"Papaqsız baş
yetimdir..."
"BƏY
PAPAĞI" VƏ KƏLAĞAYI HAQQINDA BALLADA
Mən bu silsilə yazılarda təbii ki, papağı geyim dəstinin sadəcə başı soyuqdan, yağışdan
qoruyan bir elementi kimi yox,
ruhla, mənəviyyatla,
milli yaddaşla bağlı, daha doğrusu yaddaşın bir parçasına çevrilən anlayış,
dəyər kimi nəzərdən keçirdim.
Doğrudan da özünü ruhən azərbaycanlı bilən
bir kəs başqa bir xalqın papağını
başına qoysa, özünü naqolay hiss
edəcək, ona elə gələcək ki, iç dünyasına,
ruhuna, yaddaşına
kənardan nə isə bir müdaxilə
oldu - papaq sanki onun ruhunu
sıxacaq, ruh isə papağı geri itələyəcək...
Bu mənada "papağı
itirmək" ifadəsini
də 2 mənada başa düşmək olar - onu dəyəri pulla ölçülən bir
əşya kimi itirmək, yaxud ruhun ifadəçisi, ruhun bir parçası
kimi unutmaq. Birinci halda zərəri qaytarmaq çox asandır - mağazaya girib istədiyin formada təzə papaq ala bilərsən.
Amma vay o gündən ki, itirdiyin papağın yerinə başqa ruhun daşıyıcısı
olan papaq qoyasan!
Öz papağını tapıb
onun statusunu bərpa etməyə bəzən 100 illər lazım gəlir!
Kənardan müdaxilə nəticəsində
bir dəyər kimi papağı itirmək mənəvi işğalın ən bariz nümunələrindən
biridir. Hansısa bir ölkənin
ərazisini zəbt edib öz torpaqlarına
qatmaq işğalın
coğrafi anlamda dərk olunmasıdır.
Bu işğalı başa çatdırıb
tam "rəsmiləşdirmək" üçün həmin torpağın əsl sahiblərinin ruhunu da işğal etmək lazım gəlir - necə ki, XIX əsrin I yarısında Azərbaycanın
şimal ərazilərini
qamarlayan çar Rusiyası elə o vaxtdan işə girişdi və zaman-zaman bu missiyanı reallaşdırmaqla
məşğul oldu.
Milli yaddaşı, davranış etiketini, ən başlıcası isə torpağa sahiblik hissini yaşadan aristokrat təbəqənin - əsl
bəylərin hüquqları
əvvəlcə məhdudlaşdırıldı
və onların əvəzinə bəy elan olunan İbiş
("Atları yəhərləyin"
filmi), "naçalnikin"
hətta itinə də yaltaqlanan, yadların qarşısında
təlxəklik edən
Qurbanəli bəy kimi əldəqayırma bəylər necə deyərlər, dövriyyəyə
buraxıldı.
Lakin Qafqaz siyasətinin bütün mənfiliklərinə baxmayaraq,
çar üsul-idarəsi
bolşeviklərdən daha
insaflı idi. Çünki
bolşevik rejimi xalqın beynini "yumaq", oradan "kişilik", "duz-çörək",
"ləyaqət" kimi
anlayışları bilmərrə
yox edərək milli ruhu iflic
vəziyyətə salmaq
üçün heç
bir rəhm göstərmirdi - başıpapaqlılar
əvvəlcə sinfi düşmən, sonralar isə xalq düşməni
kimi sorğu-sualsız
ya gedər-gəlməzə
göndərilir, ya da güllələnirdi...
Mərhum
aktyorumuz Şahmar Ələkbərovun quruluş
verdiyi və bir vaxtlar böyük ajiotaja səbəb olan "Sahilsiz gecə" filmində maraqlı bir epizod var. Həmin epizodda 30-cu illər repressiyasının
günahsız qurbanlarından
birinin həbs edilməsi təsvir olunub. Çekistlər gecə "millətçi
qüvvələrə işləyən
casusu" tələm-
tələsik evindən
çıxarıb maşına
basanda kişinin papağı başından
düşür və
o, qaranlıqda
papağını tapıb
götürə bilmir.
Çekistlərdən biri
irişə-irişə rişxəndlə
deyir: "Narahat olma, onsuz da
bundan sonra papaq sənə lazım olmayacaq".
Sonra maşın
hərəkətə gəlir
və kişinin papağı onun təkərləri altında
əzik-üzük olur.
Mənə elə gəlir
ki, bu epizodda
çekistin dediyi sözlər və epizoda
nöqtə qoyan kadrlar təkcə həmin kişiyə yox, bütün azərbaycanlılara
ünvanlanmış təhqiramiz
bir atmaca idi. Əlbəttə, o mənada yox
ki, siz azərbaycanlılar
papaq gəzdirməyə
layiq deyilsiniz. O mənada ki, sizin daha papaq
gəzdirməyə layiq
kişiləriniz qalmadı,
hamısının kökünü
kəsdik.
Sanki bu sözlərlə
çar Rusiyası, sonra isə onun varisi olan
bolşevik Rusiyası
tərəfindən Azərbaycanın
mənəvi işğalı
bir növ başa çatdırılır,
onun coğrafi işğalı mənəvi
işğalla möhkəmləndirilir.
Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan kişilərinə - Gəray
bəylərə, Cahandar
ağalara, Kərbəlayı
İsmayıllara, Böyük
bəylərə... qarşı
başlayan səlib yürüşü əslində
milli yaddaşa, torpağa yiyəlik hissinə, milli iradəyə qəsd idi və 30 - cu illərin
repressiyaları ilə
başa çatdırılan
bu kampaniya sonralar tarix dərsliklərinə "sosializmin
tam və qəti qələbəsi" kimi daxil edildi.
Vaxtilə başında gəzdirdiyi
papağın ucalığına
layiq olmayan kişilər haqqında deyirdilər
: "Filankəs nəslin
papağını yerə
soxdu", yaxud "Filankəs başına papaq qoymaq əvəzinə
ləçək bağlasa
daha yaxşı olar". Bu ifadələr
papaq və kişilik anlayışlarının
mənəvi ilişkilərini
çox parlaq şəkildə ortaya qoyur.
"Evlənmək istəyirəm"
filmində Mirzə Səfər Həsən ağanın qohumuna hörmətsizlik edəndə
dəftərxana rəisi
"Həsən ağanın
qohumu burada növbə gözləməməlidir"
hay-həşiri ilə
ona hücum edir və sonda
deyir: "Mirzə Səfər, papağını
da götür, get burdan!" Və cavab da
özünü çox
gözlətmir :"Cənab rəis, narahat olna. Gedəsi olsam, yəqin
ki, papağımı
burda qoymayacam".
Bu kiçik dialoqun
alt qatında maraqlı
bir məqam var: rəhbərlik etdiyi dəftərxanada özünün yaltaqlığa,
qorxaqlığa əsaslanan
qayda-qanunlarını tətbiq
etmək istəyən
rəis məğrur,
qürurlu Mirzə Səfərin nəinki özündən, hətta
papağından da qorxur, Qorxur ki bu papaq
yaddan çıxıb
dəftərxanada qalar
və sahibinin xarakterinin daşıyıcısı
kimi digər çinovnikləri də öz yolundan sapdırar.
Yeri gəlmişkən, deyim ki, bu film "Papaq" adı ilə çəkilirdi və Azərbaycan kinosunda ilk dəfə məhz bu filmdə
papaq əsas obraz səviyyəsinə qaldırılmış, mənliyini,
ləyaqətini pula satan və dostuna xəyanət edən bəy obrazı yaradılmışdı.
Şair Ramiz Rövşənin papaq
mövzusunda yazdığı
və sətiraltı
mənalarla zəngin olan şeir parçaları da ilk dəfə məhz bu filmdə səslənib.
Bir haşiyə
çıxım.
Ötən əsrin 70-ci illərinin
ortalarında Bakıda
heç kimin gözləmədiyi halda inqilabdan əvvəlki bəy papaqları dizaynında
tikilmiş kişi baş geyimləri peyda oldu. Bu papaqlar xüsusilə gənclər, tələbələr
arasında geniş yayılmışdı və
onlara çox yaraşırdı. Amma milli papaq bumunun ömrü çox az çəkdi
- hansısa məkrli əl bu papaqların yenidən dəbə oturuşmasına
imkan vetmədi, onlar qəfil peyda olduqları kimi qəfil də yoxa çıxdılar...
Bundan təxminən 10 il sonra bir vaxtlar
Azərbaycan xanımlarının
bəzəyi olan kəlağayı "dirildi",
Bakı qısa vaxt ərzində kəlağayı həyəcanı
yaşadı...çalma,
türbən
formalarında qız-gəlinlərin
başına, boynuna dolanan rəngbərəng
kəlağayı selinə
qərq oldu. Həmin o rəngbərəng kəlağayılar
qızların, gəlinlərin
gözəlliklərini ikiqat
artırır, zənənlərə
əlavə bir incəlik gətirirdi.
Amma çifayda! Məşhur filmdə deyildiyi kimi, "yenə həmin ünvan, həmin koordinatlar"...
Bu faktlar milli elementlərin, koloritin geyim dəbinə nüfuz etməsi şansının hələ də gündəlikdə qalmasının bəzi dairələrin nəzərində nə qədər təhlükəli hal kimi qiymətləndirilməsinə parlaq misaldır.
Biz mənəvi təzyiqdən, həm coğrafi, həm də mənəvi işğaldan qurtulandan sonra milli yaddaşın, milli şüurun yenidən ruhumuza hakim kəsiləcəyinə sadəlövhcəsinə inanırdıq. Elə bilirdik ki, daha çox azərbaycanlılaşacağıq, itirilmiş dəyərləri tez bir zamanda geri qaytaracağıq.
Amma əvəzində nə gördük?
Cırıq-cırıq, dar-düttək, Habil Əliyevin sözü olmasın, rajokla geyinilən şalvarlar.., göbəkdən yuxarı koftalar.., əcaib beysbolkalar...
Xalq yazıçısı Anar müsahibələrinin birində deyir: "Mənim yaratdığım Təhminə indiki bir çox qızlarla, qadınlarla müqayisədə rahibə həyatı yaşayan bir qadındır".
Müdrik yazıçının bu narahatlığı çox şeydən xəbər verir.
Məgər bütün bunlar yeni - daha amansız mənəvi işğaldan xəbər vermirmi?
...Çoxlarının nəzərində mühafizəkar, köhnəpərəst imici qazanan mən isə burada silsiləni bitirir, şair Ramiz Rövşənin "Papaq" şeirinin bir bəndi ilə son nöqtəni qoyuram:
Fələyin qapazından
Papaq keçsə xirtdəyə,
Vay o gündən papağı
Dikəltməyə başımız.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 20 yanvar.- S.14.