Bir yer var...
Mövlananın çox sevdiyim bir fikri
var, "Bir yer var, iyiliğin
və kötülüğün ötesinde, seninle orada buluşacağız" - deyir. Dərin, işıqlı, insanı həyatdan
dördəlli yapışmağa sövq
edən, pisliklərin varlığını unutduran
bir deyimdir. Elə ki, fikrin sehrindən
çıxıb başını yana
çevirirsən, görürsən ki,
pisliklər yan-yana düzülüb
üzünə irişir. Pisliyin
yoluxucu xəstəlikdən daha sürətlə yayılan bir xüsusiyyəti var. Məhv etmək ehtirası ilə yaşayırlar bu "xəstəliyin"
daşıyıcıları. Bir dəfə
qırırlarsa, ardınca dağıntı gəlir, bir dəfə kəsirlərsə, sonrası
yerlə-yeksanla tamamlanır, bir dəfə
şiddət göstərirlərsə, sonrası qətlə
calanır. Narkotik kimidir,
qana qarışdısa, hər dəfə
daha artığını tələb edir. Daha çox
qışqırıq, daha çox fəryad duymaq, daha artıq qan, yara görmək istəyir. Sərhədləri
yoxdur, dayanacağı nöqtəni bilmir. Başladığı "işin" axırına çıxana qədər
davam edir. Məsələn,
hər dəfə qadın qətillərindəki təfərrüatları
araşdıranda bir insanın nə qədər
pis, vəhşi, mərhəmətsiz, şüursuz ola biləcəyinin
fərqinə varırsan. O an
canını vahimə bürüyür. Bir neçə
gün öncə keçmiş
televiziya əməkdaşı Nahidə Həsənovanın
əri Orxan Alıyev tərəfindən
qəddarcasına öldürülməsi beynimdə pisliyi və yaxşılığı yenidən
götür-qoy etməyə vadar etdi.
Öz-özümə düşündüm
ki, yaxşı insan
belə bir cinayət törədə
bilməz. Bu, yaxşı insanlar
qüsursuzdur, adam
öldürə bilməzlər anlamına gəlməsin.
Yaxşı insan da adam öldürür, zərər
verə bilir. Amma bu, ani bir
məqamda, təsadüfən, bilmədən, qəza ilə baş verir və ömür boyu törətdiyi
əməlin əzabını çəkir, özü-özünə
cəzaların ən böyüyünü
verir. Pis insan isə Orxan
Alıyev kimi əvvəlcə arvadına
fiziki, mənəvi, psixoloji
şiddət göstərir, sonra
bıçaqlayır, ürəyi soyumur,
hamamın vannasında balta ilə
doğrayır, ən axırda da onu videoya çəkib ətrafındakı
insanlara göndərir, sosial
şəbəkədə paylaşır. Bu qətli törədənə qədər onun arvadına necə bir
cəhənnəm həyatı yaşatdığını təxmin
etmək elə də çətin deyil.
Şiddət göstərən, mütəmadi dava salan, heyvanlara zərər verən,
uşaqları döyən, qadınları qanına qəltan
edən, ağacları kəsən, rüşvət alan, başqasını aşağılayan, alçaldan, sosial şəbəkədə
ona-buna ağzına gələni yazan, fərqli olana nifrət
edən, irqçilik, bütün
buna bənzər hallara
haqq verənlər əlbəttə,
yaxşı insan deyillər. İnsan yaxşı ilə pisin
qarışımından ibarət bir varlıqdır.
Tamamilə yaxşı və tamamilə pis
deyə bir anlayış mümkün
deyil. Zülmətin də işıq
sızan bir yeri olur. Təbii ki, o zərrəni görən üçün...
İnsanın nəyə meyl etdiyi, nəyi çoxaltmağa
çalışdığı, nəyi seçdiyi
onun həyatını
formalaşdırır. Qurub yaratmağa çalışan adamlar
bu işlərdən uzaqdırlar, çünki onların məqsədləri, hədəfləri
bəllidir. Yaratmağı bilməyən insanlardır yox etməyə çalışanlar. Bu insanların içində idarə edə
bilmədikləri bir şiddət
dolaşır, onları güc oyununa girməyə sövq
edir. "Yaradıcı şiddət"
gücsüzlükdən doğan, gücsüzlüyü yaradan
bir növdür. Buna sadizm də demək olar. Sadizmin kökündə isə sadəcə
başqalarına acı vermək deyil, həm
də digərinin üzərində iqtidar
qurmaq, onun
"Tanrısı" olmaq, onunla istədiyi kimi oynamaq, yönləndirmək dayanır. İnsanın
içindəki pisliyi qidalandıran daxildə
bəslədiyi şiddətdir. Hər keçən gün "insanlığın üz qarası" deyiləcək şəxslərin
törətdiyi dəhşətli əməllərə şahid olmaq, xəbər
tutmaq ağırdır. Bütün
dünyada pisliyin faiz dərəcəsinin yaxşılıqdan daha artıq olduğunun
hamımız fərqindəyik. Bunun artan xətt üzrə dayanmadan
irəlilədiyini də görürük.
Bu vəziyyətlə başa
çıxmağın yolu insan həyatının, yaşamağın hər
şeydən daha əhəmiyyətli olduğunun fərqinə varmaq,
yaxşı olmaqdan ümidi
kəsməməkdir. Yalnız bu halda yaxşılığın boyu pisliyi ötüb
keçəcək. "Faiz dərəcəsinin"
dəyişdiyi gün mütləq gələcək.
Həmin vaxta qədər Mövlananın
fikrinə sarılaraq yaşayaq. Bəlkə,
bir gün "o yerdə" görüşdük!
Türkan TURAN
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.23.