Müasir Azərbaycan poeziyasında 20 Yanvar mövzusu
Azərbaycanın azadlıq uğrunda
mübarizə tarixinin
qanlı səhifələrindən
olan 20 Yanvar faciəsindən 30 il sonra ölkəmiz erməni işğalında olan torpaqlarını azad etdi. Bu zəfərlə
həm də 20 Yanvar şəhidlərinin
qisası alındı.
Məhəmməd Nərimanoğlu
və Bilal Ənsərin bu mövzuda tərtib etdiyi kitabda həmin faciənin nəticələri belə
qeyd olunur: "Qanlı şənbə gecəsində 131 nəfər
qətlə yetirilmiş,
744 nəfər yaralanmış,
321 nəfər itkin düşmüş, 841 nəfər
həbs edilmişdir".
Bu tarixi faciə
Azərbaycanın müstəqillik
dövründə yaranan
bədii əsərlərinin
də mövzusu oldu. Poeziyanın, xüsusən də
poema janrının 20
Yanvar qırğınına
həssas münasibəti
bu günə qədər davam edir. Qabilin "Mərsiyə"si, Məmməd İsmayılın
"Bu qan yerdə qalan deyil" şeirindən başqa, poema janrında diqqət çəkən
əsərlər yazıldı.
Bəxtiyar Vahabzadənin
"Şəhidlər", Hüseyn Arifin "Ülvi", Adil Cəmilin "Qan borcu", Məmməd Aslanın "Ağla, qərənfil, ağla",
Yusif Nəğməkarın
"Şər şənbə",
Əhməd Qəşəmoğlunun
"Cavanşir", Əbülfət
İslamın "Şəhid
sevgililər" və
digər poemalar sübut edir ki, janr həmin
mövzuya necə həssaslıqla yanaşıb.
Məmməd Aslanın "Ağla, qərənfil, ağla"
əsəri müəllifin
müxtəlif kitablarında
işıq üzü
görsə də,
ilk dəfə ayrıca
kitab halında
2014-cü ildə nəşr
edilmişdi. Əsər haqqında ayrıca
məqaləmdə vurğulamışam
ki, bu əsəri
həcminə və problematik yükünə
görə poema kimi təqdim edə bilərik.İlk baxışdan lirik bəndlər toplusu kimi görünən əsər özünəməxsus
daxili süjetə malik poemadır, əsərdə ciddi süjet xəttinin izlənilməsi epik hadisələri sərgiləyən
lirik poemanın əlamətləridir.
Yusif Nəğməkarın
on altı yarımbaşlıqlı
"Şər şənbə"
poeması haqqında da ayrıca məqaləm vardır. Poemanın
bədii sanbalı haqqında akademik İsa Həbibbəyli yazır: "Yusif Nəğməkarın "Şər
şənbə" poeması
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatında
Xalq şairi Bəxtiyar Vahabzadənin
"Şəhidlər" poemasından sonra "qara yanvar-şəhidlik"
mövzusunda bu janrda yazılmış ən yaxşı bədii əsərdir".
Qeyd edək ki, bu
əsərdə Yusif
Nəğməkar Bəxtiyar
Vahabzadənin "Şəhidlər"
poemasından sitatlar da verib.
Ayrıca söhbət açmaq istədiyim poemalar Əhməd Qəşəmoğlunun
"Cavanşir" və
Əbülfət İslamın
"Şəhid sevgililər"
poemalarıdır. Əhməd Qəşəmoğlunun
"Cavanşir" poemasının
qəhrəmanı Cavanşirdir.
Poemada Cavanşirin özü kimi cəsur sevgilisi Humayla birgə düşmənlərə
qarşı mübarizəsindən
bəhs edilir.
Poemanın "20 Yanvar" adlı hissəsində həmin faciənin bütün gerçəklikləri təfsilatı
ilə verilir. Yanvarın 19-da axşamçağı bir
qrup gəncin Biləcəri yolunun üstündə ocaq qalayıb Bakıda baş verən hadisələri müzakirə
etməsinin təsviri
ilə əhvalatlar davam etdirilir. Sonra televiziyada partlayış,
Bakı kəndlərindən
sovet tanklarının
hücuma keçməsi
bütün detalları
ilə göstərilir.
Sovet ordusunun vəhşiliyi nə qədər realistcəsinə təsvir
olunursa, Azərbaycan xalqının mətinliklə
mübarizəsi bir o qədər dəqiqliklə
təqdim edilir. "Şanlı" ordu hesab etdikləri
sovet ordusunun öz vətəndaşlarını
qanlarına qəltan edəcəyinə inana bilməyən insanlar yaralı halda digər yaralılara kömək etmək istəyəndə tankların
onların üstünə
sürülməsi vəhşiliyin
nümayişi kimi əksini tapır.
Bu dəhşətin ictimaiyyətə
başqa cür çatdırılmağı poemada
real cizgilərlə əks
olunub. Kremldəki qoşunbaşının Bakını
azad etdiklərini bəyan etməsi əsərdə ifadəsini
belə tapır:
"...zırıldadı Moskva
televizorları:- Bakıda bir dəstə narkoman, avara insanlar rusları, erməniləri
qırmaq istərkən
qarşısını aldı
rəşadətli sovet
əsgəri..." Bütün bunlar
yaxın tarixin şahidi olduğumuz həqiqətləridir. Həmin həqiqətlər
barəsində nə
qədər çox təbliğat aparılsa da, cəzasını almayan cinayətkarların
qalmağı, azğınlaşmış
cəlladlara qarşı
ikrah hissinin aşılanmağı və
mübarizlik ruhunun yaşadılması əsərin
əsas leytmotivini təşkil edir.
Bununla belə,
son dərəcə publisistik
dildə yazılmış
əsərdə müəllif
sanki baş verən hadisələri nəsr şəklində
nəql edir. Qafiyələrə
az hallarda
rast gəlinir, konkret hadisə canlandırılsa da, əsər ümumilikdə
epik səciyyədən
uzaqdır. Poemada daha çox
faciənin ağırlığı
və nəticələri
barədə düşüncələr
lirik planda təqdim olunur.
Əbülfət İslamın "Şəhid
sevgililər" poeması
isə 20 Yanvar şəhidləri İlham
və Fərizənin
nakam həyatlarına
həsr edilib.Poemada İlhamın dünyaya gəlməsi, uşaqlıq
illəri, Fərizə
ilə tanışlığı,
toylarının olmağı,
müstəqillik uğrunda
mücadiləsi, şəhid
olmağı və Fərizənin buna dözməməyi həm
real cizgilərlə, həm
də bədii təfəkkürün gücü
ilə ifadəsini tapıb.
Poemada eyni zamanda İlhamın
atası Əjdər kişinin, anası Ofelya xanımın, nənəsi Qızqayıt
nənənin, qardaşı
Elxanın, bacıları
Tofiqənin, Rəsmiyənin,
Gülbənizin də
obrazları canlandırılır.
Həmçinin Fərizənin və
onun atası Çoban kişinin, anası Bağda xanımın da dolğun obrazları əksini tapır.
Ermənilərin Topxana meşəsində zavod tikmək, Qarabağı ələ keçirmək istəyi baş qaldıranda buna etiraz olaraq
Azadlıq meydanında
yüz minlərlə
insanın gecələməsi
poemada tarixin bədii inikası fonunda yazılıb. "On doqquz yanvar günü,
Gecə saat on birdi. Top səsləri
Bakının, Dincliyini
itirdi" - sətirlərində
həmin məşum gecənin həqiqi faktları sadalanır.
Müəllif xalq qırılan
zaman İlhamı evin içində saxlamaq mümkün olmadığını "O elə
sevirdi ana vətəni, İlham şəhid oldu Vətəndən ötrü"
- kimi misralarda vurğulanır.
Fərizənin isə İlham
gedəndən dinməməyi, quruyub heykələ,
lala dönməyi sadəcə bir gənc ailənin faciəsi kimi
deyil, ümummilli bir burulğanın təzahürü olaraq ifadə olunub. Bu mövzuda
yazılmış digər poemalar kimi, "Şəhid sevgililər" əsərində
də xalqımızın apardığı ümummilli
mübarizənin bədii əksi verilib. Təhlil
etdiyimiz poemalardan da göründüyü kimi şəhidlərə həsr edilmiş əsərlərdə əsas mətləb
milli mübarizənin qələbəsini
nümayiş etdirmək olub.
Gülnar
SƏMA
525-ci qəzet.- 2022.- 20 yanvar.- S.12.