Tağıyevin zehnimizdəki və
Bakıdakı heykəli
Heykəltəraşlıq haqda ən kiçik
bilgiyə belə
sahib deyiləm. Bu sənətlə
yaxından-uzaqdan münasibətim
ancaq Bakının və səfərdə olduğum şəhərlərin
gözoxşayan mənzərəsinə
ayrı bir füsunkarlıq və əzəmət qatan heykəllərinə tamaşa
etmək qədərdir.
Ancaq gözlərimin zövqünə
də inanıram.
Elə buna görə də iki gündür
müzakirəsi bitməyən,
məşhur Azərbaycan
milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin Bakıda yenicə açılmış heykəli
haqqında bir-iki kəlmə də mən demək istəyirəm.
Öncə qeyd edim ki,
Azərbaycan tarixində
önəmli rola və yerə sahib şəxsiyyətlərin xatirəsinin
əbədiləşdirilməsi hər bir azərbaycanlı
kimi məni də sevindirir. Şəhərini gəzməyə çıxarkən,
işə və ya evə gedərkən
ancaq kitablardan və bizə miras qoyduqları 3-5 nümunədən tanıdığımız,
bununla belə qəlbimizdə silinməz
izə sahib insanların
rəsmləri və ya heykəlləriylə qarşılaşmaq insana
gözəl hisslər
yaşadır. Ya da ən azından mənimçün bu, belədir.
Hacı
Zeynalabdin Tağıyev
də tarix kitablarından bizə çox yaxşı tanış olan simadır. Onun Azərbaycan xalqının
övladları üçün
gördüyü xeyriyyə
işləri bugünkü
nəslin belə formalaşmasına təsir
göstərib. Azərbaycanda ilk Qızlar məktəbini yaradan, xalqının oxumaq istəkli kasıb balalarını başqa-başqa ölkələrdə
oxudan gözəl əməllər sahibini niyə bir zamanlar
küçələrində dolaşdığı, binalar
tikdirdiyi, su çəkdirdiyi şəhərinin-Bakının
mərkəzində görməyək?!
Sevindirici
haldır ki, 2019-cu ilin martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və
incəsənət xadimlərinin
bir qrupu ilə görüşündə
Əməkdar artist Bəhram
Bağırzadənin Hacı
Zeynalabdin Tağıyevin
Bakıda heykəlinin
ucaldılması barədə
təklifi ölkə
rəhbərliyi tərəfindən
müsbət qarşılandı
və dərhal bu haqda göstəriş
verildi. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən heykəlin hazırlanması
ilə bağlı açıq heykəltəraşlıq
müsabiqəsi keçirildi
və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) dosenti,
Xalq rəssamı Xanlar Əhmədovun işi 26 əsər içərisində qalib
seçildi. Uzun və gərgin əməkdən sonra nəhayət, yanvarın
18-də metronun İçərişəhər
stansiyasının qarşısında
böyük xeyriyyəçinin
heykəli açıldı.
Elə söz-söhbət
də bundan sonra başladı. Bir qrup insan heykəlin ölçüsündən, bəziləri
yerindən, bəziləri
isə formasından narazılığını bildirdi.
Əlbəttə, nə qədər
insan varsa, o qədər fikir də olacaq, bu fikirlərin içərisində narazılıqlar
da. Ancaq hər şeyə
vicdanla yanaşmaq gərəkməzmi?
Deyirlər ki, heykəlin hündürlüyü azdır,
elə adam
boyundadır. Halbuki Tağıyevin heykəli
2,5 metr hündürlüyündədir.
Bu hündürlükdə adam tanıyırsınızmı?
Yazını yazmazdan öncə
kiçik bir araşdırma apardım və gördüm ki, Avropanın və dünyanın ən məşhur heykəlləri də aşağı-yuxarı 2.7-3 metr
hündürlüyündədir. Çox da ciddi fərq
yoxdur, elə deyilmi?!
Həm də öz fikrimi deməliyəmsə, heykəllərə
aşağıdan yuxarı
baxmaq çox zaman məni narahat edib, elə
də sevməmişəm
nəhəng heykəlləri. Əgər
başımı qaldıranda
yalnız heykəlin ayağının altındakı
o iri daşı görəcəyəmsə, özünə
baxmaq üçün
az qala
arxaya doğru yıxılana qədər
əyiləcəmsə, bununla
belə onun üzünü görmək
mənə heç vaxt qismət olmayacaqsa, o əsərdən
nəyi əxz edə bilərəm? Deyəcəksiniz, gərək əxz
edəsən? Sözsüz
ki! Sənət əsəri tamaşaçısına
nələrisə aşılamalıdır,
fikrimcə.
Bəs buxara papaq, ənənəvi libas, təsbeh, əsa, orden və medallarla süslənmiş, ən xırda detalına qədər incəliklə hazırlanmış Tağıyevin heykəli bizə nələri aşıladı? Məşhur milyonçunun sadə, mütəvazi heykəli, məncə, onun əsl xarakterini ən yaxşı şəkildə əks etdirə bilib. Millətinin kasıb balalarının gələcəyinin qeydinə qalan, onların bircə məktubuna reaksiya verən, vətəni, xalqı üçün bu qədər çalışan, sərvətini həmvətənlərinə xərcləyərkən sonda isə öz qızı acından dünyasını dəyişən bir milyonçu elə olduğu kimi, yəni xalqın içində təsvir olunmalı deyildimi? Mən, sən, o, biz-Tağıyevi görmək istəyən hər kəs o heykələ daha yaxın olmalı deyilikmi?! Necə ki, o, sağlığında xalqına bu dərəcədə yaxın idi.
Bu böyük hadisənin ən təəssüfləndirici anı isə elə həmin axşam əsərə qarşı edilən vandallıq aktı oldu. Bir qrup özünübilməz şəxs məhz özünü bilməmənin heyfini daşdan, cansız heykəldən, sənət əsərindən çıxmaq istədi və Tağıyevin təsbehini sındırdılar. Sözsüz, o təsbeh yerinə bərpa olunacaq, ancaq Qarabağda tarixi-mədəni abidələrimizi dağıdan erməni vandallardan heç nəyi ilə fərqlənməyən o yaramazların vicdanı, insanlığı bərpa olunacaqmı, bilmirəm.
P.S. Bu xoşagəlməz
xəbəri alar-almaz yadıma Xanlar Əhmədovun həmmüəllifi olduğu "Güllələnmiş heykəllər"
düşdü. Görünür,
böyük sənətkarın əsərlərinin
taleyidir xarici və daxili vandalizmə məruz qalmaq.
Heyif!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 20 yanvar.- S.16.