İnam ünvanı, ümid
qaynağı
ZƏNGİLANLI
SEYİD HƏSƏN AĞANIN BƏNZƏRSİZ
HƏQİQƏT DÜNYASINDAN LÖVHƏLƏR
İnanc inamdı. İnamla inancın arası bir duyumluqdu;
inanırsan, bu inam sənin düşüncələrinlə
doğmalaşır, düşüncələrinin mənəvi
bürüncəyinə dönür. İnam
yaşantılardadı, inancda səmavilik də var.
Uşaqlığımızda bizə elə gələrdi ki,
yaz yağışına qoşa ovuc açsaq, göz
açıb-yumunca ovcumuz dolsa, bütün niyyətlərimizə
çatacağıq. Niyyətlərimiz nə
idi? - uşaqlıq
dünyamızı əhatələyən oyunlar.
Təkcə təbiət hadisələrinə deyil, bəşərə
də belə inanclar olub, var, olacaq da. 500 il əvvəl Şeyx Heydərin kəramətinə
inanan qüdrətli sərkərdələr bu kəramətin
dünyəviliyinə nə qədər inanmışdı!
Bu inam yaşadı, yaşadıldı...
İnanclarımız
da formalaşdı...
Seyid Həsən ağa haqqında
uşaqlığımdan eşitmişdim. Onu duruluq
çeşməsi adlandırırdılar, ona çarəsizliyin
çarəsi deyirdilər. Deyilənlər
olmuşlara görə deyilirdi, söz kimi dildən-dilə gəzirdi,
fakt kimi, hadisə kimi yaşadılırdı. Bu da inancın nəticəsiydi; hər nəticə
gerçəkliyin ifadəsidirmi? Yox, nəticə
nələrin ümumiləşdirilməsindən də
asılıdı, necə ümumiləşdirilməsindən
də. Gerçəkliyə belə
ümumiləşdirmələr yaddı. Ümumiləşdirmə
gerçəkliyin özündədi. İnanc
buna görə inancdı. İnanc ürəyə
sarıldısa, ümumiləşir. Min illəri belə
yaşamışıq, belə də yaşayacağıq...
Atası Hacı Mirməhəmməd ağa XIX əsrin
ortalarında Nəcəf şəhərində anadan olub,
mükəmməl dini təhsil alıb. Naxçıvana
göndərilib. Ordubad mədrəsəsinə
rəhbərlik edib. Həm də
arzulayanlara dünyəvi elmləri də öyrədib.
Tanınmış ziyalı, istedadlı şair Əbdüssəməd
bəy Aşiqin (zəmanəsinin Qasım bəy Zakir və
Aşıq Pəri kimi tanınmış
adamlarının məktublaşdığı
şair Məhəmməd bəy Aşiq Zəngilaninin
oğlu) dəvəti ilə Zəngilana gəlib, Zəngilan kəndindəki
məsciddə axund olub, dini maarifçilik sahəsində
böyük işlər görüb.
Hacı Mirməhəmməd ağa gözəl duyuma
malik olub. Ağanın şeirə, şeiriyyətə də
böyük marağı, sevgisi varmış. Ötən əsrin əvvəllərində (1905-ci
ildə) Zəngilanda məclisi-üns (şairlər məclisi)
yaradıbmış. Şamaxıda Mahmud ağanın
maarifçiliyini Zəngilanda Mirməhəmməd ağa
yaşadırmış; poeziyanın
aşıladığı duyğular da maarifçiliyin
işartılarıdı, işığıdı, nurudu...
Seyid Həsən
1888-ci ildə Zəngilanın Məlikli kəndində anadan
olub, 1984-cü il fevral ayının 6-da 96
yaşında əbədiyyətə qovuşub.
Tanıyanlar deyirlər ki, Seyid Həsən ağanın
bənzəri olmayan həqiqət dünyası olub. Kürreyi-ərz
sığarmış bu dünyaya. Nəsimilik
kimi. Ona görə hamı onun
müdrikliyinə tapınarmış. Yaxın-uzaq ellərin
güvənc yeri olub Seyid Həsən ağa, ümid yeri, məsləhət
ünvanı olub...
Yaddaşlarda
gözəl boy-buxuna, qamətə malik olan adam
kimi qalan Seyid Həsən ağa gözütox olub. Təmiz, səliqəli
geyimi-kecimi gözlərə də xoş gələrmiş,
könüllərə də: qalife şalvar,
gümüşü buxara papaq, xrom çəkmə, şəvə
qara bığ. "Ömür halal
yaşamaqdı, oğul. Tanrımızın
lütfüdü halal ömür, yaxşı ad. Belə
yaşayın ki, sizdən sonra da belə
yaşasınlar..." Müdrik insanın
gözəl kəlamlarıdı. Neçə
illərdi Ağanın bu kəlamının
işığı ömür yolunu nurlandıranlardan biri də
mən olmuşam.
Seyid Həsən
ağanı yaxından tanıyanlar deyirlər ki, bu kəramət
sahibi təmənnasız adam olub. Nə edibsə, təmənna güdmədən
edib. Yəni onun yaxşılıqları
imana söykənib. Həm də
yaxşılığı ömür fəlsəfəsi
bilib. Hamı ona kəramətinə görə hörmət
edirdi, o, söykökünün baslanğıcının
müqəddəsliyinə...
İlk
gördüyü adamın gözlərinə baxınca
kimliyini təxmin edə bilirdi; Seyid Həsən ağa fəhmli
adam idi. Həm də kövrək adam kimi tanıyıb onu tanıyanlar. Onun adında da işıq olub, üzündə də.
Özü olan yerdə özü, özü
olmayan yerdə sözü keçərli olub. Seyid Həsən ağa adı çəkilən
yerdə hirs-hikkə sovuşardı, qəzəb
sovuşardı, əl kəsməyə meyillənən əl
kəsmək istədiyi əli isidərdi. Seyid Həsən ağa belə yaşadı, indi
adı da, ruhu da belə yaşadılır. "Həyat
körpü, insanlar yolçu, gördüklərimiz dərs,
aldıqlarımız ibrətdir", - Seyid Həsən
ağanın kəlamlarındandır. Seyid Həsən
ağa həm də mahiyyəti
pedaqoji örnək kimi yaşadılmalı kəlamlarıyla
da yadda qalıb, yaşayır, yaşadılır:
"Böyüyünü saymayan Allahını da saymaz",
"Nəfsi iti olan mömindən mömin olmayan daha fərzdir",
"Kimin ki, nəfsi çox oldu, ondan xeyir gözləmə",
"Xoşxasiyyət adamla yoldaşlıq et, bədxasiyyətdən
isə uzaq qaç ki, xasiyyəti sənə də keçər"...
Hər adam el-obanın nüfuz rəmzi, inam rəmzi,
inanc rəmzi olmağa qadir deyil.
İşğaldan
əvvəl də, işğal vaxtında da, işğaldan
sonra da kimi onun ərkyana zarafatlarını xatırlayır,
kimi onu Allaha bir köynək yaxın adam kimi,
övliyaların əziz adamı kimi xatırlayır, kimi gümrah, ötkəm səsli,
nursima Ağanı böyük sevgilərlə yada salır,
kimi uşaqlığından, gəncliyindən Ağanın
öyüd-nəsihətlərinin, qayğısının, nəvazişinin,
bir az da inanc kimi cəddinin cazibəsində olduğunu etiraf
edir. Belə ömürə müqəddəs
ömür deyirlər. Və nə gözəl deyirlər! ..
Günlərin birində Seyid Həsən ağa
Bakıya gəlibmiş. Nə mətləbə? - bir özü bilərdi, bir də
Allahımız. Yəni Seyid Həsən ağa
"Ürək xonça deyil ki, hər yetənin
qarşısında sərəsən" fəlsəfəsiylə
yaşayarmış.
Dəmiryol vağzalının yanındaymış. Xəyalında,
el arasında deyildiyi kimi, "dağı arana
daşıyırmış, aranı dağa". Özünün "çək-çeviri" deyilmiş,
arxası-dayağı olmayan birini qondarma "silistin"
sıxıntılarından xilas etmək niyyətiylə
söz eşidən bir adama ağız açmaq niyyətilə.
Belə anlarda zaman dayanır elə bil. Dayanmış zaman içində səbəbsiz-filansız
yola boylanırmış.
Bu ara görür ki, bir az aralıdan
ötüb-keçən faytondan iri bir bağlama
düşdü. Sövq-təbii, hansı
marağa görəsə ona yaxınlaşır. Baxır. Görür ki, puldu.
Əl vurmur. Bir xeyli
aralıda var-gəl edən milisləri səsləyir. "Bu qədər pul yəqin ki, dövlətindi.
Dövlətə qaytaraq, halal havamız bizə
bəsdi..." - deyir Ağa. Ağanın təklifi (bəlkə
də tələbi!) ilə akt yazırlar...
Seyid Həsən ağanı Bakıya gətirən niyyəti
pul kisəsi təsadüfi tamamlamışdı. Seyid Həsən
ağa vağzaldan uzaqlaşmamış başının
üstünü iki milis kəsdirir. Ona
NKVD-yə getməli olduğunu bildirirlər. Cəsarətlə
soruşur ki, nəyə, niyə... "Həsən
Mirməhəmməd oğlu sən deyilsənmi? Bir az əvvəl bir kisə pul tapan kişi",
- suala sualla cavab veriblər. Daha heç nə
soruşmur.
Seyid Həsən ağanı NKVD-yə aparırlar. O pul məsələsinə
görə. Yüksək rütbəli NKVD məmuru bu qədər
pulu dövlətə qaytaran adamın kim
olduğunu bilmək istəyib (bir el məsəli
düşür yadıma: "Təbib-loğman qarşı
gələr, xəstə sağalasıdısa").
Bir azdan
sonra NKVD məmurunun
qəbulundaymış. Nə
danışıblar, hökumət ağa rəiyyət
ağadan nə soruşub, Seyid Həsən ağa bu haqda
heç kimə bir kəlmə də söz deməyib.
Hökumət ağa rəiyyət ağaya bir kağız
verib: "Təcili! Toxunmadan işlə təmin
edin!" İmza. Möhür.
Bu imza, bu möhür arxası-dayağı
olmayan həmin cavanın da taleyinə çökməkdə
olan buludu da, Zəngilanın Genlik kəndinin göylərində
dolaşan qara buludu bu təsadüf (yoxsa zərurət!) dağıtmısdı.
Zəngilanda sözü də, özü də dürüstlərdən biriymiş Seyid Həsən ağa. Dediyinə inanılarmış. Bu, dürüst ömürə inancın nəticəsiymiş. O illəri bu illərdən yada salanda könlümdə qımıldanan bir fikir dürüst ömürə, uca ömürə ehtiram kimi düşüncələrimin nizamına dönür: Aya, Günə inancımızla Tanrıya tapınmışıq. Bu tapınmanın qüdrətidir ki, Seyid Həsən ağaya inancımızla özümüzü tanımışıq...
Bu inanc bu gün bizi Zəngilana çəkir; yurd sevgisi, ata yurdu sevgisi, doğma ocaq sevgisi, bir də bu sevgiləri süsləyən müqəddəs inanc...
1951-ci il imiş. Zəngilanda bir nəfərə böhtan atıblarmış. Məsələ böyüdükcə gərginləşir. El sözünü eşitmirlər. Niyyət aman vermir ki, dədə-baba adətiycə araçılar aranı düzəldələr, böhtan "ayaq açıb yeriməyə". Böhtana görə açılan iş məhkəməyə göndərilmə ərəfəsində Seyid Həsən ağa deyir ki, "qaradan artıq rəng olmasa da, seyrçi olmaq günahdı. Mən bu işin söz yükünü çəkərəm..."
Seyid Həsən ağa Bakıya gedir. Vağzalda tapdığı pula görə NKVD-yə aparılanda tanıdığı məmurla görüşür. Vəziyyəti danışır. "Mən tanımadığım, inanmadığım adam üçün sizə ağız açmazdım..." - deyir. Yüksək rütbəli zabit gülümsünür:
- Sənə inanırıq, Həsən Mirməhəmməd oğlu.
Qada bununla sovuşur...
Rayon mərkəzindəki kitab mağazasına baxmaq istədim. Beş-on gündən sonra Bakıya gedəcəkdim, qəbul imtahanları başlayacaqdı. İngilis dili müəllimi olmağı qərara almısdım. Niyə müəllim? Həm də niyə ingilis dili müəllimi? - dürüst yadımda qalmayıb. Müəllimlərimə sevgininmi təsiriydi, atamın söhbətlərininmi, atamın Seyid Həsən ağadan xatırlatdığı kəlamınmı: "Ən gözəl savab öyrətməkdi. Çalışın öyrədənlərdən olun". Onda mən öyrədənin müəllim olduğunu düşünmüşdüm...
Kitablara baxırdım. Qəflətən gördüm ki, Ağa kitab mağazasındadı. Hamı kimi mən də ona yaxınlaşdım. Ağa mənimlə də görüşdü. Əlim əlindəykən kim olduğumu soruşdu. Dedim. Ağa o biri əlini çiynimə qoydu, məni bir qədər özünə tərəf çəkdi:
- Sən mənə çox yaxın adamsan, ay oğul. Eşitmişəm, yaxşı oxuyursan.
Əlini uzunboğaz çəkməsinə saldı, bir "iyirmibeşlik" çıxardıb mənə verdi:
- Götür bunu. Tələbə olanda ilk alış-verişini bu pulla edərsən. Bakıdan qayıdanda mütləq bizə gələrsən, sənə deyəcəklərim var...
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (hazırda Azərbaycan Dillər Universiteti adlanır) qəbul olundum.
Ağanın məsləhətləri ömür yoluma düşən işığa döndü...
Nüfuz əməllə sözün, sözlə işin, işlə niyyətin vəhdətindən boy göstərir, görünür, camaat bu nüfuzu inam yeri bilir. Nüfuz ağsaqqallıq səviyyəsində yaşadılır, müqəddəsləşir. Nüfuz yiyəsi seyiddisə, bu müqəddəsləşmə düşüncələrdən könüllərə köçür, könüllərdən yaşanılacaq illərə. Beləcə, inam inanclaşır, inanc yaşam fəlsəfəsi olur, yaşam fəlsəfəsi Vətənə sevginin, el-obaya vurğunluğun, milli-xəlqi ruhu yaşatma niyyətinin, ... tərkib hissəsinə dönür.
İsmayıl Zəngilanlı xatırlayır ki, Seyid Həsən ağaya həsr edilmiş şeiri dərc prosesində ləngitmək (redaksiyanın daxili tələbi olsa da) istərkən kompüterlər qəfil dayanıb. Qonşu otaqlarda kompüterlər normal işləyirmiş. Əməkdaşlar, bu sıradan Bəhruz Seyidli yarım saat "nə edim, necə edim"lə baş-başa qalıb. Qəflətən yadına düşüb ki, İsmayıl Zəngilanlı ona bu şeirə bir qədər sayğı ilə yanaşmağı tapşırmışdı. Seyid Həsən ağanın şəklini də, ona həsr olunan şeiri də ehtiramla dərcə hazırlamaq istəyəndə kompüterləri işə salmaq mümkün olub...
Fakt belədir. Fakta inanmaq oxucunun düşüncələrindən, inanclarından, inanclara münasibətindən asılıdır...
Camaat Seyid Həsən ağaya qəlbən inanırdı...
Köməyə möhtaclar Seyid Həsən ağadan nicat, qurtuluş, şəfa umurdu...
Seyid Həsən ağa könül adamı idi. Həmsöhbətini səbrlə dinləyərdi. Bu dinləmə umacaqlı həmsöhbətinin inamını daha da artırardı, inanardı ki, dərdinə əlac olacaq, ağrı-acıdan can qurtaracaq...
O illərdə Seyid Həsən ağanın qapısına dərdli gələn dərdsiz qayıdardı - ona elə gələrdi ki, Ağanın əli əlinə toxundusa, nəfəsi nəfəsinə dəydisə, dərd-bəla köçünü çəkəsidi.
İşi "işkilə" düşənə elə gələrdi ki, Ağanın bircə anlıq sükutu, sonra Allah adına xütbəsi, sonra xeyir-duası işi öz axarına salacaq, "dolaşığa düşən" iş açılacaq...
Yüzlərlə "yolunu azan" adam Seyid Həsən ağanın söhbətlərindən, tövsiyələrindən sonra əyri yoldan çəkinmişdi, düz yola qayıtmışdı, inanmışdı ki, düz yolnan gedənin "ayağına daş dəyməz"...
Camaat istəyirdi ki, səpinə Seyid Həsən
ağanın xeyir-duası ilə başlasın, biçində
sünbülə Seyid Həsən ağanın əli
toxunmamış oraqlara əl vurulmazdı, sonralar kombaynlar
işə salınmazdı. Bunlar da inanc idi. O illər
çox uzaqlarda qalıb. Sonralar Zəngilan işğal olundu.
2020-ci ildə Zəngilan işğaldan azad edildi. Camaat
inanır ki, Zəngilanda quruculuq işlərinə Seyid Həsən
ağanın ruhu duaçıdı. Onun ruhunun duasıyla evlər
də tikiləcək, qayıdış da olacaq, əkin-səpin
də, biçin də...
Bayram Məmmədov
Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 13 yanvar.- S.15;16.