"Gələndə ustad kəlamı..."

 

Görkəmli alim və pedaqoq Təhsin Mütəllimovun 90 yaşı tamam olur

Nadir YALÇIN

 

Filologiya fakültəsinin dəhlizlərində addımladıqca, auditoriyalarda müəllimlərimizin mühazirələrini dinlədikcə müxtəlif düşüncələr bizi ağuşuna alır. Mahiyyətə varanda, bir az dərin götür-qoy edəndə düşünürsən ki, bizim ədəbiyyat, dil haqqında biliklərə yiyələndiymiz bu məkanda bir vaxtlar kimlər-kimlər addımlayıb, mühazirələr oxuyub, filoloji görüşləri ilə gün işığı misalı neçə-neçə tələbənin əqlini nurlandırıb, elm ziyası ilə ürəkləri isidiblər. Ümumiyyətlə, Bakı Dövlət Universiteti həm humanitar, həm də texniki sahədə elm aləminə olduqca görkəmli şəxsiyyətlər bəxş edib. Bir sıra əsaslı elmi görüşlərin laboratoriyası məhz BDU olub. Bəlkə də, elə ona görədir ki, bu gün də universitetimizdə layiqli fikir adamları yetişir.

 

Bəkir Çobanzadədən ən gənc alimlərimizə qədər Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı və dilinin inkişafı naminə çox böyük işlər görülüb. Xoşbəxtik ki, ötən əsrin elm mühitində püxtələşən, Azərbaycan filologiyasının müasir bazasını yaratmış pedaqoqlardan dərs alan şəxsiyyətlərin bəziləri bizimlə canlı ünsiyyətdədirlər, onların biliklərindən bəhrələnə bilirik. Belə qocaman alimlərimizdən biri də Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, Əməkdar elm xadimi Təhsin Mütəllimovdur.

 

Təhsin Mütəllimovdan birbaşa dərs almaq mənə qismət olmayıb. Amma vaxtilə ondan dərs almış alimlər bizə mühazirələr oxuyublar, Təhsin müəllimdən və digər görkəmli alimlərdən öyrəndiklərini bizə ötürüblər. Təhsin müəllimlə dəhlizdə üzbəüz gəlmək, onunla ünsiyyətdə olmaq, söhbətlərini dinləmək belə yeni nəsil tələbələr üçün böyük qürurdur. O, ədəbiyyat elmimizdə dünənlə bu gün arasında körpüdür.

 

Biz, ilk növbədə, Təhsin müəllimi elmi məqalələri, monoqrafiyaları ilə tanımışıq. Onun ədəbiyyatşünas kimi Azərbaycan elminin inkişafında xidmətləri əvəzsizdir. Ustad pedaqoqun elmi görüşləri ədəbiyyatşünaslığımızda istiqamətləndirici xarakter daşıyır. Onun ustad hesab etdiyi Mir Cəlal və digər alimlərdən əxz etdiyi məqamlarla bərabər, özünəməxsus elmi görüşləri, problemlərə yanaşma tərzi olduqca maraqlıdır. Təhsin müəllimi fərqləndirən ən ümdə xüsusiyyətlərdən biri rəvan üslubudur. Bəzi alimlər məzmun baxımından vacib nüanslara toxunsalar da, ifadə baxımından tələbə üçün olduqca çətin dərk olunan üslubda öz fikirlərini bölüşüblər. Təhsin müəllim isə təzəcə elm qanadlarına atılan tələbələrdən tutmuş gərgin axtarışlarda olan araşdırmaçılara qədər hər bir təbəqəni nəzərə alaraq fikirlərini qələmə alıb. Xüsusilə, "Bədii ədəbiyyatda ənənə və novatorluq" adlı məqaləsi mən və digər tələbə yoldaşlarım tərəfindən olduqca maraqla oxundu. Həmin məqalədə bir sıra zəruri məqamlara toxunan alim yazır: "İnsan həmişə daha yaxşı həyata can atmışdır, daha azad və məsud gələcək həsrəti ilə yaşamışdır. Bu istək hər dövrün böyük sənətkarlarının yaradıcılığında yeni arzular, ideallar əsasında, orijinal ifadə tərzlərində təzahürünü tapmışdır. Məhz bu məqamda onların hər birinin siyasi və ictimai, etik və estetik, bəşəri və milli idealları qabarıq ifadəsini tapmış olur. Bu ideallar isə hər bir ədəbiyyatın tarixi boyunca müəyyən ənənə silsiləsinin novatorcasına davamına çevrilir.

 

Eyni zamanda folklor, klassik ədəbiyyat və müasir əsərlər arasındakı ideyalar və ideallar ənənəsini, varisliyini də nəzərdən qaçırmaq olmaz. Orada da bəşəriliklə millilik anlayışlarını yanaşı, müştərək götürmək lazımdır. Hər bir xalq bəşəriyyətin bir hissəsi kimi dünya mədəniyyətini zənginləşdirməklə bərabər, onun ən güclü ənənələrini davam və inkişaf etdirməkdədir. Bəşəri problemlər zaman-zaman müxtəlif dövrlərin siyasi-ictimai tələbləri, arzuları kontekstində yeni məna və məzmun kəsb edərək müxtəlif milli zəminlərdə məhz milli problemlər kimi diqqəti cəlb edir, bədii ədəbiyyatın mövzusuna çevrilir".

 

Sözügedən məqalə və bunun kimi neçə-neçə dəyərli yazılar bu gün də ədəbiyyatla məşğul olmaq istəyən gənclər üçün qızıldan qiymətlidir.

Təhsin müəllimin insani kefiyyətləri barədə nəsə demək bizim yaşımızı xeyli aşar. Amma danışılanlara əsaslanaraq və özümün müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, Təhsin Mütəllimov şəxsiyyətində alimlik və aqillik vəhdətdədir. Mehriban ünsiyyəti, tələbələrə qayğı ilə yanaşması, onunla söhbətə maraqlı olan insanlara qarşı səmimiyyəti Təhsin müəllimi bizə sevdirib.

 

Bu gün görkəmli alimin 90 yaşı tamam olur. Səmərəli fəaliyyətinə görə ustad pedaqoqa minnətdarıq. Nə yaxşı ki, məhz Təhsin Mütəllimov adı Azərbaycan ədəbiyyatşünaslığına qızıl hərflərlə yazılıb. "525-ci qəzet"in əməkdaşları və Filologiya fakültəsinin müəllim-tələbə heyəti adından Təhsin Mütəllimovu təbrik edir, ona möhkəm cansağlığı arzu edirik!

 

Vaxtilə Təhsin müəllimdən dərs almış və bu gün bizə ədəbiyyatın, dilin sirlərini aşılayan bəzi müəllimlərimizin təbriklərini də oxucularla bölüşməyi mənəvi borc bildik.

 

Akademik Nizami Cəfərov: "Universitetdə oxuyanda bizə iki nəsil müəllim dərs deyib: gənc nəsil və yaşlı nəsil. Məsələn, Muxtar Hüseynzadə, Mir Cəlal, Əkbər Ağayev və başqa qocaman müəllimlər bizimlə yanaşı, həmin gənc nəsil müəllimlərə - Tofiq Hacıyev, Təhsin Mütəllimov, Firdun Hüseynov, Xalid Əlmirzəyev, Azad Nəbiyev və digərlərinə də dərs demişdilər. Biz 70-ci illərin sonu, 80-ci illərin əvvələrində Filologiya fakültəsində bu iki nəsil müəllimlərdən dərs almışıq. Həmin iki nəsil müəllimlərin bir-birinə münasibəti çox maraqlı idi. Məsələn, Təhsin müəllim Mir Cəlal müəllimin tələbəsi olmuşdu. Bizə hər iki müəllim dərs deyib. Biz görürdük ki, Təhsin müəllim, Firudin müəllim və o vaxtın digər gənc pedaqoqları öz müəllimləri ilə necə fəxr edirdilər. Müəllimlərindən öyrəndiklərinin harmoniyasını pozmaq istəmirdilər. Dərsi onlardan öyrəndikləri kimi tələbəyə çatdırmaq istəyirdilər. Həmin gənc müəllimlərin özləri müasir idilər, özlərinə məxsus fikirləri var idi. Amma birinci müəllimlərinin fikirlərini deyirdilər, sonra bir az çəkinərək öz fikirlərini deyirdilər. Həmin gənc müəllimlər arasında ənənələri gözləyənlərdən biri də Təhsin Mütəllimov idi. Təhsin müəllim hələ 90 il də, 100 il də yaşayacaq. Çünki o, həmişə müəllimlərinə hörmətlə yanaşıb, danışanda birinci sitatı öz müəllimi Mir Cəlaldan gətirir, sonra özü məsləhət bilsə, nəsə deyir. Təhsin müəllim öz nəsildaşlar arasında ən parlaq şəxsiyyətlərdən biri kimi öz nüfuzu olan alimlərdən biridir. Təsin Mütəllimovu yubileyi münasibəti ilə təbrik edir, cansağlığı arzu edirəm".

 

Professor Vaqif Sultanlı: "Təhsin Mütəllimov Azərbaycanın görkəmli filoloqları - Abbas Zamanov, Əkbər Ağayev, Əzizə Cəfərzadə, Mir Cəlal, Pənah Xəlilov, Cəlal Abdullayev kimi alimlərin mühitində yetişmişdir. Dünya ədəbiyyatına, nəzəri-estetik düşüncə tarixinə yetərincə bələd olan, yaradıcılığa ciddi münasibət sərgiləyən ədəbiyyat araşdırıcılarından biridir. Əsərlərinin ad seçimindən, mövzu və problemlərindən tutmuş dilinə, üslubuna qədər hər şeyə aşırı dərəcədə həssasdır. Bəlkə bu səbəbdəndir ki, onun yazılarının redaktə edilməsinə ehtiyac duyulmur. Elmi yaradıcılığındakı ciddilik müəllimlik fəaliyyətinə də yansımışdır". 

 

Dosent Məti Osmanoğlu: "Professor Təhsin Mütəllimovla ilk tanışlığımız keçən əsrin 70-ci illərinə təsadüf eləyir. Bizə ədəbiyyat nəzəriyyəsi fənnindən dərs deyən Təhsin müəllim elmi-nəzəri səviyyəsi, Azərbaycan ədəbiyyatına dünya nəzəri fikrinin işığında baxa bilmək  mədəniyyəti, fikirlərini özünəməxsus tərzdə sadə və yumorla ifadə etmək qabiliyyəti ilə fərqlənirdi... Bu keyfiyyətləri ilə tələbələrinin qəlbinə yol tapan Təhsin müəllimlə dostluğumuz da elə o vaxtdan başladı. Mən sonuncu kursda oxuyanda diplom mövzumu Təhsin müəllim təklif etdi. Sonradan aspiranturada oxuyanda elmi rəhbərim oldu, elmi tədqiqatımı onun rəhbərliyi ilə apardım... Hələ tələbəlik illərindən bizim dostluğumuzun sərhədləri müəllim-tələbə münasibətlərinin sərhədlərini aşır, bizi həmkar və insan kimi yaxınlaşdırırdı. Məncə, Təhsin müəllimin fərqli cəhətlərindən biri də elə budur: tələbəsini həmkar kimi yetişdirmək. O, xüsusilə kadr seçimində universitetin Mir Cəlaldan, Cəfər Xəndandan, Əli Sultanlıdan gələn ən gözəl, ən halal ənənələrinə sədaqətini həmişə qoruyub və indi də qorumaqdadır. Mən qürurla deyirəm ki, Bakı Dövlət Universitetinə müəllim kimi fəaliyyətə başlamağımda da o vaxt kafedra müdirimiz olan Təhsin müəllimin müstəsna xidmətləri olub. Əziz müəllimimi yubileyi münasibətilə təbrik edir, ona ən gözəl arzularımı çatdırıram".

 

525-ci qəzet  2022.- 18 yanvar.- S.11.