Müdriklik zirvəsinə aparan çətin yolun yolçusu  

 

Bizim məmləkətimizdə Günəş Zenitdə olmur. Günəşin işığının günün hansı vaxtı və haradan düşməsindən asılı olaraq insanın kölgəsi müxtəlif - uzun, qısa, yayğın və s. formalarda görünür. İnsan yerini dəyişdikdə kölgənin də forması dəyişir, Günəşə doğru çevrildikdə isə kölgə arxada qalır. Ən qısa kölgə günorta vaxtı olur. Cəmiyyətin hər bir fərdi ətrafındakı insanlara Günəşin gözlərilə baxsa, baxdığı insanı da fərqli rakursdan fərqli şəkidə görər - həm yaxından, həm uzaqdan. Uzaqdan - zenitdən baxanda çox şey görünməyə bilər. Ona görə də bir insan haqqında fikir yürütmək üçün onu yaxından müşahidə etmək lazımdır.

Yaxşı tanımaq üçün ona yaxından baxmaq lazım olan insanlardan biri sabiq təhsil naziri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur. Bu yaxınlarda nəşr edilmiş və haqqında bəhs edəcəyim "Müdrikliyin zirvəsində" kitabının (Bakı: "Şərq-Qərb", 2021) müəllifi Fikrət Şiriyev həmkarı Misir müəllimi üzun illər bütün tərəflərdən, hətta xəyali zenit nöqtəsindən müşahidə etmiş, maraqlı boyalarla onun həyat portretini yaratmışdır.

Kitabı Misir Mərdanovun həyat və fəaliyyəti, elm və təhsil sahəsində gördüyü böyük işlər, ailə şəcərəsi haqqında epopeya da adlandırmaq olar. Burada onun tələbə, müəllim, dekan müavini, prorektor, rektor, nazir, institut direktoru və ən başlıcası, bir insan kimi portreti təfərrüatlı cizgilər ilə təsvir edilmişdir.

Misir müəllim nazir olduğu dövrdə bir neçə il mən də onun rəhbərliyi altında işləmişəm. Az qala hər gün təmasda olduğumdan onu mən də kifayət qədər yaxşı tanıyıram. Elə bu, məni Fikrət Şiriyevin yazdığı kitaba münasibət bildirməyə sövq etdi.

Müəllif Misir Mərdanovu "xahiş" edən nazir kimi təqdim edir (s.9-19). Əslində, Misir müəllim tabeliyində olan əməkdaşlarının görməli olduğu işi belə, onlara xahişlə tapşırırdı. Bu, onun sadə, səmimi rəhbər kimi iş üslubudur.

Vaxtilə mən nazirliyin nəzdində fəaliyyət göstərən Dərsliklərin qiymətləndirilməsi şurasının sədr müavini idim. Qiymətləndirməyə çox ciddi və prinsipial yanaşırdım, çünki qiymətləndirilən kitablar gələcəyin azərbaycanlısını yetişdirməyə xidmət edəcəkdi. Bununla bağlı olaraq mətbuatda tez-tez tənqidi yazılar da dərc etdirirdim. Bir dəfə Təhsil Nazirliyinin də tənqid olunduğu bir yazıdan sonra Misir müəllim mənim kim olduğumla maraqlanıb və telefon nömrəmi öyrəndikdən sonra mənə zəng vurub görüşmək üçün Nazirliyə gəlməyimin mümkünlüyünü soruşdu. Ertəsi gün biz görüşdük. Görüşdə o, mənim haqqımda kifayət qədər məlumat topladığını bildirdi və Akkreditasiya şöbəsinə müdir təyin olunmağıma razılıq verməyimi xahiş etdi. Azərbaycan şəraiti üçün bu, əlbəttə, qeyri-adi, inanılmaz görünür. Amma məsələ həqiqətən belə olmuşdu. Bundan sonra mən dörd il Misir müəllimlə - xahiş edən nazirlə birlikdə təhsilimizin inkişafı üçün böyük həvəslə və səylə çalışdım.

Bu müddət ərzində Misir müəllim məndən bir neçə dəfə bu və digər təhsil müəssisəsinin fəaliyyətinə icazə - lisenziya  verilməsi ilə bağlı da xahiş etmişdi. Lisenziyanın verilməsinin hələ mümkün olmadığını bildirdiyim hallarda o, bunu çox normal qarşılayırdı. Halbuki məsələni göstəriş ilə həll edə bilərdi. Bir dəfə hətta çox yüksək vəzifəli bir məmurun təsis etdiyi uşaq bağçasına lisenziya verilməsinə, Misir müəllimin dəfələlərlə xahişinə baxmayaraq, imtina bildirmişdim. Bu imtina bağça zəruri vəziyyətə gətirilənə qədər davam etmişdi. Analoji hallar onun yaxın qohumları ilə də olmuşdu. Lakin Misir müəllim belə halları həmişə çox normal qarşılayır və əks mövqe nümayiş etdirmirdi.

F.Şiriyev kitabında "50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" layihəsindən söz açaraq Misir müəllimi ən yaxşı əməl sahibi kimi qiymətləndirir (s.44-47). Bu müsabiqənin keçirilməsində münsiflər heyətinin üzvü kimi mən də iştirak etmişəm. Son dərəcə şəffaf və ədalətli aparılan həmin müsabiqə orta məktəblərdə çalışan təhsil işçilərini daha səylə çalışmağa çox həvəsləndirirdi. Lakin bu, Misir müəllimin çoxsaylı yaxşı əməllərindən yalnız biri idi.

Misir Mərdanov təhsil naziri təyin olunanda Azərbaycan təhsili yeni sistemə keçid dövrü yaşayırdı. Belə bir dövrdə nəyin pis, nəyin yaxşı, nəyin daha yaxşı olduğunu müəyyənləşdirmək o qədər də asan deyildi. Təhsilimizdə köklü islahatlar aparmaq, onu uzun qaranlıq tuneldən işığa çıxartmaq böyük iradə, səy, bilik və bacarıq tələb edirdi. Təhsil sahəsində addım-addım irəliləmiş, böyük təcrübə toplamış Misir müəllim bu çətin işin öhdəsindən mümkün olduğu qədər gələ bildi. Əlbəttə, təhsilin keyfiyyətinin yüksək səviyyəyə çatdırılması uzun prosesdir. Bununla belə, nazir işlədiyi müddətdə Misir müəllim onu inkişaf relsi üzərinə çıxara bildi. Davamı isə xələflərinin boynundadır.

Misir müəllim müasir təhsilimizə rəhbərlik etməklə kifayətlənmir, həm də onun tarixini yazırdı. Elə nazir vəzifəsini tutduğu dövrdə yazdığı dördcildlik "Azərbaycan təhsil tarixi" oxucusunu Azərbaycanda təhsilin qədim dövrlərdən başlayaraq müasir dövrə qədər keçdiyi yol ilə tanış edir, onun bütün pillə və səviyyələrində əldə edilmiş uğurlar və problemlər haqqında məlumatlandırır. F.Şiriyev öz kitabında haqlı olaraq Azərbaycan təhsilinin ensiklopediyası adlandırdığı bu dördcildliyi "yalnız təhsilin deyil, həm də mədəniyyətin, ədəbiyyatın, incəsənətin, bütövlükdə xalqın tarixi" kimi dəyərləndirərək, onun müəllifinin gördüyü böyük işi yüksək qiymətləndirir (s.84-93).

Fenomenal yaddaşı, təhsil işçiləri ilə Nazirlikdə və təhsil müəssisələrində tez-tez keçirdiyi görüşlər Misir müəllimə bir keyfiyyət də qazandırmışdı: o, təhsil işçilərinin böyük əksəriyyətini şəxsən tanıyır və müxtəlif tədbirlərdə yeri gəldikcə bunu öz çıxışları ilə göstərirdi. Elə Misir müəllimi də təkcə təhsil işçiləri deyil, hamı tanıyırdı. Qusarda gözləri yaxşı görməyən yaşlı bir insanın Misir müəllimi səsindən tanımasını, onu evinə qonaq aparmaq istəməsini (s.20-23), Misir müəllimin Bakı Dövlət Universitetinin rektoru olduğu dövrdə Azərbaycanda təhsil almış Türkiyədən olan bir sahibkarın Amsterdamda onunla necə görüşməyə can atmasını (s.24-29)  F.Şiriyev kitabda çox təsirli cizgilərlə təsvir etmişdir.

Tanınmış şəxslərin həyatı həmişə maraq doğurur və diqqət mərkəzində olur. Orta təhsilini kənd məktəbində almış, həyatı heç də həmişə hamar olmamış, bir çox maneələrlə rastlaşmış Misir müəllimin nazir vəzifəsinə yüksəlməsinə qədər keçdiyi uzun yol əslində gənclik üçün bir örnəkdir. Bu baxımdan kitabda onun tələbəlik illəri (s.136-143), aspirantura həyatı, əmək fəaliyyəti, vəzifə karyerasında pillə-pillə irəliləməsi (s.30-83), bir insan kimi cəmiyyətdə mövqeyi və davranışı maraqlı faktlarla təsvir edilmişdir. Doğrudan da, Misir müəllim cəmiyyətdə öz nümunəvi davranışı, əhatəsində olduğu insanlara münasibəti, sadəliyi ilə həmişə seçilmişdir. Birlikdə işlədiyimiz müddətdə özümun müşahidə etdiyim kimi, onun hər gün işə gələrkən və işdən gedərkən Nazirliyin koridorunda qarşısına çıxan hər kəslə - texniki işçilərdən tutmuş rəhbərlikdə təmsil olunan şəxslərə qədər hamı ilə hal-əhval tutmasını, problemlərinin olub-olmamasını soruşması, axşamlar dənizkənarı bulvarda gəzişərkən rastına çıxıb ona müraciət edən insanlarla səmimi söhbətləşməsini də müəllifin yazdıqlarına əlavə edərdim.

Kitabda Misir müəllimin valideynlərinin, doğulduğu ailənin üzvlərinin, öz ailəsinin ictimai portreti, hansı əhatədə böyüdüyü, ailə münasibətləri, onu yetişdirmiş şərait, bir insanı kamilliyə, zirvəyə aparan uzun yol ardıcıllıqla, maraqlı faktlarla, rəssam məharəti ilə təsvir edilmişdir (s.168-225). Bu, həm də ailənin şəxsiyyətin formalaşmasında oynadığı rola yaxşı bir nümunədir.

Əlbəttə, Misir müəllimin nazir kimi fəaliyyətindən razı qalmayanlar, bu və ya digər məsələdə onunla razılaşmayanlar da vardır. Bu, təbiidir. Lakin keçid dövrünün çətinliklərindən, mövcud sistemin özündəki boşluqlardan irəli gələn çatışmazlıqların hamısını onun adı ilə bağlamaq doğru olmazdı. Misir müəllim bir insanın iqtidarı çərçivəsində mümkün olanı etdi və etməkdə davam edir.

Mən Fikrət Şiriyevin yerinə olsaydım, Misir müəllimə 75 deyil, 100 sual verər, ona bundan sonra Azərbaycan təhsilini, elmini necə gördüyü, nələr etməli olduğumuz barədə suallar verər, başqa sözlə, onun qarşısında daha 25 il gənc nəsli maarifləndirmək tələbi qoyardım.

Bütövlükdə Fikrət Şiriyevin nəfis tərtibatlı, Misir müəllimin həyatı və fəaliyyətini əks etdirən maraqlı foto-şəkillərin verildiyi "Müdrikliyin zirvəsində" kitabı Azərbaycanın təhsil tarixinin öyrənilməsi, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir və hesab edirik ki, oxucuların böyük rəğbətini qazanacaqdır.

 

Həbib ZƏRBƏLİYEV

Filologiya elmləri doktoru, professor 

 

525-ci qəzet.- 2022.- 15 yanvar.- S.17.