Uşaq yaşlarından başlayan Vətən sevgisi

 

Qismətinə şəhidlik zirvəsinə ucalmaq yazılan, bir göz qırpımında əbədiyyətə qovuşan mayor Murad Məmmədov haqqında xatirələr

 

36-cı doğum gününü qeyd etməyə ömür vəfa etmədi. Sinif yoldaşımız Murad haqqında onun yoxluğunda danışmaq nə qədər ağrı-acılıdırsa, bir o qədər də qürurvericidir. Məktəb vaxtlarında əksəriyyətdən fərqlənən, "Vətən eşqi" məfhumunu kövrək qəlbinə uşaqlıqdan sığışdıran Murad şeirə-sənətə, incəsənətə meyilli idi. Təhsil aldığımız 11 il müddətində Murad bilik və bacarıqları, rəssamlıq qabiliyyəti ilə bütün pedaqoji kollektivin sevimlisinə çevrilmişdi. Murad məktəbdə keçirilən fənn olimpiadalarının, ədəbi-bədii gecələrin fəal iştirakçısı, bədii guşəni bəzəyən divar qəzetlərinin dizayn və tərtibatına məsul şəxs idi. Dəfələrlə kollektiv olaraq Muradın fərdi sərgilərinin iştirakçısı olmuş, təxəyyülündən süzülərək kağız üzərinə köçürdüyü bədii düşüncələri ilə yaxından tanış olmaq şansını əldə etmişdik.

Biz onun gələcəkdə ali təhsilini rəssamlıq istiqaməti üzrə davam etdirəcəyini düşündüyümüz halda o, orta məktəbi bitirməyimizə az qalmış, qəflətən bu fikrindən daşındı. Hərbi sahəyə meyil etməklə bir daha Vətən sevgisini nümayiş etdirdi. Biz onunla bu sənətin nə qədər çətin, məşəqqətli olması barədə söhbətlər aparsaq da, onu yolundan döndərməyə müvəffəq olmadıq. Muraddan fərqli olaraq, biz uşaq düşüncəsi ilə bu sahənin daha çox itki verən sahə olduğunu düşünür, məsələnin əsl mahiyyətinə varmırdıq. O zaman Murad bizə Azərbaycanın məşhur "Yuxu" filmindən bir fraqmenti xatırlatdı: "Məgər orda ölən oğlanlar məndən əskikdir?". Bu ifadə bizə bu mövzuya bir daha qayıtmamaq üçün dərs oldu.

Həyatda olsa idi, biz mütləq onun hərbi pillələri necə məharətlə adlayıb qısa zamanda polkovnik ali rütbəsinə yüksələcəyinin şahidi olacaqdıq. Həqiqətən də, o, bu potensiala malik, öz üzərində əzmlə çalışan, inadkar və tələbkar biri idi.

Azərbaycan xalqı şərəfli ömür yolu keçən  vətənpərvər oğlunu, II Qarabağ müharibəsində xüsusi rəşadət nümayiş etdirən mayor rütbəli hərbi qulluqçusunu itirdiyi halda, biz uşaqlıq xatirəmizə əbədi həkk olan mərd, mehriban, məsum MURADIMIZI itirdik.

Heyifslənirik ki, biz onu çox tez itirdik.

Lakin bu gün sinif yoldaşımız mayor Murad Məmmədov kimi qəhrəmanla qürur hissi keçiririk! Doğma Vətən torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Murad təkcə biz sinif yoldaşlarının yox, bütün Azərbaycanın fəxri oldu.

Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbin 2004-cü il buraxılışlı 11d sinfinin məzunları adından

 

525-ci qəzet.- 2022.- 14 yanvar.- S.16.