"Göyçay
bağlarında"
"Bir rəsmin
dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Aygün
Sərbazovadır. Onunla Xalq
rəssamı Toğrul
Nərimanbəyovun "Göyçay
bağlarında" əsəri
haqqında danışmışıq.
***
- Toğrul Nərimanbəyov
haqqında çoxumuz
məlumatlıyıq. Ancaq rubrikamızın
ənənəsinə sadiq
qalaraq bu sualı verməliyəm.
Kim idi Nərimanbəyov?
- Toğrul Nərimanbəyov
yaradıcılığı ilə ilk dəfə tanış olanda görmək olar ki, yalnız
onun kimi nur saçan, millətinə, vətəninə
bağlı, incəsənətə
eşqi aşıb-daşan
insan belə əsərlərin müəllifi
ola bilər. Rəssam Toğrul Nərimanbəyov
1930-cu ildə Bakıda
anadan olub. O,
1950-ci ildə Əzim
Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini
bitirib. Sonra təhsilini davam
etdirmək üçün
Litva Dövlət Rəssamlıq İnstitutuna
qəbul olunub. 1955-ci ildə həmin
institutu müvəfəqqiyyətlə
başa vurub. İnstitutda diplom işi üçün "Baltik
dənizçiləri" mövzusunu seçərək
əsər yaradıb.
Məhz bu əsər Toğrul Nərimanbəyovun
naturalizmi, səthi təsvirçiliyi inkar edən rəssam olduğunu deyir. Sənətkar dinamik kompozisiya
quruluşuna, gərgin
hərəkət və
ekspressiyaya xüsusi meyl edirdi. Həmişə romantik hava onun diqqət mərkəzində olurdu.
XX əsrin 50-ci illərindən etibarən
yaradıcılığa başlayıb.
Yaradıcılığının ilk dövrünə aid əsərlərindən
"Bayıl mənzərəsi",
"Fırtınadan da
güclü", "Səadət",
"Sevinc", "Həyat
naminə" və başqalarını qeyd etmək olar.
- Toğrul Nərimanbəyov
yaradıcılığı əsasən nə ilə səciyyələnir?
- Mənzərə, portret,
monumental boyakarlıq, illüstrasiya
və teatr rəssamlığı kimi
müxtəlif sahələrdə
yaratdığı əsərlər
mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus
üslubu ilə səciyyələnir.
- Əsərin yaranma
tarixçəsi haqqında
nə deyə bilərsiniz?
- Rəssamın çəkdiyi
"Göyçay bağlarında"
adlı əsərində
xalça üzərinə
sallanmış nar ağacının meyvəli
budaqları təsvir olunub. Əsər 1965-ci ildə kətan
üzərində yağlı
boya texnikası ilə işlənib.
Azərbaycan təsviri sənətinin
böyük şəxsiyyətlərindən
olan Toğrul Nərimanbəyov öz əsərlərində nar
mövzuusna dəfələrlə
müraciət edib.
- Görəsən, rəssamın
nar sevdası nədən qaynaqlanırdı?
- Sənətkar Toğrul Nərimanbəyov narın
vurğunu olmağını
belə ifadə edib: "Mən narı, xüsusilə Göyçaya gedəndən
sonra sevdim. Bakıya qayıtdım və onları çəkməyə
başladım. Onda anladım
ki, nar özündə
çox məna, fikir daşıyır.
O, elə bardır ki, insana bayram
bəxş edir. Nar çəkəndə məni
elə hiss bürüyür
ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış
bir bardır. Mən onları yalnız çöldən deyil, həm də içini, mahiyyətini çəkirəm. Bir sözlə,
mən narı sevirəm". Dahi rəssam bu sözlərlə nara olan sevgisini açıqlayıb.
O düşünürdü ki, insanlar getdikcə
narı daha çox sevəcək ona daha çox
heyran olacaqlar. Onun "Natürmort narlar", "Narlar",
"Natürmort Nar ağacı"
və s. bu mövzuda işlədiyi başqa əsərlərini
də misal göstərmək olar. Demək olar ki, ilin
bütün fəsillərində
onun emalatxanasında nar olurdu. Elə bu səbəbdən də narla əlaqədar
çoxlu rəvayətlər,
əhvalatlar yaranıb.
- Əsər indi
harada saxlanılır?
- Tablo hazırda Azərbaycan Mədəniyyət
Nazirliyində saxlanılır.
- Əsərin rəng
koloriti necədir?
- Toğrul Nərimanbəyovun
natürmort janrında
yaratdığı bu
əsər rəng əlvanlığı ilə
zəngindir. Əsərdə qırmızı nar alovlanır, yerə sərilmiş xalça göz oxşayır. Ustalıqla işlənmiş
əsərin kolorit həlli əsərə yüksək canlılıq
bəxş edir.
Tünd yaşıl, qırmızı,
sarı rənglər
daha çox nəzərə çarpır.
Əsəri koloriti baxımından
dəyərləndirsək, həm isti, həm də soyuq rənglərdən istifadə olunub. Rənglərin bir-birini tamamlaması
əsərdə xoş,
səmimi aura yaradıb.
Boya atəşfəşanlığına yarpaqların zümrüd
yaşıllığı, zərif naxışlı
xalça, həmçinin,
mis qablar da qarışır.
Rəssam Göyçayın dillər əzbəri olan narlarını əlvan rəng çalarları ilə cansız kətan üzərində canlandırıb.
Koloriti baxımından özünəməxsusluğu
ilə seçilən
bu əsər rəssamın yaradıcılğında
xüsusi yer tutur. Kətan üzərində rənglərin həmahəngliyi,
rənglərin effektiv
uyğunluğu, canlılıq,
əlvan rənglər
rəssamın yaradıcılığı
üçün xas olan xüsusiyyətlərdəndir.
Rəssam rənglər vasitəsilə
yaratdığı əsərlə
tamaşaçıda emosional
hisslər yaradır.
Azərbaycanın qədim məişətinə
aid olan əşya, xalça ornamentləri əsərin kolorit zənginliyini daha da artırır. Əsərdə ekspressiya olduqca
gözəl verilib.
Bu səbəbdən tamaşaçı əsərə
baxanda özünü
o yaşıllıqda, nar
ağacının yanında
təsəvvür etməli
olur.
- Bəs kompozisiyası barədə nə deyə bilərsiniz?
- Rəssam bu əsərdə
bərəkətli Azərbaycan torpağının nemətini
böyük məhəbbətlə tərənnüm
edib. O, natürmortlarında təsvir etdiyi əşyaları, obrazları ölü və durğun
deyil, materik hərəkətdə
verir. Məhz bu səbəbdən
də onun natürmortları emosional və canlı təsir
bağışlayır. Toğrul Nərimanbəyov
nəinki natürmortlarında, demək olar
ki, əsərlərinin çoxunda
narı ön plana
çəkir və onu böyük
bir məhəbbətlə tərənnüm
edir. Qeyd etdiyimiz kimi, rəssamın
yurdumuzun əvəzsiz neməti olan nara xüsusi
bir məhəbbəti var.
Məhz buna görə də, o, nara çox
üstünlük verir.
Sanki natürmortlarında narın qoxusu gəlir, qırmızı narın dənəcikləri
tökülüb bir-birinə
qarışır. Onun əsərlərində
böyüyüb boy
atdığı torpağa, onun insanlarına, milli
xüsusiyyət və ənənələrinə böyük məhəbbət hissi
duyulur. Əsərdə elə bil qədim el havası var. Xalça, mis qab əsərə bu cür ab-hava
qatır. Qabarıq planda verilmiş
nar budaqları yaşıl yarpaqlar arasında qızarır. Əsərin
fonunda təsvir olunmuş
yaşıl budaqlar əsərin
ecazkarlığını daha da artırır. Rəssam Azərbaycan təbiətinə
xas olan narı daha iri planda verir. O, narları
fırçadan çox,
qəlbinin sevgisi ilə əks etdirir, narı bu dünyanın sevgi işığında,
rəngində tərənnüm
edir. Narları böyük məhəbbətlə
əks etdirən rəssam tamaşaçıda
xoş duyğular yaradaraq, onu sehrli və duyğulandırıcı aləmə
aparır. Təsvir etdiyi
mis qab səthdə
özünəməxsus tərzdə,
təbii dayanıqlılıq
olmadan yerləşdirilib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Doğma yurdumuzun əsrarəngiz təbiəti Toğrul Nərimanbəyovu daima həyəcanlandırıb heyrətə gətirərək onu yeni əsərlər yaratmağa ilhamlandırib. Sənətkar yaratdığı rəngkarlıq nümunələrində uzaq keçmişimizə də, bugünkü həyatımıza da müasirlik prizmasından baxır, onların bədii həllinə müasirlik baxımından yanaşır. Elə buna görədir ki, onun əsərləri həmişə insanları ülvi hisslərlə yaşamağa, yaratmağa, onu əhatə edən əsrarəngiz Azərbaycan təbiətini, bərəkətli Azərbaycan torpağını sevib-əzizləməyə səsləyir. Toğrul Nərimanbəyov əsərdə doğma Azərbaycan yurdunun gözəlliyini, qüdrətini, böyüklüyünü mahir ustalıqla əks etdirib. Elə buna görə də, əsərdən doğma torpağımızın ətri gəlir. Əsər ümumillikdə bizə vətənimizi, torpağımızı doğma Azərbaycanımızı sevin deyir. Sənətkar bu əsərdə narın timsalında Vətəni göstərə bilib.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 19 yanvar.- S.22.