Nizami Gəncəvi ənənələri
Şəhriyar yaradıcılığında
Belə bir ideya var ki, sənət, ədəbiyyat və
incəsənət kəhkəşanında ayrı-ayrı
millətlərin informasiya alıb ötürmək
imkanları heç də eyni səviyyədə olmur. Bu ideyanı təqribən
belə izah etmək olar: tarixi inkişafın mərhələsindın
asılı olaraq bəzi millətlər gerçəklik və
varlıqla, elə təbiətin özü ilə
bağlı bilgi və ümumi məlumatları enerji
formasında qəbul edir, bu zaman digər millətlər həmin
enerjini necə deyərlər "şüalandırmaq" mərhələsində
olur. Yəni özbaşına, boş yerə
heç nə yaranmır və yer kürəsi də öz
oxu ətrafında elə-belə dolanmır. Hər şey enerjidir, hər şey onun
yığılıb toplanması və ötürülməsi
prosesindən başqa bir şey deyildir. Şeyx
Nizami Gəncəvi dövründə artıq əsrlər
boyunca toplanıb, üst-üstə, iç-içə
yığılıb laylar yaratmış elm və mədəniyyət
dəyərləri, antik dünyadan orta əsrlərə,
ordan da birbaşa yeni dövrlərə paylanacaq işıq
şüaları məhz Nizami kimi dühaların qismətinə
düşdü. Digər tərəfdən
XIX əsrdə Azərbaycanın işğalı və iki yerə
ayrılması hadisəsini yada salaq. Fars və
rus işğalına məruz qalan Odlar yurdu mədəni cəhətdən
də düzlə yarğan arasında, dağla dərə
arasında qalmış kimi oldu. Bu əsnada
təbiət və varlığın özünü tənzimləmə
prosesi işə düşdü. Cənubi
Azərbaycanda iki yerə parçalıanmış ölkənin
bölünməyən, ortaq türk mədəni irsinin inciləri
ana dilində mükəmməl əsərlər yazan,
dünyanı və varlığı izah edən şairlərin
qələmində ifadə olundu. Ustad Məhəmmədhüseyn Şəhriyar illər boyu
susan dilin dərdini danışırmış kimi yazdı. Ancaq yuxarıda vurğuladığımız Nizami
ilə bağlı analogiya burda da keçərlidir. Nizami kimi Şəhriyar da orta əsərlərdən
üzü bəri qətrə-qətrə yığılan
enerjini poeziya dilində, həm də Uluyurd insanının ana
dilində bütün dünyaya ötürdü və hər
iki təsadüfdə dahi Azərbaycan şairlərinin mətnləri
çağdaş dünyanın özcə dilində
aydın oxundu. Bir sözlə, hər iki
şair sırf milli olduqları ilə bərabər, həm də
bütün dünyanın hikmət dolu yazarları oldular.
Onlar bu dünyada hamının (heç
şübhəsiz, bəsirət gözü olan insanların)
ürəkdən anladıqları musiqi dilinə
yaxınlaşdılar. İndi keçək
məsələnin faktoloji mənzərəsinə.
Öncə
onu qeyd edək ki, korifey sənətkarlar - Şeyx Nizami, Xacə
Hafiz, Sədi Şirazi, Saib Təbrizi və M.Ə.Sabirin əsərləri
lap kiçik yaşlarından ustad Şəhriyarın mütaliə,
həm də qəlb yoldaşı olub. Türkcə
ilk şeirini də o, məhz böyük Sabirin təsiri ilə
1913-cü ildə, 8 yaşında ikən yazıb və "Ədəb"
jurnalında çap olunub. Əsərlərində
novatorluqla ənənəviliyin vəhdətini yarada bilən
müdrik şair Sədi-Rumi-Xəyyam-Hafiz, eyni zamanda Azərbaycan
şifahi xalq ədəbiyyatı və Qətran Təbrizi-Nizami-Xətai-Nəsimi
ənənələrinə söykənərək poeziyada
yeni üslub, məktəb yaradıb və özünü
yenilikçi sənətkar kimi də təsdiqləyə
bilib. Xəlqiliyi, canlı xalq dilində
yazıb-yaratmağı novatorluğun əsas təzahürlərindən
sayan Şəhriyar, ümumiyyətlə, yeni və ən yeni
İran şeirində bu hərəkatın realizm ədəbi
cərəyanının inkişafı, formalaşması
prosesi ilə əlaqədar olaraq genişləndiyini,
inkişaf mərhələsi keçdiyini göstərib,
konkret olaraq romantik və ya realist üslubda əsər yaratmaq
formasını deyil, hər iki cərəyanın vəhdətində
ənənəviçilik yolunu novatorcasına getmək
prinsipini əsas götürüb...
Şəhriyar
"Gecənin əfsanəsi" məsnəvisinin "Təxti-Cəmşidin
yanması" bölümündə İran
hökmdarları Dara/Dariyuşun şahlıq etdiyi sönməz
növraqlı Təxti-Cəmşidin ərəb istilası,
Çingiz xanın, İsgəndər Zülqərneynin
hücumları nəticəsində dağıdılaraq sirlər
qəbiristanlığına çevrilməsini, Dara ilə
son döyüşü zamanı isə məğlub edilərək
yandırılmasını, bu ölməz sənət əsərinin
alovlar içində yanıb kül olmasını parlaq
boyalarla, həm də böyük ürək
ağrısı ilə təsvir edir... Bu fəci
olayı Şəhriyar "mədəniyyətin qətlgahı,
eşq-məhəbbətin basdırılması, fələyin
ədalətə divan tutması, gülüstanın
solması, dünya gözəli bir ayın batması, qurub-yaradan
əllərin tikdiyi məbədin bir sərxoşun
qırıb-dağıtması" kimi mənalandırır.
Bütün əsər boyu öz didaktik mövqeyini, mütəffəkkir
simasını, kamil sənətkar obrazını
qoruyub-saxlayan şair son qənaətini - bütün Yer
üzündə baş verən xəyanət və cinayətlərin,
fəlakət və rəzalətlərin, savaş və
qırğınların əsas səbəbkarının
nadanlıq, cəhalət, tamah və acgözlük olduğu
ismarışını bütün bəşəriyyətə
ünvanlayır.
Şəhriyar sülhsevər, azadlıq sevdalı sənətkar
idi. Vətənin hər guşəsini gülüstan,
xalqının, qarındaşlarının təkcə öz
ölkəsində deyil, bütün dünya
xalqlarının öz məmləkətlərində firavan
dolanmasını arzulayır, yumruq boyda ürəyinə yer
kürəsinə, insanlığa ümman-ümman sevgi, məhəbbət
sığışdıra bilirdi. Şair: "cənnəti
də, cəhənnəmi də yaradan insanın
özüdür", - düşüncəsi ilə bəşəriyyətə
səslənir ki:
Cənnətdir,
olursa sülh ilə səfa,
Dünya
cəhənnəmdir etsəniz dava...
Şeyx Nizami "İsgəndərnamə"
poemasında ilk dəfə yaratdığı İsgəndər
obrazının simasında ədalətli şah, insanların
xoş rifahı, azadlıq və səadəti uğrunda
mübarizə aparan haqsevər bir qəhrəman surətini təqdim
edir. Mütəfəkkir şairin əsas məqsədi,
o dövr üçün utopiya olsa da, ədalətli,
müdrik hökmdar obrazı yaratmaq və cəmiyyətlərə
ondan nümunə götürməyi tövsiyə etmək
idi. Nizaminin İsgəndər obrazı ilə
Şəhriyarın yaratdığı şah obrazı
bir-birindən fərqlənir. Bütün müharibələrə,
qəsbkarlara nifrət edən, hər cür fitnəkarlığı,
soyğunçuluğu pisləyən, bir insanın
ölümünü bütövlükdə cahanın
ölümünə bərabər tutan, dünyada ancaq
sülh və əmin-amanlığın, mədəniyyətin
qalibiyyətini görmək istəyən Şəhriyar isə
İsgəndəri Əhrimən, Yer üzünü fitnə-fəsad
yuvasına, savaş, dava-dalaş meydanına çevirən
şər qüvvə kimi təqdim edir. Sələfinin
humanist, haqsevər, ədalətli bir şah-şəxsiyyət
kimi qələmə aldığı qəhrəmanının,
əslində insan qırğınları törədən,
mədəniyyətləri, sevgiləri öldürən,
dünyanı oda-közə döndərən cinayətkar
olduğunu göstərir. Beləliklə də
insanları, bütün bəşəriyyəti Əfzələddin
Xaqani Mədain xərabələrindən ibrət almağa səslədiyi
kimi, Şəhriyar da odlar, alovlar içində yanan "Təxti-Cəmşid"in
viranəliklərindən nəticə çıxarmağa, burada hər kəsin
özünü, ibrət aynasında üzünü görməyə
çağırır.
"Mənim üslubum İraq səpkisindədir, lakin
Türküstan və hind səpkilərinin də şeirlərimə
təsiri vardır", - deyən Şəhriyarın misilsiz
bədii lövhələr yaratmaq qüdrəti, əslində
İraq və Türküstan səpkilərinin birləşməsindən
pərvəriş tapmış Azərbaycan ədəbi məktəbindən
qaynaqlanırdı. Şair Azərbaycan elatının
köçəri həyatının mərdlik və qəhrəmanlığını,
şəhər həyatının isə
qaynarlığını və müdrikliyini özündə
birləşdirən Azərbaycan-Nizami ədəbi məktəbində
müdrikliklə epik vüsətin
qaynayıb-qarışdığını təqdir edir,
müsbət cəhət kimi dəyərləndirirdi. O,
hələ sağlığında ikən nəşr
olunmuş "Divan"ının IV cildinə
yazdığı müqəddimədə real həyat
lövhələri ilə zəngin olan, ictimai, ədəbi-fəlsəfi,
əxlaqi-didaktik görüşlərini parlaq şəkildə
əks etdirən "Gecənin əfsanəsi"
poemasını məhz bu səpkidə
yazdığını bildirib...
Şəhriyarın
"alagözlü öküzlər, sarı telli inəklər"
epiteti daha bir mifoloji təsəvvürü yada salır: Əsatirə
görə, Yer kürəsi öküzün üzərində
dayanmış, qərar tutmusdur. Qeyd edək ki, bəzi
heyvanları, o cümlədən, öküzü qədim
tayfa və qəbilələr, həmçinin, çox qədim
və zəngin mədəniyyətə sahib olan Oğuz
türklərinin əcdadları totem sanıb, müqəddəs
varlıqlar kimi sitayiş ediblər: Tarixçi-etnoqraf
Qoşqarlı "Azərbaycanlıların maddi mədəniyyəti"
adlı əsərində "Oğuznamə"yə istinad
edərək oğuzların mifik ulu əcdadı olan Oğuz
xanın Ay ilə Öküzün izdivacından
doğulduğunu göstərir. Elə bu səbəbdən
də son oğuzların ən qədim zamanlarda öküzə
totem münasibəti bəslədiklərini söyləmişlər.
Əbülfəz Hüseyni və Zelen Yampolski
kimi alimlər Qobustandakı öküz təsvirlərini də
oğuzların ulu babalarının cızdıqlarını
söyləmişlər.
Tarixin dərin qatlarına enən şair demək istəyir
ki, boz öküz, qara öküz, sarı inək,
qızıl inək kimi nağıl personajlarının da bu
tarixi inancdan və qədim zamanlarda öküzə totem kimi dərin
etiqadından yarana biləcəyini unutmamalıyıq. Dahi Nizami isə bunu
xatırlama yolu ilə deyil, açıq-aydın yazır:
Büdrəyən,
mürgü vuran bir öküz üstündədi Yer,
Hər nə qurduqsa qırır, qəbrə qoyur əksərini.
Yəni dərin
və hərtərəfli bilik, geniş
dünyagörüşünə sahib olmuş şair hesab
edir ki, yeri çiyinlərində saxlayan həmin
öküzün ani büdrəməsi planetdə dəhşətli
zəlzələ, burulğan və qasırğaların,
sunamilərin yaranmasına səbəb olur...
Şəhriyar
daha sonra Nizami Gəncəviyə söykənərək
göstərir ki, şir əlindən tac alaraq şeir, sənət
dünyasının sultanı olmuş qüdrətli şair
Bulud Qaraçurlu Səhənd, həm də bu əlçatmaz
şöhrət zirvəsinə əfsanəvi Simurq
quşundan fənd alaraq ucalıb:
Ad
alıb səndən o şair ki, sən ondan ad alıbsan,
Ona hər
dad verəsən, yüz o müqabil dad alarsan,
Tarıdan hər zad alarsan.
Adaş
olduqda sən onla daha artıq ucalarsan,
Şir əlindən
tac alarsan,
O da
şeirin, ədibin Şah dağıdır, şanlı Səhəndi,
O da sən
tək atar ulduzlara şir ilə kəməndi,
O da
Simurqdan almaqdadı fəndi...
Burada
şair şifahi xalq ədəbiyyatından və
böyük Nizaminin obrazlarından istifadədə yenə də
orijinal bir yol seçir və "Şir əlindən tac
almaq", "Simurq" detalları vasitəsilə təfərrüatı
oxucunun təsəvvüründə canlandırır. Belə ki, "Yeddi gözəl" əsərinin
qəhrəmanı Bəhram Gur səhər tezdən iki ac,
yırtıcı şirin arasına qoyulmuş şahlıq
tacını vəhşi şirlərin pəncəsindən
alaraq taxt-taca sahiblənir. Şəhriyar fərəhlə
bildirir ki, şair Səhənd də poeziya aləmində belə
igidliklər göstərməyə qadirdir. Çünki poeziya dünyasının şöhrət
zirvəsinə gedən yolu da məhz "aslanların
arasından", sərt keşməkeşlərdən,
dönüslərdən keçir. Əfsanəvi
Sümurq quşu da elin bu xoş amallı, azadlıq
ideallı şair övladlarından öz himayəsini əsirgəmir,
çətinliklərdən qoruyur. Azərbaycan
nağıllarında Sümurq, Zümrüd, Ənqa, Hüma
kimi təsvir edilən bu quşonqon insanların xidmətində
durur, onlara yaxşılıq, xeyirxahlıq edir, qəhrəmanları
qanadlarının üstünə alaraq zülmət
dünyasından işıqlı dünyaya qovusdurur, ("Məlik
Məmməd", "Ağ atlı oğlan" və s.),
onların arzularına çatmasına yardımçı
olur. B.Q.Səhəndin Simurqdan fənd alması
təsəvvüfi məzmun daşıyır. Şair Azərbaycan şifahi xalq ədəbiyyatından,
folklordan, eləcə də Şərq mifologiyasından
götürülmüş bu əfsanəvi obraz və rəmzlərlə
zəngin olan əsərlərində özünün də
müxtəlif məzmunlu rəmzlər, inanclar sistemini
yaradıb. Burada Azərbaycan
xalqının inanclar sistemində odda mələk olması ilə
bağlı inanc da öz əksini tapır.
Şəhriyar yaradıcılığında məzmun
və məramı, hətta sərlövhəsi belə eyni
olan, lakin özünəməxsus bir üslubda qələmə
aldığı bu kimi uğurlu iqtibaslara çox təsadüf
edilir. Bu baxımdan da şairin
yaradıcılığına Nizami ədəbi irsinin
böyük təsiri diqqət çəkir. Mütəfəkkir
şairin "Gecə gizlincə bizə sevgili yar gəlmiş
idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş
idi" məşhur qəzəlindən uğurla iqtibas edən
Şəhriyar "Gecə xumarı" adlı poetik əsərini
yazır:
Yuxuma
dün gecə bir lalə üzar gəlmiş idi,
Gənc ikən sevdiyim o incə nigar gəlmiş idi.
Ey
könül gülşəni, tufanlı zamanın
keçmiş,
Yasəmənli çəmənə tazə bahar gəlmiş
idi.
...Fərhadın
tişəsi əfsanə deyib Şirindən,
Xosrovun qarşısına orda şikar gəlmiş idi.
Sərvi-nazım
mənə bir an da yaxın düşmədi
heç,
Qol-budaq atmış
idi, üstünə bar gəlmiş idi.
Göz
açıb gördüm o gənclik səhərindən yox əsər,
Qocalıq
gündüzü axşam kimi tar gəlmiş idi...
Hər iki dahi şairin eyni mövzuda yazdığı əsər
məna və məzmununa, ictimai-sosial aspektinə görə
bir-birindən fərqlənir. Görkəmli şərqşünas
alim Böyükağa Hüseynov yazır ki, "təqlid və
iqtibas ancaq qüdrətli şairlərin
yaradıcılığında idarə edilməsi
mümkün olan və müsbət nəticə verən bir
hadisəyə çevrilə bilər. Az təcrübəli,
xüsusən gənc şairlərin böyük əksəriyyətinə
isə o, kor-koranə təsir göstərir, onların
yaradıcılıq imkanlarını cilovlayıb məhdudlaşdırır
və bu, şairləri adətən formalizmə
yuvarladır..."
Burada şübhəsiz ki, həm də bir qəzəl
ustadı kimi Şəhriyarın novatorluğunu da
gözardı etməməliyik. Şəhriyar
İranda çağdaş dövrün ən böyük qəzəl
şairi sayılır. O, Şirazlı Hafizdən sonra təkrara
və geriliyə məruz qalan fars qəzəlinə
yeni ictimai məzmun gətirib və İran ədəbiyyatında
yeni qəzəlin gəlişməsinə yol açıb. Belə ki, İran tarıxındə yeni qəzəli
Şəhriyarsız araşdırmaq mümkünsüzdür.
Çağdaş fars şairi Nadir
Nadirpurun fikrincə, "müasir qəzəlin binası
dörd sütuna söykənir. Təbrizli
Şəhriyar, Zəncanlı Münzəvi, Behbehanlı Simin
və Gilanlı Sayə. Şəhriyar
danışıq dili, Azərbaycan ədəbiyyatı və
dil yeniliklərindən istifadə edərək fars
poetik dilini genişləndirib, Münzəvi isə Şəhriyarın
neoklassik məktəbini izləyərək qəzəlin
dilində və vəznində yeni ixtiralar edib. Yəni,
müasir qəzəldə dörd şair özünə məxsus
üsluba malikdir. Oxucu bu şairlərin adı çəkilməsə
belə, onları tərzindən asanca tanıya bilir..."
Şəhriyar müxtəlif şairlərin əsərlərindən
bəhrələnsə də, özünəməxsus,
göz görüb əl çatmayan ulduzlu və xəyala təkan
verən bir şeir dünyası yaradıb. Öz
üslubunda ən müxtəlif ustad şairlərin
üstünlüklərını mənimsəyib və
yaşam boyası ilə yeni bir şeir yaradıb. Elə bu səbəbdən "ziyalılar
arasında zamanın "Hafiz"-i, kütlə içində
isə "Üstad" adlandırılıb. Nəhəng
şairin dil baxımından yeniliklərini belə
sıralamaq olar: Türk folklorundan geniş yararlanma. Örnək:
Gəlməz,
tanıram bəxtimi, indi ağarar sübh,
Qaş
beylə ağardıqca daha başda ağarı...
Turkun məsəli
folkloru dünyada təkdir...
Xan
yorğanı kənd içrə məsəldir mitil olmaz...
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən
a balam, hər sarıköynək qızıl olmaz...
Yeni dil incəlikləri və təsvirlər. Aşağıdakı beytlərə
diqqət edək:
Gözlər
asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış
qulağım gör nə döşürməkdədi
darı...
Göz
yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryayə
baxar, bəllidi çayların axarı...
Mehrabi
-şəfəqdə özümü səcdədə
gördüm,
Qan
içrə qəmim yox, üzüm olsun sənə
sarı...
Cümlənin mənasında problem yaranmadan bəzi hissələrin
silinməsi. Çox yumşaq vəznlərdən istifadə
edilməsi. Danışıq dilinə
yaxınlaşması və danışıq, şivə
sözlərindən qafiyə düzəltməsi. Rədifdən
az istifadə etməsi. Şeirdə
beytlərin strukturu, yəni, beytlərin məna cəhətdən
ardıcıllığı. Bütün
bu sadalananlar sayəsində poeziyada məhz Şəhriyar ədəbi
məktəbi formalaşıb. Şübhəsiz
ki, Şəhriyar məktəbi sadaladığımız
yeniliklərin yaradıcısı olan ustad başda olmaqla,
türkdilli şairlərdən ibarətdir və onların
bir qismi farscada N.Yuşicdən ilham alıb, təsirləniblər.
Şəhriyar qəzəl sahəsində böyük
şair olsa da, onun ən dəyərli və modern əsərləri
"Həzyane del", "Mumiyai", "Ey vay, madərəm",
"Do Morği beheşti", "Əfsaneyi şəb",
"Peyğam-o Eynşteyn", "Rəssam" və
bütün yaradıcılığının zirvəsində
qərar tutan "Heydərbabaya salam" və "Səhəndim",
"Xan nənə"sindən ibarətdir. O, özü bu
növ şeirlərə "Məktəbi Şəhriyar"
adını verib. Bu məktəbin farsca qəzəl
yazan davamçıları Nima Yuşicin "Əfsanə"
şeirinin təsiri altında yazıb-yaradanlardır.
"Mövlana Şəmsin barigahında" məsnəvisini
sadəcə bir poeziya örnəyi kimi deyil, həm də
Şəhriyarın klassik poeziya və fəlsəfəyə
baxışı kimi də dəyərləndirmək
mümkündür. Şeirin fakturasında bir bayram ovqatı
olsa da, əsas məsələ bu deyil. Aydındır
ki, şeirdə bu "bayram ovqatı"nı
yaradan, onu az qala dekorasiyaya çevirən məhz şairin ruh
yüksəkliyidir. Şair ilhamının
qanadlandığı, təbinin coşduğu an xəyalında
Mövlana Cəlaləddin Ruminin Şəms Təbrizinin
diyarına-qədim Təbrizə gəlişini
canlandırır və bununla da klassik dövrün ədəbiyyatını
dəyərləndirmək üçün əlinə
gözəl bir fürsət düşür:
Bu gecə
Təbriz çırağbandir, bilin,
Ol günəş
çün burda mehmandır, bilin!
Görmədim
çıxsın gecə heç aftab,
Bu oyaqlıqdır ilahi, ya ki, xab?
Şurdur
salmış o şəhrə həm bizə,
Vay, Mövlana qonaq gəlib Təbrizə.
Bu gecə
ol ay qədəm qoymuş gözə,
Bəxt-dövlət üz qoyubdur Təbrizə.
Şəhriyar ruh yüksəkliyi ilə "eşq
sultanının artıq qapıda olmasını" xəbər
verir. Bununla o, yüksək poeziyanın
yaradıcılarını xatırlayır, onların poeziyada
qalan əbədi və silinməz izlərini tərənnüm
edir. Və demək lazımdır ki, bu məsnəvinin
üzdə görünən qatı da məhz tərənnümdür,
əsl mənası isə daha dərin qatlarda hifz olunur.
Ol ki,
olmuş orda şəmsə mizban,
Bu gecə Şəmsə olubdur mehman.
İndicə
bax, qapıdadır sultani eşq,
Mərhəba, sonsuz gözəllik, cani eşq.
Can fəda
olsun sənə, canu dilim,
Qoy
gözüm üstə qədəm, ey sevgilim!
Gəncsən
viranə könlümdə mənim,
Aləmə sən sığmasan, ey məskənim.
Gəldi
Mövlana Cəlaləddin bizə,
Xoş gəlibsən
mehrü mahım Təbrizə!
Əsas məsələ
bu məqamdan başlayır: biz balıq olsaq, sən dəryasan
və bu, təkcə Mövlanəyə şamil edilmir. Həm də "Şəmsin şöləsi bir
eşqi min eylər" ifadəsi heç də gəlişi
gözəllik xətrinə deyilmir. Bir
sözlə, Şəhriyar bu şeiri ilə böyük bir
dünya yaradır, elə bir dünya ki, onun yeri, göyü,
buludları, ağacları, insanları, zövq və gözəlliyi...
bunların hər biri bir böyük şairin çöhrəsində
qərar tutur. Məsələn, şairin fikrincə bu kəhkəşanda
hər şeyin əsasında Şeyx Niami Gəncəvinin
"Xəmsə"si durur:
Min eylir bir eşqi Şəmsin şöləsi.
Məcuna
su verdi şeiri Mövləvi
Dən
ona vermiş bu Şəms mənəvi
Çal-çağırdır
burda hər yan, gör necə
Gör nə də rəqsü səmadır bu gecə.
Xətti
məşuqundu həm şahidlərin
Dəm,
duasından alıb zahidlərin
Dad Nizami
"Xəmsə"sindəndir, alıb,
Saibin bitiyi də bir duz salıb.
Əməq
almış alini Buxaradan
Limonun
dadın da molla Sadradan
(Məsnəvinin
poetik tərcüməsi Yusif Əzəmiyə aiddir)
Belə
olduğu üçündür ki, Nizami yalnız seyr edilir,
ancaq onun sözü, onun ilmə-ilmə işlədiyi,
qurub-yaratdığı "Xəmsə" həyat rəmzidir,
insanların nəfəsi, dünyada canlı və diri olan hər
şeydir. Şəhriyar Şeyx Nizaminin əsərlərini
orijinaldan oxuyub məna dərinliyinə baş vurub,
özü üçün gərəkli gövhərləri
seçib:
Bax, Nizami
məclisə vermiş bəzək,
Sözləri
şeir ilə səpmiş gül-çiçək
Nəzm
alıb məclis Nizamidən bütün
Kasə-kasə
mey də camidən bütün...
Gər
Nizami çox qızıl sözlər yazıb,
Sən
ki, varsan o qızıl sözlər azıb...
"Gecənin əfsanəsi" məsnəvisindən
Nizaminin yaratdığı ənənəvi obrazların
Şəhriyar qələmində cilvələndiyinin də
şahidiyik.
Şəhriyar gecənin nələrə qadir olduğunu
ilhamın qanadlarında vəsf edərək o qədər
cazibədar romantik səhnələr, mənzərələr
yaradır ki, özünün də adlandırdığı
kimi, sanki oxucunun qulaqlarında gecənin simfoniyasını səsləndirir...
və bu simfoniyanın əsas səsləri
sırasının, obrazlar qalereyasının önündə
məhz Nizami Gəncəvinin məşhur obrazları gəlir:
O,
görmüş rüxsarı ay Mənijəni,
Quyuda həbs olan igid Bijəni.
Leylini
görmüş ki, dağ-daşı gəzər,
Məcnunun eşqilə canını üzər.
Görüb
Şiruyəni, deyərək qan-qan,
Div kimi yavaşca düşür bacadan.
Çingiz
ordusunu görmüşdür gecə,
Qiyamət qoparır döyüşdə necə.
Görüb
Təxti-Cəmşid necə odlanır,
Gülür İskəndərin halına, yanır.
Eləcə
də "Azərbaycan" qəzəlindən: "Bisutuni
inqilabda şirin, vətən üçün Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan!";
"Cəmşidin piyaləsi" qəzəlindən isə:
"Bu sairlər təbinin sehrini bilmək istəsən, Hər
sözüm, hər söhbətim, kəlməm onunla
canlanır. Rumi ney vermiş sözə,
Şeyx Nizami qəmli çəng, Ruhudur şərqin əzəldən,
Cəm onunla canlanır. Bir şahənşah
adını dünyaya car etmiş bu cam" hissələrində
Nizaminin parlaq obrazlarından ustad Şəhriyarın nə qədər
böyük ustalıqla bəhrələndiyini və
misraları arasında cilvələndirdiyinin şahidi oluruq.
"Şatır oğlan" qəzəlindəki: "Lənət
ol bad-i-xəzanə ki "Nizami" bağının, Bir
yava gülbəsərin qoymadı kakillənsin!"
Şübhəsiz ki, Nəsimi, Füzuli, Vaqif, Sabir və
Şəhriyar kimi ustadlarının şöhrət ulduzunun
sönməməsinin səbəbi xalqın ruhunu dəqiq
tutmalarında, onunla bir sinədə ürək kimi
döyünmələrindədir. Yəqin ki, xalqın
istəyi zaman-zaman dəyişir və müxtəlif dəyişmələrə
məruz qalır. Buna görə də,
bu şairlərin əsərləridə növ müxtəlifliyi
qabarıq müşahidə edilir, onların hər birində
özünəməxsus forma və məzmun rəngarəngliyi
mövcuddur. Bu mətnlərə xas olan forma və
məzmun çalarları meydana gəldikləri zamanda yeni ədəbi
cərəyan və təmayüllər yaratmışdır.
Müasir dünyada yalnız əcdadlarının
yolunu davam etdirənlər cağımızın tələbatına
cavab verməklə ədəbiyyat sahəsində uğur
qazana bilərlər.
Nizami Gəncəvi kimi, Şəhriyar da poeziyada məktəb yaratmış qüdrətli söz ustadıdır. Nizaminin "Xəmsə"si, məlumdur ki, janr baxımından fərqli şəkildə adlandırılıb. "Xəmsə"ni yaradan beş əsərə poema, mənzum roman və ya dastan deyən tədqiqatçılar da olub. Fikrimizcə, "Heydərbabaya salam" və "Səhəndim" məhz Nizami dastançılığının ana dilində uğurlu davamıdır. Şəhriyarın qəzəl, qəsidə və poemalarında bir sıra poetik incəlik və özəlliklər müşahidə edilsə də, türkcə şeirlərinin ən önəmli elementi türklük hissinin güclü olmasıdır. Bu hiss Füzuli, Əliağa Vahid, Nəsimi və Sabirin dilində olduğu kimi, çox güclüdür. Onun 1900 beytlik türkcə divanı nə qədər dəyərli əsər olsa da, onların heç biri "Heydərbabaya salam" və "Səhəndim" səviyyəsinə yaxınlaşa bilməyib. Xalqın axıcı folklor dilinə çox yaxın olan və onlardan rişələnən bu iki əsər təkrarsız özəlliklərin daşıyıcısıdır. Çox hallarda şairlər xalqın dilində şeir yazmağa cürət etməyiblər. Şəhriyar isə əksinə, şeirlərində xalq dilindən cəsarətlə istifadə edib. Realist səhnələrin bolluğu ilə daha çox sevilən "Heydərbaba"nın şəhdi-şirəsini və məzmununu, əsasən xalq dilindən alıb. Bütün səhnələri gerçək həyata yaxınlaşdıran isə xalqın dilidir. Bu əsər duyğu, musiqi, təsvir, imaj və etiraz nidaları ilə boyaboydur, doludur. Əlcəzairli fransız nasiri və filosofu Alber Kamyu "Rəssamlıq etiraz deməkdir, - deyirdi. Etiraz, əslində mövcud vəziyyətə nifrət bildirmək və yaxşı duruma maraq göstərməkdir. Bu etiraz Şəhriyarın "Heydərbabaya salam" və "Səhəndim" mənzumələrində çox güclüdür. "Hansı əsər sənin ürəyinə daha yaxındır?" - sorğusuna suriyalı yazar Qadət-Üssəmanın cavabı: "Sənin ürək sözünü, özündən yaxşı söyləyən əsər" - olmusdu. Deməli, ən yaxşı əsər xalqın ürək sözünü, ruhunu ən yaxşı şəkildə ifadə edə bilən əsərdır. Elə bu xüsusiyyətə görə də Şəhriyarın şah əsərləri - "Heydərbabaya salam" və "Səhəndim" oxucu tərəfindən olduğu kimi, böyük sevgi və özləmlə qarşılanır. Çünki "Heydərbabaya salam"da doğma yurda məhəbbət, onun gözəl təbiəti, əlvan obrazları, xalqın adət-ənənələri sadə xalq dilində və onun ruhundan su içən heca vəznində ifadə olunub. Poema ana dilində yazılması ilə yanaşı, keçmişlə bağlı nostalji səhnələrinə görə də xalqa çox xoş gəlir, onu öz keçmişinə, ömrünün ötən çağlarına qaytarır, duyğularını oxşayır. Bu kimi əsərlər Azərbaycan xalqının keçmişlə bağlı duyğularının güzgüsüdür. Əgər "Heydərbabaya salam" keçmişə həsrət və nostaljidirsə, "Səhəndim" gələcəyin arzusu, utopiya və ideallar aləminin vəsfidir. Hər iki əsər nə qədər bənzərsiz olsa da, mütəxəssislərin fikrincə, "Səhəndim"in şeiriyyəti daha yüksək, dili axıcı və coşğundur.
Bütün bunların yekunu olaraq deyə bilərik ki, Şeyx Nizaminin "Xəmsə"si əsrlər boyu ədəbiyyat incisi sayılaraq öz dəyərini aldığı kimi, onun yaradıcılıq ənənələrinin davamçısı olan xələfi-ustad Şəhriyarın da əsərləri hələ sağlığında ikən əbədiyaşarlığa vəsiqə qazanıb.
Esmira FUAD
525-ci qəzet.- 2022.- 14 yanvar.-
S.14-15.