"Mehriban nağıllar" müəllifindən şeir töhfəsi  

 

 

Uşaq yazarı Mehriban Nağıyevanın ötən il Bakı Uşaq Nəşriyyatında "Uşaqların şeir payı" adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Nərgiz Əliyeva, rəssamı Mərziyə Şövkətdir. Qeyd edək ki, Mehriban Nağıyeva uşaqlar üçün nağıllar yazır. Bu dəfə isə o, balacaların görüşünə şeirlə gəlib. Müəllifin şeirlərini oxuyanda da onun nağılçı olduğu hiss olunur. Bunu "Şuşa" şeirində daha aydın duymaq mümkündür: 

 

Şuşa sanki dilə gəldi,

İgidlərinə söylədi:

- Ehey, qəhrəmanlarım,

Qalxın, azad edin məni!

Yıxın, məhv edin düşməni!..

İgidlər ayağa qalxdı,

Xəncəri belinə taxdı.

44 gün yol gedib,

Çatdılar Şuşa dağına,

Cıdır düzü oylağına...

 

Kitaba daxil edilən şeirlərin içərisində "Alma", "Armud", "Narıngi" daha çox diqqətimi cəlb elədi: 

 

Mənim adım almadır,

Yanaqlarım bal dadır.

Çox ləzzətli meyvəyəm.

Süfrələrə bəzəyəm.

Çoxdur vitaminlərim

Saya gəlməz dəyərim

Yeyin, əziz balalar,

Sağlam olun, uşaqlar.

 

Uşaqlarımıza belə maraqlı şeirlər, şirin-şəkər nağıllar yazan müəlliflə gəlin, bir az yaxından tanış olaq. Mehriban Nağıyeva deyir ki, 10 yaşında yazmağa başlayıb. O vaxt "Azərbaycan pioneri" qəzetində kiçik hekayələri dərc edilib. Anası ona həmişə deyirmiş ki, o qəzetləri saxla, bir vaxt gərəyin olar. Axı balaca Mehriban  jurnalist olmaq istəyirmiş. Amma tale elə gətirib ki, o böyüyəndə müəllim olub bundan indi heç peşman deyil. Əksinə, deyir ki, uşaqlarla işləmək böyük xoşbəxtlikdi, çünki onları çox sevir. Onun elə nağılları da uşaqlara məhəbbətdən yaranıb. Mehriban xanım deyir ki, uşaqlara özümdən nağıllar uydurub danışırdım. Onlar bu nağılları çox sevirdilər. Özüm , hiss edirdim ki, nağıllar yaxşı alınır. Bir dəfə həmin nağılları toplayıb bir uşaq jurnalına təqdim edir. Onlar da bəyənib çap edirlər. Amma müəllif kimi onun adını yox, başqasının adını yazırlar. Deyir ki, bunu görəndə elə bil, başıma qaynar su tökdülər. Əsəbiləşdim və redaksiyaya zəng edib onlarla dalaşdım... Dedilər ki, bəs anlaşılmazlıq olub. Bundan sonra o, qərara gəlir ki,  yazdıqlarını özü çap etdirsin və belə də edir.

 

Birinci kitabı olan "Məstanla Toplanın dostluğu" 2008-ci ildə çap edilib. Kitab ona uğur gətirib. Elə həmin il "Ana mənə nağıl danış" adı ilə başqa kitabları da çap edilir. 2016-cı ildə işıq üzü görən "Əsmərin sehrli zənbili" kitabı da uğurlu olub. Kitaba daxil edilmiş hekayələrdən dərsliyə salınıb və məktəblərdə bu hekayələr əsasında maraqlı, yaddaqalan tədbirlər təşkil edilib. Bu kitab oxucuların istəyi ilə indi də nəşr olunur. Müəllif deyir: "Ötən yay nəşriyyata getmişdim. Orada işçilərlə yeni kitabımı müzakirə edərkən özüm şahid oldum ki, nəşriyyata zəng vurub "Əsmərin sehrli zənbili" kitabını sifariş edirlər. Və bu zənglərin ardı-arası kəsilmirdi. Bir müəllif kimi özümü çox xoşbəxt hiss elədim. Sevinc hissi ilə evə qayıtdım. Belə hadisələr adama stimul verir, yeni-yeni əsərlər yazmağa ruhlandırır".

Onun həm də Vətən mövzusunda çoxlu şeir  hekayələri  var. Onları hələ kitab halında çap etdirə bilməyib, ancaq belə bir arzusu var.

"Xarıbülbül ilə Günəşin nağılı " artıq çapa hazırdır və müəllif inanır ki, bu yazılar da balaca oxucularının çox xoşuna gələcək. Bəs, görəsən, onun əsərlərini uşaqlara sevdirən nədir? M.Nağıyeva deyir ki, onun qələmə aldığı nağılların, şeirlərin mövzusu elə real həyatdan götürülən hadisələrdir.

Sonda qeyd etmək istərdim ki, mən özüm də, Mehriban Nağıyevanın yaradıcılığı ilə tanış olduğuma çox sevindim. Çünki onun yazdıqları da özü kimi ruhən çox mehribandır.

 

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2022.- 13 yanvar.- S.8.