"Məsələ təkcə o
qanlı hadisələri çəkməklə
bitmirdi..."
Tanınmış fotomüxbir Rasim Sadıxov 1990-ci
ilin 20 yanvarında lentin yaddaşına
köçürdüyü tarixi olaylardan danışır
Budəfəki müsahibim çəkdiyi şəkillər
Azərbaycan foto və video salnaməsi üçün unikal
bir xəzinə olan Rasim Sadıxovdur. O, hazırda Azpress.az video - foto
agentliyinin və saytının rəhbəri - təsisçisi
və baş redaktorudur.
20 Yanvar faciəsinin canlı şahidi olan R.Sadıxov həm
də o tarixi hadisələri lentin yaddaşına
köçürənlərdən biridir.
***
- Rasim
müəllim, nə vaxtdan foto sənəti ilə məşğulsunuz
və keçdiyiniz yol daha çox nə ilə qalıb
yadınızda?
- Əslində bu sahədə ilk uğurumu,
mükafatımı hələ 1969-cu ildə
qazanmışam. Pioner-komsomol düşərgəsinə
biletlə mükafatlandırılmışdım onda. Rəsmən, professional səviyyədə isə
1981-ci ildən Azərbaycan Televiziyasının Gənclik
redaksiyasında işləməyə başlamışam.
Redaktorum İlyas Tapdıq, rejissorum isə Rauf
Mirzəyev idi. Çox gözəl
insanlardı. Amma 1983-də televiziyadan
kiçik nöqsana görə uzaqlaşmalı oldum. O
vaxtlar şair, baş redaktor Nəriman Həsənzadə həmişə
məni yanında görmək istəyirdi, deyərdi ki, təki
səni işdən çıxarsınlar, gəl yanıma. Gəlib
Nəriman müəllimə deyəndə ilk dəfə idi,
işdən çıxdığıma bu qədər sevinən
adam gördüm. 1983-1990-cı
illərdə Nəriman müəllimin yanında, "Ədəbiyyat
və incəsənət" qəzetində
çalışdım. Foto və
illustrasiya şöbəsi var idi orada və mən fəaliyyətimi
bu qəzetdə davam etdirdim. O şöbənin rəhbəri
olmuşam. 1990 - cı ildə "Azərbaycan
" qəzeti yaradılan gündən artıq buraya
fotomüxbir olaraq gəldim. Məni qəzetdən
uzaqlaşdırdılar bir müddət. Amma
çox çəkmədi. Ulu Öndər
Heydər Əliyev Bakıya gəldikdən sonra Aparatda,
müvafiq şöbədə çalışmağa
başladım. Bu, Ulu Öndər
dünyasını dəyişən günədək davam
etdi. 2 il sonra mənə məsləhət
gördülər ki, video-foto jurnalistikasını öyrədən
məktəb, redaksiya aç. Açığı,
bu mənim də ağlımda idi, foto-video agentliyi saytı
yaratdım, ətrafıma da fotomüxbirləri topladım.
2006 - cı ildən bu saytın həm təsisçisiyəm,
həm də baş redaktor. Paralel olaraq da
müxtəlif yerlərdə ikinci dərəcəli işlərim
olur.
-
Dünyanı kiçik çərçivəyə
sığdırmaq üçün insan əsas nəyə
diqqət etməlidir?
-
Dünyanı deməzdim, hansısa məqamlar ola
bilər. Dünya o qədər rəngarəngdir
ki, sadəcə müəyyən anları fotoya
köçürə bilərsən. Bunun
üçün də böyük sənətkar olmalısan, sözün həqiqi
mənasında. Heç kimin görə bilmədiklərini
görməlisən. Biz buna qartal
gözü deyirik ki, o olmalıdır əsl peşakar
fotoqrafda. Məqsədimiz də ən
maraqlı anları tutub saxlamaqdır. Dünyanı
bir çərçivəyə sığdırmaq da budur elə.
Müəyyən anları bir-bir tutub çərçivəyə
salırsan, o anlar donub qalır və onları əbədiləşdirirsən.
- Donub
qalan kadrlardan söz düşmüşkən, 20 Yanvar faciəsinin
canlı şahidi olmaqla bərabər, o anları kadrlara
sığdıra bildiniz. Minlərlə foto və hər biri
danışan şəkillər...
- 3128 kadr
idi. Bu o zamana görə çox idi. Çünki o vaxtlar texnika zəifdi, 36 kadrdan
artıq çəkə bilməzdin. Çəkilişə
gedəndə əlavə olaraq özümüzlə 10 - 15
lent götürərdik, hər birinə 36 şəkil
sığardı. Biri bitəndə tez digərindən
istifadə edərdik. Mən də o vaxt
bacardığım qədər çox çəkirdim ki,
bu tarix əbədiləşsin. Dünyaya
çatmalı idi bu fotolar. 1988-ci ildə
Meydan hərəkatından mən sırf bu yöndə
fotolar çəkməyə başladım. Ona kimi isə şairləri, kənd təsərrüfatını
və sairi çəkirdim, amma sonra hadisələr, həyat
məni başqa yönə apardı, fotomüxbir kimi xeyli
siyasiləşdim və sözün əsl mənasında, bu
sahədə bişdim. O zamanlar fotomüxbir, demək
olar, yox idi. Daha çox xaricilər vardı.
Fotoqraf demirəm. Çünki
fotoqraf və fotomüxbir tamam başqa sahələrdir. Mən şagirdlərimə də bunu deyirəm.
Fotomüxbir şəkli elə çəkməlidir
ki, şəkilaltı sözə ehtiyac qalmasın.
Əgər nəsə yazıldısa, deməli, sən sadəcə
fotoqrafsan, get şəkil çək, vəssalam. Bu sənət isə bir vəhdətdir - sözlə
rəsmin vəhdəti. Məişət tələbatı
üçün sadəcə fotoqrafiya kifayət edir, siyasət
üçün bu bəs deyil. Meydan hərəkatı
gedən dövrdən artıq o hadisələri çəkirdim. Hətta bir haşiyə
çıxım ki, o vaxt hadisələr təzə - təzə
başlananda əlinə kamera götürüb çəkiliş
aparmaq qorxulu idi. Meydandakılar təzyiq edirdilər, elə
bilirdilər, KQB üçün çəkiliş
aparırıq. Amma tanıdıqca,
yaxınlaşdıqca meydan özü mənə şərait
yaratmağa başladı. Beləliklə, tribunadan Bakı
bulvarına qədər gedib çıxa bilmişdim. Millət çöldə qalırdı, tonqal
yandırıb qızınırdı. Yemək-içmək
ora gəlirdi. Maraqlı fotolar çəkdim.
O ki qaldı 20 Yanvar hadisəsinə, biz artıq 19-undan
çəkilişlər edirdik. Sumqayıtda
yaşadığım üçün başımıza nələr
gələ biləcəyini təxmin edir, müşahidə
aparırdım. Baxın (fotonu göstərərək
tarixçəsini xatırladır), bu tanklar Biləcəriyə
qədər olan yolda dayanırdılar.
-
Ömrünüzün gənc çağları idi onda. Heçmi qandan, ölümdən qorxmurdunuz? Hansı hissləri keçirirdiniz?
- Qan
görəndə ürəyi gedən adam
idim mən. Amma görünür, şərait
belə tələb edirdi. Siz təsəvvür
edin ki, 19 yanvarda çəkilişi aparanda ağlıma belə
gəlməzdi ki, 20-si o cür hadisələr baş verəcək.
Və mən onda elə bu otağa gəldim.
O vaxt "Ədəbiyyat və incəsənət" qəzetində
fotolabaratoriyada işləyirdim. Nəriman Həsənzadə
məni buraxmaq istəmirdi ki, işim onu yetərincə qane
edir. Mən 19 yanvarda burada qaldım və
axşam saat 8-9 radələrində televiziyada partlayış
oldu. Pəncərədən baxdım ki,
millət qışqıra-qışqıra Yasamal istiqamətindən
axın şəklində gəlir. Maşınlar,
tankların səsi, ağır hərbi texnikalar... Dəhşət idi. Atışma
səsləri gəlirdi, hər kəs qorxduğu halda mən
birbaşa çəkiliş etməyə
hazırlaşırdım.
-
Neçə yaşınız olardı onda?
-
1956-cı ildənəm. Hardasa 34-35 yaşım
olardı. Onda, heyif ki, texnikalar axşam
çəkilişləri üçün əlverişli
deyildi. Səhərin
açılmağını gözlədim ki, işə
başlayım. Səhər açılan
kimi kameraları götürdüm, o vaxtın kameraları da
çox ağır idi. Lentləri də
götürdüm və çıxdım. Düşünün, hər kəsin üzündə
aqressiya, nifrət hissi. Onda mənə
dedilər ki, sənin başın xarab olub, bu vəziyyətdə
birinci səni öldürərlər. Çünki
cinayəti tarixə həkk etmək üçün
çıxırsan və sağ qalmağın
mümkünsüzdür. Ağlıma
batdı. Qayıdıb kameraları qoydum
yerinə və əvvəlcədən vəziyyəti
müşahidə etmək üçün
çıxdım. Fotomüxbir öncədən
yerləri müəyyən etməlidir ki, təyinatı hara
olacaq və nəyi çəkəcək. Burada isə bunlarla bərabər
olaraq vəziyyəti də öyrənməli idim. "Salyan kazarması" deyilən yerə qədər
piyada düşdüm.
- Nələrlə
rastlaşdınız, nələr gördünüz?
- Nələr
görmədim ki! Meyitlər,
dağıdılmış maşınlar, insanlar
küçələrə tökülüşüb,
artıq qorxu belə itmişdi adamlarda. Bu
qorxulu, dəhşətli vəziyyətdə işimi
düşünürdüm. O an bir gülləyə
qurban gedə bilərdim, üstəlik, kameranı görsəydilər
bir an da salamat qalmazdım. Kamera
da ağır və böyük. Geri qayıdıb plan
cızdım özüm üçün. Bir
neçə nəfəri özümlə
götürdüm, 50 də lent. Axı çəkiliş
etdiyim zaman kimsə məni tuta, güllələyə bilərdi,
o an bütün fəaliyyətim məhv olardı.
Məsələ təkcə o qanlı hadisələri
çəkməklə bitmirdi axı, əsas onu ünvana
çatdırmaq vacib idi. Jurnalistikanın
da əsas şərti odur ki, operativ məlumatı xalqa
çatdırasan gərək. Özümlə
apardığım adamlara dedim ki, sizə lentləri verəcəm,
aparacaqsınız "Azərbaycan" Nəşriyyatına,
verəcəksiniz İntiqama və mən ondan götürəcəm.
Onda bizdə bir polis var idi - İntiqam, o
fotoların bugünədək gəlib
çıxmasının əsas səbəbkarlarından biri
oldu. Axşamlar gəlib lenti
götürür, bu otaqda o lentləri kimyəvi yolla yuyub
çap edirdim. Buradan piyada cinayət yerinə
gedib çəkilişləri apardığım vaxt
ardımca gələn olsa, hara qaçıb gizlənə biləcəyimi
də hesablayırdım. Kameramı gizlətməyə
çalışır, öz qabında deyil bazar paketində
götürürdüm ki, diqqət çəkməsin.
Çəkiliş zamanı insanların münasibəti pis
olurdu mənə, sorğu-suala tuturdular ki, niyə çəkirsən,
kim üçün çəkirsən?! Onlara başa salmağa çalışırdım
ki, bu, Azərbaycanın tarixidir, çəkilməlidir.
Bəlkə biz olmadıq, amma sonrakı nəsil
bu tarixi unutmasınlar gərək. Görsünlər
ki, biz nələrdən keçmişik, başımıza nələr
gəlib. Düzgün təbliğat
aparmasaydım, düşmənlərdən öncə, elə
özümüzünkülər bizi öldürərdi
yerindəcə. İndi çoxları üçün
bu asan gələ bilər bəlkə də, amma ölümlə
üz-üzə dayanaraq bunları etmək asan bir iş
deyildi. Biz 44 günlük Vətən müharibəsində
bunlara hazır idik və şükürlər olsun ki,
torpaqlarımız işğaldan azad olundu. Təbliğat işlərimiz düzgün
aparıldı. Hər kəsin
sözü, əməli bir oldu. O vaxt isə belə
deyildi. Hadisələrdən sonra fotoqraf kimi kimlərsə
çıxdılar ortaya. Amma heç biri
də doğru-düzgün çəkiliş ortaya
qoymadı, hətta Bakının digər yerlərindəki
qırğınlardan bircə foto da üzə
çıxarmadılar. Mən Yaşar Xəlilovdan
başqa kimsəni görmədim 20 Yanvar günü. Biz bu hadisədən eyni halda keçdik. Bu yaxınlarda hörmətli deputatımız,
akademik Rafael Hüseynovla bir araşdırma apardıq ki, məhz
20 Yanvar günü çəkiliş edən olubmu? Hansısa 6 nəfərin də adı
açıqlandı. Amma onlardan bircə dənə
şəkil istəsəniz, ortaya nəsə çıxmaz.
Çünki çəkməyiblər. Gətirənlər də olur, amma ki, dəfn mərasimindən,
yəni ayın 22-24-ündən. Ancaq onlar
kimə lazımdır?! Elə fotolardan
yüzlərlə çəkmişəm. Məhz qırğını çəkmək
lazım idi. Axı izi itirmək
üçün elə ayın 20-dən meyitlər
yığışdırılırdı. Heç
olmasa qan izlərini çəkərdilər... İnsanlar
qanlar üzərinə güllər səpirdi...
- Rasim
müəllim, o vaxtlar itib-batan fotolarınız oldumu?
- Təbii ki, oldu. O başqa bir günün mövzusudur ki, bir dəfə bir şəxs kitab çıxartdıracaqdı guya, məndən foto istədi və ona 80 eksklüziv foto verdim. O vaxtlar da rəngli fotoların dublikatı olmazdı. Neqativ ancaq bir ədəd olardı. Və düşünün, bir ədəd olan neqativdən 80 ədədini mən həmin adama verdim. Təxminən bir aydan sonra o adamı görüb şəkillərin aqibətini soruşduqda mənə həmin şəkilləri itirdiyini dedi. Elə qəzəbləndim ki, bəlkə o an öldürə bilərdim həmin adamı. "Narahat olma, - dedi mənə, - belə hadisələr yenə baş verəcək, onda yenilərini çəkərsən" və ona qarşı dərin bir nifrət oyandı içimdə. Halbuki o vaxt guya insan hüquqlarının müdafiəsilə məşğul olurdu həmin adam. İndi üstündən 30 ildən artıq vaxt keçib. Heç o şəkillərdə imzamın olmasını belə istəmirəm yeri gələrsə, amma bircə o fotolar bu gün ortalığa çıxaydı. Sırf kitaba salınsın, yayılsın deyə mən ən mühüm, eksklüziv kadrları vermişdim ona.
- 20 Yanvar hadisələrinin növbəti ildönümündəyik. Oxuculara, ictimaiyyətə bu barədə daha nə demək istəyərdiniz?
- 20 Yanvar bizim tariximizin ən qanlı, ancaq həm də ən əhəmiyyətli səhifələrindən biridir. Gərək bu hadisə, onun tariximizdəki rolu əsla unudulmasın, yoxsa nə zamansa təkrarlana bilər. Tarixin hər bir vacib anı əbədiləşdirilməlidir. Bizim sahənin insanlarının ilk vəzifəsi tarixin fotosalnaməsini yaratmaqdır. Bir halda ki, imkan ola-ola, tarixi anları yaddaşa həkk etmirsən, nəinki fotoqraf, fotomüxbir, heç əsl vətəndaş və insan da insan sayılmazsan. Qorxmadan, soyuqqanlılıqla bütün hadisələri çəkməlisən. Buna qiymət verilsə də, verilməsə də, sən gördüyünü çəkib dünyaya çatdırmalısan.
Şəlalə CAMAL
525-ci qəzet.- 2022.- 20 yanvar.- S.10;11.