BİZ KİMİK?

 

VII YAZI

 

Düşüncə döngələri

 

 

 

İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri... Və bizi - insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də "mən kiməm?" sualı cilvələnirdi.

Xətrinizə dəyməsin "çeşidlənən insanlar" deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də "dövr" adlı dolabın güzgülü dolablarında "səliqəylə" düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. "Biz kimik?" sualı o pərakəndə düşüncələrin xammalıdır...

 

Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir "mən"lə tanış oluram.

Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki "mən". Mikroavtobusdakı kəndli  xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə "Təbii qatıq" yazılı plastik qutunu işığa tutub "içindəkilər" bölməsini diqqətlə oxuyan "mən"dən çəkdiyim də az deyil...

 

Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə "təbiəti qoruyaq" haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir.

 

Bilsə də, "bilirəm" deməyə ar edən insanları oxuyuruq kitablarda; "çox oxuyaq, çox bilək" şüarıyla "bilmirəm" deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq... Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır.  Axar suyun qabağında dağ dayanmaz... Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var.

 

Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günüqonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən...

 

İndi özünüz deyin, bu qədər düşüncənin içində, "mən kiməm?" sualına cavab axtarmağa vaxt qalır?  Yox! Stefan Zweig "Dünyaya açılan qapı: kitab" əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini "səsli kitab" kimi internetdən dinləmişəm...

 

"Təzadların uşaqlarıyıq biz..." Təsəllimizə bax...

 

"İnsanıq biz..." Bəhanəmizə bax...

 

"Səhv etmək hamının haqqıdır..." - deyirdi bir Hollivud filminin qəhrəmanı... Bəraətimizə bax...

 

"Oxumaqdan başları xarab olanların" şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt.

 

"Mən kiməm?" sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox... Amma verdiyimiz cavabların heç birindən əmin deyilik... Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq.

 

Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda... Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi "yeni dəb" kimi sırıyanların bank hesablarına "xidmət edir". Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb.

 

Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq... Gördünüz? Tanımırıq özümüzü... Heç tanımırıq...

 

"Mən kiməm?" sualındakı "mən"i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda "biz" anlamını qavraya bilərik. "Biz" uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır...

 

Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini "biz"dən çoxdan çəkdiyi, "mən"i yanlış anladığı bir dövrdə "biz kimik?" sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə... Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər... Və də yaman bahadır pərdələr... Bahalı və məcburidir, üstəlik...

 

Demişkən, otağımdakı pərdəni yeniləsəm, barı... Yeni pərdədən əvvəl,  pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı?

 

...Bu da mənə "Didro effekti"...

 

...İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı?

 

...Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: "YOX!"

 

Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: "Biz kimik?"

 

 

 

 Şəfa Vəli  

 

525-ci qəzet.- 2022.- 22 yanvar.- S.24.