Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Dünyaya
göstərməliyik ki, xamamızın,
ayranımızın, şorumuzun, lap elə həsirimizin əvəzi
yoxdur. Qiymətli qida məhsullarının
istehlakı hesabına bizdə mədə və ya yoğun
bağırsaq xərçənginə rast gəlinmir, niyə
biz bunları Qərbə yaymayaq?
Niyə italyanlar operalarını dünyaya
yaymışlar, biz öz muğamımızı
dünyanın hər yerinə, ən azı Şərq
ölkələrinə yaymayaq? Üstünlüklərimiz
olduqca çoxdur. Lakin onların təbliği
ilə məşğul olmadığımızdan, bizim sənət
okeanımız Xəzər dənizini andırır, onu da
başqa dənizlərlə əlaqəsi
olmadığından göl adlandırırlar. Belə zənginliyi niyə biz başqalarından
gizlədirik, yalnız öz milli mücrümüzdə
saxlayırıq. Onun qapısını
açıb, hamıya göstərsək, bütün
dünyanı bələd və fəth edərik. Gəlin ətaləti kənara ataq, hərəkət
edək, onda dünya bizi tanıyacaq, gözləri bərələ
qalacaqdır. Görürsünüz, ermənilər
Nyu-Yorkda düdük akademiyaları açmaları ilə
qürrələnirlər, Ərik bayramları keçirir,
onlara rəhbərliyi Şarl Aznavura
tapşırırdılar. Bir işçi
özünü saxlaya bilməyib, pıçıltı ilə
dedi:
- İndi də ermənilərin səfeh icadlarından
öyrənək.
Rəhbərlərinin
bu sözündən sonra işçilər Koroğlu,
Qaçaq Nəbi, Aşıq Qərib dastanlarını daha
ciddi-cəhdlə, həmçinin, nehrənin necə
çalxanmasını, şorun hazırlanması
texnologiyasını, qurut qurudulanda milçəkdən
qorunması üsullarını, həsirin hörülməsini
öyrənməyə başladılar. Çünki
müsəlmanlar öləndə inkir-minkirin sual-cavabından
qorxduqları kimi, onlar da idarə
başçısının onları mənşər
ayağına çəkəcəyindən qorxurdular.
Qadınların rəhbər vəzifəyə çəkilməsi
normaldır və nəinki Qərbdə, hətta bir sıra
Şərq ölkələrində də qadınların
hökumət başçılığına yüksəlməsi
halları olmuşdu, Hindistanda, Pakistanda, Şri-Lankada və
Filippində, Türkiyədə qadınlar hökumətə
və dövlətə başçılıq etmişdilər. Lakin qadın
irəli çəkilərkən onun xasiyyətinə, psixiki
durumuna da fikir vermək lazımdır. Bir
qadın vəzifədə olarkən hamını
daladığından, çoxları ondan qorxurdu. Məşhur həkim danışırdı ki, həmin
qadın qızını onun şöbəsinə müalicəyə
qoymuşdu və həkimin qızına
qayğısını hiss edib, ondan razılıq etmişdi.
Bir dəfə bir sərxoş gündüz
qapını sındırıb, uşağını görmək
istəmiş, bunu şöbə müdirinə xəbər
vermişdilər. Həkim qapını
açıb ona demişdi ki, axşam saat 5-dən sonra gəlin,
indi müalicə vaxtıdır, kənar şəxslərin
palatalara girməsinə icazə verilmir. Bu
vaxt o, şöbə müdirini itələyib içəri
keçmiş və bir yağlı söyüş də
söymüşdü. Həkim çox həyəcanlı
idi, birdən gördü ki, kimsə həmin sərxoş
kişini boğur. O da qışqırır ki,
boğuluram, boğazımı burax. Həkim
bunun həmin vəzifəli qadın olduğunu gördü.
O, boğmağını davam etdirə-etdirə
qışqırırdı:
-
Əclaf, gör sən kim əl
qaldırırsan, kimi söyürsən. Buna
görə səni yalnız öldürsəm, hirsim soyuyar.
Həkim özü qadına xahiş etməyə
başladı ki, onu buraxsın, ürəyi gedib,
yıxıla bilər, şöbənin, xəstəxananın
adı biabır olar. Onun xahişinə görə qadın
kişini boğmağını dayandırdı və sərxoş
bir andaca aradan çıxdı. Qadına minnətdarlıq
etməyə başlayan həkim dedi ki, mən istəməzdim
ki, eləsinə siz baş qoşasınız. Mənə
görə təşviş keçirdiyinizə görə
sizə minnətdaram. Həkim sonra bu qadının
uşağını müalicə etməyi xahiş edən
dostuna minnətdarlıq elədi ki, yaxşı ki, onun barəsində
ehtiyatlı olmağı mənə məsləhət
görmüşdün. Səhv hərəkət
etsəm, məni də sərxoş kişinin gününə
sala bilərdi.
Amazonkalar qədim yunanların yaratdığı mif olsa
da, deməli, təkcə skiflərdə deyil, bütün
xalqların içərisində onların nümayəndələri
mövcuddur və onlardan çəkinmək lazımdır. Axı onlar əsirlərini
ya arabanın təkəri altında qoyur, ya da qayadan
atırdılar ki, əzilsinlər, əti yeyilmək
üçün yumşalsın, farşa çevrilsin.
Həkim bu qadının şəxsində müasir əcaib
amazonka ilə üzləşmişdi, arzu edirdi ki, bir də
onunla üz-üzə gəlməsin, çünki istənilən
an o, təhlükə mənbəyi ola bilərdi.
Onun bir iş yoldaşı həkimə
danışmışdı ki, bir dəfə idarə rəisi
müavinin kabinetində Ali Partiya məktəbinin professoru
onlara mühazirə oxumağa gəlibmiş, savadsız
olduğundan mühazirə də olduqca səviyyəsiz
imiş. O, danışıb qurtarandan sonra həmin qadın
ayağa qalxıb idarə rəhbərinə müraciət
edərək deyibmiş:
-
Hacıməmməd müəllim, biz sizdən gözləmirdik,
belə adamı bizə mühazirə oxumağa dəvət
etmisiniz, bilmirəm bu adam bizi qanmaz
sayır, yoxsa özü qanmazdır.
İdarə rəisinin müavini çox pərt oldu,
ancaq professor bu qadının həyasızlığını
davam etdirməsindən qorxub, aradan
çıxmışdı. Bu qadınla ehtiyatlı
olmaq lazım idi, yoxsa iti bıçaq kimi xəta toxundura bilərdi.
Elə təsəvvür yaranmasın ki, azərbaycanlı
qadınlar özündən razılıq, savadsızlıq, ədəbsizlik
nümunələridir. Xoşbəxtlikdən, belələri
ümumi kütlə içərisində azlığı təşkil
edirlər. Əksəriyyət isə nəciblik, ləyaqət,
fədakarlıq nümunəsi ola bilər.
Ruhiyyənin bir rəfiqəsi filoloq olmaqla, məşhur
cərrahın arvadı idi. Onlar bu xoş
günə heç də asanlıqla
çatmamışdılar. Özündən
xeyli yaşlı və həmkəndlisi olan əri əvvəlcə
Moskvada aspirant təhsili almış, sonra isə doktoranturada
oxumuşdu. Namizədlik və doktorluq
dissertasiyasını da orada müdafiə etmiş, uzun
müddət Tibb Universitetində kafedra müdiri işləmişdi.
Balacaboy bu qadın çoxlu əziyyətlərə
qatlaşmalı olmuşdu. Onu Ruhiyyəgil əcnəbi
dildəki adının tərcümədə mənasını
verən Şehin adlandırırdılar. Əri
Moskvada təhsil alanda o qədər böyük məbləğdən
ibarət olmayan stipendiyayla dolanırdılar və kirayə
pulunun aşağı olması üzündən vilayətin
kiçik bir şəhərində yaşayırdılar.
Tezliklə onların uşaqlarının sayı
dördə çatdı. Altı nəfərlik
ailəni dolandırmaq maddi cəhətdən çətin
idi. Həm də rus dilini yaxşı bilməyən
Şehini orta məktəbə müəllim
götürmürdülər. Ona görə
də uşaq bağçasında tərbiyəçi
düzəlməyə çalışdı, çox yerə
müraciət etsə də, xeyri olmadı. Əlacsız qalıb RSFSR Maarif nazirinin müavininin
qəbuluna yazıldı. Nazir müavini onu qəbul etdi
və bu balacaboy, uşağa oxşayan qızı
bağçaya tərbiyəçi götürə bilməyəcəkləritni
dedi və əlavə etdi ki, bağçada ana kimi təcrübəsi
olan qadınlar işləməlidir, təcrübəsiz qız
isə uşaq dünyasını anlamaqda çətinlik
çəkir.
Şehin
cavabında dedi ki, mən anayam, özü də dörd
uşaq anası. Məgər mən tərbiyəçi
işləyə bilmərəm, özü də ali pedaqoji təhsilim vardır.
Nazir müavini bu bəstəboy qızın sözlərinə
inanmayıb, yalan danışdığına görə
narazılıq əlaməti kimi başını buladı. Şehin
özü ilə gətirdiyi sənədləri,
uşaqlarının yaş kağızlarını onun
qabağına tökdü. Nazir müavini səhv
etdiyini anlayıb üzr istədi, qadının fiziki
ölçülərinin onu
çaşdırdığını dedi. Özü
həmin şəhərin maarif şöbəsinin müdiri
ilə əlaqə saxlayıb, ona tapşırdı ki, Xəlilovanı
ən yüksək maaşla böyük tərbiyəçi
təyin etsin.
Beləliklə, Şehin bağçada işləməklə,
ailəni yarıac yaşamaqdan xilas etdi. Hər səhər
o, dörd xizəkli arabanı kəndirlə bir-birinə
bağlayıb, özü də kəndirin ucunu
sırıqlısının üstündən belinə kəmər
kimi keçirdib, uşaqlarını özü işlədiyi
bağçaya aparırdı. Ruslar bu
arıq, çəlimsiz qızın fərasətinə təəccüb
qalırdılar.
Sonralar Şehin filologiya elmləri namizədi oldu, ictimai
xadim və bloger kimi ad çıxardı.
Digər bir azərbaycanlı qız valideynləri ilə
birgə yaşadığı Mançesterdə orta təhsil
alarkən öz vətənpərvərliyini göstərə
bilmişdi. 8-ci sinifdə oxuyarkən o, əlaçı idi, tədris
ilini çox yaxşı qiymətlərlə başa
vurmuşdu. Direktor onu mükafatlandırmaq
qərarına gəldi və sinif rəhbərinə
qızın seçim barədə rəyini öyrənməyi
tapşırdı. Həlimə, onun
adı belə idi, bildirdi ki, ona heç bir hədiyyə
lazım deyildir, mümkünsə, Azərbaycanın dövlət
bayrağı məktəbin üstündən asılsın.
Onun məktəbli dostları - ingilislər və
pakistanlılar bu qızın vətənini o qədər də
yaxşı tanımırdılar. Sinif rəhbəri
bunu direktora çatdırdı və direktor bu məğrur
qızı qəbul etdi. Direktor bildirdi ki, bizdə belə
qayda yoxdur, Həlimə isə dedi ki, onda mənə heç
nə lazım deyildir, mənim dövlətimin simvolu məktəbə
yalnız şərəf gətirə bilər. Qızın öz təklifi barədə təkidlə
danışması direktor qadının xoşuna gəldi və
üçmərtəbəli məktəb binasının
üstündən Azərbaycanın üçrəngli
dövlət bayrağı asıldı. Kanikul
vaxtı olduğundan iki ay ərzində bayraq binaya əlavə
yaraşıq verərək, onun üstündə
dalğalanırdı.
Bax, iki müxtəlif və sadə azərbaycanlı
qızı yad yerlərdə də özlərini ləyaqətlə
aparmaqla yanaşı, Vətənlərinin şərəfini
yüksəltmək şansını da
unutmamışdılar.
Ruhiyyə iki nümunədən fərqli olan bəzi özündən razı qadınlar barədə düşündüklərindən nəticə çıxarmağa başlamışdı. O, belə qənaətə gəlmişdi ki, savadsızlığı, primitivliyi hətta ən yüksək vəzifə də ört-basdır edə bilmir, əksinə, bəlkə də, onun üstünü daha tez açır. İctimai şəxs öz qüsurlarını nə qədər malalamağa çalışsa da, onu bütünlüklə pərdə arxasında gizlətməyə müyəssər olmur. Ona görə də, o, öz təhsilinə, biliklərinin artırılmasına daha ciddi yanaşmış, mütaliəsini xarici yazıçıların əsərləri hesabına xeyli zənginləşdirmişdi. Əvvəllər də onu bisavad saymaq olmazdı, Yusif müəllim də, Südabə xanım da, öz əri də onun ağlının lif kimi hər şeyi özünə çəkməsinə təəccüb qalmışdılar. Lakin o, heç də beş il əvvəlki Ruhiyyə deyildi, biliklərini xeyli artırmış, dünyagörüşünü əsaslı qaydada genişləndirmişdi. Onunla söhbət edənlərin hamısı ona böyük intellektə malik olan bir şəxs kimi baxırdılar. Bu, onun haqqında yaxşı təəssürat yaratmaqla yanaşı, onunla əməkdaşlığın qəbul edilməsini də asanlaşdırırdı.
Ruhiyyəni ən çox narahat edən digər qadınların ona qarşı paxıllığı, qısqanclıqla yanaşması idi. Kişilər onun gözəlliyinə valeh olduğu kimi, qadınlar bir əsas oldu, olmadı, onu özlərinə rəqib hesab edirdilər. Bəziləri hətta onun haqqında qeybət edir, şayiələr uydururdular və o, istənilən məclisə daxil olan kimi pıçıltılar başlayırdı. Bələd olanlar onun keçmişini çözür, həqiqi olanlara uydurduqlarını da əlavə edib, onu əxlaqsızlıq simvolu səviyyəsinə qaldırırdılar. Digərləri isə onun özünə ər axtardığını qeyd etməklə yanaşı, iri bir yalanı dillərinə gətirirdilər ki, bədbəxt ərini də tez-tez gecələr evə gəlmədiyinə görə çərləyib öldürmüşdü. O, özü barədəki böhtanlara, iftiralara çox pis olurdu, sevimli ərinin guya onun əxlaqsızlığının qurbanı olması barədə söhbətlər isə onu daha da hiddətləndirirdi. Bəlkə də, özlərinə iyrənc bir məqsəd qoymuşdular ki, bu dul qadın müasir Anna Kareninaya çevrilib, qatarın altına olmasa da, özünü avtobusun və ya minik maşınının altına atsın.
Əgər Ruhiyyə keçmişdəki ağır həyata dözmüşdüsə, buna da dözməli idi. Qeybəti, söz-söhbəti kəsmək mümkün deyildir, ona görə də onlara əhəmiyyət verməmək lazım gəlir. O, yaşamalı idi, Hüseynin xatirəsini yaşatmaq üçün, ondan qalan qiymətli irsi - oğlu Hamneti boya-başa çatdırmaq üçün.
Ən ağır vaxtlarında ona Yusif müəllim və Südabə xanım köməklik göstərmiş, fərqli yaşamaq yolunu göstərmişdilər. Hüseynlə nikah isə onun bütün təbiətini, həyata baxışlarını tamamilə dəyişdirmişdi, xoşbəxt həyat isə onu ciyərləri dolusu nəfəs almağa, həyatdan həzz almağa yönəltmişdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.22.