"Universal-onlayn"ın mahiyyəti
və əhəmiyyəti
"ADAPTİV
TƏHSİL SİSTEMİ" HAQQINDA
MÜLAHİZƏLƏR
Şəkildə: professor Valeriy Kiriçukla Ukrayna Milli Elmlər Akademiyasında. Kiyev, iyun 2017-ci il.
Haqqında söz açacağımız
layihənin məqsədi
şagirdlərin sağlamlığını
qorumaq, psixoloji durumlarını nizamlamaqla,
onların təhsil aldığı sinifdə
və məktəbdə
geri qalmamasını təmin etmək, cəmiyyətə gərəkli
olan savadlı və bacarıqlı mütəxəssis, bir sözlə, əsl vətəndaş yetişdirməkdən
ibarətdir.
Artıq ikinci dəfə idi ki, Ukraynada
və dünyanın bir sıra ölkələrində
uzun illərdir uğurla tətbiq olunan "Universal onlayn - şagirdin fərdi inkişaf layihəsi" sisteminin rəhbəri, pedaqoji elmlər namizədi Valeriy Aleksandroviç Kiriçukla
görüşürdüm. Kiyevə gəlməzdən
öncə danışdıq
ki, onun rəhbərliyi ilə həyata keçirilən
sistemin mahiyyəti haqqında daha ətraflı məlumat əldə etməyimizə
şərait yaratsın.
Razılaşdı. Mənimlə birlikdə azərbaycanlı
müəllimlərin də
olacağını bilib
çox sevindi. Təklif etdi ki, Ukrayna
Milli Pedaqoji Elmlər Akademiyasının
İstedadlı Uşaqlar
İnstitutunda seminar təşkil
etsin. Seminarın mövzusunu da
çox düşünməyə
ehtiyacımız olmadı.
"Universal-onlayn xidməti əsasında şagird şəxsiyyətinin
inkişafı layihəsinin
idarə edilməsi"
mövzusunu müəyyənləşdirdik.
Valeriy Aleksandroviç
seminarın maraqlı
keçməsi, mövzunun
daha dərindən mənimsənilməsi üçün
bu sistemdə uzun illərdir ki çalışan Çerkassı Dövlət
Universitetinin fundamental tibb
kafedrasının müdiri,
tibb elmləri doktoru Sergey Rudenkonu, layihənin aparıcı təlimçisi Lyudmila Etonaevanı
da dəvət etmişdi. Sistemin geniş əhatədə
yayılmasında, onun
elmi əsaslarının
pedaqoji ictimaiyyətə
təqdim olunmasında
bu mütəxəssislər
müstəsna rol oynayıblar. Onu da qeyd edim ki,
"Universal-onlayn" sisteminin
əsası Valeriy Aleksandroviçin atası,
psixologiya elmləri doktoru Aleksandr Kiriçuk tərəfindən
qoyulub.
Sistemin mahiyyəti
"Universal-onlayn" sistemi şagird şəxsiyyətinin hərtərəfli
inkişafına yönəlib. Bu sistem pedaqogika, psixologiya, tibbi məlumatların emalı
işinin təşkili
sahələrində nəticələrin
birləşməsindən ibarətdir.
Valeriy Kiriçuk
vurğulayır ki,
"Universal-onlayn" müəyyən
şərtlər daxilində
"Adaptiv təhsil sistemi" də adlandırıla bilər. Sistem hər
bir uşağın özünəməxsus şəkildə
inkişaf etdiyini nəzərə alaraq onun fərdiləşmiş
təlim və tərbiyəyə ehtiyac duyduğunu özündə
ehtiva edir.
Sistemdə təhsilalanların hər
birinin obyektiv təhsil tələbatlarını
ödəmək üçün
onların təhsil ehtiyacları müəyyənləşdirilir. Sistemin prinsiplərinə
əsasən, şagird
təhsil aldığı
müddətdə hərtərəfli
tibbi-psixoloji-pedaqoji diaqnostika
edilir. Bu ehtiyacların faktiki təhlilinin aparılması
və təhsil tsiklində şagirdin şəxsi inkişafını
təmin edən fərdi tapşırıqlar
müəyyənləşdirilir. Müəyyən vəzifələri yerinə yetirmək və müəllimlərin
işini təşkil
etmək üçün
layihə metodu tətbiq edilir. "Universal-onlayn" - ümumtəhsil məktəblərində
kollektiv təlimdə
fərdi təhsilin həyata keçirilməsinə
imkan yaradan inteqrasiya edilmiş bir vasitədir. Bu sistem mövcud maliyyə, kadr, təşkilatçılıq baxımından zamana qənaət etməklə
müəllimlərin işini
asanlaşdırır", - deyə Valeriy Kiriçuk söyləyir.
Şagirdin bütün fəaliyyətinin
əsasında onun sağlamlığı dayanır
Valeriy Kiriçuk
"Universal-onlayn" sisteminin
əhatə etdiyi problemləri aşağıdakı
kimi qruplaşdırır. Qeyd edir
ki, sistem, birmənalı olaraq, sağlamlığın qorunmasına
xidmət edir. Şagirdin bütün fəaliyyətinin
əsasında onun sağlamlığı dayanır.
Həm fiziki, həm də mənəvi cəhətdən biz ilk növbədə
sağlamlığı təmin
etməliyik. Sağlamlıq olmasa, öyrənməkdən
və öyrətməkdən
söhbət aça
bilmərik. Sağlam şagird
sağlam gələcəyin
təməlidir. Sistem sosiallaşmaya
xidmət edir. Valeriy Kiriçuk qeyd edir ki, sistemə
qoşulan məktəblərdə
şagirdlər üçün
həyata keçirilən
layihələr, tədris
prosesində tətbiq
olunan metodlar müəllim və şagirdlər arasında
körpü rolunu oynayır. Sistemin ən vacib hədəflərindən biri
ünsiyyət mədəniyyətinin
formalaşdırılmasıdır.
Fərdlər arasında yaranan
mədəni ünsiyyət
sinifin psixoloji mühitini də normallaşdırır. Sağlam psixoloji
mühit fiziki və mənəvi sağlamlıqla yanaşı,
mükəmməl öyrətmə
və öyrənmə
prosesinə də yol açır. Sistem, eyni zamanda şagirdlərin
liderlik xüsusiyyətlərinin
formalaşdırılmasına xidmət edir, onları özünü sübut etməyə həvəsləndirir.
Tərbiyə məsələlərinə diqqət
"Universal-onlayn" sistemində şagirdlərin
təlim-tərbiyəsinə əsas yanaşma 3 alt sistemin qarşılıqlı
təsirini təmin edir. Sistem yaradıcıları haqlı olaraq birinci yerdə tərbiyəni qeyd edirlər. Burada tərbiyə ümumi
hədəf təyinatlıdır.
Sonra isə təlim gəlir. Sistem yaradıcıları təlimi
tərbiyə məqsədlərinə
nail olan vasitə kimi vurğulayırlar. Nəhayət şagirdin fərdi inkişafı... Onlar şagirdin fərdi inkişafını tədris
prosesinin əsas məhsuldar tərəfi hesab edirlər.
"Universal-onlayn"ın əhatə
dairəsi
Valeriy Kiriçukun
sözlərindən bəlli
olur ki, "Universal-onlayn" sistemi şagirdlərin fiziki, zehni, sosial və
mənəvi inkişafının
obyektiv və operativ qiymətləndirilməsi
üçün kompleks
psixoloji və pedaqoji diaqnostika üsullarını özündə
birləşdirir. Sistemdə, eyni zamanda psixoloji, tibbi və pedaqoji diaqnostika və şəxsi inkişaf səviyyəsi təhlil olunur. Məhz təhlildən əldə
olunan nəticələrə
rəğmən, sinifdə
yaradılacaq təbii,
obyektiv və sosial mühitdə şagirdə yanaşma nizamlanır.
"Universal-onlayn" orta təhsil müəssisəsinin ümumi
məqsədlərini göstərməklə
yanaşı, şagirdlərin
şəxsi keyfiyyətlərinin
(fiziki, mental, sosial, mənəvi) inkişafını
nəzərdə tutur. Burada eyni
zamanda şagirdin təhsil sisteminin xaricində özünü
inkişaf etdirməyə
hazır olması da diqqətdə saxlanılır.
8 metod və 116 kriteriyaya malik unikal sistem
"Universal-onlayn" sisteminin tətbiqi sinifdə müxtəlif rollu oyunların da həyata keçirilməsini zəruri
edir. O, layihə olaraq
funksional sistemə malikdir. Valeriy Kiriçuk bu sistemdən bəhs edərək vurğulayır
ki, 1-2 iş günü ərzində təhsil prosesinin üzvlərinə - təhsil
alanlara, valideynlərə,
müəllimlərə və
tibb işçilərinə
8 metod və 116 kriteriya üzrə distant sorğu göndərilir. Sorğunun nəticələrinə
və onların analizinə əsasən, hər bir şagirdə:
- fiziki, psixoloji,
sosial və mənəvi inkişaf baxımından proqnoz qoyulur;
- təhsil müəssisəsində
təhsil ili üzrə sinifdə təhsil alan hər bir şagird
üçün fərdi
inkişafı təmin
edən semestr tapşırıqları hazırlanır;
- layihə dizayneri
vasitəsilə təhsil
və tərbiyə layihələri yaradılır;
Bununla da təhsil proqramları və təhsil layihələri bankı təşkil olunur.
- Təşkilatçılar tərəfindən
hazırlanan layihələr
əsasında təhsil
müəssisəsi üçün,
sistemli-kompleks, qrafik, təqvim planı, layihə modeli, plan vahidi, fərdi plan, ayrıca iş növləri olmaqla 7 tip
plan tərtib edilir;
- avtomatik olaraq
fənn müəllimləri,
psixoloqlar, sinif rəhbərləri üçün
xidmət planları: təqvim planı, kompleks sistemli plan və qrafik plan alınır;
- Ssenaristlərin köməyilə
şəxsi inkişafyönümlü
dərslərin və
tərbiyəvi tədbirlərin
ssenarisi hazırlanır;
- Müəllimlərin işinin
keyfiyyətini yoxlamaq üçün xüsusi
keyfiyyət protokollarından
istifadə olunur;
- Şagirdlərin inkişafının statistik göstəriciləri cədvəllər, qrafiklər, matrislər şəklində tərtib edilir (tibbi diaqnoz, psixi və sosial vəziyyət, inkişaf tənliyi və s. əsasında 116 meyarla analiz edilir, 500 variantdan çox seçim olur);
- Təhsil müəssisəsi və siniflər üzrə uşaqların fərdi inkişafının dinamik monitorinqinin qrafikləri hazırlanır.
Sistemin tətbiqi zamanı nəzərə alınmalı olan prinsiplərin mövcudluğundan bəhs edən Valeriy Kiriçuk onları aşağıda qeyd edəcəyim formada təsnifləşdirir. O, şagirdin hərtərəfli inkişafına yönəldilmiş bu prinsiplərdən ilk olaraq:
- "Tədris müəssisəsinin sistematik korreksiyaedici, profilaktik, inkişaf vəzifələri və fərdi inkişaf məsələləri" prinsipindən bəhs edir. Bu prinsipə əsasən, şagirdin deviant davranışının ani vəziyyəti deyil, onun şəxsiyyətinin inkişafı ilə bağlı son proqnozlar əsas götürülür.
- "Diaqnostika, inkişaf və korreksiya birliyi" prinsipi, Valeri Aleksandroviçin sözlərinə görə, pedaqoji prosesin bütövlüyünü təmin edir. O bildirir ki, hər hansı subyekt haqqında ilkin məlumatları bilmədən effektiv və genişmiqyaslı korreksiya-inkişaf işlərini aparmaq mümkün deyil. Şagird haqqında obyektiv məlumatlar, onun inkişaf xüsusiyyətləri, yaşıdları və böyüklərlə münasibəti, deviant davranışı düzəltmək və potensial imkanları inkişaf etdirmək üçün lazımi metod və üsulları tapmaq çətindir. İnkişafı korreksiya edən pedaqoji proses dəyişikliklərin olub-olmamasını, korreksiyaetmənin inkişafının və sürətinin dinamikasının idrəedilməsini; diaqnostik prosedurların aparılmasını, düzəliş və inkişaf fəaliyyətlərinin bütün mərhələlərini - məqsədə çatmaq üçün başlanğıcdan yekun nəticəyədək olan bütün proseslərin reallaşdırılmasını nəzarətdə saxlayır.
Böyükağa MİKAYILLI,
"Məktəbəqədər və ibtidai təhsil" jurnalının baş redaktoru
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.10.