Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Ruhiyyənin
təəccübə səbəb olan yeni görüşləri
Ruhiyyə
televiziya kanallarından əlavə nəşriyyatlara da e-mail
göndərib, onlara öz əməkdaşlığını
təklif etmişdi. İlk reaksiya verən
"Ədalət" nəşriyyatı oldu, çünki
son illərdə xeyli tərcümə ədəbiyyatı
çap edib, satışa çıxarmışdı.
Nəşriyyat, əsasən Tərcümə
Mərkəzi ilə əməkdaşlıq edir, orada isə
türk dilindən doğma dilə çevrilən əsərlərə
üstünlük verilir, İran müəlliflərinin də
yazılarının türkcədəki tərcüməsindən
istifadə edilirdi. İlk görüşə
dəvət edən isə "Qadiroğlu" nəşriyyatı
oldu. Onun sahibi görüşdə maliyyə vəziyyətlərinin
ağır olduğundan şikayətlənməyə
başladı və təklif etdi ki, sizə əvvəlcədən
qonorar verə bilməyəcəyik, kitablar satıldıqdan
sonra əldə etdiyimiz puldan sizin haqqınızı ödəyəcəyik
və əvvəldən bildirmək istəyirəm ki, o da elə
yüksək rəqəm olmayacaqdır.
Ruhiyyə
bu izahatı eşitdikdən sonra dedi ki, sizinki Molla Nəsrəddinin
lətifəsinə bənzəyir, qoyunun tökülən
yunundan pul qazanmaq vədi verilir.. Mən elə şərtlə razılaşa bilmərəm,
bu, fəhləyə məhsul satılandan sonra firma sahibinin əməkhaqqı
verəcəyi barədə vədinə bənzəyir, belə
firmada heç kəs işləməyə razılıq verməz.
Mən də tərcümə işini fəhlənin
zəhmətinə bənzədirəm, tərcüməni
sizə verdiyim anda mənə çatacaq qonorarın ləngimədən
verilməsini istəyirəm. Kitab satışından
sonra qonorarın ödənməsi nisyə pul verməyə bənzəyir,
belə zəhmət haqqı verilmir, görülən iş
öz kəmiyyətinə və keyfiyyətinə görə
haqqını almalıdır.
Ona
görə də Ruhiyyə "Qadiroğlu" nəşriyyatının
sahibindən çox narazı qaldı və onunla
görüşə gəlməsinə də peşman oldu,
görünür, bu adam nəşriyyat
işi ilə çoxdan məşğul olmasına baxmayaraq,
ciddi adam deyildir, güman edir ki, onun qazanc əldə etməsi
üçün başqaları haqqı ödənilmədən
işləməli, kefi istəsə o qazancın kiçik bir
hissəsini də muzdlu işə götürdüyü
yaradıcı adamlara verməlidir. Bu, həmin qələm
sahiblərinin istismarından başqa bir şey
olmadığından, belə şərtə yalnız
gülmək olardı. Zəhmət layiq
olduğu qiymətlə mükafatlanmalıdır.
"Ədalət" nəşriyyatının sahibi həm
də hüquqi biliklərə həsr olunan jurnal da
buraxırdı və burada səviyyəsi o qədər də
yüksək olmayan nəzəri-praktiki xarakterli məqalələr
dərc olunurdu. Ən primitiv məqaləyə belə
bir neçə alim rəy verib, onun guya yüksək elmi dəyərə
malik olduğunu tərifləyirdi.
Nəşriyyatın
direktoru ziyalı adam idi. Özü
də yazırdı, ona görə də əsər müəllifinin
və tərcüməçinin əməyini qiymətləndirməyi
bacarırdı. İlk şərti bu oldu ki, biz bir ildə
sizin tərcümədə 2-3 kitabı ancaq nəşr edə
bilərik, çünki bazarda tələbatı
yoxlamalıyıq, əgər tələbat artsa, gələcəkdə
biz də nəşrin sayını artıra bilərik. Hələlik tərcümə əsərləri ləng
satılır, çünki ümumiyyətlə, mütaliənin
kütləviliyi yoxa çıxmışdır. Universitetlərdə və məktəblərdə
də kitabın təbliğatına, mütaliənin vacib
olduğunu tələbələrə və məktəblilərə
təlqin edilməsinə lazımi fikir verilmir. Səviyyənin aşağı olması, mütaliəyə
vaxt ayrılmaması və bütövlükdə laqeyd
münasibət, hətta bu sahə ilə bilavasitə məşğul
olan adamların biliyinin aşağı olmasını
nümayiş etdirir. Orhan Pamuk rus yazıçılarının,
xüsusən Dostoyevskinin və Tolstoyun əsərlərini
elmi qaydada, tədqiqatçı məharəti ilə
araşdırdığı halda, bizim yazıçılar
söhbətlərində də daha çox məişət
məsələlərinə yer ayırır, bədii səviyyəyə
diletant qiymət verməklə, əsərlərin dəyərini
obyektiv qiymətləndirə bilmirlər. Ekrana
dəvət olunmuş filologiya professoru Artur Konan Doylu detektiv
deyil, fantastik əsərlərin müəllifi kimi xarakterizə
edir. Şeir deməklə gözə
girmiş bir aktrisa Şekspirin qəhrəmanlarını
oynadığı halda, onlar barədə adi təsəvvürə
belə malik olmadığını göstərir. Mərhum məşhur aktrisanı guya tərifləmək
qaydasında oynadığı rola görə "dahi
qayınana" adlandırırlar. Görən,
qayınana obrazı nə vaxtdan dahilik zirvəsinə yüksəlmişdir.
Yerindən
qalxan ancaq Nəsimini, Füzulini tədqiq etməklə məşğul
olur, əslində, heç bir yeni söz deyilmir, Cəlil Məmmədquluzadənin
yaradıcılığı elmi qaydada araşdırılmaq əvəzinə,
onun hansısa məişət müstəvisindəki hərəkəti
böyük ədəbi tapıntı kimi qələmə
verilir. Naşir, görünür, ədəbiyyatımızda,
ədəbi tənqiddə gedən proseslərlə heç
cür razı deyildi və ən böyük titullara sahib
olmuş nasirlərin və şairlərin
yaradıcılığında durğunluğun hökm
sürməsini, ədəbiyyata marağı artıra bilən
əsərlərin yaranmamasını ədəbi aləmimizdəki
çox saydakı qüsurlardan biri hesab edir.
Ruhiyyəyə onun fikirləri xoş gəlirdi, bu sahənin
adamlarında rast gəlmədiyi vəziyyətlə
razılaşmamaq, tənqidi cəhətdən yanaşmaq bu
adamın ümumi saxtakarlıqdan uzaq olmasına, ona
qoşulmamasına dəlalət edirdi.
Sonra naşir onun ailə vəziyyəti ilə maraqlandı,
bir qədər əvvəl ərinin vəfat etdiyi barədə
məlumatlı olduğunu bildirdi. Sözarası onu da dedi ki, dul olmaq kişi üçün nə qədər
çətindirsə, bunu mən öz təcrübəmdə
hiss edirəm, qadın üçün, yəqin ki, ikiqat
çətindir. Mən başa düşürəm, ürəyə
əmr etmək də olmur, gözləməli olursan ki,
yaxşı birisi ürcahına çıxacaqdır, xeyli
müddət ərzində bu baş verməyəndə,
artıq qocaldığını güman edirsən, elə
düşünürsən ki, donmuş bulaqdan bir daha
heç vaxt su gəlməyəcək, ailə həyatı sənə
bir də qismət olmayacaqdır. Birdən
ayılan kimi oldu və həmsöhbətinə baş
vermiş bədbəxtlik probleminə müdaxilə etdiyinə
görə üzrxahlığını qəbul etməyi
xahiş etdi.
Onlar
mehriban şəkildə ayrıldılar, bir neçə
gündən sonra nəşriyyatın bir qadın redaktoru
onunla görüşmək istədiyini dedi. Onlar
xeyli abadlaşdırılmış Sahil bağında
görüşdülər. Nəşriyyat
işçisi dedi ki, siz işçilərimizə olduqca
yaxşı təsir bağışlamısınız. Direktorumuz isə yaradıcı işçilərin
müşavirəsində sizin yüksək intellekt sahibi
olduğunuzu qeyd etdi və əlavə etdi ki, tərcüməçi
xanımın geniş bilikləri bizə ümid verir ki,
oxucuları dilimizə çevriləcək daha maraqlı əsərlərlə
təmin edə biləcəyik. Gizlətmirəm
ki, son vaxtlar tərcümələrin səviyyəsi barədə
çoxlu narazılıqlar eşidilir. Bəzi
tərcüməçilər tarixə bələd
olmadıqlarından ciddi səhvlərə yol verirlər.
Adi bir misal göstərmək istəyirəm.
ABŞ-ın Cənub ştatlarında olan zəncilər
ağır iş şəraitinə və qul sahiblərinin vəhşiliyinə
dözmədiklərinə görə gizli qaydada
quldarlığın mövcud olmadığı Şimal
ştatlarına qaçırdılar. Onlara bu təhlükəli
işdə Harriyet Tabmen adlı zənci qadın köməklik
göstərirdi. Onun tətbiq etdiyi gizli
yol "underground" - "yeraltı" adlanırdı.
Bisavad tərcüməçi isə onu
"metropoliten" kimi tərcümə etmişdir. Qulların Cənubdan qaçması və Harriyet
Tabmenin fəaliyyəti 1850-ci illərdə, Vətəndaş
müharibəsindən xeyli əvvəl baş vermişdi.
O vaxtlar ABŞ-da hansı metro ola bilərdi,
1861-ci ildə dünyada ilk dəfə Londonda metropoliten
tikintisinə başlanmışdı.
Redaktor Ruhiyyəyə onu da çatdırdı ki,
direktorun sizdən həm də bir qadın kimi xoşu gəlir. Sizin rəğbətinizi
qazanmaq üçün hər güzəştə getməyə
hazır olduğunu bildirir. Özü də
karıxıb, səni "Roma kanikulları" filmindəki
şahzadə obrazı ilə məşhurluq qazanan aktrisa Odri
Höpbern adlandırır.
Ruhiyyəni gülmək tutdu, yaxşı ki, məni
Merilin Monro adlandırmayıb, axı mənim Odri Höpbernə
heç bir oxşarlığım yoxdur.
Redaktor
gülümsünüb dedi:
- Bu, sizə
görə belədir, sizdən xoşu gələn, sizə
bir andaca vurulan adam sizi hətta Vivyen Li,
Cina Lollabricida, Elizabet Teylor da adlandıra bilər. Adətən,
kişilər bir qadına vurulanda, onun gözəlliyini
şişirtməkdən çəkinmirlər, onu Bricit
Bordoya, Ancelina Joliyə də bənzədir, gözəllikdə
onların rəqibi kimi qələmə verirlər. Zövqlər müxtəlifdir və qadın ürəyə
yatdıqda, o, qeyri-adi cəzbedici cizgilərə yiyələnir,
gözəllik etalonları ilə bir cərgəyə qoyulur.
Vurulmuş kişi məşhur italyan filmi
"Malena"da Monika Beluççinin oynadığı qəhrəmana
vurulan yeniyetmə oğlan kimi, onu ilhamlandıran qadını
daim izləməklə də razılaşır. Kişi cinsindən olanlar vurulduğu qızı,
qadını göylərə qaldırır, gözəllikdə
onların tayı-bərabəri olmadığı kimi, hətta
həqiqətdən uzaq olan bir fikrə gəlməyi də qəbahət
hesab etmirlər.
Sizi kiməsə oxşatmağından asılı
olmayaraq, direktorumuz ilk görüşdə sizə necə
aludə olmuşdursa, sizin adınızı çəkəndə
bir qədər özünü itirir,
danışığında hətta fikir
ardıcıllığı da pozulur.
Ruhiyyə
qadının bu sözlərinə güldü və dedi:
-
Heç nə başa düşə bilmirəm. Kim ağlını itirmişdirsə, ona görə
mən cavab verməliyəmmi? Mən
direktorunuzla söhbətdə onun başqa fikrə
düşməsinə heç bir əsas verməmişdim.
Əgər kabinetinə gələn hər
qadına bu gözlə baxsa, mən qorxuram ki, nəşriyyatın
işi bərbad günə düşə bilər.
Redaktor
onun sözünü kəsdi:
- Siz səhv
edirsiniz. Özünüzü günahkar hesab
etməməyiniz də düzgün deyildir. Kimə qadağan etmək olar ki, sən hansısa
qadınasa valeh olma, hətta o qadın heç gözəl
olmasa da. Bu barədə isə sizin
özünüzü təvazökar aparmağınız da,
inciməyin, cavab şəklindəki münasibətiniz də
bir qədər yersizdir. Bəlkə,
üstünüzdə bir banner gəzdirəsiniz ki, mənə
heç kəs vurğunluq qaydasında baxmasın, mən
başqa planetdən gəlmişəm, sizin qaydalarınız
mənə bütünlüklə yaddır.
Ruhiyyə redaktor qadının arqumentlərini qəbul
etsə də, direktorun ona qarşı ilk görüşdən
oyanan hisslərinin bu səviyyədəki coşqunluğunu
başa düşmürdü. Axı onlar söhbəti sırf
iş barədə aparmış, bəzi fikir mübadiləsi
etmişdilər. Ona görə də həmsöhbətinə
dedi:
-
Direktorunuz mənimlə söhbətdə özünü
çox nəzakətli apardı, gələcək əməkdaşlığımızın
yollarını müzakirə etdik. Mən
açığı, ondan, ingilislər demişkən,
heç bir harrasment - yaxınlıq məqsədi güdən
təcavüz cəhdi hiss etmədim. Bircə
onu bildirdi ki, o da subaydır, bu, heç də əsla "sənə
elçi düşmək istəyirəm" mənasını
vermir. Mənim sivilla ilə də elə
bir ünsiyyətim olmamışdır ki, bu təcrübəyə
əsaslanaraq hansısa qeyri-müəyyən bir işarəni
yozub, bunun mənə yaxınlaşmaq əlaməti kimi qəbul
edim. Mən ərimin matəmini hələ
başa vurmamışam ki, kiminsə ailə qurmaq istəyinə
cavab verə bilim. Məni indi yalnız
öz dərdim məşğul edir, kiminsə daha uzağa
gedən xoşuna gəlmək imkanım haqqında heç
fikirləşmirəm də. Mənim
köksüm qəm-qüssə ilə dolu olduğundan, o məkana
nəyinsə daxil olması qeyri-mümkündür. Ürəyə hökm etmək mümkün
deyildir, hələlik isə mənim ürəyim mərhum ərimə
mənsub olduğunu qoruyub saxlayır və ov quşu deyildir
ki, ona bir, ya iki güllə atmaqla məsələni həll
edəsən və güman edəsən ki, şam yeməyində
qızardılmış vəhşi ördək ətinə
qonaq olacaqsan.
Bu dövrdə mənə belə təkliflə müraciət etmək yox, bu barədə fikrə düşməyin özünü də şəxsi hisslərimə qarşı bir hörmətsizlik əlaməti hesab edirəm, bu, onların mövcudluğuna bir növ məhəl qoymamaqdır. Mən özümü ömür sirdaşını itirmiş qu quşuna və ya dişi canavara bənzədirəm, adamlardan fərqli olaraq onlar ölənə qədər özlərinin dul statusunu qoruyub saxlayırlar.
Ruhiyyə belə anlarda Hüseynlə söhbət etmək istəyirdi, ondan məsləhət alacağını düşünürdü, lakin bu fikirlərdən ayrılıb başa düşürdü ki, artıq o yoxdur, həyatdan getmiş, onu tərk etmiş, bu çətin dünyada onu tək və müdafiəsiz qoymuşdur. O, Hüseynlə ailə quranda elə bilirdi ki, daha doğrusu, düşünürdü ki, onun sığınacaq tapdığı bu qala möhkəm olacaq, uzun müddət sarsılmazlığını saxlayacaq, nə qədər ki, bu qala var, ona hansısa bir düşməni belə həmlə etməyə cəsarət etməyəcəkdir. O, sevgi aləmində yaşamaqla, heç vaxt tənha qalmayacaqdı. Onun əri ona ata, qardaş olacaq, onu bütün ağıla gələn və gəlməyən hücumlardan müdafiə edəcək, onun ləyaqətinə hansısa bir xətər toxunacağına, zərbə vurulmasına yol verməyəcəkdi. Hüseyn onun arzuladığı və nəhayət, gəlib çataraq yetişdiyi bir Kanaan (Kənan) torpağı idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 22 yanvar.- S22.