"Şuşa",
"Cavad xan",
"Nizami"...
Gəncənin körpüləri bu qürurlu adlara
sahib oldu
Gəncə sakinlərinin rəyini nəzərə alaraq, yerli hakimiyyət şəhəri iki yerə bölən Gəncəçayın üzərindəki körpülərə əlamətdar adlar verib.
Artıq şəhərin Mirzə Abbas Abbaszadə küçəsindən keçən ən böyük və ən yaraşıqlı körpüsü qürur simvolumuz olan Şuşanın adını daşıyır! Şəhərin tarixi "İkinci hissə" adlanan ərazisinə gedən yol 17-ci əsrin əvvəllərində inşa edilib, 19-cu əsrdə isə dəmir-beton konstruksiyalarla möhkəmləndirilərək, yenidən qurulub.
"Xalqların, millətlərin dünya miqyasında özünəməxsus mövqeləri, ən klassik anlamda desək, onların öz tarixləri ilə müəyyən edilir. Tarix isə müəyyən adlarda, abidələrdə, tikililərdə, küçə və meydanlarda yaşayır. Körpülər də özlüyündə neçə-neçə əsrləri aşan abidələrdir. Bu baxımdan, Gəncənin miqyaslı tikililərinin tariximizin şərəfli anlarını və görkəmli şəxsiyyətlərini özündə əks etdirən adlar qazanması təqdirəlayiqdir", - deyə tarixçi Bəxtiyar Məhərrəmov bildirib.
Gəncə ərazisidə eyni adlı çay üzərində ümumən yeddi körpü mövcuddur. Nizami Gəncəvi prospektində yerləşən və ən intensiv hərəkətə malik körpüyə isə dahi mütəfəkkirimizin adı verilib.
"Sakinlərin arzusu, tarixçilərin və bədii-ictimai şuranın rəyləri nəzərə alındıqdan sonra, körpülərimizə bu əlamətdar adlar verildi. Bu iş gəncəlilərin də ürəyincə oldu", - deyə şəhər Mənzil-Kommunal Tikinti Birliyinin rəhbəri Elmar Əzizov qeyd edib.
Birinci Qarabağ müharibəsi şəhidi Fətulla Həsənovun adını daşıyan küçədə yerləşən körpüyə isə Gəncənin şəhid hökmdarı, əyilməzlik simvolu Cavad xanın adı verilib. Hazırda körpülərin əhatə etdiyi ərazi boyu Gəncəçayın hövzəsində də hamarlama işləri aparılır, çay yatağı və sahillərində isə beton bərkitmə işləri görülür.
Xatırladaq ki, 3 il bundan öncə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Gəncənin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən 5 körpü əsaslı şəkildə bərpa edilib.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.- 2022.- 19 yanvar.- S.15.