UNEC-də qış imtahan
sessiyası: şəffaflıq və obyektivlik
yenə də ön planda
Yanvarın 5-dən etibarən Azərbaycan
Dövlət İqtisad
Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasına start verilib. Fevral ayının 2-dək davam
edəcək imtahanlarda
ümumilikdə bakalavr
səviyyəsi üzrə
14483 tələbənin iştirakı
nəzərdə tutulub.
Onlardan 12462 nəfəri
əyani, 2021 nəfər
isə qiyabi təhsil alan
tələbələrdir. Qış
imtahan sessiyasında magistratura səviyyəsində
təhsil alan
ümumilikdə 3881 magistrın
imtahanlarda iştirakı
planlaşdırılır. Onlardan 430 nəfəri Magistratura Mərkəzi üzrə, 2161 nəfəri
MBA proqramı üzrə,
1290 nəfəri isə
Beynəlxalq Magistratura
və Doktorantura Mərkəzində təhsil
alan magistrlardır.
UNEC-in Zaqatala filialı
üzrə isə ümumilikdə 1268 tələbənin
imtahanda iştirakı
nəzərdə tutulub. Onlardan 760 nəfəri
əyani, 508 nəfəri
isə qiyabi təhsil alanlardır.
UNEC rektoru, professor Ədalət
Muradov deyir ki, əsas məqsəd
tələbələrin biliyinin
obyektiv qiymətləndirilməsidir:
"Biz təkcə savadlı,
bacarıqlı, səriştəli
mütəxəssis yox,
həm də Azərbaycanın gələcəyini
təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk.
Bu baxımdan da imtahan sessiyasında
şəffaflıq və
obyektivlik ön plana çəkilir.
İmtahanların obyektiv,
ədalətli və şəffaf keçirilməsini
təmin etmək, qiymətləndirmədə biliyi
yeganə meyar götürmək bizim iş prinsipimizdir. Mən əminəm ki, UNEC tələbələri tədris
müddətində qazandıqları
biliklərlə daha da əzmlə çalışacaq və
imtahanlarda ən yüksək nəticəni
göstərəcəklər. Tələbələrin uğurları əzizlərinə
və müəllimlərinizə
bəxş etdiyi ən gözəl hədiyyə olacaqdır.
UNEC tələbəsinin hər zaman olduğu kimi, bu dəfə də öz bilik və savadı
ilə üstünlüyünü
nümayiş etdirəcəyinə
inanıram. Hər bir
tələbənin biliyinin
obyektiv qiymətləndirilməsində
prinsipial mövqeyimizi
yenə də qoruyacağıq".
UNEC İmtahan Mərkəzinin
direktoru, dosent Söhrab İsayevin sözlərinə görə,
2021-2022-ci tədris ilinin
qış imtahan sessiyasında bakalavriat səviyyəsində qabiliyyət
tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə bütün imtahanlar test üsulu ilə keçirilir. İmtahanlarda tələbələrə 50 sualı
cavablandırmaq üçün
riyazi fənlər üzrə 80 dəqiqə,
xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə
100 dəqiqə (qiyabidə
60 dəqiqə), qalan
fənlər üzrə
isə 60 dəqiqə
vaxt verilir. Test sualları tələbələrə
təqdim edilən fənlərin siyahısı
gələn həftə
ərzində şəxsi
kabinetlərə göndərilir.
Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı üsulla keçirilir.
Hər sessiya dövründə olduğu kimi, bu il də imtahan prosesində tələbələrin
müraciətlərinin operativ
araşdırılması məqsədilə
qərargahlar fəaliyyət
göstərir. Yarana biləcək
məsələlərlə əlaqədar tələbələrin
onlayn qaydada apellyasiya komissiyasına müraciət etmələri
üçün müvafiq
şərait yaradılıb.
Həmçinin, imtahanlarla bağlı
yarana biləcək məsələlərlə əlaqədar
tələbələrin onlayn
qaydada apellyasiya komissiyasına müraciət
etmələri üçün
müvafiq şərait
yaradılıb.
Sessiya müddətində, ikinci
imtahan həftəsindən
başlayaraq, hər həftənin şənbə
günü İctimai
Nəzarət Şurasının
üzvlərinin iştirakı
ilə rektorun "Açıq qapı" günləri keçirilir.
"Açıq qapı" günlərində
imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri
dinləniləcək.
Sessiya dövründə
UNEC-in 1846 Qaynar xətti
və rəsmi feysbuk səhifəsi tərəfindən müraciətlər
operativ şəkildə
cavablandırılacaq.
Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları
axşam saat 22:00-dək
işləyir. Həmçinin, tələbələr imtahana
hazırlaşarkən yaranan
sıxlığın aradan
qaldırılması üçün
bütün tədris
binalarında fasiləsiz
internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.
Tələbə biliyinin qiymətləndirilməsində
obyektivliyin təmin olunması, şəffaflığın
qorunması, imtahan prosesində ictimaiyyətin
və vətəndaş
cəmiyyətinin nümayəndələrinin
iştirakının vacibliyi
əsas götürülərək
bu il
də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai
Nəzarət Şurasına
həvalə edilib.
UNEC-in İctimai Nəzarət
Şurasında millət
vəkilləri Etibar Əliyev, Hikmət Babaoğlu, Arzu Nağıyev, əməkdar
elm xadimi, professor Şahlar
Əsgərov, Konstitusiya
Araşdırmaları Fondunun
rəhbəri, İnsan
Haqları üzrə
Birgə Qrupun üzvü Əliməmməd
Nuriyev, "Multimedia" İnformasiya
Sistemləri Texnologiyaları
Mərkəzinin direktoru,
Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə
Liqası İcraiyyə
Komitəsinin sədri
Sahib Məmmədov, Parlament
Jurnalistləri Birliyinin
sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Təhsil Şurası" İctimai
Birliyinin sədri,
professor Hikmət Əlizadə,
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri
İlqar Orucov,
"525-ci qəzet"in müxbiri
Sevinc Qarayeva təmsil olunurlar.
Bu günlərdə UNEC İctimai Nəzarət Şurasının üzvləri
qış imtahan sessiyasının gedişini
müşahidə ediblər. Şura üzvləri
UNEC-in əsas tədris
binasında, həmçinin,
texniki və texnoloji ixtisasların tədris olunduğu 3 saylı tədris binasında imtahan prosesinin monitorinqini aparıblar. Tələbələrin imtahan suallarını elektron qaydada sərbəst cavablandırmalarını,
imtahan sessiyasının
gedişində nizam-intizam
qaydalarına ciddi əməl olunduğunu müşahidə ediblər.
Millət
vəkili Etibar Əliyevin sözlərinə
görə, UNEC-də
tətbiq olunan imtahan metodu şəffaflığın təmin
olunmasına xidmət
edir: "Müşahidələr
göstərdi ki, UNEC
rəhbərliyinin imtahanların
şəffaf və ədalətli keçirilməsində
marağı çox
böyükdür və
biz əminliklə söyləyə
bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir. Mən imtahanlarda obyektivlik
və şəffaflığın
təmin edilməsini yüksək qiymətləndirirəm.
Müşahidələrimizi təhlil edəndə
görürük ki,
UNEC hər dəfə
ötən illə müqayisədə qarşıya
qoyduğu hədəfə
doğru daha da inamla irəliləyir.
Tələbələrin biliklərini tam nümayiş
etdirməsi üçün
çox gözəl mühit yaradılıb.
Mühit
amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin
təsdiqi prosedurudur.
Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır.
Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh
yüksəkliyi yaradır.
Hesab edirəm ki, bu ali məktəbdəki
elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına
öz töhfəsini
verəcəkdir".
Millət
vəkili bildirib ki, UNEC-də tələbələrin ixtiyarına
verilmiş ənənəvi
kitabxana ilə yanaşı, həm də elektron kitabxana özünəməxsusluğu
ilə seçilir və tələbələrin
mütaliəsi üçün
yetərli kitab fonduna malikdir: "Tələbələr üçün
yaradılmış yüksək
şəraitə görə
UNEC rəhbərliyinə təşəkkür
edirəm. Əsas məqamlardan biri kimi qeyd etmək
istəyirəm ki, tələbələrlə universitet
rəhbərliyi arasındakı
səmimi münasibət
təqdirəlayiqdir. Gəldiyimiz qənaət
budur - UNEC rəhbərliyi
təhsilin keyfiyyətinin
yaxşılaşdırılması, mütəxəssis hazırlığı
üçün zəruri
olan bütün tələbləri əzmkarlıqla
yerinə yetirməyə
çalışır".
"Təhsil Şurası"
İctimai Birliyinin sədri, professor Hikmət
Əlizadə bildirib ki, UNEC-də imtahan sessiyası obyektiv və şəffaf təşkil
edilir: "Universitetlər
cəmiyyətin aparıcı
qüvvəsidir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini
yüksək qiymətləndirirəm.
Mən dəfələrlə imtahanlarda
iştirak edib prosesi izləmişəm.
İmtahanlarda tətbiq edilən
proqram təminatından
çox razı qalmışam. Bu sistem neqativ halların qarşısının
alınmasına imkan yaradır. Tələbə imtahanın sonunda
öz nəticələrini
kompüterdə görə
bilir. Sistemə heç bir
kənar müdaxilə
mümkün deyil.
UNEC imtahan prosesini
birbaşa cəmiyyətə
etibar edib. Bu, təqdirəlayiq haldır. Sessiya dövründə keçirilən "Açıq
qapı" günlərində
şura üzvlərinin
iştirakı çox
mühüm amildir.
İmtahan prosesinin ictimaiyyətə
açıq keçirilməsini
müsbət hal kimi dəyərləndirirəm.
Bu, tələbə biliyinin obyektiv qiymətləndirilməsi və
şəffaflığın təmin edilməsində çox önəmli amildir. Bu baxımdan,
həyata keçirdiyi
islahatlarla müsbət
imic formalaşdıran
UNEC nümunəsini yüksək
qiymətləndirirəm".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə qeyd edib ki, sessiya müddətində hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən rektorun "Açıq qapı" günlərində tələbələrin müraciətləri dinlənilir və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verilir. Bəzi məsələlər isə yerindəcə həll olunur: "Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 yanvar.- S.11.