yusif müəllimlə görüşürəm və onu təzədən xatırlayıram. İkinci fikir isə belə idi: Fuad Poladov ilə mən möhkəm dost olmuşam. Onun xanımından soruşurlar ki, Fuadın mobil telefon nömrəsi işləyir? Deyir, bəli, işləyir. Bəs kim zəng edir? Xanım da deyir ki, Seyran Səxavət! Allaha and olsun mənim də bir dostum var, 6 aydır dünyasını dəyişib. Elə mən də onun mobil telefonuna zəng edirəm. O telefonu da qardaşı qaldırır. Deməli, böyük ziyalılar, böyük şairlər, böyük yazıçılar heç vaxt ölmürlər. Mən düşünürəm ki, Fuad Poladov kimi böyük şəxsiyyətlə elə Seyran Səxavət dostluq edə bilərmiş. Çünki hər ikisi təmiz, vicdanlı, ədalətli və vətəni sevən çox böyük ziyalıdır. Heç kimə ömrü boyu əyilməyən böyük kişilərdi.
Seyran Səxavətin məşhur
şeirindən məşhur bir misra yadıma düşür:
"...Gedib yetmiş iki dil öyrənmişəm,
hələ tapmamışam dilini sənin".
Əslinə qalanda Seyran
müəllim hamının dilini
tapıb. Sadəcə olaraq bəzi adamlar onun dilini
tapmadı. Bu dil
haqqın, ədalətin, kişiliyin, mərdliyin
və vətənin dilidir. Bir daha "Açıq
söhbət" verilişi göstərdi
ki, yazıçı Seyran
Səxavətin mayası düzlükdən, haqq-ədalətdən,
ləyaqətdən və mərdlikdən yoğrulub.
Bu cür
yazıçılar və ziyalılar məkanından və
zamanından asılı olmayaraq, bir sifətləri, bir
mövqeləri və işıqlı düşüncələri
olduğuna görə, həmişə
seviləcəklər. Allah-təala belə
ziyalılarımızı,
yazıçılarımızı qorusun!..
Faiq
QİSMƏTOĞLU
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.14.