Həyatımın ilk çiləkəni
Onu Bilqeyis xanım Dadaşzadə aradan qaldırmışdı
Allaha həmd olsun ki, həyatımdakı bütün çiləkənləri gözəl insanların sayəsində təmizləyə bilmişəm.
Bilirsinizmi "çiləkən" nədir? Azərbaycan
şivələrində o, adətən, axar suyun
qarşısına düşüb hərəkətsiz qalan və
ətrafına başqa axıntıları da yığıb
suyun qabağında sədd yaradaraq onun axmasına əngəl
törədən kötüyə, çör-çöpə
və sairə deyilir. Çaylarda, arxlarda
suyun rahat axması üçün onların çiləkənini
təmizləmək gərəkdir, yoxsa qarşısı kəsilmiş
su daşıb yönünü dəyişə bilər.
İnsan həyatı da daim axmaqda olan suya, çaya bənzəyir. Həyatda bəzən
qarşımıza elə çiləkənlər
çıxır ki, onları aradan qaldıra bilmədikdə
ömrümüzün on-on beş ilinin, hətta
bəzən hamısının axarı dəyişir - həm
də mənfi yönə. Elə çiləkən
olur ki, onu özün təmizləyə bilirsən, eləsi
də olur ki, qarşısında aciz qalır və hökmən
kimdənsə yardım ummalı olursan. Bu
yazıda öz həyatımın ilk ciddi çiləkəni
və onu aradan qaldıraraq sonrakı yaşamımı normal
axara yönəltmiş xeyirxah bir insan haqqında
danışacağam.
***
1969-un avqustu idi. Sənədlərimi Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə
vermişdim. Təxminən yarım ay öncə bu ali məktəbin jurnalistika fakültəsinin
qiyabi şöbəsində iki "5", bir "4" və
bir "3" alaraq müsabiqədən keçməmişdim
(yalnız redaksiya və nəşriyyatlarda işləyənləri
götürmüşdülər). "3"ü
xarici dildən elə-belə vermişdilər, çünki
orta məktəbdə heç bir əcnəbi dil keçməmişdim,
attestatımda da bu fəndən qiymət yoxdu.
Filologiya fakültəsində də qəbul
imtahanlarım uğurla gedirdi. İlk iki imtahandan
"5", üçüncüdən "4"
almışdım. Hər imtahandan sonra qəbul
komissiyasına yanaşır və komissiyanın katibi işləyən,
üzündən nur yağan bir qadından qiymətlərimi
öyrənirdim. Görünür,
nimdaş üst-başıma və yaxşı qiymətlərimə
görə məni yadında saxlamışdı. Üçüncü qiymətimi öyrəndiyimdə
məndən soruşdu ki, sonuncu imtahana - xarici dilə də
hazırsanmı? Bildirdim ki, yox,
çünki orta məktəbdə keçməmişik.
Dedi ki, onda sənə mexaniki "3" yazacaqlar və 17 balla
universitetə girə bilməyəcəksən. Soruşdu ki, universitetdə heç
tanışın-filanın varmı? Dedim ki, ümumən
Bakıda kimsəm yoxdur. Atam kasıb kənd
müəllimidir, bir aydır, məni Bakıda qoyub gedib, Təzə
bazarın alt tərəfindəki yəhudi evlərində
günü iki manata qalıram.
Fikrə gedib üzümə xeyli baxdı. Dedi ki, belə savadlı
uşağın qıraqda qalması heyifdir. Bala,
hansı xarici dildən imtahan verə bilərsən?
Qayıtdım ki, heç birindən, ancaq fars
dilində yazıb-oxumağı cüzi bacarıram. Buna sevindi. Onun da məsləhəti ilə fars dilindən imtahan verməli oldum. Tapşırdı ki, filan gün filan saatda bura gəl.
Mənə ürəyi yanan bu xeyirxah insanın
adını soruşdum, "nəyinə lazımdır?"
deyə gülümsəyib başından etdi. Başqasından öyrəndim ki, adı Bilqeyis
xanımdır. Dediyi vaxtda yanına getdim.
Gördüm ki, yaşlı bir kişi ilə
danışır. Məni ona göstərdi: "Şəfai
müəllim, bu uşaqdır. "4"
almasa, keçmir". Kişi başı ilə
razılıq verdi, üzümə diqqətlə
bir qədər baxıb getdi. O aralanandan sonra Bilqeyis
xanımdan öyrəndim ki, həmin kişi
məndən imtahan götürəcək fars dili müəllimi
Əhməd Şəfaidir (1912-1993). Onu sonralar əsla
görmədim.
Nə isə,
fars dilindən imtahan verdim. Əhməd
Şəfai məni vəziyyətdən çıxarıb
"4" yazdı. Bu "4" də taleyimi həll
etdi - Bilqeyis xanımın sayəsində universitetə girdim!
Doğrudur, tələbə bileti alandan sonra 5 il qrup
başqanı, əlaçı oldum, universiteti fərqlənmə
diplomu ilə bitirdim, ancaq bunların heç biri 1969-cu ildə
Bilqeyis xanımın mənə bağışladığı
1 balsız mümkün olmayacaqdı! O 1 bal
olmasaydı, bəlkə də həyatım
bütünlüklə bəlirsiz, qaranlıq bir məcraya
yönələcəkdi, ancaq Bilqeyis xanım o çiləkəni
mənim qarşımdan götürdü və həyatımı
uğurlu səmtə yönəltdi.
O zaman
öz-özümə çox düşündüm - bu
qadın məni ilk dəfə görüb, əslimi-nəslimi
tanımır, imkansız birisi olduğuma əmindir, bəs
niyə mənə bu yaxşılığı edir, niyə
məndən ötrü başqasına ağız
açır, niyə universitetə hökmən girməyimi
istəyir? Axı onu bu yaxşılığa məcbur edəcək
heç nə yoxdu! Çox-çox sonralar - özüm də
müəllim işləyərkən anladım ki, onu mənə
yardıma yönəldən böyük qüvvə
varmış - insaf, mürüvvət, ədalət,
istedadlı millət balasına qayğı hissləri! Lap
qısaca desək - İNSANLIQ!
Oxumağa başlayarkən hökmən onun
yaxşılığının əvəzini vermək
haqqında düşünürdüm. Ancaq necə?
Pullamı? Axı o, mənim
kasıblığımı bilirdi və əsla
qanadını buna görə üstümə gərməmişdi;
pul adı çəksəydim, bəlkə də məni təhqir
edərdi, gözündən düşərdim (guya verəcək
pulum da vardı ki?). Atamla çox
düşündükdən sonra ona Qəbələ sovqatı
verməyi qərara aldıq. Alma,
şabalıd və başqa meyvələrin ən seçmələrindən
bir çamadan yığıb yanına apardım. Çox sərt qarşıladı. Götürməkdən qəti imtina edirdi. Uzun yalvar-yaxarımdan sonra yumşaldı,
razılaşdı. Nə qədər gözütox
insanmış!
Sonralar öyrəndim ki, akademik Məmməd Arif
Dadaşzadənin (1904-1975) doğma bacısı imiş. Ancaq fakültədə
ona bu səbəbdən deyil, özünün yüksək
insani keyfiyyətləri sayəsində hədsiz hörmətlə
yanaşırdılar. Yanılmıramsa, "Azərbaycan
dilinin tədrisi metodikası" kafedrasında adi laborant kimi
çalışırdı, ancaq nüfuzu dekandan heç də
az deyildi. Sözünə
hamı ehtiramla qulaq asır, əməl edirdi. Əhməd Şəfainin onun sözündən
çıxmaması ona bu sayğının universitet
miqyasında olduğunu göstərirdi (Şəfai şərqşünaslıq
fakültəsinin müəllimi idi).
Beş illik tələbə həyatımda
uğurlarım çox oldu. Onları himayəsiz
bir tələbə olaraq yalnız öz gücümə
qazandığımı, hətta ona da yardım
üçün ağız açacaq birisi
olmadığımı gördüyü üçün mənə
rəğbət bəsləyir, məni bəzən
yanındakılara qürurla "oğlum" deyə təqdim
edirdi. Əlbəttə, mənim də ona
ehtiramım böyükdü.
1974-cü ildə universiteti bitirdim. Sonralar haradasa
qarşılaşıb-qarşılaşmadığımızı
indi xatırlaya bilmirəm. Ancaq
yaxşılığı buçağatan əsla
yadımdan çıxmayıb. Və həyatımın
aradan keçən bu 48 ilində yalnız iki nəfərə
bənzəməyə çalışmışam - Bilqeyis
xanım Dadaşzadəyə və sevimli müəllimim Məmməd
Cəfər Cəfərova (1909-1992). Bilqeyis
xanıma mənim üçün xeyirxahlıq mücəssəməsi
olduğuna, Məmməd Cəfər müəllimə isə
təsvirəgəlməz alicənablığı, insan
şəxsiyyətinə sonsuz hörməti və hədsiz
sadəliyinə, təvazökarlığına görə.
Bir insan və müəllim olaraq indiyədək
onları özümə etalon götürmüş, tələbələrimlə
onlar kimi davranmağa çalışmışam.
***
Bilqeyis xanım haqqında yazmağı, neçə
illərdir, düşünür, ancaq ən müxtəlif səbəblər
üzündən günü günə satırdım. İş
burasındadır ki, onun haqqında bilgim yox dərəcəsində
idi. BDU-nun filologiya fakültəsinin bir
çox müəllimlərindən məlumat toplamağa
çalışmış, yalnız hörmətli professor
İfrat xanım Əliyevadan yardım ala bilmişdim.
İfrat xanım Bilqeyis xanımın yaxınlarından
aşağıdakı bilgini əldə edərək
lütfkarlıqla mənə göndərmişdi:
"Bilqeyis Məhərrəm qızı Dadaşzadə
1906-cı ilin iyun ayında Bakı şəhərində qulluqçu
ailəsində doğulub. Ailədə 4
qardaş, 2 bacı olublar. Anasını 1918-ci ildə
erməni-müsəlman davasında itirəndə onun 11
yaş vardı və ev işlərində
ailənin yükü balaca Bilqeyisin çiyinlərinə
düşüb. Qardaşlarının
böyüyü, akademik Məmməd Arif Dadaşzadə
şərqşünas, tərcüməçi, tənqidçi
idi. İkinci qardaşı Cəfər incəsənət
sahəsində fəaliyyət göstərib. Üçüncü qardaşı Əbdüləli
Tibb İnstitutunda fizikadan dərs deyib. Kiçik
bacısı Səyyarə Maliyyə Nazirliyində
iqtisadçı işləyib. Kiçik
qardaşı Ağarəhim Tibb İnstitutunu 1941-ci ildə
bitirib və buraxılış imtahanından sonra cəbhəyə
yollanıb. Müharibədən sonra Leninqrad şəhərində
Hərbi-Tibb Akademiyasını bitirib və 25 il
hərbi həkim kimi çalışıb. 1960-cı
illərin əvvəllərində ordu sıralarından tərxis
olunub və Bakı şəhərində öncə
Qanköçürmə İnstitutunda, sonra Xalq Nəzarəti
Komitəsində fəaliyyət göstərib.
Bilqeyis xanım əvvəlcə Pedaqoji İnstitutu,
sonra isə 1940-1945-ci illərdə Azərbaycan Dövlət
Universitetini bitirib və təqaüdə çıxana kimi
orada işləyib. 27 iyul 1991-ci ildə dünyasını dəyişib".
Əlbəttə, bu tərcümeyi-halla adamı
ensiklopediyalara salmazlar, ancaq cənnətməkan Bilqeyis
xanım Dadaşzadənin adı mənim ömür
kitabıma qızıl hərflərlə və həmişəlik
yazılıb.
Uca Tanrıdan ona rəhmət diləyirəm.
Bu yazımla onun ruhunu şad edə bildimsə, nə xoş mənə!
15.01.2022
Ədalət
TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
525-ci qəzet.- 2022.- 19 yanvar.- S.17.