"Bakının mərkəzi rayonunu
yaradılmasına güclü müqavimət var"
Elbay Qasımzadə: "Bakı
şəhərinin icra başçısı hacıbala
Abutalıbovla işləyə bilmədim - ona dediklərimi
başa düşmürdü"
Azərbaycan Memarlar
İttifaqının sədri Elbay Qasımzadənin APA-ya
müsahibəsi.
Müsahibəyə təyin olunan vaxtdan bir qədər tez gəlmişəm. Elbay müəllimin kabinetində oturub masanın üzərinə düzülən şəkilləri, divardan asılan rəsmləri, bir də açıq qapıdan görünən yan otaqdakı memarları süzürəm. Elə bu vaxt Elbay müəllim fotoqrafın harada olduğunu soruşur. Cavab verirəm ki, fotoqrafdan fərqli olaraq mən tıxaca düşməmişəm, ona görə də ondan əvvəl məkana çatmışam.
- Deməli, tıxacı nəzərə alıb evdən bir az tez çıxmaq lazımdır.
- Elbay müəllim, bəlkə elə körpülər tikib, elə yollar salmaq lazımdır ki, insanlar yuxularına haram qatıb tez çıxmaq məcburiyyətində qalmasın?
- Mən demək olar ki, dünyanın yarısını gəzmişəm. Deyə bilərəm ki, tıxac problemi dünyanın bir çox ölkəsində var. Bunun yeganə həll yolu insanların nizam-intizamlı olmasıdır. Məsələn, Tokioda iş günlərində sakinlərin əksəriyyəti öz şəxsi avtomobillərindən istifadə etmir, ictimai nəqliyyatdan istifadə edirlər.
- Siz özünüz metroya axırıncı dəfə
nə vaxt minmisiniz?
– 2010-cu ildə. Daha doğrusu, minməmişəm, metroya düşmüşəm. “Azadlıq prospekti” metro stansiyasının müəllifi olduğum üçün açılışında iştirak etmək məqsədilə düşmüşdüm.
- Görürsünüz, siz
özünüz də ictimai nəqliyyatdan istifadə
etmirsiniz.
- Haqlısınız. Deməli, mən də hələ o cür düşünə bilmirəm. Həm də mən şəxsi avtomobilimlə yox, xidməti maşınımla hərəkət edirəm (gülür). Körpü deyirsiniz, Bakıda kifayət qədər körpü tikilib, amma yenə də problem həll olunmur. Götürək “20 Yanvar” meydanını. Ora Bakının ən ciddi nəqliyyat düyünlərindən biridir. Nəqliyyat Nazirliyi ilə işlədiyim vaxtlarda şəxsən özüm onlarla birgə məsələnin həll yolunu axtarmışam. Nəsə dəyişiklik edilib, ancaq yenə konkret bir nəticə əldə etmək mümkün olmayıb. Burada şəhər yol polisi də imkansızdır. Çünki o meydanda böyük ticarət obyekti var, o meydanda Sumqayıta və digər rayonlara işləyən maşınlar dayanır, orada böyük bir dövlət idarəsi, xəstəxana yerləşir. Əlbəttə orada maşın çox olacaq. Bunu yenə də insanlara və insanların şüuruna buraxmaq lazımdır. Bəzi ölkələrdə belə bir qanun var ki, həftənin tək günlərində tək nömrəli maşınlar, cüt günlərində cüt nömrəli maşınlar yola çıxır. Fikrimcə, bu da həll yolu deyil, əksinə insan hüquqlarını tapdalamaqdır. Mən hər gün sürə bilmək iqtidarında olmalıyam, amma şüurum da belə olmalıdır ki, “Bu gün mənə maşın lazımdırmı?” sualının cavabını tapa bilim. Tutaq ki, uşaq məktəbə gedir, gərək maşınla aparsın. Niyə? Çünki başqa uşaqlar maşından düşəndə onun uşağı da maşından düşsün. Bunlar hamısı şüura bağlı olan məsələlərdir.
- Elbay müəllim, Bakı, tıxac problemi, müasir tikililər - bunlardan danışacağıq. Ancaq mən istəyirəm, ilk növbədə, bu gün olduqca aktual məsələdən - Qarabağ və Qarabağda görüləcək memarlıq işlərindən söhbət açaq.
- Əlbəttə, Qarabağ olduqca mühüm mövzudur. Biz onun haqqında danışmaq üçün otuz ilə yaxın gözləmişik. Siz cavanlar o müddəti gözləməmisiniz. Mən bilirdim ki, gec-tez bu olacaq. Amma qorxurdum ki, birdən o günü görmərəm.
Qarabağda görüləcək iş çoxdur. Bəzi uzağı görməyən adamlar deyir ki, beş ilə yenidən hər şeyi bərpa edəcəyik. Bu, düzgün söhbət deyil, məsuliyyətsiz sözdür. Beş ilə hər şey düzələ bilməz. Oranı 28 ilə viran qoyublar. Əgər ermənilərin Qarabağda qalmaq niyyəti olsaydı, dağıtmazdılar, qurub-yaradardılar. Onlar bilirdilər ki, gec-tez oradan çıxacaqlar. Şuşada üç-dörd varlı adam özü üçün villa tikib, onlar da axmaqlıq edib, gərək düşünəydilər ki, mən bu boyda pulu bura qoyuram, sabah çıxıb gedəcəm.
- Şuşada evinizin olmasını istəyərdiniz?
- Açığı, yox. Mən Bakıda doğulub, Bakıda böyümüşəm. Mənim üçün Bakıdan əziz yer yoxdur. Ötən il “Xarıbülbül” festivalı zamanı Şuşa ilə qarşılaşanda çox həyəcanlandım. Şuşaya çatanda, o dağı görəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım. Ancaq Şuşada evimin olması barədə düşünmürəm. Şuşaya istədiyim vaxt getmək iqtidarında olam, o başqa şeydir.
- Axı Bakı da əvvəlki Bakı deyil.
- Əlbəttə, əvvəlki Bakı deyil. Ümumiyyətlə, şəhərlərin çox böyük bir üstünlüyü var, o da dəyişmək bacarığıdır. İnsanlar qocalır, ölür. Şəhərlər qocala-qocala dəyişməsə, onlar da ölər. Şəhərlər ona görə yaşayır ki, onlar öz simasını dəyişə bilir. Bəli, tarixi abidələr var ki, onları qoruyub saxlamaq lazımdır. Amma onu da unutmaq lazım deyil ki, şəhər simasını dəyişməsə, ölər. Məsələn, köhnə Qahirə. Köhnə Qahirə indi qəbiristanlığa dönüb, ancaq müasir Qahirədə həyat qaynayır.
Bakı, əslində, Xəzər sahilində kiçik bir qala olub. XIX əsrin ortalarında neft tapılandan sonra sürətlə inkişaf etməyə başlayıb. Bu gün gördüyümüz Bakının cəmi 200 il, ancaq tarixi Bakının 2000-dən çox yaşı var.
- Sizcə, dediyiniz o dəyişmək qabiliyyəti
şəhərin ruhunu öldürmür?
- Şəhərin ruhu təkcə onun daşlarında deyil, şəhərin ruhu orada yaşayan insanlardadır. Altmışıncı illərdə deyirdilər ki, İçərişəhərin əhalisini köçürmək, bəzi abidələri söküb yeniləmək lazımdır. Nə yaxşı ki, o vaxt başa düşən adamlar bu layihəni yaxın buraxmadılar və dedilər ki, İçərişəhərdə əhali yaşamasa, İçərişəhər də yaşamaz. Cansız daşlarda nə ruh ola bilər? Heç bir şey. Onu ruhlandıran orada yaşayan insanlardır. İçərişəhərin də əlbəttə ruhu dəyişib. Mən ora tez-tez gedirəm. Orada mənə yaşlı içərişəhərlilər hələ də “qədeş” deyirlər.
- Qədeşsiniz?
- Bəli, o söz pis söz deyil ha. Onlar qədeş sözünü hörmət etdikləri adamlara deyirlər. Həyatdır da. Həyatda dəyişiklik mütləqdir. Bir də görürsən deyirlər ki, biz qədim memarlığımıza qayıdaq. Əlbəttə, qədim memarlığımızı unutmamalıyıq. Ancaq bu gün şəbəkə ilə bina tikmək axmaqlıqdır. Əgər bu gün biz ayağımıza çarıq geyinib, başımıza əmmamə qoymuruqsa, niyə yaşadığımız mühit qədimi olmalıdır? Bu gün yaratdığımız əsərlər müasir olmalıdır. Necə ki, ədəbiyyat, sənət, kino inkişaf edir, memarlıq da inkişaf etməlidir. Bu, mənim qəti fikrimdir: memarlıq yarandığı dövrə aid olmalıdır. Memarlıq çox məsuliyyətli işdir: rəssam bir rəsmi çəkir, xoşuna gəlməsə, atır emalatxananın bir küncünə, bir tərəfdə qalır, memar isə özü üçün oturub layihə çəkmir, burada sifarişçi, layihəyə pul ayıran kimsə olur. Memarlıq mühiti həm də insanı tərbiyə edir.
- Bu gün Sizcə, bizim tərbiyəmizi hansı
memarlıq nümunələri pozur? Hansı binanı görəndə
“Bu, burada olmamalı idi” deyirsiniz?
- Mən Bakının baş memarı işlədiyim dövrdə Milli Bankın təzə binasının tikintisi başladı. Halbuki mən bankın binasının Tbilisi prospektində tikilməsini istəyirdim və o cür sənədləşdirmişdim. Ancaq mənim razılığın olmadan binanın tikintisinə başladılar.
- Baş memarın imzası olmadan?
- Güclü adamlar idilər. Bu layihəni mənə gətirəndə imza atmadım, mən imza atmadan da tikintini başladılar və tikdilər. Açılış mərasimi zamanı rəhmətlik Heydər Əliyev çıxışında dedi ki, bu binanın tikintisində baş memar səhvə yol verib, əslində, bu bina burada tikilməli deyildi. Bu çıxış xronikada da, dövrün qəzetlərində də var. Sonra Heydər Əliyev yuxarıdan şəhəri seyr edirdi, mən də yanında dayanmışdım. Bir müddət keçəndən sonra dedim, Cənab Prezident, icazə verirsinizmi bir söz deyim? Dedi de. Dedim, mən nə bu binanın tikintisinə, nə də layihəsinə icazə vermişəm.
Bilirsiniz, mən uzun müddət Rəşid Behbudov küçəsindən keçəndə Milli Bankın binası tərəfə baxmırdım. Bir müddət keçdi, artıq bina mühitə uyğunlaşıb.
- Baş memar olduğunuz dövrdən danışdınız. Ancaq Sizin fəaliyyətinizdə mənim diqqətimi çəkən məqamlardan biri Bakının baş memarı və ya ittifaq sədri olmadığınız dönəmdə belə, öz ranqınızda qalmağınız olub. Biz Sizi onda da mühüm tədbirlərdə söz sahibi kimi görürdük.
- Deməli, mən 2001-ci ildə vəzifəmi tərk etdim. Daha doğrusu, o vaxt Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədim. O dediklərimi başa düşmürdü. Əvəzində isə mən başa düşdüm ki, bərabər işləmək mümkün deyil və vəzifəmi tərk etdim. Vəzifədən gedəndən sonra da məni memarlıqla bağlı tədbirlərə dəvət edirdilər. Hətta bu tədbirlərə dəvət edəndə yoldaşım soruşurdu ki, sən axı, vəzifədə deyilsən, niyə dəvət edirlər?
- Hacıbala müəllimlə niyə işləyə
bilmədiniz?
- Hacıbala müəllim bir qədər qeyri-standart düşüncəli insan idi. Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm. Mən də ona dedim ki, siz çox böyük adamsınız. Bunu deyib döndüm, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi.
- Bu gün Bakının Baş Planı tamamlanmaq
üzrədir. Memarlar İttifaqı Baş Planın
hazırlanmasında hansı təklif, yaxud təşəbbüslərlə
çıxış edib?
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edirik. Onlar mühüm məsələlərdə bizə müraciət edirlər. Baş Plan hazırlanarkən dəfələrlə müzakirələr aparmışıq. Baş Plan artıq hazırdır, hətta ictimai müzakirələrdən də keçib, hazırda Nazirlər Kabinetində təsdiq mərhələsindədir. İndi Gəncənin Baş Planı hazırlanır və müəllif qrupu ilə imkan olduqca görüşürük, müzakirələr aparırıq.
- Sizcə paytaxtın bu gün hazırlanan Baş
Planı əvvəlkindən nə ilə fərqlənəcək?
- Qabaqkı Baş Plan Sovet dövrünün tələblərinə uyğun idi, ancaq indiki Baş Plan bu cür deyil.
- Məsələn?
- Məsələn, o planda deyilirdi ki, bu tində bu bina olmalıdır, bu, düzgün deyil. Sovet dövrü üçün yarayırdı, çünki binalar dövlət tərəfindən tikilirdi. Bu gün bazar iqtisadiyyatıdır, bu gün tikintilərin əksəriyyətini iş adamları aparır, onlar da bunu öz vəsaiti hesabına görür və onların hüquqları var. Onlara, sadəcə, işi necə aparmaq gərək olduğunu demək lazımdır. Bu gün Baş Planın əsas vəzifəsi budur. Baş Plan, ilk növbədə, konseptual olmalıdır. Sonuncu Baş Plan isə kifayət qədər konseptualdır.
Ən əsas odur ki, Bakının yeni nəqliyyat sxemi demək olar ki, Baş Planın yarısı qədərdir. Çünki şəhərin rahatlığı, gözəlliyi onun nəqliyyat sxemindən asılıdır.
- Bu gün ekoloji problemlər kifayət qədər
aktualdır və müasir şəhərlərin
qurulmasında yaşıllaşdırma amili önəmli
faktor kimi çıxış edir. Bizim bugünkü
Bakımızda bu məsələ öz əksini
tapırmı?
- Yaşıllaşdırma olduqca mühüm məsələdir. Baxın, görün son dönəmlərdə Bakıda nə qədər təzə park yaranıb. Təkcə Mərkəzi Parkı götürsək, ərazisi 30 hektardır. Əgər o parkın ərazisinə bu cür yanaşılmasaydı, orada obyektlər tikilsəydi, iş adamları oradan milyardlarla gəlir əldə edərdi. Ancaq bu gün həmin ərazi şəhərin qızıl torpağıdır. Kifayət qədər belə nümunə sadalamaq olar.
- Rəsmdəki odur? (masanın üzərində bizə gülümsəyən yaraşıqlı oğlan şəklini göstərirəm)
- Yox, o deyil. Bu, Sənandır, (köks ötürür) mənim 16 yaşı olmadan itirdiyim nəvəmdir...
- Üzrlü sayın, bilmirdim...
- 2014-cü ildə yol qəzasında vəfat edib. Bax, bu gün cümə axşamıdır, mən bu gün onun məzarını ziyarətdən gəlirəm. Mən hər cümə axşamı onun məzarını ziyarət edirəm. Nə vaxt xaricdə oluram, özümə yer tapa bilmirəm ki, uşaq məni gözləyir...
- Otağınızda onun fotolarını saxlamaq sizi
incitmir?
- Əksinə... Evdə
də hər yerdə onun şəkilləridir. O aktyor olacaqdı. Deyirdi ki, Hollivuda
gedəcək...
O yaraşıqlı oğlana bir də
baxıram. Görəsən, yaşasaydı,
indi harada olardı? İlk ağlımdan
bu sual keçir. Ancaq sualımı
özümə saxlayıb mövzunu dəyişirəm.
- Elbay müəllim,
Prezident İlham Əliyevlə görüşdə Bakıda
yeni rayonun yaradılması fikrini səsləndirmişdiniz. Bu istiqamətdə hansısa işlər
görülürmü?
- Hə, mən onda demişdim ki,
Bakının tarixi mərkəzini başqa rayonlardan
ayırıb mərkəzi rayon yaratmaq lazımdır. Və həmin rayonun xüsusi reqlamenti və
xüsusi statusu olmalıdır. Yadınızdadırsa,
Cənab Prezident bu ideyanı çox bəyəndi, bu
mövzu ilə bağlı yekun çıxışında
fikirlərini bölüşdü və tapşırıqlar
verdi. Bir neçə
gündən sonra mənə zəng vurdular ki, mərkəzi
rayonun sərhədlərinin müəyyənləşdirilməsi
ilə bağlı sənəd verim, mən həmin sənədi
verdim. Prezidentimiz bu məsələni iki dəfə
xatırlayıb və tapşırıqlarını verib.
Lakin pandemiya, müharibə ilə əlaqədar
işlər dayandı. Bu gün deyirlər
ki, birinci növbədə Qarabağdır, birinci növbədə
oranı həll edək. Mənə elə gəlir ki, məsələ
təkcə bu deyil, burada müəyyən maraqlar var. Təsəvvür
edin ki, əgər yeni rayon yaradılarsa, dörd rayonun ən
qiymətli, ən baha olan əraziləri onlardan alınacaq, Məncə,
burada kifayət qədər güclü müqavimət var.
Ancaq onu da bilirəm ki, bir gün Prezidentin yenə yadına
düşsə, cəzalandıracaq. Mütləq
cəzalandıracaq.
- Kimin başı
ağrıyacaq?
- Bilmirəm, ancaq kimlərinsə
başı mütləq ağrıyacaq.
- Elbay müəllim,
istər işğaldan azad olunan ərazilərdə, istərsə
də digər bölgələrimizdə abidələrin bərpası
zamanı Sizcə xarici təcrübə, xarici mütəxəssisə
üstünlük verilməlidir, yoxsa yeri mütəxəssislərə?
- Üstünlük əlbəttə
yerli mütəxəssislərə verilməlidir. Nə qədər bacarıqlı mütəxəssis
olsa da, xaricdən gələnin qəlbində o daşa məhəbbət
olmayacaq. O daşı yalnız onunla yaşayan insan
başa düşə bilər. “Memarlıq fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu var,
1996-cı ildə qəbul olunub, o qanunun müəlliflərindən
biri mənəm. Həmin qanun
hazırlananda mən ora bir bəndi əlavə etdim.
Orada yazılır: “Xarici vətəndaşlar Azərbaycan
Respublikasında memarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün Azərbaycan memarı ilə bərabər
fəaliyyət göstərməlidir”. O qanunu poza bilmirlər,
ancaq əvəzində çox vaxt belə bir şey edirlər.
Deməli, bir xarici firmanı
çağırırlar, gəlir, guya yerli mütəxəssis
tapırlar, onun üç manatını verirlər və
deyirlər ki, qarışma. Mənə də
belə təkliflər edənlər olub. Mən
şəxsən o təklifi edənləri qovmuşam.
Özü də kimləri! Amma yaxşı məqamlar
da var. Misal üçün, Gəncənin Baş
Planını bir Fransa şirkəti hazırlayır, ancaq
bizim yerli memarlarla birlikdə. Əlbəttə,
orada belə neqativ hallara yol verilmir.
- Təbii ki, abidənin
konservasiya, yoxsa restavrasiya olunmasına abidənin vəziyyətinə
görə qərar verilir. Ancaq istisna hallar var ki, burada bərpaçının,
memarın qərarı daha çox spesifik yanaşmaya görə
verilir. Siz bir memar olaraq restavrasiyaya daha çox önəm
verirsiniz, yoxsa konservasiyaya?
- Bəzən bizim bərpaçılar
dağılmış abidələri ehtiyac olmadan yenidən
tikirlər, nə kərpic o kərpic olur, nə daş o
daş. Əgər hər dağılan abidəni
tikmək lazım olsaydı, Kolizeyi də, Parfenonu da yenidən
tikərdilər. Bərpa o binada
aparılar ki, orada sınıqlar azdır. Yarıuçuq binanı bərpa etmək olmaz.
Bu prinsip mütləq nəzərə
alınmalıdır.
Naxçıvanda bərpa
adı ilə Nuhun məqbərəsini (Nuh Peyğəmbər
türbəsi – A.S.) təkrar tikiblər, özü də
zavod kərpicindən. Memarlar İttifaqının
binasını təmir edəndə mən qapının cəftələrini
də çıxarmağa qoymadım. Hər
şey insanlardan asılıdır. Biz
çox vaxt xoşumuza gəlməyən məsələni
dövlətin, məmurların üstünə
yıxırıq.
- Bildiyim qədəri ilə
Ağdamda tikiləcək dram teatrının binasının
layihəsini işləmisiniz.
- İlk növbədə, onu qeyd
edim ki, Şuşa mədəniyyət
paytaxtımızdırsa, Ağdam da Qarabağın iqtisadi mərkəzi,
ən böyük yaşayış məntəqəsidir. Yeni Baş Plana əsasən, Ağdamın 100 min əhalisi
olacaq. Mən hesab edirəm ki, Ağdam o
bölgənin iqtisadi və siyasi mərkəzinə
çevriləcək.
Teatra qaldıqda, bəli, mən
bu layihəni hazırlamışam. Layihədə dram
teatrı, kitabxana, muğam mərkəzi, muzey əksini
tapır. Köhnə dram teatrının
ki, təkcə arkaları qalıb mən oranı da layihəyə
daxil etmişəm. Bunu etməkdə məqsədim
Ağdamın əvvəl necə olduğunu göstərməkdir.
- Siz İttifaqa rəhbər
gələndən sonra nələr dəyişdi, əvvəlki
neqativ hallardan nəyi dəyişə bildiniz?
- Memarlar
İttifaqında neqativ hal olmayıb, fəaliyyətsizlik olub.
Onun da müəyyən səbəbləri var. Çətin
dövrlər idi, müstəqil ölkənin ilk dövrləri
idi. Bir dönəm İttifaqın rəhbəri həm də
nazir Abbas Ələsgərov idi. Hər iki vəzifədə
işləmək, əlbəttə, çətindir. Bu kimi məqamları
nəzərə almaq lazımdır. Bu gün isə Memarlar
İttifaqı işləyir, bir sözlə, biz işləyirik.
Aytac Sahəd
525-ci qəzet
2022.- 18 yanvar.- S.6;7.