"Papaqsız baş yetimdir..."
5. KƏRBƏLAYİ
İSMAYILIN PAPAQ
DAVASI
"Abbasqulu bəyin papağı" adlı yazıdan
sonra bəzi dostlar, kinosevərlər "Axırıncı
aşırım" filminin real həqiqətlərə
uyğun olmayan epizodlarına, habelə tarixi şəxsiyyətlərin
bu filmə təhrif olunmuş şəkildə gətirilməsinin
səbəblərinə münasibət bildirməyimi
xahiş etdilər. Düşündüm ki, bu müraciətləri
cavabsız qoymaq düzgün olmaz və bu qeydlər də
deyilənlərlə bağlı bildiklərimin və
düşündüklərimin məhsuludur.
Əvvəla, həqiqətin, reallığın təhrifi
barədə.
Bəlkə
də çoxları bilmir ki, bu film də vaxtilə ciddi
senzor təpkisinə məruz qalıb, məzmun planında
onun ən mühün epizodlarından biri - Qəmlonun
ölümü səhnəsi filmin televiziya ilə bir
neçə dəfə nümayişindən sonra
çinovniklərin tələbi ilə Kərbəlayi
İsmayılın reytinqini aşağı salmaq naminə
"redaktə olunaraq" başqa görkəmə
salınıb. Flmin indiki variantında Qəmlonu
Xudayarın qaçaq qardaşı öldürür. Mənim
gördüyüm həmin o ilkin variantda isə həmin səhnə
belə idi: Qəmlo Abbasqulu bəyi öldürüb
yuxarı - qayanın başına qalxır və qəfildən
sıldırımın kənarında heykəl kimi
dayanmış Kərbəlayi İsmayılı görür.
Kərbəlayi İsmayıl qəzəblə soruşur:
- Abbasqulu
bəyi də
öldürdün??..
Qəmlo
özündən razı halda:
- Qorxma, Kərbəlayi, Abbasqulu bəyi
mən öıdürmüşəm - deyir və cümləsinə
nöqtə qoymamış Kərbəlayi İsmayıl əbasının
altından çıxardığı naqandan atəş
açaraq ən yaxın silahdaşını o dünyaya
göndərir.
Bu səhnə nə üçün sovet
ideoloqlarının xoşuna gəlməmişdi?
Əlbəttə, ilk növbədə sovet hakimiyyətinin
qatı düşməni olan Kərbəlayi
İsmayılın reytinqini yüksəltdiyi
üçün. Sovet təbliğat maşınına görə bu
quruluşa qarşı çıxan qüvvələr birmənalı
şəkildə yalnız pis, öz xalqına qənim kəsilən
istismarçı qüvvələr idi və onları
hörmətə mindirən adi bir jest, adi bir replika belə
ictimai rəyə ötürülə bilməzdi. Bu kadrda isə
Kərbəlayi İsmayıl duz-çörək dostunu
öldürdüyünə görə ən yaxın
silahdaşını - Qəmlonu bağışlamır,
başqa sözlə, milli yaddaşdan, yaddaşdan gələn
inersiya sinfi, siyasi maraqlara üstün gəlir.
Amma məsələnin
qəliz tərəfləri də var. İş
burasındadır ki, əsl həqiqət heç də kəsilib
atılan epizodda olduğu kimi deyil, yəni Qəmlonu nə Kərbəlayi
öldürür, nə də Xudayarın qardaşı -
kollektivləşmənin, kolxoz
quruluşunun əleyhdarı olan bu insanı 18 nəfərdən
ibarət quldur bolşevik
bandasının pusquya salaraq
kirvəsinin evində öldürdüyü tarixi faktdır.
Qəmlonu
bu cür xaincəsinə öldürmək bolşevik rejiminin təbiətinə
tam uyğun idi. Sovet hökuməti mahalda
sözü bolşevik qulbeçələrinin sözündən
daha keçərli olan, onun nüfuzunun kölgəsində
qalan, vaxtilə Abbasqulu bəylə əl-ələ Ermənistanda
yaşayan azərbaycanlıları daşnak
qırğınlarından xilas edən Qəmlodan - bu xalq qəhrəmanından
it kimi qorxurdular. Elə buna görə də hələ
bir neçə il əvvəl onu heç olmasa mənəvi
cəhətdən öldürmək üçün məkrli
hiyləyə əl atmış, qorxduqları daha bir şəxsiyyətin
- Abbasqulu bəyin ölümünü təşkil edib günahı
Qəmlonun üstünə atmışdılar. Hiylə müəyyən qədər işləsə
də, Qəmlonun nüfuzunu tam sarsıda bilməmişdi.
Amma bu dəfə güllə düz "doqquzluğa" dəydi..
Deyilənlərdən
belə çıxır ki, Qəmlo adını aslan qoyub
uşaq arxasında gizlənən quldur yox, elin, obanın təəssübünü
çəkən, xalq qəhrəmanı səviyyəsinə
yüksəlmiş
bir şəxsiyyət imiş. Elə
isə onun filmdə başkəsən quldur, namussuz bir gədə
səviyyəsinə endirilməsi nədən qaynaqlanmışdı?
Axı, "Qarlı aşırım"
romanını və bu filmin ssenarisini yazan Fərman Kərimzadə
özü də Qərbi azərbaycanlı idi və çox
güman ki, mənim yuxarıda yazdıqlarımı bilməmiş
deyildi.
Mən mərhum
yazıçımızın bu məsələ ilə bağlı nə
isə deyib-deməməsindən xəbərsizəm və
ona görə də həmin səbəbləri öz
düşündüyüm səviyyədə, öz şəxsi
gümanlarım kontekstində izah etməyə
çalışacam.
Birinci
versiyam belədir ki, yazıçı romanı və ssenarini
yazdığı illərdə (ötən əsrin 60-cı
illərinin sonu) olsun ki,
bolşeviklərin uydurub dövriyyəyə
buraxdıqları "Abbasqulu bəyin qatili" şayiəsi
elə bir vüsətlə təbliğ olunurmuş ki, yeganə
düzgün versiya statusu qazandığından onu təkzib
etmək, ona əks getmək sadəcə mümkün
deyilmiş. Bu mənada F.Kərimzadə hətta
faktları əsərə tarixi həqqət məntiqi ilə
gətirsəydi belə roman ən yaxşı halda
senzorların kabinetindəki zibil qutusuna atılacaq, müəllif
isə ciddi nəzarətə götürüləcəkdi.
Fikrimcə, buna görə
yazıçını yox, bizim həmişə, hər yerdə,
hər məsələdə düz sözü deməyə
gecikən "həşəmətli" tarixçiləri
qınamaq daha düzgün olar. Yazıcı
isə sadəcə doğru hesab olunan versiyasnı qələmə
alıb.
İkinci
versiyamı isə
"Nəsimi" filmindən gətirdiyim bir
epizodun məntiqi ilə izah etmək istəyirəm.
Yadınızdadırsa,
Nəsimi ustadı Nəimini Teymura təhvil verməsini
Şirvanşah İbrahimin üzünə çırpanda
şah deyir: "Mən Nəimini qurban verdim ki, səni
sağ saxlayım".
Bu da bur məntiqdir
və məncə, F.Kərimzadə də öz əsərini
yazanda buna bənzər bir məntiqə əsaslanıb, ən
vacib mesajı ötürmək, demək xatirinə bəzi
şeylər barədə susub, yaxud senzuranı razı salan
şəkildə deyib.
Bəs o vacib şey nə idi?
Söhbət
yenə də hərlənib-fırlanıb
papaq və onun dili ilə deylənlərin üzərinə gəlir.
Mən Abbasqulu bəyin papağından yazanda bu məsələni
onun baxış bucağından şərh etmişəm. İndi isə
məsələyə sovet hökümətinin düşməni
olan K.İsmayılın baxış bucağından baxmaq məqamı
yetişib.
Filmdə
ən vacib səhnələrdən biri karvansarada Abbasqulu bəylə Kərbəlayi
İsmayıl arasında gedən tarixi dialoq səhnəsidir.
Bu dialoq əslində 2 əks dünyagörüşün, 2
əxlaqın toqquşduğu bir məqamdır və həmin
o vacib mesaj da ömrünün sonuna kimi papağını ləyaqətlə
daşıyan, özünə və əqidəsinə xəyanət
etməyən Kərbəlayi İsmayılın dilindən
ötürülür: "ADAMIN
PULUNA DA TOXUNARLAR, MALINA DA, VAR-DÖVLƏTİNƏ DƏ.
NƏ OLAR? DEYƏRƏM ƏL
ÇİRKİDİR. BƏS, KİŞİLİYƏ
NƏ SÖZÜN, NAMUSA, QEYRƏTƏ, PAPAĞA NƏ SÖZÜN...?
Bu
sözlərlə kinomuzda ilk dəfə bolşevik rejiminin mənəvi-əxlaqi
dəyərlərə zidd siması ifşa olunur və
göstərilir ki, Kərbəlayi İsmayılın və
onun kimilərinin davası var- dövlət davası yox, qeyrət,
kişilik -
papaq davası idi!!!
Həmin
cəmiyyətin hər sifətindən xəbəri olan bir
şəxs kimi deyə bilərəm ki, sovet
ideologiyasının hakim olduğu, sovet
qılıncının qəbzəsinin də kəsdiyi o illərdə
bu mesajı
kütləvi auditoriyası olan bir kanalla milyonlara
ötürmək də bir kişilik idi. Mən
elə buna görə bütün kəm-kəsirlərinə
baxmayaraq, bu filmi kinomuzun şedevrlərindən hesab edirəm.
Axı həyatda Allahdan başqa ideal heç nə
yoxdur.
6.
BALADADAŞIN AERODROM KEPKASI
Bir az
monotonluqdan uzaqlaşaq
deyə müvəqqəti olaraq Azərbaycan kişilərinin ya
buxara papaq, ya da şlyapa gəzdirdikləri illərdən
50-60 il irəli gedib düşək ötən əsrin 70-ci
illərinə...
Bu o vaxtlar idi ki, buxara papaq Bakıda aerodrom, Azərbaycanın
rayonlarında isə klassik kepka formasında öz
ömrünü hələ ki davam etdirir, kepka tikən sexlərin
ustaları müştəri sarıdan əziyyət çəkmirdilər. Köhnə
kişilərin əksəriyyətinin, adətən, bir
cüt kepkası olurdu - qış və yay kepkaları.
Və bu kepkalı adamların daxili aləminin gəzdikdikləri
baş geyimləri ilə əlaqələri ədəbiyyat və
incəsənət adamlarının da diqqətindən yan
keçmirdi.
Amma
aerodrom kepkalı ən mükəmməl qəhrəmanı ədəbiyyatımıza
Xalq yazıçısı Elçin, knomuza isə
rejissor Fikrət Əliyev gətirdi.
"Baladadaşın ilk məhəbbəti" hekayəsində
(və bu hekayə əsasında çəkilmiş filmdə)
"qəhrəmanın kepkası onun özü qədər
vacib bədii funksiya daşıyır" - desəm, məncə,
yanılmaram.
Doğrudan da,
kepka bu hekayədə və filmdə az qala dil
açıb danışan bir obraz səviyyəsinə
yüksəlir. Mən hətta deyərdim ki, o, əsərdəki
Sevil, Murad kimi meşşan ruhlu obrazlardan qat-qat cazibəlidir.
Yayın cırhacırında alnından sel kimi
tər axsa da, Baladadaş onu başından
çıxarmır, böhranlı anlarda kepkasına and
içir. Onun vurulduğu Sevil isə
Baladadaşı məhz bu kepkaya görə lağa qoyur, ələ
salır.
Murad və Sevil kimi təmənnalı adamlar aerodrom
kepkanın altındakı dünyanı - Baladadaşın saf
ürəyini, təmənnasız sevgisini, məğrurluğunu,
əyilməzliyini qiymətləndirməyə qadir deyillər. Baladadaş
sevdiyi qızın onun üçün qutsal dəyər
daşıyan kepkaya gülməyindən məyus olur, amma
sınmır. Yazıçı Elçin
bu məqamı bədii sözün qüdrəti ilə
çox ustalıqla əks etdirir. Lakin kino sənətinin
öz "lüğət" fondu, öz qrammatikası var və
filmin rejissoru Baladadaşın daxili yaşantılarını
ekran təhkiyəsinə xas çox orijinal bir tərzdə əks
etdirmək üçün maraqlı üsula əl atır -
o, nə iri planlara lüzum görür, nə də
Baladadaşın üz-gözünün təsvirinə, əksinə
Baladadaşı tamaşaçılardan
"uzaqlaşdırır", axşam vaxtı sahildəki
qayalığa aparır, təpələrdən birinə
qaldırır və orada oturub qaranlıqda dənizə
baxa-baxa fikrə gedən Baladadaşın siluetini bir neçə
ifadəli rakursdan təqdim edir. Dizlərini qucaqlayıb oturan
Baladadaşın kepkası ay işığında bərq
vuran dəniz və qayalıqlardan ibarət kompozisiyada son dərəcə
ifadəli bir görkəm alır, təpələrin siuletinə
qarışıb özü də "ucalıq"
anlayışı ilə asossiasiya olunur və qəribədir
ki, biz qaranlıqda yalnız silueti görünən
Baladadaşın nəinki üzünü, gözlərini xəyalən
görürük, hətta onun ürəyinin
çırpıntılarını belə eşidirik!..
Ekran əsərlərinin
özünə xas olan sehri də məhz belə
kadrlardadır!
Kepka əhvalatına
filmdə uğurla nöqtə qoyulur - gecə yatmağa
hazırlaşanda köynəyini soyunmağa mane olmasın deyə
Baladadaş əvvəl onu çıxarır, amma yatağa
uzanmazdan əvvəl
götürür,
baxır və təbii ki, Sevilin acığına qəti
hərəkətlə başına qoyub uzanır...
Afərin,
Baladadaş! Sevilə ən yaxşı cavab jesti elə
budur ki, var!
(Ardı var)
Əlisəfdər Hüseynov
525-ci qəzet.- 2022.- 14 yanvar.- S.12.