Mənim səadətim
Qapıların açıldığı bütün otaqlar insanın özünə
tikdiyi zindandır... Bu qapıların
üzbəüzündə pəncərələr varsa,
zindan daha betər olur. "Qapısız-pəncərəsiz
otaqmı olar?"
- deməyin... Otaqları sevməyin... Ya da elə
sevin ki, onun üzünə qapını, pəncərəni
bağlamayın; qoyun
içinə çəksin
dünyanı... Yalnız
o zaman o otaqlar sizin dünyanız olar... O dünyanızın
içində də heç vaxt dilinizə "tənhayam"
sözü gəlməz...
İllər öncə bir hekayə yazmışdım
- "Qütb adamı"...
Hələ üzə çıxarmamışam
onu. Bizim ətrafında fırlandığımızdı
qütbümüz, ya
sevgiylə, ya məcburən... Nə fərqi var
ki? Hamımızın içində
bir fırlanma arzusu, hamımızın həyatında bir "qütb adamı" var. Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb
oturduğumuz otaqda da o "qütb adamı" bizimlədir.
"Yanımızda" olmaq
üçün nəinki
otağın, heç
ömrümüzün də
qapısını-pəncərəsini eyninə almır...
...Bir də səadətimiz
var... Ölçüsünü
özümüz təyin
etdiyimiz, lazım bildikdə, qıraq-bucağını
yeyələyib hamarlamağa
çalışdığımız, istədiyimiz donu geyindirdiyimiz, "Tanrı
ərməğanı" desək də, özümüzün uydurduğumuz
səadətimiz... Həmişə
ovcumuzun içindədi
o, istədiyimizdə yox
saya bilirik, istədiyimizdə həyatımızın
baş köşəsində
qırmızıdan taxt
düzəldib oturduruq...
Amma "tənha"
otaqlara heç vaxt onu özümüzlə
"aparmırıq", qoyuruq
qapının eşiyində...
Qapı məhz bunun üçün lazımdı bizə...
Amma bu gün çərçivələdiyim
səadətimdən yox,
həyatıma əlvan
bir bahar küləyilə daxil olmuş Səadətimdən
danışmaq istəyirəm. Onunla bağlı bütün xatirələrimi büküb
qoyuram bir tərəfə, bitmək
bilməyən saatlarla
dərdləşdiyimiz illəri
də ötürürəm
düşüncəmdən... Axtarıb tapıram şeirlərindən, oxuyuram...
Oxuyuram...
"Tanrı sevgisindən libas geymişəm" - deyir bir şeirində...
Doğru deyir... O, bunu daxilində hiss edir, mən illərdi zahirdən müşahidə edirəm.
Qışın bu çağında
"Yaz nağılı"nı oxuyuram... "Günəş buludlarda alovlanardı" misrasına
bükürəm qış
hikkəmi... Bu gün qışa ögeyəm. Amma onu da bilirəm
ki, yazın əlvan
nağılının fon
rəngidi qışın
bəyazlığı. Bilirəm, yenə
qışdan küsürəm.
Yenə yaza tələsirəm...
Yolumu kəsən "kədərin
udum-udum udmasıdır"
məni... Bu da Səadət xanımın
misrasıdır, əhvalımı
anlatmaqçün "mənimsəyirəm"...
Sonra da "xəyalın közərən
umudlarıyla" unudulmadığımı
umuram. Unudulduğumda "yaşıl
xatirələrin" daha
çox üzdüyünü
də oxuyuram Səadətimin şeirində...
İçimdə böyüyən "ah"ları yenə
"yaz nağılı"na saxlayıram. Taleyin bir günü
Səadət xanım
üzü Xəzərə
dayanıb "Yenə
də dənizə tökülər ahım"
dediyində, yanında
olmaq, "ah"ımı
"ah"ına qatmaq niyyətindəyəm...
Qəfildən ağlıma gələn
fikir də "ağıllı" sayılmaz;
görəsən, bu niyyətim qışdan çıxacaqmı? Çiynimi
çəkirəm ixtiyarsız...
"Gülüm, könlümüzə
doldu soyuqluq, Elə bil qar
düşüb güllərin
üstə" - desə
də, Səadət xanım, bizim tərəflərdə qar
hələ cilvələnməyib...
Soyuqluqmu?
Dolu nədi, daşır... Boz rəngi sevməyimə
baxmayaraq, ruhumdakı bozluğu "soyunmaq"
üçün yazıya
cummazdım yoxsa. Belə anlarımda Səadət xanımdan eşitdiyim bir söz vardı
həmişə: "Dərdi
də dərd etmə özünə, gülüm..."
Bu dəfə isə
özü uzaqdadı,
amma mənə xitabən yazılan bir misra tapmışam
"Düşüncə" şeirində: "A gülüm,
ağlama təbiət
kimi..."
..."Laləli sevgilərin
Duyğusu yaman küskün" olur, bunu laləyə olan heyranlığımdan
bilirəm. Amma "zümrüd gülüşü
solğun torpağın
zamana küskünlüyü"nü
daha dərindən anlamaq istəyirəm. Bunun üçün hansısa ilin hansısa ayında, qarışıq əhvallı
bir gündə Səadətimlə üz-üzə
oturub özümü
sözə təslim etməliyəm... Sözə
olan sevgimə xilaskar kimi sarılmaq
şahmat oyununda
"pat" olmaq kimidir.
Bunu qulağıma pıçıldayan
səs ürəyimim
içindədimi, yoxsa
başımın üstündə?
Bilmirəm... Duyğularımı yollara salmaq istəmirəm. "Sevgi,
sevgi!" bağıran
iblislər yola çıxır" çünki... Əbəs yerə "sevgini
talenin bənövşə
gülüşü" saymır
Səadət xanım.
Heç
boynunu əyməyən,
əzəmətli bənövşə
görmüsünüz? Bir rüzgarlıq ömrünü məğlub
olaraq yaşayır bənövşələr... Sonra
da köçüb gedirlər... Səadət
xanım demiş,
"köçüb gedənlər
Anlatmır ağ
nağılı..."
...Telefonuma gələn zənglə bölünür
düşüncələrim. Anamdı...
- Alo? Neynirsən?
- Anam mənim... Yazı yazıram Səadət Ələkbərovadan.
- Hə... Sənin Səadətindən?
- Hə... Mənim Səadətimdən.
- Qəzetdən oxuyaram...
- ...
Şəfa VƏLİ
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.18.